Modern.az

Tanınmış aktyor: “Oturub fikirləşirəm ki, niyə mənə fəxri ad vermirlər...?” - MÜSAHİBƏ

Tanınmış aktyor: “Oturub fikirləşirəm ki, niyə mənə fəxri ad vermirlər...?” - MÜSAHİBƏ

3 İyul 2013, 16:10

““Seçilən” filminə mənə görə baxırdılar, çünki o rolu məndən yaxşı oynayan olmazdı”

Modern.az-ın müsahibi Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev fakturası və səsindəki əzəmətlə tanınır.

– Teatrda işim çoxdur. Ən sonuncu “Şorgöz deputat” tamaşası oldu. Azərpaşa Nemətovun “Şah Qacar” və Mehriban Ələkbərzadənin “Əmir Teymur” tamaşasında rolum var.

– Seriallara dəvət olunursunuz?

– Dəvət olunuram. Amma maliyyə tərəfi qane eləmir.

– Günə 100 manat azdır?

– 100 manat vermirlər axı. Elə olsaydı, çoxdan çəkilərdim (gülür). Amma bu yaxınlarda Rusiyanın 3 serialında rol almışam. Burda hələ ki, bizdən qaçırlar.

– Bəlkə özünüz də təkliflərə yarıkönül yanaşdığınızdan dəvətlər olmur?

– Elə adam deyiləm. Bir işi üzərimə götürəndə canımı qoyuram.

– Son illər 20-dən artıq serial çəkilib. Sizcə daha yaxşısı hansı idi?

– “Pərvanələrin rəqsi” bir az yaxşı idi.

– Aktyor oyunu, yoxsa rejissor işi?

– Hər ikisi. Serialların ssenariləri çox zəifdir. Yəqin ki, tədricən düzələcək.

– Bildiyim qədər, Azərbaycanda serial çəkilişi başlananda rejissor da sonluğun necə olacağını bilmir.

– Ancaq bir seriya haqda məlumatlı olurlar. Gərək ümumi məğzdən xəbərin olsun ki, rolunu qurasan. “Məhkumlar”ın bir neçə seriyasına çəkiləndə gördüm. İndi olanımız budur da, neyləyək?!

– Bu yaxınlarda teatr xadimlərinə fəxri adlar verildi. Hələ də əməkdar artistsiniz...

– Bəli. 45 ildir səhnədəyəm. Hələ məktəb illərindən başlmışam. Artıq 60 yaşım var.

– Fəxri ad umursunuz?

– Əlbəttə. Yaradıcılıq tərcümeyi-halımı götürüb baxsanız, 150-yə yaxın tamaşalarda rol oynamışam. Oqtay Eloğlundan tutmuş, Ərtoğruluna, İbrahim xana qədər. Kinolarda çəkilmişəm. İndiki aktyorlardan kim Rusiyanın üç serialında çəkilib? Kim Almaniyada filmə çəkilib? O seriallardan birini NTV-də 3 dəfə göstərdilər. Qalanlarını da Rusiyanın ən məşhur telekanallarında nümayiş etdirdilər. Daha nə eləməliyəm? Bilmirəm. 50-yə yaxın filmə çəkilmişəm. Almaniyada çəkildiyim filmdə 20 dövlətdən aktyorlar var idi. Nə prezident mükafatı veriblər, nə “xalq artisti” fəxri adı.

– Adətən teatr rəhbərliyi ilə münasibətləri gərgin olan aktyorlar belə çətinliklər yaşayırlar. Bəlkə, rəhbərliklə münasibətləriniz yaxşı deyil?

– Mən öz işimlə məşğulam. Heç bilmirəm ki, rəhbərliyin otağı hardadır.

– Çox sərt görünüşünüz var. Bunun xarakterə aidiyyatı var?

– Mən həyatda aktyor deyiləm, səhnədə aktyoram. Çox yumşaq adamam, heç kimlə konfliktə girmirəm, intriqalardan kənardayam. Başımı aşağı salıb işimlə məşğulam.

– Artıq yay mövsümüdür. İstirahət planınız varmı?

– Hələ bilmirəm. İmkan olsa, gedib dincələcəyəm. Bu mövsüm doğrudan da çox yoruldum. Beş tamaşada rol oynamışam. Səkkiz ildir bu teatrda işləyirəm. Ondan əvvəl Bələdiyyə Teatrında, daha əvvəl isə Sumqayıt teatrında çalışmışam. Bu səkkiz ildə 40 rol oynamışam. Mən daha nə eləməliyəm? Dünən axşam oturub fikirləşirəm ki, niyə mənə fəxri ad vermirlər?

– Bir neçə il öncə çəkildiyiniz “Seçilən” filmi çox məşhur idi.

– O filmə mənə görə baxırdılar. Çünki o rolu məndən yaxşı oynayan olmazdı. Bu mənim özüm üçün də bir müəmmadır.

– 60 yaşınızda maşallah yetərincə gümrahsınız. İdmanla məşğulsunuz?

– Buna vaxt yoxdur.


İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir