Modern.az

Oyyyy mama, Allah rəhmət eləsin!

Oyyyy mama, Allah rəhmət eləsin!

Mədəni̇yyət

28 İyun 2013, 13:52

Dünən özüm üçün bir daha isbatladım ki, Azərbaycanda teatr qədər ikinci qeyri-səmimi sahə yoxdur. Bəlkə də var. Amma mənim bildiyim teatrdır. Siyavuş Aslanın vida mərasimindən hazırladığım reportajda bu barədə qısaca qeydim də var idi. O boyda zırıltını bir qeydlə ifadə etmək olsaydı nə vardı ki...

Əvvəldən başlayaq. Saat təxminən 11-12 radələrində “Azdrama”da işləyən bir xalq artistinə zəng vururam. Siyavuş Aslanın ölümündən xəbərsizdir.

- Doğrudan Siyavuş Aslan ölüb?

- Bəli.

- Oyyyy mama, Allah rəhmət eləsin!

Bax belə. Bütün respublika Siyavuş Aslanın dünyasını dəyişməsindən xəbərdardır, ancaq onunla eyni teatrda işləyən aktrisa... Rəhmətliyin özü demişkən, beləsinə nə ad vermək olar?

Doğrusu, bu söhbətdən sonra belə təxmin etmək olardı ki, o, dəstəyi yerə qoyan kimi ya Siyavuş Aslanın ailəsiylə əlaqə saxlayacaq, ən pis halda özünü teatra çatdırıb vida mərasimində iştirak edəcək. Amma o, vida mərasimində də gözə dəymədi.

Bunun müqabilində həmin mərasimdə “Azdrama” rəhbəri İsrafil İsrafilovun teatrda hərtərəfli hegemonluq elədiyi göz deşdi. Təsəvvür edin ki, adam hansı aktyorun, hansı məkanda müsahibə verməyinə də qarışır. Hətta lazım gələndə onları təhqir etməyə də cəsarət tapır. Mən bilən teatrın nizamnaməsində direktorun aktyoru təhqir etməsinə icazə verən bənd yoxdur. Ya da bu bənd İsrafilov teatra direktor təyin olunandan sonra əlavə olunub.

...Afaq Bəşirqızı kameralar qarşısında gözləri dolubmuş kimi danışır... Ardınca teatrın eyvanına çıxır. Simasındakı gərginlik özü demişkən ürəyindəki köz bir andaca külə dönür.

Hələ fotoaparat, kamera görən kimi gözünün yaşını sel kimi axıdanları demirəm. Hərəsinin də gözündə bir dənə “kitayski” eynək. Daha nə qaldı? Eynək “kitayski”, ağlamaq “kitayski, kədər “kitayski”...

Tam səmimiyyətlə deyirəm. Tamaşaçılara yazığım gəlir. Bəzən elə bir mənasız, qeyri-səmimi, amma efirdə özündən mələk qayıranlara pərəstiş edirlər ki... Şəxsən mənim üçün dünən həmin aktyorlardan daha bir neçəsi “öldü”. Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?