Modern.az

Əksəriyyət elə bilir ki, “Diffamasiya haqqında” Qanun jurnalistləri məsuliyyətdən tam azad edəcək

Əksəriyyət elə bilir ki, “Diffamasiya haqqında” Qanun jurnalistləri məsuliyyətdən tam azad edəcək

5 Aprel 2010, 17:04

BİTƏRƏF MİLLƏT VƏKİLİ AYNUR QULİYAEVA MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR

- Aynur xanım, Ombudsman Elmira Süleymanova parlamentdə illik hesabat verərkən “Diffamasiya haqqında” Qanunun qəbuluna tərəfdar olduğunu bildirdi, bu, əksər deputatların narazılığı ilə qarşılandı. Millət vəkillərinin qənaətincə, şərəf və ləyaqətin təhqir olunmasına görə, jurnalistlərin məsuliyyətdən azad edilməsi, Cinayət Məcəlləsindən həmin müddəanın çıxarılması yolverilməzdir. Siz necə düşünürsüz, biz doğrudanmı, hələ də belə bir qanunun qəbuluna hazır deylik?

- Əvvəla qeyd edim ki, parlamentdə qəbul edilən hər bir qanun real münasibətləri tənzimləməlidir, reallıqla həmin qanun arasında uzlaşma tapılmalıdır. Uzlaşma olmayanda qanun sadəcə olaraq, kağız üzərində qalır və onun işləmə mexanizmi, təsir qüvvəsi olmur. O baxımdan mən şərəf və ləyaqətin təhqir edilməsinə görə jurnalistlərin cinayət məsuliyyətindən azad edilməsi məsələsinə bəzi həmkarlarımın mənfi yanaşmasını normal qəbul edirəm. Azərbaycan cəmiyyəti hələ təhqir və böhtanı rahatca həzm edə biləcək dərəcədə liberallaşmayıb və açığı, yaxın 10-15 il ərzində toplumumuzda belə bir dəyişiklikliyin baş verəcəyinə inanmıram. Azərbaycan Avropaya, Avropa dəyərlərinə inteqrasiya yolunu seçsə də,  mental qanunlar, yəni yazılmamış qanunlar həyatımızda müəyən rolunu və əhəmiyyətini saxlamaqdadır. Demokratiya, şəffaflıq, açıq cəmiyyət bizimçün nə qədər prioritet olsa da, bu dəyərləri şəxsi həyatımıza şamil etməyə hazır deyilik. Xatırlayırsızsa, bu yaxınlarda Kütləvi İnformasiya vasitələrində maraqlı bir məlumat dərc olunmuşdu: Avropa ölkələrindən birinin baş nazirinin arvadı jurnalistlərə bildirmişdi ki, o, siyasi fəaliyyətə başlamaq istəyir, ona görə də keçmişində baş verən hər şeyi açıqlamaq istəyir ki, xalqla onun arasında gizli heç nə qalmasın. Belə ki, o, gənc yaşlarında fahişəliklə məşğul olub... Bu etiraf Avropa və Qərbdə yetərincə normal qarşılanır. Amma Azərbaycanda kimsə özündə cəsarət tapıb bu cür aşıqlama versəydi, onun aqibiəti necə olardı, yəqin ki, təsəvvür etmək çətin olmaz. Təəssüf ki, bizdə bəzi üzdəniraq Kütləvi İnformasiya vasitələri insanları təhqir, böhtan, şantaj dolu yazılarla elə iyrəndirib, insanların şərəf və ləyaqəti ilə elə oynanılıb ki, “Diffamasiya haqqında” Qanunun adı çəkiləndə əksərimizdə elə təsəvvür yaranır ki, bu qanun jurnalistləri tamamilə məsuliyyətdən azad edəcək, onlar da hər kəs barədə ağıllarına gələni yazacaq və cəzasız qalacaqlar. Bu, ondan qaynaqlanır ki, nəinki bütövlükdə ictimaiyyət, hətta siyasətçilərin də bəziləri bu qanunun mahiyyətindən xəbərsizdir. Bu qanunun bəzi jurnalist  qurumları tərəfindən hazırlanan və Milli Məclisə təqdim olunan iki variantından ikisində də şərəf və ləyaqətin təhqir edilməsinə görə  cinayət məsuliyyətinə cəlbetmə yalnız Cinayət Məcəlləsindən çıxarılır, Mülki Məcəllədə isə bu məsuliyyət saxlanılır. Yəni, jurnalistlər məsuliyyətdən tamamilə yaxa qurtarmır. Jurnalist təşkilatları qanun layihəsindəki bu məqamlarla bağlı cəmiyyəti ətraflı məlumatlandırmalıdır. Bax, buna görə də hesab edirəm ki, layihənin parlamentdə müzakirəsindən öncə ictimai müzakirələri başlanmalıdır ki, həm ictimai rəy öyrənilsin, həm də ortaq məxrəc, optimal variant tapılsın.  Məncə, bu qanunun qəbuluna nə dərəcədə hazır olmasaq da, gec-tez yəqin ki, qəbul edəcəyik. Bu, qaçılmazdır.

- Sizi də bu qanunun qəbul edilməsinin tərəfdarlarından saymaq olarmı?

- Şübhə etmirəm ki, “Diffamasiya haqqında” Qanun qəbul edilsə, bundan sui-istifadə edənlər olacaq. Bəlkə düşündüyümüzdən də çox olacaq. Yəni mahiyyəti anlamadan, başa düşmədən bəzi jurnalistlər bütün aqressiyalarını yazılarına tökəcəklər. Təhqir və böhtanlar davam edəcək. Hətta özləri barədə yazılan böhtanlara görə jurnalistlərə məhkəmə yolu ilə deyil, dədə-baba üsulu ilə “cavab” verənlər də tapılacaq. Amma yenə də deyirəm ki, ölkənin imici nöqteyi-nəzərindən bu qanunun qəbulu qaçılmazdır və ölkəmin imici baxımından mən də bu qanunun qəbulunun tərəfdarıyam. Eyni zamanda, bu yöndə maarifləndirməyə də çox ciddi ehtiyac olduğunu düşünürəm.

- Bəzi müxalifyönlü qəzetlər bir neçə jurnalistin, o cümlədən Emin Milli və Adnan Hacızadənin həbsdə olması ilə bu qanunun qəbul olunmaması arasında bir bağlılıq olduğunu iddia edirlər...

- İnandırıcı iddia deyil. Ən azı ona görə ki, jurnalistlərin heç biri yazısına görə həbs olunmayıb. Dünyanın heç bir ölkəsinin qanunvericiliyi cinayət törədən şəxsi onun peşəsinə görə məsuliyyətdən azad etmir.Və əgər doğrudan da elə olsaydı, ölkə Prezidenti həbsdə olan iki jurnalisti - Müşfiq Hüseynovla Qənimət Zahidi əfv etməzdi. Adnan Hacızadə ilə Emin Millinin həbsinə gəlincə, onların hansı motivlərlə məsuliyyətə cəlb olunduqlarını bilirik. Hesab edirəm ki, radikal müxalifət partiyaları və müxalifyönlü qəzetlər, həmçinin, bəzi QHT-lər bu məsələni həddən ziyadə şişirtdilər. Şəxsən mən onlar həbs olunanadək bu gənclərin müxalifətçiliyindən də, bloqgerlik fəaliyyətindən də xəbərsiz olmuşam. Ölkə əhalisinin cəmi 11 faizinin İnternet istifadəçisi olduğu bir şəraitdə bu gənclərin populyarlığından danışmaq da yəqin, yersiz olar. Yazısına, müxalif mövqeyinə görə kimisə həbs eləsəydilər, onda gərək hamımızın imzasından yaxşı tanıdığımız müxalifətçi yazarlar həbsxanalara doldurulaydılar. Amma görürsüz ki, heç kəsə “gözün üstə qaşın var” deyən yoxdu, hərə arxayınca öz işi ilə məşğuldur. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm ki, təhqir, böhtan dolu kliplər çəkib insanları aşağılamaq mübarizə deyil, sənət, hobbi də deyil, bunun bir adı var: ədəb və mərifətdən uzaq olmaq. O gənclər bəlkə də savadlı və istedadlıdırlar. Ancaq mən təəssüf edirəm ki, onlar öz talantlarını belə bir müstəvidə təqdim edirlər. Türkiyəlilərin çox bəyəndiyim bir ifadəsi var: sevgi könüllüdür, sayğı məcburi. Bir-birimizi sevməyə bilərik, amma bir-birimizə hörmət etməyə məcburuq.

- Parlamentin son iclasında maraqlı bir məsələyə toxundunuz: azərbaycanlıların soyqırıma məruz qalmasını yalnız bir gün - hər il martın 31-də xatırlamaqla işimizi bitmiş hesab edirik...

- Mən bu günədək görülən və görülməkdə olan işlərin üzərinə kölgə salmaq niyyətindən uzağam. Bəzi qeyri-hökumət təşkilatlarının, müvafiq dövlət qurumlarının, xüsusilə də Milli Elmlər Akademiyasının Tarix İnstitutunun bu yöndəki gərgin fəaliyyətini yüksək qiymətləndirirəm. Şübhəsiz ki, xeyli işlər görülüb. Mərhum Prezident Heydər Əliyevin 1998-ci  ildə imzaladığı məlum fərman - martın 31-nin Azərbaycanlıların Soyqırımı günü elan olunması erməni vəhşiliyinə dövlət səviyyəsində verilən hüquqi və siyasi qiymətin bariz nümunəsiydi. Amma aradan keçən on iki il ərzində görülən işlər düşünürəm ki, həmin fərmanın əhəmiyyəti ilə adekvat deyil. Çünki bu, nə QHT-lərin, nə də digər təşkilatların özfəaliyyəti ilə həyata keçiriləcək məsələ deyil. Bununla bağlı dövlətin sistemli, ardıcıl fəaliyyət konsepsiyası, proqramı olmalı və orada aydın göstərilməlidir ki, azərbaycanlıların soyqırımı aktının dünyada tanıdılması yönündə siyasətçilərin, tarixçilərin, yazıçıların və Kütləvi İnformasiya vasitələrinin vəzifələri nədən ibarətdir, biz bu yöndə nə etmək istəyirik və nə etməliyik? Belə bir konsepsiya olmasa, hər il martın 31-də ağlaşma janrında bir neçə televiziya verilişindən, bir neçə qəzet yazısından, bir neçə kitabça çapından irəli gedə bilməyəcəyik. Bizim Şərqlilərə xas emosionallığımız normadan bir az artıq olduğuna görə bu tipli məsələlələrlə bağlı tez alışıb, təəssüf ki, tez də sönürük. Amma, bir daha deyirəm, bu yöndə ardıcıl və  sistemli fəaliyyət olmalıdır, özü də bu işlər dövlətin himayəsi altında həyata keçirilməlidir. Ortada müsbət nəticə olmayanadək, yəni bu məsələdə ermənilərdən irəli çıxmayanadək, dünyanı 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində bir  milyonadək dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsinə inandırmayanadək özümüzdən, gördüyümüz işlərdən razı qalmağa nə haqqımız var? Ermənilər saxtakarcasına olmayan və baş verməyən “erməni soyqırımı”ndan dəm vurur, bu yalanı dünya ölkələrinin parlamentlərində müzakirəyə çıxarılmasına, hətta tanıdılmasına nail olur, bizsə əlimizdə sənədlər, Quba məzarlığı kimi dəhşətli faktlar ola-ola dünyanın diqqətini yetərli səviyyədə öz problemimizə yönəldə bilməmişik.

- Sizcə, konkret olaraq nə etmək lazımdır?

- Məncə, elə bu ərəfədə Bakıda əcnəbi parlamentarilərin, siyasi xadimlərin, tanınmış yazıçıların, media nümayəndələrinin iştirakı ilə azərbaycanlıların soyqırımı məsələsinə, ermənilərin ərazi iddilarına həsr olunan beynəlxalq konfrans keçirilməlidir. Erməni uydurmalarına inanan, inanmaq istəyən əcnəbiləri reallıqlarla, əlimizdə olan sənədlərlə, faktlarla yerindəcə tanış etməliyik. Bunları etməyə bizim imkanlarımız çatır. Məsələn, qonşu Gürcüstanda gürcü ədəbiyyatını dünyada tanıtmaq üçün dövlət proqramı qəbul olunub. Gürcü yazarların əsərlərinin əcnəbi dillərə tərcümə olunub yayılması üçün əcnəbi mütəxəssislərə qrant müsabiqəsi  elan edilir, bununla ədəbiyyatlarının dünyada yayılmasına və tanıdılmasına çalışırlar. Səhv etmirəmsə, Rusiya və Baltikyanı ölkələrdə də bu təcrübədən yararlanırlar. Biz niyə ən aktual və ən ağrılı problemlərimizin tanıdılmasında bu üsullardan istifadə etməyək. Xatırlayırsınızsa, bu yaxınlarda Ermənistanın prezidenti Serj Sərkisyan “Evronevs” kanalına müsahibəsində həddən ziyadə sərsəm bəyanatlar səsləndirdi. Bildirdi ki, Dağlıq Qarabağ Ermənistanın ərazisi olub, SSRİ dönəmində Ermənistandan alınaraq Azərbaycana birləşdirilib. Həyasızcasına verilən bu açıqlamanın ağ yalan olduğunu özümüz bilirik, ən azı SOV.İKP.MK-nın hansı qərarlarıyla Azərbaycana məxsus torpaqların Ermənistan SSR-ə verilməsi, ondan bir az əvvəl İrəvan quberniyasının ermənilərə  necə peşkəş edilməsi, Azərbaycan ərazilərində Ermənistan adlı bir dövlətin yaradılmasının elan olunması, ondan da xeyli əvvəl Rusiya ilə Osmanlı dövləti arasında bağlanan Ədirnə, Rusiya ilə İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra iki yüz mindən artıq erməninin Türkiyə və İrandan Qarabağa köçürülməsi ilə bağlı əlimizdə mötəbər sənədlər var. Amma bütün bunları xəritədə Azərbaycanın yerini göstərə bilməyən əcnəbi senator, konqresmen, yazıçı, jurnalist bilirmi? Quba məzarlığında - üzərində balta, dəhrə çapıqları açıq-aydın görünən insan kəllələri onların ürəyində mərhəmət və ədalət hissini oyadırmı? Yüz il öncə baş verənlərdən əlavə, yaxın keçmişimizdə, ən yeni tariximizdə baş verənləri -Xocalı dəhşətlərini, Qaradağlı, Bağanis-Ayrım faciələrini qəbul edirlərmi? Bütün bunları özümüz üçün aydınlaşdırmağa ehtiyac var.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir