Modern.az

Xalq artisti Zərnigar Ağakişiyeva: “İnsanları incitməkdən qorxuram” - MÜSAHİBƏ

Xalq artisti Zərnigar Ağakişiyeva: “İnsanları incitməkdən qorxuram” - MÜSAHİBƏ

Mədəni̇yyət

2 İyul 2013, 10:49

Bu aktrisanı istər filmlərdə, istərsə də tamaşa və teletamaşalarda oynadığı maraqlı obrazlarla xatırlamamaq mümkün deyil. Teatr tənqidçilərinin də dediyi kimi o tək-tük milli koloriti olan aktrisalarımızdandır. Təkcə “Təhminə” filmində oynadığı ana obrazını göstərmək yetərlidir deyilənləri əsaslandırmaq üçün. Amma xeyli vaxtdır nə tamaşalarda, nə də filmlərdə gözə dəymir. Bəlkə də çoxlarınız söhbətin kimdən getdiyini anladınız.

Beləliklə, Modern.az-ın “Biri var idi” rubrikasının yeddinci qonağı tanınmış aktrisa, xalq artisti Zərnigar Ağakişiyevadır.

– Artıq bir ilə yaxındır ki, teatrdan çıxmışam.

– Heç bir tamaşada oynamırsınız?

– Xeyr, təqaüddəyəm.

– Filmlərə çəkilirsiniz?

– Təkliflər olur, səhhətimlə bağlı imtina edirəm. Film çox ağır sahədir. Əgər teatrda məşqlər gündüz olursa, kinoda gecə çəkilişləri, şəhərdən kənar çəkilişlər olur. Bunun üçün müəyyən məsafə qət etmək lazımdır. Bilmirsən necə və hansı şəraitdə çəkiləcək. Bu proses mənə çox tanışdır. Film enerji aparan sahədir.

– Aktyor işləməsə, qazanmaz. Artıq işləmirsiniz. Necə dolanırsınız?

– Təbii ki elədir. Əgər sənət fədaisidirsə, sənətin qurbanıdırsa, o, qazana bilməz. Belə insanların qazancı tamaşaçının alqışı və dövlətin verdiyi maaşdır. Mən o kateqoriyadan olduğumu deyə bilmərəm. Sadəcə aktrisayam.

– Amma mən deyirəm ki, siz sənətkarsınız.

– Təşəkkür edirəm. Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.

– Prezident təqaüdü alırsınız?

– Bəli, təqaüd də alıram, prezident tərəfindən ev də verilib. Dövlətimdən çox razıyam.

– Yeni çəkilən seriallara dəvət alırsınız?

– Dəvət olunuram, imtina edirəm. Artıq mənim fiziki qüvvəm o ağırlıqda işlərə davam gətirməz. Şəkərim olduğu üçün günaşırı dərmanlar qəbul edirəm, qidama ciddi fikir verirəm. Çəkilişin öz yazılmayan qanunları var. Əsəb keçirirsən, kaprizlər olur. İş prosesində bütün bunlar özünü göstərər və rejissor məndən inciyə bilər. Özüm də yolda, çəkilişdə əziyyət çəkə bilərəm.

– Belə başa düşdüm ki, sənət fəaliyyətinizi tamamilə dondurmusunuz.

– Elədir. İnsanları incitməkdən qorxuram. Bir daha qeyd edirəm ki, çəkilişdə mələk kimi insan olsan da, aləm dəyir bir-birinə. O qədər incikliklər, küsməklər olur ki. Özüm də çəkilmək istəyirəm amma...

– Neçə ildir səhhətinizdə problem var?

– Artıq on ildir şəkər xəstəsiyəm. Hətta komaya da düşmüşəm. Sağalmaz xəstəliyə düçar olmuşam. Yaş artdıqca özünü daha çox büruzə verir xəstəliyim.

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır