Modern.az

Mehriban Əliyeva Kann şəhərinin fəxri sakini oldu - FOTOLAR

Mehriban Əliyeva Kann şəhərinin fəxri sakini oldu - FOTOLAR

6 İyul 2013, 10:11

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb. Görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyət günlərinin əhəmiyyəti vurğulanmış, şəhər ictimaiyyəti və turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks sədadan məmnunluq ifadə olunub.

Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.

Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunmuş, bununla bağlı artıq bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.

Bernar Broşan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.

Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub.

İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Təbii ki, əsas məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi olduğu kimi Avropa tamaşaçılarına çatdırmaqdır. Əslində, burada nümayiş olunan hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır. Şərqlə Qərbin qovuşmasında yerləşən ölkəmizdə əsrlərin dili ilə danışan abidələrimiz, Bakının simvoluna çevrilən Qız qalası, Şirvanşahlar sarayı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bu gün ölkəmizin tarixini, onun mədəniyyətini yetərincə əks etdirir. İndi Bakı həm də müasirliyi ilə öyünür. Bu gün Azərbaycan paytaxtını yeni memarlıq elementləri bəzəyir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının yeni simvollarıdır. Bütün bunlar təsdiqləyir ki, indi Azərbaycanın yeni siması formalaşır: güclü, inkişaf edən və gələcəyə böyük ümidlərlə baxan Azərbaycan və Bakı ölkəmizin inkişaf tempini dünyaya aydın nəzərlərlə sərgiləyir. Bu fotosərginin daha bir özəlliyi Azərbaycan adət-ənənəsini, məişətini, yaşam tərzini yetərincə əks etdirməsidir. Bir sözlə, hər bir foto Azərbaycandan danışır, hər bir fotoda soydaşlarımızın iç dünyası, tarix boyu yaratdığı və bu günə qədər qoruyub saxladığı maraqlı və bənzərsiz bir dünya var.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.

Əvvəlcə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tamaşaçılara zəngin Azərbaycan mədəniyyəti barədə məlumat verib. Səfir bildirib ki, tarixən Azərbaycan mədəniyyət müxtəlifliyinin hökm sürdüyü məkan kimi tanınıb və ənənə bu gün də davam edir. Elçin Əmirbəyov Azərbaycan musiqisinin bütün dünyada məşhur olduğunu, muğam sənətinin dünyada tanıdılması istiqamətində bir çox işlərin görüldüyünü, ölkəmizdə caz musiqisinin də böyük ənənələrinin olduğunu diqqətə çatdırıb. O, bugünkü konsertdə Azərbaycanın gənc cazmenləri olan Şahin Növrəslinin, İsfar Sarabskinin və istedadlı müğənni Səbinə Babayevanın çıxışlarının tamaşaçılarda böyük maraq yaradacağına əmin olduğunu bildirib.

Azərbaycanın incəsənət xadimlərinin ifasında sərbəstliyi ilə seçilən caz sədaları səslənib.

Müstəqil, yüngül, eyni zamanda dərin və mənalı musiqi... Bütün bunları caza aid etmək olar. Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı ilə Kann sakinlərini özünə məftun edib. Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milyonlarla azərbaycanlının içindən gələn müstəqillik və eyni zamanda milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gün Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan, bəzən şıltaqlığı ilə fərqlənən və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürüb.














Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir