Modern.az

Şou-biznes müğənnilərinin qondarma titulları - ARAŞDIRMA

Şou-biznes müğənnilərinin qondarma titulları - ARAŞDIRMA

6 İyul 2013, 14:07

Azərbaycanda şou-biznes adlanan bir camiə var ki, burada çox şey saxtadır. Təbəssümlər də, deyilən xoş sözlər də, hətta verilən titulların, ləqəblərin əksəriyyəti də. Bu dəfə sonuncunun, yəni titulların və ləqəblərin üzərində dayanmaq istərdik.
Son illər bəzi müğənnilər müxtəlif titullara “sahiblənməyə” başlayıblar. Amma bu titulların onlara kim tərəfindən nə zaman verildiyi məlum deyil. Modern.az saytının əməkdaşı kimin hansı titula sahibləndiyini qısaca olaraq araşdırmağa çalışıb.

Başlayaq xalq artisti Səməd Səmədovdan. O, uzun illərdir özünü “Toylar kralı” adlandırır. Mətbuat da bəzən Səməd Səmədovu elə beləcə təqdim edir – “Toylar kralı”. Bəlkə də Səməd müəllim vaxtilə toylara çox getdiyinə görə, bu qondarma titula yiyələnib, amma həmkarları dəfərlə onun bu titula iddia eləməsinə qarşı çıxıblar. Çox güman ki, ləqəb ona verilərkən ifa səviyyəsi yox, məhz toy idarəçiliyi nəzərə alınıb. Çünki keçmiş musiqiçi olan Səmədov sənət yoldaşları arasında peşəkar müğənni kimi qəbul olunmur. Hətta adi dinləyici nəzəri ilə yanaşanda da, Səməd Səmədovun yüksək səviyyəli vokal imkanlarının olduğunu demək olmaz.
S.Səmədovun özü isə mətbuata açıqlamalarında “Toylar kralı” adının ona İlhamə Quliyeva tərəfindən verildiyini deyib.

Xalq artisti İlhamə Quliyevadan söz düşmüşkən, onun da bir sıra titulu var və belə adların sayına görə bütün həmkarlarını geridə qoyur. “Primadonna”,  “Ümumdünya Sülh Səfiri”, “Sultan”, “Sənət kraliçası” və s.
Hazırda bir neçə sənət adamı ilə qalmaqal yaşayan İlhamə xanıma bu titullarına görə təkcə müğənni həmkarları deyil, deputatlar Çingiz Qənizadə, Nizami Cəfərov da irad tutublar.
Amma İlhamə Quliyeva bu titullarına görə sertifikatlara malik olduğunu deməklə onu qınayanlara cavab verib və deyib ki, heç kəs həmin titulların saxta olduğunu iddia edə bilməz.

Nadir Qafarzadəyə isə “Əjdaha” ləqəbinin nə vaxt və hansı şəraitdə verildiyi məlum deyil. Çox güman ki, onun nə həyatda, nə də sənətdə od püskürdüyünü görən olub. Məsələn, rayon toylarında elə müğənnilər var ki, Qafarzadəni “do”dan “si”yə qədər susuz aparıb, susuz gətirərlər. Görünür burda da reklam öz sözünü deyir.

Şou-biznesin daha bir ləqəbli sənətçisi əməkdar artist Abbas Bağırovdur. Bağırov daha çox imkanlı şəxslərin, o cümlədən məşhur milyarder Telman İsmayılovun məclislərini aparan sənətçi kimi populyardır. Məhz bu amil də onun toy qiymətinə təsirsiz ötüşmür.
İndi də keçək sənətçinin ləqəbinə. O, özünü “Prins” (yəni “Şahzadə”) ləqəbli müğənni adlandırı. Deyirlər guya, Abbasa da bu titulu İlhamə Quliyeva verib. 

Ehtiraslı ifaları ilə yadda qalan Xumar Qədimovanın isə qeyri-rəsmi olaraq bir neçə ləqəbi var. Amma son 2-3 ildə sənətçi daha çox “kərtənkələ” ləqəbi ilə tanındı. Yadınızdadırsa, sənətçi ötənlərin populyar türk mahnısı olan “Kərtənkələ”ni ifa edib, ona klip çəkdirəndən sonra bu ləqəbi qazanmışdı. Hətta Qədimova kərtənkələ libasında və imicində olan plakatlarını şəhərin bir neçə məkanına asdırmışdı.

Əməkdar artist Elza Seyidcahanın konkret ləqəbi olmasa da, hər zaman dəlisov hərəkətləri ilə gündəmə gəlib. Elə əməkdar artistin canlı yayıma qaloşla gəlməyini xatırlamaq kifayətdir. Hələ heyvanlara canlı konsert verdiyini demirik. Məhz bunlara görə bəzi həmkarları onu gizlində “dəli” adlandırmaqdan çəkinməyirlər. 

Müğənni Nazim Pişyarı isə 10-12 il əvvəl oxuduğu bir mahnıyla “Faytonçu” ləqəbini qazandı. Xalq artisti Rafael Dadaşovun sözlərinə yazılmış bu mahnı müğənniyə şöhrət gətirdi. Elə həmin klipdə oynadığı obraz da yetərincə maraqlı alınmışdı.

Müğənni Günel Ələkbərova isə çəkdirdiyi bir klipdən sonra “Pişik Günel” kimi tanınmağa başladı. Onun özü də bu ləqəbdən xoşlandığını gizlətməyib.

Xalq artisti Faiq Ağayev isə 1995-ci ildə keçirilən beynəlxalq müsabiqədə qazandığı “Qızıl şlyager” mükafatını bu gün ləqəb kimi daşıyır. Baxmayaraq ki, bundan sonra sənətçiyə yetərincə titul və ləqblər verilib, onlardan ən məşhuru elə “Qızıl şlyager”dir.

Hazırda Türkiyə vətəndaşı ilə ailəli olan müğənni Sevda Əliqızı isə həmkarları arasında “Türkiyəli Sevda” kimi tanınır. Bu ləqəbin sənətçinin türkə ərə getməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Əliqızı 3 il əvvəl qardaş ölkənin vətəndaşı ilə ailə həyatı qurub. Daşıdığı ləqəbin isə ən azı 15 yaşı var. Ləqəbin verilmə səbəbi isə Sevda xanımın türk mahnılarını xüsusi peşəkarlıqla ifa etməsidir.

Müğənni Manaf Ağayev isə üç il əvvəl ANS-də keçirilən “Toylar kralı” yarışmasında 1  milyondan artıq SMS səslər nəticəsində qalib oldu və bu telekanal tərəfindən “Toylar kralı” titulu ilə mükafatlandırıldı. Belədə onu həmin titula görə Səməd Səmədla şərik adlandırmaq olar.

Bir vaxtlar müğənnilik edən Ruhi Əliyeva əvvəlcə “Biznes ledi” tutullu şou-biznes nümayəndəsi kimi təqdim olunurdu. Dünən isə media ona “Dəb ikonası” titulunun verildiyi barədə xəbər yayıb. Bildirilir ki, keçmiş müğənniyə “Dəb ikonası” adı “A Qlamur” modalar evinin açılışında verilib. Moda evinin direktoru Afaq İsmayılzadənin ən sevimli qonağı olan Ruhiyə bu adı elə tədbir iştrakçıları təqdim edib. Ruhi özü də bu adı məmnunluq hissi ilə qəbul edərək deyib: “Təşəkkür edirəm hər kəsə”.

Ardı olacaq.

İntiqam VALEHOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir