Modern.az

Mədəni mədəniyyətsizlərə....

Mədəni mədəniyyətsizlərə....

28 İyun 2013, 13:22

Xiyarınız da, badımcanınız da, kibrit dənəniz də, əndamınız da özünüzə qalsın

Biri TV rəhbərinin otağına girir və qışın oğlan çağında lüt bədəninə geyindiyi düblyonkanın yaxasını açıb əndamını göstərir və deyir ki, “efirə buraxdıqlarından pis deyiləm, məni də efirə buraxmalısan”.
Digəri də gəlib o rəhbərin masasının üstündəki tozu uzun saçlarıyla silir ki, “lütf eylə, mən də efirə çıxım. Masanın tozunu bu saçlarımla hər zaman silməyə hazıram”.

Başqa biri gecə şou proqramlarda çıxışdan sonra əlinə bir səbət alıb düşür qonaqların canına ki, əlindəki nəzir qutusuna pul atsınlar. Bir zamanlar narkoman olan və qollarındakı iynə izlərini gizlədən digəri də abırlı geyinib “narkomaniyaya yox deyək” devizi altında keçirilən konsertlərdə gəncləri sağlamlığa dəvət edir.

O birisi atası bilinməyən bir uşaq dünyaya gətirir, deyir ki layihəmdir. Bir başqası da hər kişidən bir uşaq doğur və başlayır efirdən əxlaq dərsi verməyə. Biri də var, ərlərinin, sevgililərinin, boşanmalarının sayını özündən başqa bilən yox, amma utanmadan ailədən, tərbiyədən dəm vurur.

Bir başqası da anadır, qadın alveri ilə məşğuldur: Bakı kəndlərinin birindəki villasında bəzi məmurlar üçün kef məclisi təşkil edir. İndi hünəri var, o məmurun istədiyi müğənni o məclisə qatılmasın, efir üzünə həsrət qalar, cibində də siçanlar oynayar, bank kreditlərinin faizi evini, avtomobilini satmağa məcbur edər.

Digəri İsraildə hansısa idman yarışını seyr edir, ondan öndə oturan erməninin üzünə gülümsəyərək çiyninə vuraraq deyir ki “biz də sizdənik, eyni komandaya balet edirik”,  Bakıya gələndə efirə çıxıb millətçilik edir.

Biri lesbiyanlığı, fahişəliyi, digəri maviliyi, kişilərin qadın kimi əzilib-büzülməyini nümayiş etdirir. Qeyrətdən, namusdan kişilikdən danışırlar, halbuki,  bu dəyərlərin heç birindən xəbərləri belə,  yox.

Hansı birisini deyəsən? Bəyəm sayları azdır ki, bir-bir göstərəsən?.. Nolsun ki, bir də baxırsan, fəxri adlarla təltif olundular, dövlət tədbirlərində çıxışa dəvət aldılar.  Bir söz deyəndə də başlayırlar xoruz kimi banlamağa, “mən xalq artistiyəm", "mən əməkdar artistəm” deyib özlərinə məlum olan yollarla əldə etdikləri bu adı gözümüzə soxmağa.

Axı kimsiniz, nəsiniz ki millətə ağıl, əxlaq dərsi keçirsiniz? Mənim üçün fəxri ada layiq görülənlər, hətta bu ada sahiblənə bilməyən sənət adamları 20 il əvvəldə qaldı...

Bizlər yorulduq, usandıq sizin qovğanızı, söyüşünüzü dinləməkdən, pullu sevgililərinizin peşkəş etdiyi ev, maşın, bağınızı görməkdən, çılpaq iyrənc bədəninizə nifrət etməkdən...
Yetər, bir az da mədəniyyət göstərin, axı mədəni insanlar sırasındasınız. Bir az da sayğı sərgiləyin, hörmət arzusundasınız. Bir az qeyrətə gəlin, insafınız varsa... Nə mən, nə də digərləri sizin əxlaqsız hərəkətlərinizin, söyüşlərinizin, xiyarlı-badımcanlı-kibrit dənəsiylə verdiyiniz pozlarınızı görməyə borclu deyilik. Unutmayın, sizləri göyə qaldıran mətbuat istədiyi anda belə sizi göydən yerə çırpmağa qadirdi. Hətta sponsurlarınızın TV “raskrutka”sı belə, köməyinizə yetməz... Odur ki haqqa gəlin, mədəni haqqa...  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır