Modern.az

Musiqi Akademiyasının müəllimindən iki nazirə AÇIQ MƏKTUB

Musiqi Akademiyasının müəllimindən iki nazirə AÇIQ MƏKTUB

Mədəni̇yyət

26 İyun 2013, 12:57

Bakı Musiqi Akademiyasının dosenti,
böyük elmi işçi


AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ÜÇÜN ƏSƏRLƏR YAZILMIR!

Bu alətlərin tədris və ifaçılıq repertuarında orijinal əsərlər yox dərəcəsindədir

AÇIQ MƏKTUB

Azərbaycan Respublikasının  Təhsil Naziri Mikayıl Cabbarova
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə 

Respublikanın musiqi təhsilinə aid olan bütün təhsil müəssisələrində xalq çalğı alətləri - tar, kamança, qanun, balaban ixtisasları tədris olunur. Uşaq musiqi məktəblərində, incəsənət məktəblərində, orta ixtisas musiqi məktəblərində, musiqi kolleclərində, humanitar və mədəni-maarif kolleclərində bu alətlər üzrə ifaçılıq ixtisaslarına hər il dövlət tərəfindən şagird və tələbə qəbulu həyata keçirilir. Respublikanın ali musiqi təhsili müəssisəsi kimi Azərbaycan Milli Konservatoriyasında, Dövlət Mədəniyyət və İncəsənət Universitetində də tar, kamança, balaban, qanun ifaçılığı tədris olunur. Bir sözlə, respublikada üçpilləli musiqi-təhsil sisteminin bütün pillələrində bu milli alətlərin tədrisi mövcud olmuş və olmaqdadır. Bu çalğı alətləri üçün ixtisas-fənn proqramları, metodik vəsaitlər, müxtəlif tədris vəsaitləri, o cümlədən not-tədris materialları tərtib olunur, yazılır, onlara rəy verilir, müvafiq nazirliklər tərəfindən baxılır, qrif verilir və nəşr edilirlər.  Əsas məqsəd bu alətlər üzrə ifaçı və müəllim kadrları yetişdirməkdir.

Xalqımızın bu qədim musiqi alətlərinin, ilk növbədə tar və kamançanın notlu musiqi-tədris sisteminə daxil edilməsi dahi bəstəkar, musiqişünas-alim və pedaqoq Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biridir. Qeyd edək ki, tar, kamança, balaban - musiqi məktəbləri və texnikumlarında XX əsr boyunca bir ixtisas olaraq keçildiyi halda, qanun aləti musiqi tədrisinə 1980-ci illərin ortalarından etibarən daxildir.

Lakin təəssüf ki, xalq çalğı alətlərinin tədrisində artıq yüz ildir hökm sürən ciddi bir problem bu gün də həllini tapa bilmir. Məsələ bundadır ki, həmin alətlər üçün bəstələnən tədris və konsert pyesləri barmaqla sayılacaq qədər azdır. Bu alətlər üzrə ibtidaidən aliyə doğru təhsilin verilməsi, onların tədrisi prosesi, keçilən ixtisas dərsləri yalnız başqa alətlər (məsələn, fortepiano, skripka, violençel, fleyta, qaboy və s.) üçün Avropa, rus, Azərbaycan bəstəkarlarının yazdıqları əsərlərdən köçürmələr hesabına başa gəlir. Bundan başqa, xarici və Azərbaycan bəstəkarlarının orkestr əsərləri, opera və baletlərindən ayrı-ayrı musiqi nümunələri, kino musiqisi, mahnı və romansları həmin xalq çalğı alətləri üçün köçürülərək onların tədrisində fənn pyesləri kimi istifadə olunurlar. Başqa sözlə, xalq çalğı alətlərinin respublikada bütün pillələr üzrə tədrisi bu alətlər üçün yazılan tədris repertuarı əsasında aparılmır. Belə bir ciddi və real səbəbə görə ki, məhz həmin xalq çalğı alətləri üçün məxsusi tədris-not repertuarı, demək olar, yox dərəcəsindədir, çünki artıq yüz ildir həmin alətlər üçün pyeslər yazılmır. Bu isə xalq çalğı alətlərimiz üzrə tədrisin başqa alətlər hesabına təşkilinə və qurulmasına səbəb olur. Fərqli quruluşa, köklənməyə, temperasiyaya, tembrə, ifa texnikasına, səsoyatma qaydalarına malik alətlər üçün yazılan pyeslərin, səs, simfonik və kamera orkestrləri üçün bəstələnən əsərlərin milli alətlərimiz üçün köçürülməsi sayəsində musiqi təhsilinin həyata keçirilməsi milli alətlərimizin ifaçılıq imkanlarına, Azərbaycan milli ifaçılığın inkişafına nə qədər uyarlıdır?

Bilirik ki, tar və kamança notla tədris olunduğu ilk vaxtlarda, yəni 1920-ci illərdə əsər qıtlığı keçirirdi. Bu qıtlığı o illərdə və sonrakı illərdə Ü. Hacıbəylinin, S. Rüstəmovun, A. Gərayın, Z. Stelnikin Avropa, rus bəstəkarlarının etüdlərindən, pyeslərindən etdikləri köçürmələr müəyyən qədər aradan qaldırırdı. Lakin bu köçürmələr tədris ədəbiyyatının kəmiyyət və keyfiyyətinə müəyyən təsir göstərsələr də, məhz xalq çalğı alətləri üçün yazılmamışdılar. Bununla belə, Avropa tipli musiqi təhsil sisteminə daxil edilən xalq çalğı alətlərimiz üçün ilk vaxtlarda əsərlərin olmaması təbii idi və bu səbəbdən, 1920-30-40-cı illərdə tədrisin köçürmələr hesabına qurulmasını başa düşmək olardı. Amma belə bir vəziyyətin 100 ildir, yəni bu gün də davam etməsi yolverilməzdir. Xalq çalğı alətlərinin tədrisindən və ifaçılığından əksik olmayan mövcud acınacaqlı durum qarşımıza taleyüklü sual qoyur: Xalq çalğı alətlərimiz üçün əsər qıtlığını yüz ildir aradan qaldırmaq iqtidarında və bacarığında deyilik? Bəlkə, bu məsələni həll etmək iqtidarında olmamağımız əslən erməni, Azərbaycan ifaçısı, Tiflis konservatoriyasının professoru Aleksandr (Saşa) Oqanezaşvilinin 1920-ci illərdəki qərəzli təklifinə - xalq çalğı alətlərinin not tədrisinin dayandırılması təklifinə tam bəraət qazandırır? Bəlkə, bizlər öz biganəliyimizlə və ya baçarıqsızlığımızla bu təklifə haqq qazandırırıq? Bəlkə, not tədrisi və ifasında yaranmış böhranı yüz ildir həll edə bilməkdə tam aciz olduğumuz üçün not tədrisini və ifaçılığını erməni A. Oqanezaşvilinin təklifi ilə tam ləğv edək? Axı bu erməni Üzeyir Hacıbəylinin çox radikal sənət, yaradıcılıq, ideya düşməni idi, xalq çalğı alətlərimizi not tədrisinə gətirdiyi üçün mətbuatda Üzeyir bəyi az qala “musiqimizin düşməni” hesab edirdi. Sən demə, 100 ildir milli alətlərimizi bəstəkarların yaradıcılığına, məmur və təhsilin qayğısına həsrət qoymağımızla ifaçılığı Azərbaycanda öyrənən erməni S. Oqanezaşviliyə haqq qazandırmışıq.  Bəli, Mazasın “Skripka məktəbi”nin, Volfartın, Kayzerin skripka etüdlərinin tar və kamança tədrisində yüz ildir tətbiq olunması, bu gün musiqi təhsilinə cavabdeh rəsmilərə utanc gətirən faktdır. Təəssüf ki, problem yenə də davam etməkdədir, çünki bu alətlərin tədrisi məsələləri sovet dövründə olduğu kimi, indi də müəyyən “standart” əsasında aparılır. Hansı ki, bu “standart” bəstəkarları da, musiqi təhsili ilə əlaqəli nazirlikləri də, burada işləyən məsul məmurları da, təhsil müəssisələrinin rəhbərlərini də  “xalq çalğı alətləri üçün əsərlərin yazılması” zərurətindən xilas edir. Əvəzində xalq çalğı alətlərimiz üçün orijinal əsərlərdən qat-qat çox olan köçürmələr meydana gəlir. Bununla da, ixtisas müəllimlərinin və musiqi məktəblərinin canı əsər yazmaq üçün bəstəkarlara minnətçi düşməkdən, nazirləri başa salmaq çətinliyindən azad olur. Bunlara rəğmən bəstəkarların və məmurların da canı “aşağı sort işə” vaxt itirməkdən qurtarır. Nə qədər inanılmaz olsa da, real vəziyyət bu cür acınacaqlıdır. Xalq çalğı alətlərimiz, onların tədrisi və ifaçılığı bu cür əcayib, qeyri-milli “aşağı sort alət” münasibətindən özlərini yüz ildir xilas edə bilmirlər. Üzeyir bəyin sağlığında belə münasibətin olması o qədər təəccüblü deyildi. Bəs müstəqil dövlətimizdə belə münasibət milli maraqlarımıza, humanist və demokratik təhsil prinsiplərimizə, milli mədəniyyətlə bağlı vəzifələrimizə və təbliğatımıza kökündən yad deyilmi?   

Buyurun, tarın, kamançanın, qanunun, balabanın caldığı Qlyuk, Hendel, Haydn, Vivaldi, Albioni, Bax, Motsart, Bethoven, Şubert, Şopen, Qriq, Şuman, Mendelson, List, Sen-Sans, Peşetti, Sarasate, Tartini, Kreysler, Ridinq, Akkolai, Rossini, Verdi, Quno, Ştraus, Qlinka, Rimski-Korsakov, Rubinşteyn, Musorqski, Caykovski, Raxmaninov, İppalitov-İvanov, Bize, Brams, Dvorjak, Oginski, Diniku,  Seyts, Dankla, Budaşkin, Kreysler, Şostakoviç, İvanov, Zolotaryev, Vyetan, Lukavixin, Baklanova... və s. xarici bəstəkarların əsərləri bu alətlər üçün xüsusi yazılan əsərlərdən on dəfələrlə çoxdur. Görəsən bu bəstəkarların əsərləri olmasaydı, biz milli alətlərimizdə nə çalardıq, məktəblilərə hansı əsəri keçərdik? Görəsən, Hendelə, Şubertə desəydilər ki, 100 ildən sonra mahnılarını, opera musiqisini balabanda, qanunda çalacaqlar, necə reaksiya verərdilər? Nazirliklərin qrifi ilə nəşr olunan ixtisas proqramlarında not əsərlərinin 90-95 faizini məhz milli alətlər üçün yazılmayan bu instrumenal əsərlərdən, orkestr əsərlərindən, opera və baletlərdən köçürmələr təşkil edir. Maraqlıdır ki, Avropada, Rusiyada və dünyanın başqa ölkələrində də xalq çalğı alətləri tədris olunur, amma onlar tədrisə Azərbaycan bəstəkarlarını bu qədər daxil edirlərmi...    

Məlumdur ki, 1930-cu illərdə S.Rüstəmovun “Tar məktəbi”, C. Həsənovanın “Kamança məktəbi”, N. Əbdüləlimovun “Balaban məktəbi” dərslikləri bu alətlərin notla tədrisinə böyük təkan verdilər. Xalq çalğı alətlərinin tədrisində ilk dərs vəsaitləri Üzeyir bəyin bilavasitə təsiri, rolu, həm də  tövsiyələri sayəsində meydana gəlmişdi. Nəzərə alaq ki, adları çəkilən dərsliklərdən S. Rüstəmovun “Tar məktəbi” ibtidai və orta musiqi təhsili verən məktəblərdə indiyə qədər istifadə olunur. Digər tərəfdən, S. Rüstəmovun “Tar məktəbi” dərsliyinin, bu günə qədər, demək olar ki, alternativi yoxdur. Bir tərəfdən bu fakta müsbət yanaşıla bilər, amma digər tərəfdən, az qala yüz ilə yaxındır ki, tarın uşar musiqi məktəblərində, musiqi kolleclərində və konservatoriyada tədrisi bu yeganə vəsaitlə aparılır.

Bəli, reallıq budur ki, xalq çalğı alətlərinin tədrisi üçün şagird və tələbələrə öyrətməyə əsər tapılmır. Xüsusi olaraq, yazılan əsərlərin sayı o qədər azdır ki, ixtisas müəllimləri onları uşaq, həm orta, həm də ali musiqi məktəblərində keçmək zorunda qalırlar. Nəticədə müxtəlif alətlər, məktəblər, siniflər, kurslar üçün ixtisas-not proqramlarında pyeslər istər-istəməz təkrar olunurlar. Problem də elə bundadır: tədris olunan xalq çalğı alətləri üçün  pyeslər, texniki məşğələ və etüdlər çox azdır, hətta o qədər azdır ki, milli alətlər üzrə mövcud tədris repertuarının cəmi 5-10 faizini təşkil edə bilirlər. Milli alətlərimizə aid olan tədris-not not ədəbiyyatının qıtlığı, bu sahədə hökm sürən durğunluq, artıq neçə onilliklərdir ki, musiqi təhsilinin həll olunmayan problemi səviyyəsində qalmaqdadır.  Burada söhbət, məhz həmin alətlər üçün yazılan tədris-not ədəbiyyatlarından gedir. Təsəvvür edin, 1946-cı ildə M. Adil Gərayin yazdığı “Muğam etüdləri”ndən, 1950-ci illərdə S. Rüstəmovun yazdığı “Melodik etüdləri”ndən, 2000-ci illərdə Əkrəm Məmmədlinin (qrif almamış) “Tar üçün etüdlər”indən başqa tar etüdləri yazılmayıbdır,  tar və kamançanın tədrisində hələ də şagird və tələbələrə skripka üçün etüdlər keçilir. Həm də adı çəkilən tar etüdləri arasında böyük zaman məsafəsi vardır.

Musiqi məktəblərində, kolleclərdə, orta ixtisas musiqi məktəblərində fortepiano, skripka, klarnet və b. alətlərin hər bir sinfi üçün tədris repertuarı bol olduğu halda, bu sözü xalq çalğı alətləri haqqında demək mümkün deyil. Məsələn, 1-ci sinifə davam edən, məsələn, fortepiano, skripka, violonçel şöbələrinin şagirdlərinə məhz bu sinif üşün nəzərdə tutulan pyeslər keçilir. Lakin xalq çalğı alətlərinin 1-ci sinfinə gedən məktəblilərə keçməyə tar, kamança, balaban, qanun pyesləri yoxdur. Uşaq musiqi və incəsənət məktəblərində, incəsənət gimnaziyasında bu sinfin tədris repertuarı Avropa və rus bəstəkalarının kiçik pyeslərindən, yaxud Azərbaycan bəstəkarlarının uşaq mahnılarından köçürmələr hesabına yaradılır. Birinci sinifə gedən və aləti yenicə öyrənən şagirdə ixtisas dərsində, imtahanda, konsertdə çalmağa bu alət üçün yazılan pyes tapılmır. Şagird - gələcəyin ifaçısı milli alətdə musiqi təhsilini belə başlayır...  

Bir həqiqtəti də etiraf edək. Orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin və ali musiqi məktəblərinin yuxarı sinif şagird və tələbələri ifa etməyə əsərlər tapa bilmirlər. İstər dərslərdə, imtahanlarda, istərsə də konsertlərdə çalınan repertuar xarici və respublika bəstəkarlarından köçürmələr sayəsində təşkil edilir.  Ən yaxşı halda, A.Gərayın, S. Ələsgərovun, A. Rzayevanın xalq çalğı alətləri orkestri üçün pyeslərinin tar, kamança, balaban, qanun ilə fortepiano üçün köçürmələri çalınır: “Bağçakürd”, “Səfikürd”, “Tarantella”, “Şahnazsayağı”, “Daimi hərəkət”, “Xəyala dalarkən”, “Şalaxo”, “İntermesso”,  “Vətənpərvərlər marşı” və s. Nəzərə alaq ki, bəstəklarımızın opera və baletlərinin ayrı-ayrı səhnələrinin musiqisi (Q.Qarayev “Yeddi gözəl” baletində “Ayişənin rəqsi”, “Vals” və s.), estrada orkestri üçün pyesləri (A.Bəbirov “Konsert-pyes”), filmlərdən musiqi (T. Quliyev “Vals”), rus bəstəkarlarının operalarından, fortepiano pyeslərindən tar üçün köçürmələr çalınır.

Bu xüsusda bir faktı qeyd edim. Ötən il İtaliyanın çox məşhur səsyazma şirkətində Xalq artisti, professor Ramiz Quliyevin albom-diski istehsal olundu və yayımlandı. Diskdə R. Quliyev muğamlardan başqa, not əsərlərini də ifa edir. Bu əsərlərdən yalnız biri - H. Xanməmmədovun 2 N-li tar konserti məhz tar üçün yazılmış əsərdir, digərlərinin hamısı tar üçün köçürmədir. Azərbaycan  tar ifaçılığının UNESKO-nun qeyri-maddi mədəniyyət irsi üzrə Representativ siyahısına daxil olmasından sonra buraxılan bu albom-diskdəki tar repertuarı, əslində, dolayı yolla tar üçün əsərlərin olmadığını bəyanlayır. Şübhəsiz ki, R. Quliyev albom-diskdəki əsərləri də, muğamları da yüksək peşəkarlıqla, ali professional səviyyəli ustad ifaçı kimi təfsir edir. Amma fakt faktlığında qalır: tarımızla fəxr edirik, onu dünyaya çıxaranda isə Azərbaycan bəstəkarlarının tar üçün konsert pyeslərini tapa bilmirik...

Əlbəttə, milli alətlərimizin tədrisində xarici ölkə bəstəkarlarına müraciət təqdirəlayiqdir, həm də vacibdir, lakin bir mühüm şərtlə ki, tədris-not ədəbiyyatının böyük hissəsini məhz bu alətlər üçün yazılan pyeslər təşkil etsin. Belə bir mahiyyətli səbəbə görə ki, alətin tədrisi ibtidaidən aliyə qədər mütləq çoxluq təşkil edən köçürmə əsərlər əsasında qurula bilməz!  Başqa sözlə, alətin tədrisi, öyrədilməsi, ifaçının yetişməsi köçürmə əsərlər əsasında deyil, ilk növbədə alət üçün müəyyən metodik sistemlə yazılan tədris və konsert pyesləri əsasında reallaşmalıdır. Hər hansı milli alətin tədrisi uşaq musiqi məktəbindən orta ixtisas məktəblərinə, gimnaziya və kolleclərə qədər, buradan da ali musiqi təhsilinə və magistraturaya qədər başqa alətlər üçün yazılan əsərlərin hesabına həyata keçilə bilməz. Bu,  tədrisin metodikası baxımından da yolverilməzdir.

Azərbaycan ifaçılıq sənətində aparıcı alət olan tar üçün indiyə qədər tədris və konsert əsərlərinin yazılmaması, təəssüf ki, heç kimi narahat eləmir. S. Ələsgərov “Tar ilə fortepiano üşün sonatina”nı 1960-cı ildə bəstələyibdir. 21-ci əsrdə isə gənc bəstəkar V. Allahverdiyev solo tar üçün “Qarabağ balladası” sonatasını yazıbdır. Bəstəkarların bu iki konsert əsərindən başqa, təcrübəli tar müəllimləri N. Aydəmirli tar ilə f-no üçün “Ballada”, bu yaxınlarda isə tar ilə f-no üçün Ə. Məmmədli “Elegiya” (tarzən Kamil Əhmədovun xatirəsinə), H. Vəkilov “Şıdırğı” və “Çılğın rəqs” bəstələmişlər, vəssalam. Bu iki sonatadan və 4-5 pyesdən başqa, konsertlərdə, tədrisdə tarın ifa etməyə sonataları, iri və orta həcmli pyesləri yoxdur. Halbuki, asan, orta, yuxarı çətinliklərdə onlarla sonata və sonatinalar, yüzlərlə pyeslər yazılmalıdır. Tar ilə kamera orkestri üçün 15-20 ildir yazılmış 1-2 əsəri həmişə eşitməkdən isə, qulaq, necə deyərlər, yorulubdur...

Təsəvvür edin, əgər professional tar ifaçısı fərdi konsert vermək istəsə, bu konsertdə məhz tar üçün yazılan 10-15 əsəri çətin ki tapıb ifa edə bilsin. Konsertin proqramı mütləq xarici və yerli bəstəkarların kamera əsərlərindən, opera və baletlərindən köçürmə pyeslər hesabına yazılacaq. Belə açınacaqlı və böhranlı duruma nə vaxta qədər göz yumub, saxta bəhanələrlə “bəraətlər” qazandırmağa cəhd edəcəyik? Milli alətlərimizin tədrisi və ifası üçün bizim yerimizə hansı ölkədən gəlib əsərlər yazmalıdırlar? Görəsən, Azərbaycanda fortepiano, skripka, alt, violonçel, fleyta, klarnet tədrisi və konsert fəaliyyəti də başqa alətlərlərdən köçürmələr sayəsində inkişaf edir? Əlbəttə yox. Bu alətlərin tədrisində hətta hər bir sinif üçün xüsusi pedaqoji repertuar vardır. 

Kamança, balaban, qanun alətləri üçün isə ümumiyyətlə, əsərlər yazılmır. Balabanın və qanunun tədrisində yenə də xarici və yerli bəstəkarların orkestr və s. əsərlərinin köçürmələri çalınır. Bu alətlərin tədrisdəki repertuarını, pyes qıtlığını, alət üçün məxsusi əsərlərin olmamasını “ölü vəziyyət” adlandırmaq daha düzgün olar. Bu alətlər nəinki tədrisdə və imtahanda, heç konsertlərdə də çalmağa əsər tapmırlar. Mən əlbəttə, bu alətlər üçün rus, Avropa əsərlərinin, mahnıların  köçürülməsini nəzərdə tutmuram. Söhbət yenə də məhz kamança, balaban və qanun alətləri üçün məxsusi əsərlərin olmamasından gedir.

Bəs qədim musiqi alətimiz balabana necə münasibətdəyik? Buyurun, uzun illər tədris olunmasına baxmayaraq, balaban üçün son 100 ildə cəmi 1 əsər yazılıbdır: S. Ələsgərov, “Xəyala dalarkən”. Əgər balabanda konsert səhnəsində və ya tədrisdə çalmağa  S. Ələsgərovun “Xəyala dalarkən” pyesindən başqa əsər yazılmayıbsa, görəsən, belə açınacaqlı və biabırçı vəziyyət bəstəkarları, ifaçıları və musiqi təhsilinə cavabdeh şəxsləri niyə zərrə qədər narahat eləmir? Gərək ermənilər Avropa səhnələrində balaban əsərlərindən ibarət konsertlər versinlər ki, ondan sonra biz də hərəkətə gələ bilək?

R. Mirişlinin “Kamança məktəbi” dərsliyi nə qədər uğurlu addım olsa da, indiyə qədər bu alət üçün tədris əsəri çatışmazlığına təsir göstərə bilməyib. Çünki bu vəsaitdə toplanan etüdlərin, pyeslərin heç biri kamança üçün yazılmayıbdır və hamısı kamança üçün köcürmədir. Azərbaycanda son 100 ildə kamança üçün yazılan əsərlərin sayı barmaqla sayılacaq qədər azdır:

1. S. Ələsgərov. Tarantella.
2. H. Xanməmmədov. Kamança ilə simfonik orkestr üçün konsert.
3. Z. Bağırov. Kamança ilə simfonilk orkestr üçün konsert. 
4. Ə. Rəhmətova. Kamança ilə simfonik orkestr üçün konsert.
5. N. Quliyev. Ədalətsiz kaman. 

Buyurun, 100 ildir tədris olunan, səhnələrdə konsert verən milli alətimiz kamança üçün çalmağa bu günə qədər cəmi 5 əsər bəstələnibdir. Respublikanın musiqi təhsilində də yalnız bu əsərlər tədris edilir. Alətin tədrisində yer alan yüzlərlə digər pyeslərin hamısı isə başqa alətlərdən, orkestr pyeslərindən köçürmələrdir. Görəsən, bu doğma, qədim musiqi alətimizə niyə bu qədər biganə, yad münasibətdəyik?     

Qanun aləti üçün son 30 ildə yazılan əsərlər cəmi 4 dənədir ki, bunlar da uşaq musiqi məktəblərindən başlamış ali musiqi məktəblərinə qədər tədrisdə istifadə olunur:

1. S. Ələsgərov. “Poema”;
2. S. Ələsgərov. “Şalaxo”;
3. D. Dadaşov. “Cinarənin sevinci”;
4. D. Dadaşov. “Kapris”.

İstər qanun, istər kamança üçün yazılan əsərlərin hamısı, demək olar, əlyazma halındadır. Nə Bəstəkarlar İttifaqı, nə müvafiq nazirliklər, nə təhsil müəssisələri onları respublika musiqi-tədris müəssisələri üçün dövlətin pulu ilə çoxsaylı tirajla nəşr etdirmək istəyində deyil. Bu alətlər üçün barmaqla sayılacaq qədər az əsər yazmağımız bir tərəfə, üstəlik, onlar hələ də nəşr olunmamış vəziyyətdədirlər. Tar üçün əsərlərə gəlincə, bəziləri sovet dönəmində SSRİ mədəniyyət və təhsil qanunvericiliyi əsasında dövlətin pulu ilə nəşr olunublar. Bəziləri isə müstəqillik dövrümüzdə müəlliflərin – Ə. Məmmədlinin, H. Vəkilovun, N.Aydəmirlinin şəxsi vəsaitləri ilə çapdan çıxa biliblər. Bununla belə, tar üçün tədris və ifa əsərlərinin müəyyən qismi şagird və tələbələrə hələ də əlyazma halında keçilir. Bu biganəliyə nazirliklər, Bəstəkarlar İttifaqı,  müvafiq təhsil müəssisələri nə vaxt son qoyacaqlar? 

Bəli, respublikada xalq çalğı alətlərinin ixtisas-not tədrisi bu dərəcədə biabırçı və acınacaqlıdır. Musiqi ictimaiyyətinə, musiqi təhsili işcilərinə, bəstəkarlara, musiqi təhsilini idarə edən müvafiq nazirliklərə - hər birimizə utanc gətirən faktdır. Buyurun, Azərbaycan Respublikasının musiqi təhsili və tədrisində Azərbaycan milli alətlərindən kamança üçün 5, qanun üçün 4, balaban üçün 1 əsərdən istifadə olunur. Bu alətlərin uşaq musiqi məktəblərindən ali musiqi təhsili verən məktəblərə qədər tədris olunması faktını nəzərə alsaq, vəziyyətin hansı səviyyədə olduğunu daha yaxşı dərk edərik. Bəli, müəllimlər tədris etməyə başqa əsər tapmırlar. Milli alətlərin tədrisi ibtidaidən aliyə doğru yalnız köçürmə pyeslər sayəsində həyata keçirilir. Ona görə ki, bəstəkarlarımız xalq çalğı alətləri üçün əsərlər, ümumiyyətlə, yazmırlar və ya yazmaq istəmirlər. Milli alətlərimiz üçün tədris, ifa repertuarının yoxluğu, belə alınır ki, heç kimi zərrə qədər də narahat eləmir. Görəsən niyə indiyə qədər uşaq musiqi və incəsənət məktəblərində, incəsənət gimnaziyasında, orta ixtisas musiqi məktəblərində, musiqi kolleclərində, ali musiqi təhsili verən məktəblərdə bu böhranla bağlı müzakirə və təkliflər meydana çıxmayıb, bu barədə çıxışlar, qərarlar, Bəstəkarlar İttifaqına və müvafiq nazirliklərə ardıcıl müraciətlər edilməyib? Yəni doğrudanmı, milli alətlər tədrisinin belə acınacaqlı durumu ixtisas müəllimlərini, tədris müəssisələrini, musiqi təhsilinə cavabdeh nazirlikləri qətiyyən narahat eləmir?  

Xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Konservatoriyasını təsis etdi. Hamılıqla sevindik. Amma problem yenə də başımızın üstündən əskik olmadı. Bəlkə Ulu Öndər Mədəniyyət və turizm nazirliyinə, Təhsil nazirliyinə, Bəstəkarlar İttifaqına milli alətlər üçün tədris və ifaçılıq repertuarının yazılması haqqında da rəsmi sərəncam imzalamalı idi? Bizə ayıb olmazmı? İşləmək, yaratmaq, inkişaf etmək üçün bundan artıq da imkan və şərait olar?  Gəlin, səhvlərimizi, biganəliyimizi, işləmək istəyənlərə məhəl qoymamaq, aşağı instansiyaların probleminə və müəllim fikrinə saymazyana, ədalı yanaşmaq kimi mənfi keyfiyyətlərimizi boynumuza alaq. Şübhə etmirəm ki, açıq məktub şəklində açıqladığım, araşdırdığım və müzakirəyə çıxardığım bu problem respublikanın xalq çalğı alətləri üzrə bütün müəllimlərinə, musiqi-təhsil müəssisələrinə, onların şöbə müdirlərinə, direktorlarına, rektorlara da yaxşı məlumdur. Bəlkə ona görə dinib-danışmaq istəmirlər ki, bu, “yuxarıdakıların” - yəni tabeliyində olduqları nazirlik və idarələrin xoşuna gəlməyə bilər, orada oturan kimlərisə əsəbiləşdirə bilər, sistemi tərpədər, əvəzində cəzalanarlar, işlərini və dərslərini itirərlər və s. və i.a. Belə gözləmə mövqeyinin, “mənə nə var” yanaşmasının nəticəsində isə vəziyyət beləcə durğun, acınacaqlı, böhranlı bir çəkildə davam etməkdədir. Yaxşı, gəlin, hamılıqla susaq, vəziyyət haqqında düz danışanları eşitməzliyə vuraq, düz sözü yalana yozaq - bəs sonra? İtirən yenə də özümüz, övladlarımız, mədəniyyətimiz, təhsilimiz olacaq. Buyurub seçin: ya bu açıq məktuba dəstək verin, böhranın həllinə nail olun, ya da xalq çalğı alətlərimizlə bağlı mövcud böhranı istədiyiniz qədər yaşadın...       

Burada bir məqamı da qeyd etmək istəyirəm. Tar alətinin yalnız “konsert” janrı sarından bəxti gətiribdir. Bu alət üçün asan, orta,  yüksək çətinlikli əsərlər, sonatalar, virtuoz əsərlər yazmayan bəstəkarlarımız yalnız “konsert” yazırlar. Sanki bəstəkarlar arasında “tar konserti” yazmaq yarışı gedir. Peşəkar ifaçılar səhnəyə çıxanda tar üçün yazılan “konsert”lərdən başqa çalmağa əsər təqdim edə bilmirlər. Tar üçün o qədər konsert yazılıb ki, sayı-hesabı bilinmir, hətta kamançada, qanunda da tar “konsert”ləri tədris edirlər. Bəlkə də dünyanın musiqi tarixində tar yeganə alətdir ki, bəstəkarlar onun üçün yalnız və yalnız “konsert” janrı bəstələyirlər.  Elə kamançanın da taleyini öz əlimizə belə qara günə qoymuşuq. Bu alətdlə dərs pyesləri, konsert əsərləri tapılmadığı halda, “bəxtəvər” alət üçün yazılan 5 əsərdən (!) 3-ü konsert janrındadır. Mümkündür ki, bəstəkarların milli alətlərə münasibətdə yalnız konsert janrını seçmələri bu janra verilən qonorarın nisbətən böyük həcmi ilə bağlıdır. Hər halda, tar üçün konsert, sonataya nisbətən çox pula alınır. Deməli, problemin gələcək həllində bu cür maliyyə maraqlarını da nəzərdən qaçırmaq olmaz.   

Yaranmış vəziyyəti bir daha vurğulayırıq:  Tarın, kamançanın, qanun və balabanın tədrisində və konsert ifasında nə vaxta qədər Avropa alətləri üçün əsərlərdən, vokal əsərlərdən edilən köçürmələr, mahnılar çalmalıyıq? Müasir tar ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunduğu halda, bəstəkarların bu alətə qarşı yüzfaizli biganəliyi heç cür başa düşülən və qəbul edilən hal deyil. Bu alətlərin taleyi bizləri niyə bu qədər qayğılandırmır? Paradoksal haldır ki,  müəllifi Heydər Əliyev Fondu olan “Muğam aləmi” festivalının, müsabiqəsinin və simpoziumunun təşkilatçıları və icraçıları Təhsil Nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Bəstəkarlar ittifaqı olduğu halda muğam ifaçılığının şah alətlərinin tədrisində ixtisas-not ədəbiyyatları tapılmır. Daha bir paradoks:  2013-cü ildə Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə düzənlənən III “Muğam aləmi” beynəlxalq simpoziumunun mövzusu məhz Şərq  milli alətləri ilə bağlı idi, amma Bəstəklar İttifaqı milli alətlərimiz üçün (orkestr üçün yox) əsərlərin yazılıb-yazılmaması üzərində neçə onilliklərdir düşünmək istəmir. Bəlkə nazirliklər, Bəstəkarlar ittifaqı bu məsələnin də həllini Heydər Əliyev Fondundan gözləyirlər?  Ayıb deyilmi?

Azərbaycan bəstəkarlarının 20-ci əsr boyunca və hal-hazırda milli alətlər üçün əsər yazmamalarının birinci səbəbi bu əsərlərin Mədəniyyət və turizm nazirliyi tərəfindən alınmaması və ya çox aşağı qonorarla alınmasıdır. İkinci səbəb milli alətlər üçün əsər yazan bəstəkarlara öz həmkarları və musiqişünaslar tərəfindən “aşağl sort bəstəkar”, həmin əsərlərə isə “aşağı sort musiqi” münasibətidir. Yox, gəlin özünəbəraət instinktimizə aldanmayaq, gəlin yaratdığımız bu real, həm də eybəcər durumu etiraf etmək mədəniyyətinə qadir olaq.  Buyurun, Bəstəkarlar İttifaqının qurultay konsertərindən birində xalq çalğı alətləri üçün əsərlər ifa edilir, gənc bəstəkarlar isə bu əsərləri ironiya ilə, fitlə, ələ salmaq hərəkətləri ilə qarşılayırlar. Belə gənclərin vətənpərvərlik iddialarına, Qarabağ mövsusunda, məhəbbət, təbiət fəlsəfəsində yazdıqları “avanqard” musiqiyə necə inanasan? İllərdir ki, avanqard  metodların “a” hərfində ilişib qalmış “zorən avanqardlar”, bu azmış kimi, xalq çalğı alətləri, xalq musiqisi ilə bağlı məlumatları öz İnternet saytlarında açıq təhqir etməkdən belə çəkinmirlər. Şübhəsiz ki, yaradıcılıq mənliyi və şəxsiyyəti üçün yaramaz göstəricidir, sadəcə tərbiyəsizlikdir. Amma iş buradadır ki, sənətə xalq çalğı alətləri ilə qədəm qoyan bəstəkarlar da elə bil bu alətlərə yadlaşıblar. Onlar sanki qorxurlar ki, avanqardın “a” hərfində ilişib “dahimaniya” xəstəliyinə tutulan bəstəçi “azlıqlar”, üstəlik milli mədəniyyətin inkişafından geri qalan və azərbaycançılıqdan mənən uzaq olan anti-milli və infantil “composer”lər tərəfindən “aşağı sort bəstəkar” hesab olunarlar...

Üçüncü səbəb milli alətlər üçün tədris və konsert pyeslərinin yazılmasına təhsil, mədəniyyət müəssisələrinin maraqlı olmamasında, stimul yaratmamasında, dövlət sifarişləri verməməsində, bu məsələni tədrisin gündəliyinə daxil etməməsindədir. Dördüncü səbəb, yaradıcılıq fəaliyyətini təşkilatlandıran, istiqamətləndirən, təhlil etməli və idarə etməli olan Bəstəkarlar İttifaqının bu məsələdə həmişə susmağa üstünlük verməsi, ən yaxşı halda məsuliyyəti başqalarının üzərinə atmasıdır. Neyləyək? İndi Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Səid Rüsətəmov həyatda yoxdurlar. Belə alınır ki, musiqi mədəniyyətimiz, incəsənətimiz və təhsilimiz beləcə başsız, böyüksüz, qayğıkeşsiz qalaraq yaşadığı problemlər, özbaşınalıqlar içində boğulmalıdır?...

Konkret faktlara - tədris proqramlarına əsaslanaq. 

1. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Musiqi təhsili üzrə tədris-metodika kabineti. “Uşaq musiqi və incəsənət məktəblərinin tar sinfi üçün proqramı” - 2009-cu il. Tərtib edəni kabinetin baş metodisti Rauf İmanovdur.

- I sinif üçün 24 pyes tövsiyə olunmuşdur. Hamısı köçürmədir.  
- II sinif, 40 pyes. Hamısı köçürmədir.
- III sinif, 51 pyes. B. Kərimovun 2 pyesindən başqa hamısı köçürmələrdir.
- IV sinif, 41 pyes. O. Quliyevin 1, B. Kərimovun 3 pyesindən başqa digər 37 pyes köçürmədir.
- V sinif, 55 pyes. Bunlardan S. Rüstəmovun, S. Ələsgərovun, H. Xanməmmədovun tar konsertləri, S. Ələsgərovun sonatinası istisna olmaqla, 49 pyes köçürmədir.
- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin tar ixtisası üzrə I-V siniflərdə cəmi 211 pyes keçilir ki, 12 pyesdən başqa hamısı köçürmədir.

2. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Musiqi təhsili üzrə tədris-metodika kabineti. “Uşaq musiqi və incəsənət məktəblərinin kamança sinfi üçün Proqramı” - 1992-ci il. Tərtib edənləri Rauf İmanov, Gündüz Əfəndiyev, Adıgözəl Əliyevdir. 

- I sinif, 34 pyes. Hamısı köçürmədir. 
- II sinif, 32 pyes. Hamısı köçürlmədir.
- III sinif, 45 pyes. Hamısı köçürmədir.
- IV sinif, 37 pyes.  Hamısı köçürmədir.
- V sinif, 45 pyes. Hamısı köçürülmədir. İllik tələbata yuxarıdakı kitablarla yanaşı, F. Volfartın, Kayzerin skripka üçün etüdləri, S. Rüstəmovun tar üçün melodik etüdləri tövsiyə olunur. 
- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin kamança ixtisası üzrə I-V siniflərdə cəmi 193 pyes tədris olunur ki, bunlardan heç biri kamança üçün yazılmamışdır. 

3. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi. Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzi. “Uşaq musiqi və incəsənət məktəblərinin qanun sinfi üçün Proqramı” - 2010-cu il. Tərtib edənləri mərkəzin metodsiti, ABİ-nin üzvü, musiqişünas Rauf İmanov və Bakı şəhər 20 N-li uşaq musiqi məktəbinin, AMK tərkibində musiqi kollecinin müəllimi Kəmalə Cahangirovadır.  

- I sinif, 39 pyes. Hamısı köçürmədir.
- II sinif, 27 pyes.  Hamısı köçürmədir.
- III sinif, 29 pyes. Hamısı köçürmədir.
- IV sinif, 44 pyes. Bunlardan S. Ələsgərovun “Şalaxo” pyesi istisna olmaqla, digər 43 pyesin hamısı köçürmədir.
- V sinif, 43 pyes. Bunlardan D. Dadaşovun “Çinarənin sevinci” pyesi istisna olmaqla, digər 42 pyesin hamısı köçürmədir.
- Beləliklə, respublika uşaq musiqi və incəsənət məktəblərinin qanun ixtisası üzrə I-V siniflərdə cəmi 183 pyes tədris olunur ki, bunlardan yalnız 2-si qanun üçün yazılmışdır. Digər 182 pyes köçürmədir.

4.  Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kolleci. “Tar aləti ixtisas (not) fənni üzrə Proqram” - 2013-cü il.  Tərtib edəni kollecin müəllimi Firudin Quliyevdir. 

- I kurs, 32 pyes. Bunlardan S. Ələsgərovun “Daimi hərəkət”, A. Gərayın “Şahnazsayağı” pyeslərindən başqa, bütün digər 30 pyes köçürmədir.
- II kurs, 42 pyes. Bunlardan S. Rüstəmovun və S. Ələsgərovun 2 tar konserti, A, Gərayın 3 pyesi istisna olmaqla, digər 37 əsərin hamısı köçürmədir.
- III kurs, 32 pyes. Bunlardan S. Rüstəmovun, H.Xanməmmədovun, S. Ələsgərovun, T. Bakıxanovun, R. Mirişlinin, Ə. Rəhmətovanın tar üçün 9 konserti və A.Gərayın 1 pyesi istisna olmaqla, digər 22 pyesin hamısı köçürmədir.
- IV kurs, 28 pyes. Bunlardan heç biri tar üçün yazılmamışdır, hamısı köçürmədir.
- Beləliklə, musiqi kolleclərində tar ixtisası üzrə I-IV kurslarda cəmi 134 pyes tədris olunur ki, 17-si tar üçün yazılmışdır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kolleci. “İxtisas kamança fənni üzrə Proqram” - 2012-ci il.    Tərtib edən kollecin müəllimi, FBK sədri Adıgözəl Əliyevdir.

- I kurs, 47 pyes. Heç biri kamança üçün yazılmamışdır. Hamısı köçürmədir.
- II kurs, 36 pyes. Heç biri kamança üçün yazılmamışdır. Hamısı köçürmədir.
- III kurs, 36 pyes. S. Ələsgərovun “Tarantella” pyesi istisna olmaqla, digər 35 pyesin hamısı köçürmədir.
- IV kurs, 32 pyes. H. Xanməmmədovun, Ə. Rəhmətovanın kamança üçün 2 konserti istisna olmaqla digər 30 pyesin hamısı köçürmədir.
- Beləliklə, respublika musiqi kolleclərində kamança ixtisası üzrə I-IV kurslarda cəmi 151 pyes tədris olunur ki, bunlardan yalnız 3-ü kamança üçündür, digər 148 pyes köçürmədir.

İndi isə ali musiqi məktəbinin proqramları üzərində dayanaq.

1. Azərbaycan Respublikası Təhsil Nazilriliyi, Azərbaycan Milli Konservatoriyası.  Bakalavr hazırlığı üçün tar, kamança, qanun – not fənləri üzrə Proqram. İxtisas: HS 140100 – İnstrumental ifaçılıq.  Tərtib edəni Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Məmmədağa Kərimovdur.  Bakı, 2011.

- Tar-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 240 əsər. Bunlardan 41 əsər tar üçün yazılmışdır, o sıradan 24-ü tar konsertidir, 1 sonatinadır, 1 sonatadır. Digər 199 pyes köçürmədir. 
- Kamança-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 197 pyes. Bunlardan cəmi 5 əsər kamança üçündür. Digər 192 əsər köçürmədir.     
- Qanun-not fənni üzrə proqram. I-IV kurslar, cəmi 227 əsər. Bunlardan yalnız 4-ü qanun üçün yazılmışdır. Digər 223 əsər köçürmədir.  

Buyurun, bu da uşaq musiqi və incəsənət məktəbləri, orta ixtisas musiqi məktəbləri, musiqi kollecləri və Milli Konservatoriyanın xalq çalğı alətləri üzrə tədris proqramlarının verdikləri məlumatlar. Əlavə şərhə ehtiyac yoxdur. Respublikada bu alətlərin ixtisas-not tədrisinin vəziyyəti bu dərəcədə acınacaqldır. Proqramlar yeniləşsə də, ildən ilə xalq çalğı alətlərimizin tədris repertuarında onlar üçün yazılan əsərə və ya yeni əsərə rast gəlinmir. Nə təklif edirsiniz, xalq çalğı alətlərimizin ixtisas tədrisini baxımsızlıq,  biganəlik, avropalaşma, lovğalıq qurbanı adlandıraq? Bəlkə ümumiyyətlə alətlərimizi vətən, sənət, peşəkarlıq, təhsil maraqlarımıza daxil etməsək yaxşıdır? Bəlkə, nazirliklərin, ABİ-nin milli alətlərin tədrisini, ifaçılığını inkişaf etdirmək üçün vaxtları, pulları, maraqları yoxdur? Məni ciddi düşündürən bir sual da var: Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan bölməsi fəaliyyətdədir və Naxçıvanda istedadlı bəstəkar nəsilləri yaşayıb-yaradırlar. Lakin nədəndirsə, onların tar, kamança üçün əsərləri, yaxud orkestr əsərlərindən köçürmələr respublikanın musiqi tədrisi proqramlarına daxil edilmir. ABİ-nin Gəncə, Lənkəran bölməsinin bəstəkarlarına da eyni münasibət hökm sürür. Niyə? Mənə elə gəlir, adları çəkilən şəhərlərin musiqi məktəblərində və musiqi kolleclərində də, Bakı məktəblərində də istedadlı əyalət bəstəkarlarımızın yaradıcılığına həssaslıqla yanaşılmalıdır.

Daha bir ciddi sual. Milli alətlərin tədrisi köçürmələr və işləmələr sayəsində həyata keçirilirsə, niyə məsələn, Orta Asiya ölkələrində, Türkiyədə, Məqrib ölkələrində, Tatarıstan, Başqırdıstan və b. Asiya respublikalarında xalq çalğı alətləri üçün yazılan əsərlərdən, opera və kamera musiqisindən, xalq rəqslərindən nümunələr də tədris proqramlarımıza daxil deyildir? Belə yanaşma tədris repertuarındakı köçürmə əsərlərin bədii məzmun, intonasiya rəngarəngliyinə səbəb olar və Asiya xalqlarının milli alətlərindəki qohum cəhətlər üzə çıxara bilər.   

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil nazirliyi, Bəstəkarlar İttifaqı, Bakı şəhər mədəniyyət və turizm idarəsi milli alətlər üzrə ixtisas müəllimlərinə min dəfələrlə təşəkkür etməlidirilər. Niyə? Ona görə ki, məhz Bakıda, şəhər və rayonlarda işləyən ixtisas-not müəllimləri başqa alətlər üçün, səs, orkestr üçün yazılan əsərləri tar ilə fortepiano, kamança ilə fortepiano, balaban ilə fortepiano, qanun ilə fortepiano üçün köçürərək tədrisdə şagird və tələbələrin ixtisas öyrənmələrini təmin etmişlər. Milli alətlərin tədrisinin ölməməsi, əksinə yaşaması və bu günə çatması, kadrların yetişə bilməsi bu müəllimlərin onilliklər ərzində pedaqoji və metodik fəaliyyətləri sayəsində mümkün olubdur. Onlar milli alətlərimizin tədrisini yaşatmaq naminə peşəkarlıq, müəllimlik və milli təəssübkeşlik göstərərək, hökm sürən biganə, durğun vəziyyəti öz imkanları qədər alətlərimizin qarşısından kənarlaşdırmışlar. Əvəzində zəhmət haqqı, qonorar, pul mükafatı almamışlar. Bu xüsusda müəllimlərin bəzilərinin də olsa, adını qeyd etmək istəyirəm. Ü. Hacıbəyli, S. Rüstəmov, A. Gəraydan sonra tar tədrisinin metodikasını, tar ifaçılığının öyrədilməsini yaşatmaq, praktikada tətbiq etmək, kadr hazırlığını inkişaf etdirmək naminə xalq çağlı alətləri üçün yüzlərlə köçürmə edən, bu işin sayəsində tədris repertuarını formalaşdıran və zənginləşdirlən müəllimlərdən Xalq artisti, professor Ramiz Quliyevin, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi, professor Oqtay Quliyevin, Xalq artisti, professor Şəfiqə Eyvazovanın, sənətşünaslıq doktoru, Xalq artisti Məcnun Kərimovun, sənətşünaslıq namizədi, təcrübəli pedaqoq Əvəz Rəhmətovun, sənətşünaslıq namizədi, professor Məmmədağa Kərimovun, əməkdar artist, dosent Həmid Vəkilovun, tanınmış ixtisas müəllimi Akif Novruzovun, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Nazim Kazımovun, sənətşünaslıq namizədi, professor Afət Novruzovun, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin, Əməkdar müəllim, professor Malik Quliyevin, Əməkdar artist, professor Fəxrəddin Dadaşovun, sənətşünaslıq namizədləri Hafiz Kərimov, Yaqut Seyidova və Təranə Əliyevanın, R.Əzizov, S.Paşazadə, Ç.Mütəllimova, R.Hüseynova, A.Kazımova, S.Həsənova və onlarla dəyərli rayon və şəhər tar, kamança, qanun, balaban müəllimlərinin bu səhədəki qiymətli əməyini xüsusi minnətdarlıqla qeyd edirik.       

Sual yaranır: 100 ildir ki, xalq çalğı alətlərimizin tədrisində not ədəbiyyatının mütləq faizini köçürmələr təşkil edirsə, yalnız ixtisas müəllimlərinin sayəsində xalq çalğı alətlərinin tədrisi yaşayırsa, bəs belə vəziyyətin məsuliyyəti kimin üzərinə düşür? Adı çəkilən nazirliklərin, yoxsa bəstəkarların? Düşünürəm ki, müəllimlərin bu məsələdə heç bir təqsiri yoxdur. Məktəb rəhbərlərini də çox qınamaq ədalətsizlik olar. Yaxşı rəhbər işçilər məktəbdə tədrisin keyfiyyətinin yüksək olması üçün əllərindən gələni edirlər.  Milli alətlər üçün tədris və konsert əsərləri yazılmırsa, bu işdə onların nə təqsiri?  

Musiqi müəllimləri yaxşı bilirlər ki, peşəkar ifaçılıq kadrlarının yetişməsi tədris repertuarından çox asılıdır. Əgər tar ixtisasına gedən şagird 1-ci sinifdən 5-ci sinifə qədər onun ifaçılıq texnikasını inkişaf etdirən tar əsərləri əvəzinə tar üçün köçürülən əsərlər, mahnılar çalırsa, bu, tədrisin və ifaçılığın qarşısında ciddi maneədir. Deyilə bilər ki, tədrisdə Avropa, rus bəstəkarlarının pyesləri kifayət qədərdir. Lakin belə vəziyyətlə öyünmək yox,  narahat olmaq lazımdır. Çünki xalq çalğı alətləri üçün not-tədris ədəbiyyatlarının ən azı 50 faizi məhz bu alətlər üçün yazılan əsərlərdən təşkil olunmalıdır. Həm də ona görə ki, alət üçün əsərlər bu alətin ifa, tembr, texniki və bədii ifa, səslənmə, çalğı üsulları nəzərə alınmaqla bəstələnir. Bir sözlə, xalq çalğı alətləri üçün tədris və konsert əsərlərinin olmaması yalnız tədrisə və ifaçılığa deyil, alətlərin özlərinə də ciddi problemlər yaradır. Məsələn, xalq çalğı alətlərimizin əsər ifa etmək imkanları indiyə qədər tam özünü büruzə verə bilirmi? Əlbəttə yox. Alət üçün çalmağa əsər yoxdursa, onun ifa imkanları da tam təqdim edilə bilməz. Yalnız Şopeni və ya Dvorjakı çalmaqla milli alətin ifa imkanlarını üzə çıxarmaq mümkün düyil. Bir də axı alətin tədrisi və ifaçılığı ibtidai təhsildən ali pilləyə qədər yalnız köçürmələr, işləmələr hesabına qurulmamalıdır – buna qəti yol vermək olmaz.

Əlbəttə, Bəstəkarlar İttifaqının xalq çalğı alətləri orkestri üçün əsərlərə həsr olunmuş plenumu, TÜRKSOY ilə Mədəniyyət və turizm nazirliyinin “Türk xalqlarının musiqi alətləri” beynəlxalq elmi simpoziumu, musiqi alətlərinə həsr olunmuş “Muğam aləmi” beynəxalq elmi simpoziumu bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Lakin bu tədbirlər, açığını deyək, xalq çalğı alətlərinin tədrisi ilə bağlı mövcud vəziyyəti zərrə qədər də dəyişməyib, çünki bu tədbirlərin mövcud durğunluqla əlaqəsi yoxdur.

Xalq çalğı alətləri üçün ansambl əsərləri yazılması da vaxtı çoxdan çatan və həllini gözləyən bir məsələdir. Məsələn, tar, kamança, fortepiano; kamança, qanun və fortepiano; tar ilə skripka solo; kamança, vilonçel və balaban; tar, kamança, qanun; tar, kamança, qanun, balaban; tar kvarteti; balaban kvarteti və s. ansambl əsərlərin yazılması və konsertlərdə, efirdə səslənməsi musiqi həyatımızı xeyli maraqlı edə, milli alətlərimizin ifa imkanlarını xeyli artıra bilər. Təsəvvür edin, Milli Konservatoriyanın alətlər laboratoriyasında balabanın alt, tenor, bas növləri yaradılıbdır, həm də balaban kvarteti təşkil olunubdur. Amma çifayda, onlar da köçürmələr çalmaq zərurətində qalıblar. 

Milli alətlərlə kamera, xalq çalğı alətləri, simfonik orkestr üçün virtuoz, lirik səciyyəli əsərlər də mütləq yazılmalıdır. Qeyd etmək vacibdir ki, bəstəkarlar öz kamera, simfonik əsərlərində partituraya tarı, balabanı da daxil edirlər. Lakin bu faktı yaranmış problemlə qarışdırmaq olmaz. Burada söhbət xalq çalğı alətləri üçün xüsusi əsərlərin yazılmamasından gedir.

Gəlin, real çıxış yollarını və vasitələrini təhlil edək. Real çıxış yolları isə mövcuddur, sadəcə onları təşkil etmək, hərəkətə gətirmək, həyata keçirmək, müəllim təcrübəsinə və  əməyinə layiqli qiymət verə bilmək lazımdır.

Yeri gəlmişkən, Rusiyanın musiqi təhsilində belə bir ənənə formalaşıb: Rus xalq çalğı alətlərinin tədris reperuarını yazmaq təcrübəli, stajlı metodist müəllimlərə həvalə edilir və bunun səmərəli nəticələri olur. Sovet dönəmində rus xalq çalğı alətlərinin uşaq, orta ixtisas musiqi məktəblərində, incəsənət institutlarında, konservatoriyalarda tədrisi üçün yazılan pyeslərin müəllifləri təkcə bəstəkarlar deyil, həm də ixtisas müəllimləridirlər. Bu işdə onlara etibar olunması və işin bəstəkar redaktəsi ilə yerinə yetirilməsi nəticəsində yüzlərlə pyeslər yazılmış və nəşr olunmuşdur.

Azərbaycanda da təqribən bu ənənə ilə uzlaşan müəyyən təcrübə vardır: tar-ixtisas müəllimlərimiz bu alət üçün əsərlər yazırlar. Məsələn, Səid Rüstəmov tar üçün etüdlər, konsert bəstələmiş, dərs vəsaiti yazmışdır. Təcrübəli, məşhur tar müəllimlərindən M. Adil Gəray tar üçün etüdlər və pyeslər, Oqtay Quliyev uşaq musiqi məktəbləri üçün iki pyes, Əkrəm Məmmədli etüdlər və “Elegiya” pyesi, Novruz Aydəmirli 1 konsert və 2 pyes, Həmid Vəkilov 2 konsert pyesi yazmışlar. Təcrübəli və nüfuzlu tar-ixtisas müəllimlərinin yazdıqları etüdlərin və əsərlərin hamısı Mədəniyyət və turizm nazirliyi, Təhsil nazirliyi tərəfindən təsdiq olunmasalar da, qədirbilən ixtisas müəllimləri onlardan tədrisdə istifadə edirlər.

Onu da nəzərə alaq ki, tar ilə simfonik, xalq çalğı alətləri orkestrləri üçün konsertlərin, köçürmələrin tar partiyasını redaktə etmək üçün bəstəkarlar həmişə ustad ifaçılara və ya təcrübəli ixtisas müəllimlərinə müraciət etmişlər.

Respublikada xalq çalğı alətlərinin not tədrisi və ifaçılığı ilə, təhsili ilə əlaqədar onilliklər boyu hökm sürən mövcud böhranlı, baxımsız, biganə durumu əsaslı fakt və arqumentlərlə təhlil etdikdən sonra, mövcud vəziyyəti tam və obyektiv aşkarladıqdan sonra aşağıdakı təkliflərimi bildirirəm: 

- Azərbaycanda  təcrübəli, uğurlu ixtisas müəllimi və ifaçı kimi tanınan müəllimlərə tədris repertuarı yazmaq işi etibar olunsun. Hər halda zəngin dərs, ixtisas öyrətmək praktikası olan təcrübəli müəllim hansı sinif üçün necə pyes yazılmalı olduğunu metodik baxımdan daha yaxşı bilir. Lakin belə məsuliyyətli və vacib işi yenə də şəxsi təşəbbüslərin ixtiyarına buraxmaq olmaz. Bu iş müvafiq nazirliklərin xüsusi iş planı, sifarişləri, müqavilə və ödənişləri əsasında yerinə yetirilməlidir.

- Bəstəkarların və ixtisas müəllimlərinin tədris və konsert repertuarı yaratmaqda birgə əməyi təşkil olunsun. Bu işin xüsusi musiqi təhsili layihəsi kimi həyata keçirilməsi üçün müvafiq nazirliklərdən lazımi maliyyə ayrılsın. Uşaq musiqi məktəblərinin, musiqi kolleclərinin, orta ixtisas musiqi məktəblərinin  şagirdləri üçün aşan və orta çətinlikli pyeslərin yazılmasına təcrübəli, bacarıqlı, yaradıcı müəllimləri mütləq cəlb edilməli, onların alətə, alətin öyrədilməsi metodikasına mükəmməl bələdliyinə etimad göstərilməlidir. Müəllimlərin yazdıqları pyeslərə, texniki məşğələlərə xüsusi komissiyada baxılması, seçilməli, faktura, forma, harmoniya cəhətdən peşəkar bəstəkarlar tərəfindən redaktə olunmalıdırlar. Yaranmış mövcud böhranın aradan qaldılılması xüsusi proqram şəklində, hökumətin maliyyə dəstəyi ilə bir neçə il ərzində pillə-pillə həyara keçirilməlidir. “Uşaq və incəsənət məktəblərinin tar ixtisası üçün pyeslər. I sinif”, “Uşaq və incəsənət məktəblərinin kamança ixtisası üçün pyeslər. I sinif”, “Musiqi kollecləri və orta ixtisas musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. I və II siniflər”, “Uşaq və incəsənət məktəblərinin kamança ixtisası üçün pyeslər. II sinif”, “Uşaq və incəsənət məktəblərinin balaban ixtisası üçün pyeslər. I sinif”, “Uşaq və incəsənət məktəblərinin qanun ixtisası üçün pyeslər. I sinif”,  “Musiqi kolleclərinin balaban ixtisası üçün pyeslər. III kurs.”, “Musiqi kollecləri və orta ixtisas musiqi məktəblərinin balaban ixtisası üçün pyeslər. IV sinif”, “Orta ixtisas musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. X-XI siniflər”, “Orta ixtisas musiqi məktəblərinin kamança sinfi üçün pyeslər. X-XI siniflər”, “Ali musiqi məktəblərinin tar ixtisası üçün pyeslər. I kurs” və i.a. Bütün xalq çalğı alətlərinin bütün siniflər və kurslar üzrə tədrisi üçün bu kimi repertuar-not ədəbiyyatları yazılmalı, tərtib olunmalı və nəşr edilməlidir. Lakin bir şərtlə ki, məsələn, kamança və ya qanun üçün tədris pyesləri tar üçün yazılan pyeslərdən köçürmələr olmasın. Həm də bir şərtlə ki, bu tədris pyeslərinin, vəsaitlərin  yazılmasında Təhsil nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Bəstəkarlar İttifaqı tərəfindən müəlliflərə maliyyə dəstəyi verilsin. Gəlin,   mədəniyyətimizin və təhsilimizin belə həllivacib məsələsində “pulsuzluq şousu” yaratmayaq. Hamımız bilirik ki, yaradıcılığa, təhsilə və tədrisə hökumətdən kifayət qədər büdcə vəsaiti ayrılır. Heç olmasa, bu pulları bir dəfə də tarın, kamançanın, balabanın və qanunun tədrisinə və təhsilinə sərf edin.     

- Təklif edirəm ki,  Bakının, şəhər və rayonların tar, kamança, qanun, balaban alətləri üzrə təcrübəli, təşəbbüskar metodist müəllimlərinə bu alətlər üçün asan və orta çətinliklərdə kiçik formalı əsərlər, pyeslər yazılması tapşırılsın. Çünki təcrübəli ixtisas müəllimləri hansı sinif üşün necə pyesin yazılması olduğunu bilirlər. Bu müəllimlərin tədris repertuarı üzərində yaradıcılıq işləri Bəstəkarlar İttifaqı tərəfindən nəzarəyə götürülsün, pyeslərin fortepiano müşayiətində forma, faktura və harmoniya yazılışı redaktə olunsun. Yazılan pyeslər siniflər üçün məcmuə şəkilndə qruplaşdırılsın.

- Təklif edirəm ki, ali musiqi məktəblərinin ifaçılıq kafedralarında onlarla təcrübəli, adlı-sanlı ixtisas müəllimlərinin təcrübəsindən, metodik, pedaqoji biliklərindən yararlanmaqla, bu durğunluq aradan qaldırısın. Nəzərə alaq ki, bu müəllimlər Əməkdar müəllim, Əməkdar incəsənət xadirimi, Xalq atrisiti, Əməkdar artist fəxri adlarını, dosent, professor vəzifələrini daşıyırlar. Əminəm ki, onlar uşaq, orta ixtisas, musiqi kollecləri və konservatoriya üşün tədris repertuarının yazılması işinin öhdəsindən öz zəngin ifaçılıq-müəllimlik təcrübələri, metodika sahəsindəki bilikləri sayəsində əla gələ bilərlər. Heç kim elə düşünməsin ki, xalq çalğı alətləri üçün tədris repertuarı yazmaq hər bəstəkarın işidir və müəllimlər illərlə tədris etdikləri alət üçün tədris pyesləri yazmağı ixtisas dərsi keçməyən bəstəkarlardan pis bacararlar. Belə səhv, əsassız, stereotip yanaşma ümumi işin yalnız zərərinə ola bilər. Digər tərəfdən, nəzərə almalıyıq ki, tədris-not əsərləri ayrı-ayrı siniflər və kurslar üçün yazılması və tədrisin, aləti mənimsəmənin spesifik xüsusiyyətlərinə cavab verməlidir.    

- Bəstəkarlar İttifaqının rəhbərliyi, katibliyi, yaradıcılıq bölməsi yaranmış durğun vəziyyəti ciddi müzakirə etməli, bəstəkarların müxtəlif forma və janrlarda xalq çalğı alətləri üçün əsərlər yazmaq istəklərini və imkanlarını aydınlaşdırmalıdır. Düzdür, Bəstəkarlar İttifaqı üzvlərinin hansı alət üçün əsər yazmalı olub-olmadıqları müzakirə mövzusu deyildir. Bu məsələ, birincisi, təşəbbüskarlıq və təəssübkeşlik səviyyəsində həyata keçirilə bilər. İkincisi, tədris repertuarı yazılması işinin Mədəniyyət və turizm nazirliyinin sifarişi əsasında icra edilməsi daha real, səmərəli və keyfiyyətli ola bilər. Onu da nəzərə alaq ki, ABİ üzvü olan bəstəkarlar arasında vaxtilə tar, kamança çalanları olublar.

- Təhsil nazirliyi, Mədəniyyət və turizm nazirliyi xalq calğı alətlərinin tədrisindəki mövcud problemin səmərəli və sürətli həlli istiqamətində konkret əməli tədbirlər həyata keçirməli, bu işin həllində bilavasitə təşkilati və maliyyə dəstəyi göstərməlidir.   

- Mümkündür ki, musiqi təhsili müəssisələri Təhsil nazirliyi, Mədəniyyət və turizm nazirliyi ilə birlikdə tədris repertuarında dair xüsusi layihələr işləsinlər və həyata keçirsinlər. Məsələn, “uşaq musiqi və incəsənət məktəblərində xalq çalğı alətlərinin tədrisi üçün pyeslər” layihəsi hər bir alət nəzərə alınmaqla, geniş bir layihə kimi düşünülə və icra oluna bilər.

- Əlbəttə,  daha səmərəli, real təkliflər də verilə bilər. Amma hər halda, bu acınacaqlı vəziyyətin, durğunluğun həlli vaxtı çoxdan yetişibdir. Onu həll etmək üçün hər cür imkanımız var: qeyri-maddi irsin yaşaması və təbliği üçün real, uğurlu və davamlı layihələr, təcrübəli müəllimlər, adlı-sanlı ifaçılar, metodik mərkəzlər, elmi laboratoriyalar, kafedralar, yaxşı iş şəraiti, istedadlı bəstəkarlar, yaxşı işləyən rəhbərlər, hökumətin maliyyə dəstəyi. Sadəcə qalır, bu işi birlikdə, ağıllı, səmərəli və sürətli həll etmək istəyimiz, real həllolma imkanlarımızın düzgün təşkili və milli alətlərin tədrisinə, ifaçılığına professional münasibətimiz.                                                        

[email protected] 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı