Modern.az

Əməkdar artist: “Polad Bülbüloğlu deyirdi gəl, nə istəyirsən edərəm” - MÜSAHİBƏ

Əməkdar artist: “Polad Bülbüloğlu deyirdi gəl, nə istəyirsən edərəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

25 İyun 2013, 11:09

Bu aktrisa uzun müddətdir səhhətindəki problemlərə görə efirlərdə görünmür. Hər zaman qəhqəhələri və oynadığı şux obrazlarla tamaşaçıların sevimlisinə çevrilmiş bu xanım, indi bəlkə də həyatının ən çətin sınağı qarşısındadır. Amma özü çox nikbindir. Beləliklə, Modern.az-ın “Biri var idi” rubrikasının altıncı qonağı Musiqili Teatrın əməkdar aktrisası Gülnar Salmanovadır.

– Hazırda sağlıq durumunuz necədir?

– Allaha şükür çox yaxşıdır. Düzdür, həkimə gedib-gəlirəm, müalicə olunuram. Amma əvvəlkinə nisbətən indi çox yaxşıyam.

– Həkimlərin sizinlə bağlı yekun rəyi necədir?

– Yekun rəy belə oldu ki, hər şey yaxşı olacaq. Döşümdə onkoloji şiş var idi. Həmin şiş müalicəylə tədricən çəkilir. Çox bahalı dərmanlarla müalicə olunuram. Böyrəyimə də dializ qoyulur. Səhərdən axşama qədər ayaq üstdəyəm, yeməyimi də bişirirəm, paltarımı da yuyuram, ev-eşiyimi də yığışdırıram.

– Teatra gedirsiniz?

– Bəli. Amma indi məşqlərim olmadığına görə getmirəm. İnşallah sentyabrdan hər gün məşqə gedib-gələcəyəm.

– Yəqin ki, bu illər ərzində müalicənizə xeyli xərciniz çıxdı.

– Bəli. Özüm də alıram, həkimlər də dərmanla kömək edirlər. Demək olar ki, o xərc məndən çıxmadı.

– Bu, dövlət hesabına idi?

– Yox, dövlət hesabına olanda gərək əmr verilsin ki, bunu belə eləyin. Amma mənim müalicəmi Tibb Universitetinin rektoru, Onkoloji xəstəxananın rəhbəri, millət vəkili Əhliman Əmiraslanov həyata keçirdi. Dedi ki, səni sağaldıb, ayaq üstdə qaldıracağam. Həmin dərmanlar da onkoloji xəstəxanada pulsuz verilir. Ümumiyyətlə, belə xəstələrin müalicəsi pulsuzdur.

– Ən ağır məqamlarda kimlər sizinlə əlaqə saxladılar?

– Hamı gəlib-gedirdi. Direktorumuz, aktyorlar, aktrisalar indi də hər gün zəng vururlar. Hamısından çox razıyam.

– Əslində bu, bir sınaq idi. Sizin üçün dəyişən nəsə oldumu?

– Əlbəttə, sınaq idi, həyatı öyrəndim. Mən bir həkimin səhv iynəsinin qurbanı olmuşam. 8 nömrəli poliklinikada Həqiqət Əsgərova adlı həkim var idi. 2006-cı ildə oğlumun toyundan əvvəl dedi ki, şəkərin var, müalicə edim. Dedim ki, onsuz da hamıda şəkər var. Sən demə, 10-15 “şirvan”a görə məni bu günə qoyub. Dedi ki, “Heydər Əliyev Sarayının arxasında Almaniya apteki var, başqa heç yerdən alma”. Düz iki gün aptekə getdim, qız o dərmanları mənə vermək istəmirdi. Mən də səbəbini başa düşmürəm. Axırı üçüncü günü gedəndə dedim ki, “qızım, dərmanları ver, çıxım gedim”. Qorxa-qorxa dərmanları verdi mənə. Yüz “şirvan” pul verdim həmin dərmanlara. Sonra gəldi evimə gördü ki, özümün tibb bacısı qoluma sistem qoyub. Böyrəklərim çökdü, bədənimə su yığıldı, sol gözümə qara su gəldi. Əməliyyat olundum, sol gözüm kor oldu. Bütün köhnə xəstəliklərim üzə çıxdı. Tibb bacısı dedi ki, vəziyyəti ağırdır. Gəldi, üzr istədi, getdi. Gedəndən sonra gördüm ki, nə resept var, nə də dərmanlar, hamısını yığışdırıb aparmışdı. Özü də deyir ki, iki yetim saxlayır. Sən iki yetim saxlayırsan deyə, məni bədbəxt etməlisən!? Həmin həkimi poliklinikadan işdən çıxartdılar. İndi çox məşhur bir klinikada işləyir. Görün orda nə qədər insanları bədbəxt edir də!..  

– İndi həmin həkimlə rastlaşırsınız?

– Ondan sonra bir-iki dəfə rastlaşdım. Özünü elə aparır ki, guya belə də olmalıdır. Yəni guya mənim orqanizmim götürməyib. Dedim, pul lazım idi, mənə deyəyədin, verəydim də. Abrını bükdüm ətəyinə...

– Ötən il yubileyiniz idi. Hələ də əməkdar artistsiniz...

– Xalq artisti almağı gözləyirəm. Görək necə olacaq. Verərlər verərlər, verməzlər verməsinlər də. Amma mənim teatrda zəhmətim, əzab-əziyyətim çox olub.

– Bu məsələdə ikili fikir var. Bəziləri deyir ki, fəxri adlara ehtiyac yoxdur...

– Əlbəttə, fəxri ad lazımdır, zəhmətim var. O teatrda heç kim qalmadı, hamı çıxdı getdi, bircə mən qaldım. Polad Bülbüloğlu xətrimi istəyirdi, deyirdi gəl, nə istəyirsən edərəm. Hətta fəxri ad da verirdi, maaşımı da qaldırdı. Rəhmətlik direktorumuz Topçiyev dedi ki, ondansa gəlin buranın qapısına kilid vurun da. Buranın bütün yükü Gülnarın üzərindədir...

– Həmin vaxt fəxri adınız yox idi?

– Fəxri adı 1999-da aldım deyəsən.

– Olubmu ki, oynadığınız rola görə peşman olasınız, utanasınız?

–Hamısına can vermişəm. Bir də öz zəhmətimə heyfislənirəm ki, gərək mən də bəzi aktyorlar kimi səhərdən axşama kimi orda olmayaydım. Başqaları kimi məşqdən-məşqə, tamaşadan-tamaşaya gələrdim. Amma mən hər gün məşqdə və tamaşada idim. Üç gün tamaşa oynayırdım dublyorsuz.

– Dediklərinizdən xalq artisti olanlar var?

– Əlbəttə. Mən “Azdrama”nı nəzərdə tuturam. Orda yerindən duran xalq artistidir. Neyləyiblər, 5-6 rol oynayıblar da... Əgər saya gəlsən, teatrda 178 obraz oynamışam. Elə tamaşa olub ki, üç rolda çıxış eləmişəm.

– “Muzkomediya” niyə “Azdrama” ilə yola getmir?

– Mənim heç kimlə rəqabətim olmayıb. Mən vokalistəm və bu səslə heç kim rəqabət apara bilməz. “Muzkomediya”da məndən güclü vokalist olmayıb və inanmıram ki, bundan sonra da olsun.

– Seriallara dəvət alırısınız?

– Hələ ki dəvət gəlməyib. Bilirlər ki, xəstəyəm. Amma bilmirlər ki, sağalmışam. Serial da gərək serial olsun. Məsələn, “Qaynana” serialında mən çıxıb nə oynayım? Faciəli əsərdə oynamaq istərdim. Çünki faciə də oynaya bilirəm. Amma səviyyəli iş olsun. Heç vaxt efirə çıxıb özümü göstərmək fikrim olmayıb. Hər zaman sənətimi göstərmək istəmişəm.

İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub