Modern.az

Gənc aktyorlar imkansızlıqdan toylarda kloun, bayramlarda keçəl və kosa olurlar

Gənc aktyorlar imkansızlıqdan toylarda kloun, bayramlarda keçəl və kosa olurlar

Qarabağ

7 Aprel 2010, 11:44

Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin sonuncu kurs tələbələrinin region tetarlarında işləmək istəməməsinin səbəbləri araşdırılıb. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin (RİHMM) nümayəndələri bu məqsədlə tələbələrlə görüş keçirib. Tədris teatrında təşkil olunan görüşdə tələbələrin problemlə bağlı fikirləri və təklifləri öyrənilib.

RİHMM-nin sədri Xalid Kazımovun Modern.az-a dediyinə görə, hazırda diplom tamaşasının məşqlərini davam etdirən tələbələr arasında istedadlı gənclər çoxdur: «Amma onların heç biri universiteti bitirdikdən sonra regionlara getmək istəmir. Tələbələr bunu region tetarlarında karyera qurmaq imkanlarının olmaması ilə izah ediblər. Tələbələr bildirir ki, əsas səbəblərdən biri gənc aktyorlara verilən məvaciblə yaşamağın qeyri-mümkün olmasıdır. Həm də nəzərə alınmalıdır ki, gənclər öz həyatlarını qurmalıdır. Qalmağa adi yaşayış yeri olmayan gənc aktyor 80-100 manat əmək haqqı ilə necə yaşaya bilər? Region tetarlarında çalışan aktyorların əksəriyyətinin imkansızlıqdan toylarda kloun, bayram tədbirlərində kosa, keçəl rolu oynadıqlarını bildirən gənclər bu aqibəti yaşamaq istəmirlər».

X.Kazımov bildirib ki, gənclər paytaxtda qalmaq arzularını burada teatrda işləməsələr də, başqa iş tapmağın mümkünlüyü ilə izah ediblər: «Tələbələr bildirir ki, Bakıda televiziya, radioda işləmək imkanları var. həmçinin, istedadlı gənclər karyera qura bilərlər. Region teatrlarında bu imkanın olmaması ilə yanaşı, tetarda işləyən yaşlı aktyorlar da öz yerlərini cavanlara verməyə hələ hazır deyillər. Gənc aktyorlar ac qalaraq teatr fədaisi olmaq zamanının bitdiyi qənaətindədirlər».

RİHMM Açıq Cəmiyyət İnstitu Yardım Fondunun maliyyə dəstəyi ilə «Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili» layihəsini həyata keçirir. Layihə çərçivəsində Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrların vəziyyəti öyrənilib. Gələn həftə isə paytaxtda aparılan monitorinqlərin nəticəsinə həsr olunan ictimai müzakirələr keçiriləcək. Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictmaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!