Modern.az

Mehriban Əliyevanın Fransadakı təşəbbüsü ilə bağlı yeniliklər - FOTOLAR

Mehriban Əliyevanın Fransadakı təşəbbüsü ilə bağlı yeniliklər - FOTOLAR

7 İyul 2013, 11:59

İyulun 6-da Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində hər il beynəlxalq kinofestivalının keçirildiyi Festivallar sarayında növbəti mərasim təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.

Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar. Sərgi Azərbaycan xalqının qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Əsas məqsəd isə Azərbaycanın mədəni dəyərlərini və zənginliyini olduğu kimi Avropa tamaşaçısına çatdırmaqdır. Burada nümayiş edilən hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır.

Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunmuş və Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

"Azərbaycan demokratik, dünyəvi dövlətdir", - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd edib. Mer Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu tədbirin təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: "Dünyanın ən gözəl şəhərlərindən biri olan Kannda ölkəmi - Azərbaycanı təqdim etmək mənim üçün çox xoşdur və şərəflidir.

Biz Azərbaycan mədəniyyəti günlərini Fransanın bir çox regionlarında və şəhərlərində keçirdik. Lakin bu sırada Kann şəhəri xüsusi yer tutur. Kann şəhəri dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir və il boyu burada beynəlxalq festivallar, sərgilər, görüşlər və konsertlər keçirilir. Şəhər özü həm təbiəti, həm də tarixi və memarlığı ilə nadir bir mədəni abidədir. Mən çox şadam ki, belə bir şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirilir və bu tədbirin hazırlanmasında əməyi olan hər bir şəxsə, xüsusilə Kann şəhərinin meri cənab Broşana və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm".

Azərbaycanın birinci xanımı qeyd edib ki, Fransa ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələri əhatə edir və ildən-ilə möhkəmlənir. Paris ilə Bakı arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə möhkəm əməkdaşlıq yaranıb:

"Ölkələrimiz həm ikitərəfli, həm də Avropa Şurası, ATƏT və BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Fransa Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və ölkəmizdə 30-dan artıq Fransa şirkəti fəaliyyət göstərir. İqtisadi əməkdaşlığımız enerji sektoru, telekommunikasiya, nəqliyyat, şəhərsalma, yüngül sənaye və şərabçılıq sahələrini əhatə edir. Bu ilin fevralında Azərbaycanın ilk peyki "Azerspace-1" kosmosa məhz Fransa şirkəti olan "Arian" vasitəsilə buraxılmışdır. Bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. Humanitar sahədə olan irəliləyiş məni çox şad etmişdir. Ona görə ki, indi məhz humanitar ideyalar, məhz mədəniyyət insanları biri-birinə daha yaxın edən ən ülvi və ən yaxşı bir vasitədir".

Mehriban Əliyeva bildirib ki, yüzlərlə azərbaycanlı tələbə Fransanın aparıcı ali məktəblərində təhsil alır, Fransa institutlarında Azərbaycan dili və tarixi tədris olunur, Bakıda ilk fransız liseyi inşa edilir. Bakıda və Parisdə ölkələrimizi tanıdan müxtəlif sərgilər, konsertlər və digər tədbirlər keçirilir:

"Heç təsadüfü deyildir ki, Fransanın ən məşhur muzeyləri olan Luvr, Orsey, Pompidu mərkəzi, Versal sarayının eksponatlarından ibarət sərgi "Plaisir de France" sərgisinin ilk dünya turnesi məhz Bakıdan başlamışdır. Azərbaycan dövləti Luvr muzeyinin İslam Mədəniyyəti Departamentinin yaradılmasında, Versal sarayındakı abidənin, Strasburqdakı katedralın, Fransanın müxtəlif regionlarında, o cümlədən Normandiyada olan tarixi abidələrin bərpasında iştirak etmişdir. Mən əminəm ki, bütün bu mədəni layihələr bütün insanları, bütün ölkələri daha yaxın, daha dost edir. Biz müstəqil ölkə kimi çox gəncik. İyirmi iki il bundan əvvəl Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin Azərbaycanın çox qədim tarixi vardır. Əsrlər boyu Azərbaycan Şərq və Qərb, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamış və bu tarixi proseslər ölkəmizin mədəni irsində və xalqımızın formalaşmasında öz silinməz izlərini qoymuşdur".

Birinci xanım deyib ki, bu gün də müasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirmiş və Azərbaycan xalqı tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir: "Çox ümidvaram ki, bu müddət ərzində Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olursunuz, olacaqsınız və ölkəmizə maraq göstərəcəksiniz. Mən fürsətdən istifadə edərək hamınızı Azərbaycana dəvət edirəm. Sonda bir məsələni qeyd etmək istəyirəm ki, şəhərin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşəm. Mən fürsətdən istifadə edərək sizin gözəl və təkrarolunmaz şəhərinizin yeni bir vətəndaşı kimi sizə dərin hörmət və məhəbbətimi çatdırıram. Bir daha bizim ölkəmizə göstərdiyiniz maraq və diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm və xoş axşam arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm".

Sonra Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.





 







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır