Modern.az

Suraxanıda “Canlı svetofor”... (fotoşəkillər)

Suraxanıda “Canlı svetofor”... (fotoşəkillər)

7 Aprel 2010, 16:01

Suraxanı rayonu Əmircan qəsəbəsində onu tanımayan yoxdu. Hamının “Canlı svetofor” adlandırdığı III qrup əmək veteranı Xalid Musayev uşaqlara avtomobil yolunu keçməkdə kömək etdiyinə, daha doğrusu onları yoldan keçirdiyinə görə bütün qəsəbə sakinlərinin hörmətini qazanıb. Xalid Musayevin işi budur-uşaqları avtomobildən qorumaq üçün onları yoldan keçirmək.  Bizim də Əmircana getməkdə məqsədimiz hamının “Canlı svetofor” adlandırdığı bu şəxslə görüşüb söhbətləşmək idi. Soraqlayıb onun dayandığı yeri tapdıq və söhbətə tutduq. Beləliklə onu sizə də tanıdırıq.

- Yolun kənarında balaca bir “budkam” var, burada maşın yağları satmaqla çörəkpulu qazanıram. 1997-ci ilin noyabr ayı idi,  gördum ki, mənim “budkam”la üzbəüz - yolun qarşı tərəfində iki azyaşlı uşaq dayanıb ağlayır. Onlara yaxınlaşıb niyə ağladıqlarını soruşdum, dedilər ki, yolu keçə bilmirlər. Mən onların əlindən tutub yolu keçirdim. Ertəsi gün yenə bir neçə uşağı eyni yerdə yoldan keçirməli oldum. Üçüncü gun iki qız, bir oğlan uşağı yolun qarşı tərəfindən məni çağırıb dedilər ki, “əmi nə olar gəl bizi yoldan keçir”. Mən yenə də gedib uşaqları yoldan keçirdim. Və beləcə bu iş davamlı xarakter aldı. Elə o vaxtdan da bunu özümə bir peşə kimi seçdim. Xalid Musayev deyir ki, əvvəllər bir müddət mülki geyimdə uşaqları yoldan keçirib və həmin vaxt xeyli çətinliyi olub: “Maşınlar sürətlə şütüyürlər. Əlimi qaldırıb onları dayandırır, uşaqları birtəhər yoldan keçirirdim. Mənimlə dükanda Vitalik adlı bir rus oğlan işləyirdi. Bir gun ona dedim ki, “Vitalik mənə bu işdə bir köməklik göstər”. O da fikirləşib dedi ki, “özunə taxtadan nişanlı dubinka düzəlt”. Mən də onun dediyi kimi elədim. Bir gün də yaxınlıqdakı “Akkord” Şirkətinin tikinti sahəsinə gedib fəhlələrə dedim ki, mənə özlərinin geyindiyi formadan versinlər, yolda dayanıb uşaqları keçirəndə adi adamlardan fərlənim. Yoxsa maşınları dayandırmaq çətin olur. Fəhlələr dedilər ki, “get müdirlə danış”. Müdirin yanına gedib dedim ki, “mənə sizin işçilərin əynində olan paltardan lazımdır”. Səbəbini izah edəndə, o, məmuniyyətlə paltarı verdi. Daha sonra Nəqliyyat Nazirliyinin işçiləri mənə xüsusi fəhlə paltarı verdilər”. X.Musayevin sözlərinə görə, günlərin birində Suraxanı rayon Polis İdarəsinə muraciət edib ki, ona yol polislərinin əlində tutduğu işıqforlu çubuq versinlər. Polis İdarəsi “Canlı svetofor”un bu istəyini yerinə yetirib:

“Daha sonra Suraxanı rayonu İcra Hakimiyyətinin o vaxtkı başçısı İlqar Abbasova məktub yazdım ki, uşaqlar yoldan keçməkdə çətinlik çəkirlər, dayandığım yerdə piyada keçidini göstərən yol nişanı qoyulsun. Bir həftə gözlədim, məktuba cavab gəlmədi. Onda 20 uşaq və valideynlə icra başçısının qəbuluna yazıldıq, nəhayət başçı bizi qəbul elədi. Biz icra başçısına bildirdik ki, Əmircanda A.Rzayev küçəsində uşaqlar yolu keçməkdə çətinlik çəkirlər. Xahiş etdik ki, adı çəkilən yolda piyada keçidi nişanı, küçə işıqları qoyulsun. İcra başçısının tapşırığı ilə məni göndərdilər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə. Orada mənim təklifimi nəzərə aldılar. İki gündən sonra yolun həmin hissəsinə piyada keçidi nişanı qoyuldu. Bir müddət sonra küçə işıqlardırılması da düzəldildi. Və mənim işim bir qədər asanlaşdı”. “Canlı svetofor” deyir ki, valideyinlər tərəfindən dəfələrlə ona pul təklif olunub, amma özü bundan imtina edib. “Özümə həftənin birinci gününü istirahət günü kimi seçmişəm. Mənə “Canlı svetofor” adını ilk dəfə 3-cü sinif şagirdi Aytən adlı qız verib. O, yolun qarşı tərəfində durub məni çağırdı ki, “ay “Canlı svetofor” gəl məni yoldan keçirt”.

Bəzən elə vaxtlar olur ki, yemək ustə oluram, uşaqlar mənə zəng vururlar ki, “Xalid əmi yolda qalmışıq”. Mən yeməyimi dayandırıb qaçıram uşaqların yanına, onları yoldan keçirib sonra çörək yeməyə qayıdıram”.

Xalid Musayevin sözlərinə görə, bu yaxınlarda Suraxanı rayon Yol Polis İdarəsindən yol hərəkəti qaydalarına dair kitabçalar alıb və uşaqlara paylayıb: “Hər gün səhər saat 7.00-dan axşam saat 21.00-dək mən uşaqları yoldan keçirməklə məşğulam. Bir gün yoldan keçirdiyim uşaqların adını dəftərçəmə qeyd elədim. Saat 7.00-dan 21.00-dək 123 uşaq siyahıya düşdü”. X.Musayevin sözlərinə görə, bəzən bu işə görə onu qınayan, irad tutanlar da olub: “Hətta elə sürücülər olub ki, onları dayandıranda məni təhqir də ediblər. Amma heç nəyə fikir verməmişəm”.         Müsahibimiz deyir ki, maddi durumu yaxşı olmadığından Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib ki, ona kömək olunsun. “İcra hakimiyyətindən verilən tapşırıqla mənim adımı Mənzil Kominal İstismar Sahəsində fəhlə kimi qeydiyyata aldılar. İcra başçısı o zaman mənə bildirdi ki, “sən işə getmirsən,  öz əvvəlki yerində dayanıb uşaqları keçirirsən”.

 

 

 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?