Modern.az

“Görərsiz, mən yuxarılara şikayət edəcəm!”

“Görərsiz, mən yuxarılara şikayət edəcəm!”

Reportaj

23 Sentyabr 2009, 10:35

TƏHSİL NAZİRLİYİNİN QƏBUL OTAĞINDA ŞİKAYƏTLƏRİ DİNLƏNİLMƏYƏN VƏTƏNDAŞLAR BELƏ DEYİRDİLƏR 

Bakıda elə dövlət orqanı var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn vətəndaşlar çalışırlar ki, nazirin qəbuluna düşə bilməsələr də, heç olmasa şöbə müdirlərilə görüşsünlər. Amma heç də hamı buna nail ola bilmir. Günlərlə, həftələrlə, aylarla qəbul otaqlarına ayaq döyən vətəndaşın şikayətinə baxılmayandaŞ o, çıxış yolu tapa bilməyib haqsızlıqla barışmalı olur.

Redaksiyada dövlət orqanlarının qəbul otaqlarından reportaj hazırlamaq tapşırığı veriləndə, belə qərara aldım ki, qoy ilk ünvanım Təhsil Nazirliyi olsun. Həftənin birinci günü səhər saat 10.00-da artıq nazirliyin qəbul otağındaydım. Doğrusu burada belə çox şikayətçi ilə rastlaşacağımı təsəvvür eləmirdim. Otaqda adam əlindən tərpənmək olmurdu. Hərənin özünəməxsus problemi vardı.

Fürsət düşən kimi şikayətçilərdən ən çox deyinən şəxslərdən birinə yaxınlaşdım. Asif Məmmədov adlı müsahibimdən şikayətinin nə ilə bağlı olduğunu soruşmaqla onun dərdini təzələdim: “Təhsil naziri tez-tez televiziyaların efirindən deyir ki, ali təhsilli gənclər rayonlara verilən təyinatları qəbul etmirlər. Qızım Müəllimlər İnstitutunu bitirib, Ağsuya gəlin köçüb. Orada orta məktəbdə müəllim işləmək istəyir. Təhsil aldığı ali məktəbdən arayış təqdim etsək də, nazirlik üç aydır rayona göndəriş yollamır. Artıq dərslər də başlayıb. Nazirin qəbuluna düşmək üçün yalan olmasın, 50-dən çox ərizə yazmışam, amma heç birinə cavab verilməyib”.

Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 79 saylı orta məktəbdən qəbula düz 9 nəfər müəllim gəlmişdi. Onlar məktəbin direktoru Şamil Quliyevin heç bir səbəb olmadan işdən çıxarılmasına etiraz etmək üçün qəbul otağının qapısını açmışdılar. Şikayətçi müəllimlərdən öyrəndim ki, Şamil Quliyev 32 il imiş ki, direktor işləyirmiş . Onlar sabiq direktorun vəzifəyə qaytarılmasını tələb etməyə gəlmişdilər. Amma bu tələbə baxacaqdılarmı? Qəbul otağındakıların bir qismi orta məktəblərdəki vakant müəllim yerlərinə işə qəbulla bağlı yenicə başa çatan imtahandan keçməyən pedaqoji kadrlar idi. Onlar imtahanlarda saxtakarlığa yol verildiyini bildirir, nazir Misir Mərdanovun qəbuluna buraxılmalarını tələb edirdilər. Qəbul şöbəsinin müdiri Məmmədqulu Rzayev şikayətçilərin əlindən lap başını itirmişdi. Ona yaxınlaşıb qəbula gələnlərin şikayətləri barədə ümumi məlumat verməyi xahiş etdim. M.Rzayev jurnalist olduğumu  bilin kimi məni yaxına buraxmayıb qətiyyətlə bildirdi ki, heç nə deməyəcək.

Nazirlik işçilərinin əlaqə nömrələrinin yazıldığı məlumat lövhəsinin yanındakı telefon aparatının qabağında uzun bir növbə yaranmışdı. Divardan asılan telefonun dəstəyini götürüb daxili nömrələri yığan şikayətçilərdən əksəriyyəti tutarlı cavab ala bilmədiklərindən deyinirdilər. Bəzi şikayətçilərin “görərsiz, mən yuxarılara şikayət edəcəm!”-deyə hay-küy salmalarına xəttin  o biri başındakıların reaksiyası maraqlı idi. Həmin vətəndaşlar yuxarı deyəndə, yəqin ki, Prezident Adminstrasiyasını nəzərdə tuturdular.

Yaşlı bir kişi qəbul otağında şikayətlərin qulaqardına vurulmasından yaman narazı idi: “Nəvəm Əsgərzadə Söhrab Valeh oğlu 16 saylı litseydə 1 il hazırlıq keçdikdən sonra bu il sentyabrın əvvəlində həmin təhsil ocağında birinci sinfə qəbul olunub. Amma dərslər başlayanda məktəbin müdiriyyəti bildirdi ki, uşağın 6 yaşı noyabrın 2-də tamam olacağından onu litseyə qəbul edə bilməzlər”. Əlində tutduğu vəsiqəni qəbul şöbəsinin müdirinə göstərən ağsaqqalın “burada yazılıb ki, belə məsələlərdə şəhid övladlarına üstünlük verilir” deməsinə  əhəmiyyət verilmədi.

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədovun qəbuluna gələnlər də az deyildi. Amma hər dəfə onun daxili nömrəsini yığan vətəndaşlar xəttin o biri başındakı  katibə xanımın acıqlı səsini eşitməli olurdular: “İlham müəllim toplantıdadır”; “O, bu gün işdə olmayacaq”. Strateji təhlil, planlaşdırma, kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovla görüşmək arzusunda olanların da istəyi baş tutmur, hərə bir bəhanə ilə yola salınırdı.

Qəbul şöbəsinin müdiri Məmmədqulu Rzayevin tövsiyyəsi ilə bir xeyli şikayəçi şikayət məktubunu poçt qutusuna atıb qəbul otağını tərk etdi. Qəbul otağına gələnlər arasında ərizəsi qəbul edilənlər də olurdu, vəd verilənlər də. Amma bunlar problemlərin həlli üçün yaşıl işıq olacaqdımı? Bu qalır Təhsil Nazirliyindəki məmurların insafına.

 

Kəmalə TOFIQQIZI

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı