Modern.az

Şair Qabilin baməzə ƏHVALATLARI

Şair Qabilin baməzə ƏHVALATLARI

25 İyun 2013, 19:05

MƏNİ ÇƏRRƏDİB ÖLDÜRƏCƏKSƏN 

Bir dəfə atamı maşın vurub ayağını sındırmışdı, aparmışdılar xəstəxanaya gipsə salmışdılar. Həkimi də hər dəfə ona baş çəkəndə ancaq bir sual verirmiş: “Doktor ölmərəm ki?”. O da “Ayaq sınmaqdan kim ölüb ki... Sən soruş “axsamayacağam ki, nə vaxt gipsi açacaqsan?”. Yoxsa “ölmərəm ki?””.
Beləcə eyni sual hər gün təkrar olunur. Axırda həkim bezib atama qayıdır ki:

- Sən ölməyəcəksən, amma məni bu sualınla çərrədib öldürəcəksən.

“PİT ZAPREŞAETSYA”

1984-cü ildə ürəyindən və qan təzyiqindən bir müddət xəstəxanada yatdı. Evə gələndə dostları qayıtdı ki, “Qabil, vurmaq olar ya yox?” Dedi ki, “olar”. Maraqlandılar ki, “bəs həkim icazə verdi?”  Dedi ki, “hə”.

- Ola bilməz?

- Necə yəni “ola bilməz”. Həkim dedi ki, “Kurit stroqo zapreşaetsya, a pit zapreşaetsya”. İcazə verməsəydi içməyə də “stroqo” sözünü əlavə edərdi də. Deməli olar.

AYAQ, YA DİŞ! NƏ FƏRQİ?

Yazıçıların poliklinikasında bir diş həkimimiz var. Adı Miridir. Gözəl, mədəni insandır. Atam gedir yanına ki, “mənə bir əlac”. Sonra da oturur stomotoloji kresloda. Miri deyir ki, “Qabil müəllim, ağzınızı açın, hansı dişiniz ağrıyır?” Atam başlayır ayaqqabısını çıxartmağa. Sonra da  corabını soyunmağa.

- Qabil müəllim, Siz nə edirsiniz?

- Ayağım ağrıyır, bax gör niyə?

- Axı mən diş həkimiyəm.

- A balam, AMİ-ni (Tibb İnstitutu) qurtarmamısan? Anatomiya dərsi keçməmisən? İmtahan verməmisən? Fərqi nədir diş, ya ayaq? Xirurq gedib evə. İndi sabahı gözləməliyəm ki, nə vaxt gələcək? Hazır sən burdasan da.

Miri həkim gülür. Elə-belə məlhəm çəkir. Ayağın da ağrısı dayanır.

- Gördün ki, deyirdin ki, ayaq həkimi deyilsən. Müalicə ixtisasda deyil, həkimin əlindəki şəfadadır. 

MİRCƏFƏR

Mircəfər Bağırov haqqında məqalə yazmaq fikrinə düşmüşdü.  Deyirdi ki, elə bir insan yoxdur ki, ya xalis yaxşı olsun, ya da xalis pis. Yəqin ki,  qaniçən, cəllad kimi tanıdığımız  bu rəhbərin də  müsbət cəhətləri, xalqı qarşısında xidmətləri olub. Araşdırmalara başladı və onun bir çox müsbət  xüsusiyyətini üzə  çıxardı. Yazdı. Mircəfərin 3 xüsusiyyətini tez-tez təkrar edirdi. Deyirdi ki, məhkəmədə onun boynuna 3 şeyi qoya bilməyiblər: Qohumbazlıq, əxlaq pozğunluğu və dövlət əmlakını talama.

 “Doğrudan e, padşah da dövlət xəzinəsini talayar? Day bu onun özünküdür də, Adam da özü özündən oğurluq edər?!”.

GENİŞ QƏBİR

Mirvarid Dilbazi rəhmətə getmişdi. Dəfndən sonra döndü mənə ki, bəs, “mən öləndə qəbirimi geniş qazdır”. Soruşdum ki, “o niyə?” Dedi ki, “necə yəni niyə? O dünyada yatanda rahatçılıq olsun. O üz-bu üzə çevrilə bilim”. Fikirləşdim ki, bunu elə-belə deyə bilməz. Yəqin ki, nədənsə təsirlənib. Sonra məlum oldu ki, Mirvarid Dilbazinin dəfn mərasimində mərhumun bacısı oğlu Vəfa Quluzadə belə söhbət edib ki, anası öləndə onun vəsiyyətiylə qəbiri geniş qazdırıb. Mollaların etirazına belə, baxmayaraq.
- Bax, oğul belə olar. O dünyada da anasının qeydinə qalıb. Sən də belə edərsən!

YADDA QALAN BİR ŞEY OLMAYIB 

Hansısa rayonda ezamiyyətdə olub, orada da onu tapşırıblar bir kolxoz sədrinə ki, şair razı getməlidir. Kolxoz sədrinin də atama xüsusi ehtiramı olduğu üçün onu 3 gün yox, 7 gün qonaq saxlayıb. Hər gün də o bulaq başı, bu bulaq başı, yemək-içmək də öz yerində. Üstündən 2-3 ay ötür. Həmin bu kolxoz sədri atamı Bakıda görür:

- Qabil müəllim, xoş gördük. Necəsən? Day biz tərəflərə gəlib eləmirsən?

- Tanımadım.

- Necə yəni tanımadın. Filan kənd. Bulaq başı. Sağlıqlar.

Kolxoz sədri çox misallar çəkir. Çəkdikcə də atam “tanımadım, yadımda deyil” deyib durur. Axırda atam cavanlıqlarına işarə edərək

- A kişi, yadda qalan bir şey təşkil eləməmisən də. Yəqin ona görə...

EVDƏ KİŞİNİN PİŞİYİ DƏ GÖZƏL OLMALIDIR...

Anamı insult vurmuşdu, yataq xəstəsiydi. Xəstəxanadan çıxandan sonra xüsusi qulluq lazım idi. Həyat yoldaşım Sevinc də işlədiyindən anama baxa bilən bir qadın axtarırdı. Nəhayət ki, tapdı. 30-35 yaşında gəlin xeylağı idi. Atam da bütün günü evdə olurdu. Bir yoldaşım gördü ki, “qulluqçu” anamdam çox atama diqqət yetirir. Atam da o cümlədən. Ona görə də baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün o qadını yavaş-yavaş evdən uzaqlaşdırmağa başladı.  Nəhayət bir gün “qulluqçu” ümumiyyətlə gəlmədi. Atam yoldaşıma:

- Qız yoxdur bu gün. Görəsən niyə gəlməyib?

- Mən demişəm gəlməsin.

- Niyə?

- Yaxşı baxmırdı mamaya, təzəsin tapmışam. Canla-başla qulluq edəcək.

- Hə, nə olar? Kimdir təzə tapdığın?

- “Xozyayka”dır bizim xəstəxanada?

- Hə, bəs neçə yaşı var?

- 62. Qoca arvaddır.

- Yox e, ay gəlin. Köhnəsi yaxşı idi. Həm cavan idi, həm də qəşəng.

- Elə ona görə də onu uzaqlaşdırdım da.

Yoldaşımı ha yola gətirmək istədi ki, bəs kasıbdır, çörəyinə bais olma və digər dəlillər. Xeyri olmadı. O gedən qızın da telefonun alıb eləməmişdi ki, amiranəliyin göstərib geri qaytarsın. Yoldaşım “yox” deyib durmuşdu. Axırda dözmədi:

- Bilirsən, ay gəlin, evdə kişinin pişiyi də gözəl olmalıdır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi