Modern.az

" Bu gün gerçək iki insan gördüm..."

" Bu gün gerçək iki insan gördüm..."

Ədəbi̇yyat

10 İyul 2013, 12:57

Millət vəkili Qənirə Paşayevanın yeni yazısı...


Bu gün iki Allah sevdalısı tanıdım
Sizə tanıdığım – tanımaqdan, gözəl söhbətlərindən doymadığım iki qızımızdan – sevgi dolu soydaşımızdan danışacam – Zülfümar və Fidandan...

Çünki onlardan bir çox şey öyrəndim və inanıram ki, siz də öyrənəcəksiniz...
Bu gün bu müqəddəs Ramazan ayının ilk günündə Zülfümar və Fidanı ziyarət etməyə getdik, söhbət etdik və mən onları daha yaxından tanımaqdan məmnun oldum və söhbətlərindən böyük zövq aldım. Onlar gənc olsalar da, əsl insanlıq örnəyidirlər. Nə gizlədim, Tanrını onlar qədər sevən çox az adam tanıyıram və onların hekayəsini bir çoxlarına örnək olsun deyə, sizinlə paylaşmaq istədim.
Bu iki gözəl qız xoşbəxt bir ailədə doğulublar. Atalı, analı, gözəl cocuqluq illəri olub. Amma 13 il öncə atalarını itirən Zülfümar və Fidan, 10 il öncə analarını da xəstəlikdən itiriblər. Kiçik yaşlarda ata-ana qayğısından, himayəsindən məhrum olan qızlarda bir neçə il öncə sinir mənşəli xəstəlik aşkar olunub. Ayaqları yeriməməyə, əlləri qələm tutmamağa başlayıb qızların... Zülfümar yeriyə bilmir, əllərinin davamlı əsməsi ona qələm tutmağa da imkan vermir.
Amma həyatın bütün bu ağır imtahanlarına baxmayaraq, Allaha və insanlara o qdər sevgi doludur ki bu iki bacı!.. Onlar çoxlarımıza şükr edə bilmələri, içlərindəki sevgi, başqalarını düşünmək və paylaşmaq kimi keyfiyyətlərinə, ən əsası həyatı və insanları hər zaman gözəl yönlərindən görərək, yaşamaq sevgisi və mübarizəsi ilə gerçək bir örnəkdirlər.

Zülfümarın fikirləri isə bu müqəddəs Ramazan ayında məni sözün həqiqi mənasında çox ciddi təsirləndirdi: “Bilirsiniz, Qənirə xanım, biz uşaq olanda, çox şımarıq, ərköyün qızlar idik. Yaşadığımız faciələr və xəstəlik bəlkə də Allahımızın bizə bir imtahanı idi və o bizi sevdiyindən bu imtahana çəkdi. Mən Allaha dua edəndə də, demirəm ki, ey Rəbbim məni sağalt..! Deyirəm, xeyrlisi nədirsə, Allahım, mənə onu ver. Sağaldıqdan sonra pis insana çevriləbilmə, yəni Allahını tanımayan, onu sevməyən və onun yolunda gözəl işlər görməyən birinə çevrilə bilərəmsə, onda nəyimə lazımdır mənim elə sağlamlıq.?! Elə sağlamlıqdansa, bu xəstəlikdən əziyyət çəksəm də, gerçək bir insan olmağı, Allahını tanımağı, sevməyi və onun yolunda əlindən nə gəlirsə, yaxşı işlər görmək istəyən insan daha yaxşıdır. Mən Allaha hər zaman şükr edirəm. Gözəl insanlar var bizi unutmur, dostlarım var, həyatda yaşayıram və yaza bilirəm.”

Dinlədikcə, oxuduqca, gözlər önündə çox yüksəklərə qalxır Zülfümar. Qəlbinin səsini, düşündüklərini kiçik hekayəciklər və şeirlərə çevirmiş Onun üçün yazmaq asan deyil – artıq vurğuladığımız kimi, qələm tutub yaza bilmir. Xəstəliyi səbəbindən əllərində yaranan əsməcə ona yazmağa imkan vermir. Amma o həyatla mübarizəsindən geri çəkilmir. Çünki bir neçə il öncə ona hekayə və şeirlərini kağıza köçürməyə çətinliklə də olsa kömək edə bilən bacısı Fidan da artıq xəstəlik səbəbi ilə əlləri yazmağa imkan verməyəcək dərəcədə titrədiyindən, Zülfümar çətinliklə də olsa hekayə və şeirlərini telefonunun yaddaşına yaza bilir. Sonra isə həmin yzılar bilgisayarın yaddaşına köçürülür. Zülfümarın artıq bir kitabı da çapdan çıxıb: “Duyğuların dili”... –Mümkün ola bilən ən yaxşı addır bu məncə.

Onlardan ayrıldıqdan indiyədək həmin kitabı oxuyuram. Onun qəlbinin səsi, düşüncələri, arzuları var bu kitabda – varaq-varaq, sətir-sətir, söz-söz, ürək-ürək... Çox maraqlıdır və hər kəsə oxumalarını tövsiyyə edərdim. Onu təsirsiz oxumaq mümkün deyil. Bu kitab onu oxuyan hər kəsi sevgiyə, insanlığa çağırır.
Xəstəliyinə baxmayaraq hər gün ibadətlərini yerinə yetirir Zülfümar. Onunla Allah sevgisindən söhbət etmək o qədər xoşdur ki... Təpədən-dırnağa səmimiyyətdir Zülfümar...
Gəlin yenə onu oxuyaq:

- İnsan daim pislikdən yaxşılığa, yalanlardan doğriya gedən yolu axtarır. Hardadır bu yol, hardan keçir bu yol? Hər kəsin yolu öz qəlbindən keçir. Tanrını sevmək, ona inam fərdi olaraq hər insanın yoludur. Həyatda insanın qarşısındakı iki yoldan ən doğrusunun seçimi öz üzərinə düşür. Doğru seçimdə bizə yol göstərəni tanıyaq. Allahı doğru tanıyıb, doğru sevək!

Gözəl Fidan Zülfümardan kiçikdir. O da çox çətinliklə divarlardan tutaraq bir az yeriyə bilir... Əllərindəki əsmə isə ona da yazmağa imkan vermir. Bu səbəbdən də artıq bacısının yazma işlərinə kömək edə bilmir. Amma indi deyəcəklərim çoxlarınızı heyrətə salacaq. Bu iki bacı onlara yaşamaq üçün sığınacaq verən qohumlarına dua edərək, heç kəsə hər gün əziyyət vermək istəmirlər. Evdə bütün işlərini özləri görürlər. Yeməklərini də özləri bişirir, təmizliklərini də özləri edir. Çətinliklə də olsa, edirlər. Əziyyət vermək istəmirik, deyirlər... deyirlər, özümüz işləmək istəyirik, özümüzü əlil kimi hiss etmirik. Biz həm özümüzə həm də topluma yararlı insanlarıq və bunu bilmələrini istəyirik. Hər şey çətinliklə əldə edilir və biz də hər işimizi özümüz görməyə çalışırıq. İş insanı gücləndirir. Hər zaman,özəlliklə Ramazan ayında iftarda qohumlarımızın və dostlarımızın bizə qonaq gəlməsini sevirik. Özümüz hazırlayırıq süfrəni və birgə iftar açırıq...

Zülfümarın və Fidanın həyat dolu, sevgi dolu gözlərinə baxıram. Əmək və Əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla ata-anasını itirmiş və sağlamlıq imkanları məhdud olan bu iki bacı ilə bağlı xüsusi söhbət etmişdik və o onların problemlərinin həlli istiqamətində, imkan daxilində addımlar atacağını bilidrmişdi. Nazirliyin əməkdaşları ilə birgə getdik, müəyyən dəstəklər olundu, sağlıqları ilə bağlı bəzi işlər görüləcək və mən inanıram ki, onların cənab prezidentə mənzillə təmin olunmaları üçün müraciətləri cavabsız qalmayacaq. Ata-anasız olan və bacı-qardaşları olmayan, sağlamlıq imkanları məhdud bu iki gözəl Azərbaycan qızı evlə təmin olunacaq, inşallah.

Nazirlik qanunla belə bir səlahiyyət və imkanların olmadığını bildiridi və tətildən qayıdan kimi ilk növbədə bu cür insanlara dövlət tərəfindən sığınacaq və ya mənzil verilməsi məsələsini parlamentdə qaldırmağı düşünürəm. Amma bir daha inam ifadə etməkistərdim ki, cənab prezident Zülfümar və Fidanın bu istiqamətdə problemlərinin həllinə dəstək olacaq...

Bu gözəl xanımları yaxından tanımama vəsilə olan və Zülfümar və Fidana hər zaman mənəvi dəstək olan dəyərli dostum Tünzalə Ağayevaya təşəkkür edirəm. Zülfümara müəllifi olduğum kitabları verəndə, mən inanıram ki, sən çox tanınmış şairə və yazıçı olacaqsan və bizə sənin imzalı kitablarını əldə etməyi çox istəyəcəyik deyəndə, gülümsünüb, mən məhşur olmağı deyil yazdıqlarımın insanlara faydalı olmasını istəyirəm, dedi. Mütləq olacaq və sən yazmaqda davam etməlisən dedim. Son 1 aydır yazmırdım amma siz məni ruhlandırdınız, yenidən başlayacam dedi. Bacaracaqsan və unutma Allah səni sevir dedim. –Dediklərim içimdən gələnlər idi.

Yeni kitabının təqdimatını birlikdə edəcəyik və biz səbirsizliklə o kitabı gözləyirik dedim Zülfümara. İnanıran ki, yazacaq, yazmağa davam edəcək, xəstəliyə məğlub olmayacaq və çoxlarına örnək olmaqda davam edəcək Zülfümar. Çünki özünün bu qədər ehtiyaclarına baxmayaraq kitabından əldə edilən gəliri atasız-anasız uşaqlar üçün uşaq evinə bağışlayacaq qədər böyük bir ürəyin sahibidir Zülfümar (və Fidan)...

Ramazan ayında ata-ana qayğısından məhrum olmuş uşaqlarla bağlı keçirəcəyimiz tədbirlə bağlı telefonla dostlardan biri ilə qısa söhbətimiz bitən kimi ikisi də birdən: biz də sizinlə getmək, gücümüz çatan qədər yardım etmək, onları bu əziz gündə sevindirmək istəyirik, gücümüz çatan hədiyyələr alarıq biz də dedilər. Gözlərinə baxdım... Səmimiyyət və insan sevgisi insanı heyrətə salırdı!.. Dedim, gedərik amma bir şərtlə. – Sizin hədiyyə almanıza ehtiyac yoxdu, sizin onlara verəcəyiniz hədiyyə maddidən daha qiymətlidi deyirəm. O anda üzlərinə təbəssüm gəldi. Nə? O nə hədiyyədir ki? – deyə soruşdular. “Sizin söhbətləriniz. Sizin söhbətləriniz onlar üçün bütün maddi hədiyyələrdən daha dəyərlidir” dedim. Razılaşdıq, sevinclərindən uçmağa sanki qanadları yox idi... Biz hər zaman insanlara yararlı olmaq istəyirik, deyir Zülfümar Fidan, Fidan Zülfümar...

Yaxın günlərdə birlikdə iftar edəcəyimizə razılaşıb ayrılanda, hər gün sizin üçün dua edəcəm, dedim. Bizim hər şeydən daha çox buna ehtiyacımız var, biz ümidsiz deyilik, görə bilirik, söhbət edə bilirik, duya, düşünə bilirik – bundan gözəl nə ola bilər..? Allahımız bizə gör nə qədər imkanlar verib dedilər. Gözlərinə baxdım və “əminəm böyük Allahım hər zaman sizi qoruyacaq və tək qoymayacaq” dedim...
Zülfümarın kitabında axtardığı, həsrətində olduğu və gözlədiyi bir sevgi var. Böyük Allahım ona o sevgini yaşamaq xoşbıxtliyini nəsib etsin!

“Doğrudan da nə gözəldir yaşamaq. İnsanları sevmək,böyüklərə sayğı, kiçiklərə qayğı göstərmək. İnsanları sevərək nə qədər sevildiyini, həyata nə qədər lazımlı olduğunu anlayırsan. Həyatdır... Həm acılı, həm şirinli günləri ilə gözəl həyat!.. Həyatın sərt üzünə, acı zarafatlarına, ağır imtahanlarına baxmayaraq, sevirəm həyatı. Sevirəm mənə bu həyatı bəxş edən Allahımı. Gəlin hamımız sevək həyatı, bizləri yaradan Allahı. Şükr edək yaradanımıza çünki o şükr edənləri sevir. Həyatın hər sınağında səbrli olaq. Səbr edənlərin ödülü böyükdür. Şükr edib səbrli olaq ki, ödülə sahib olub, Tanrı mərhəmətini duya bilək.” (“Duyğuların dili”)
P.S yaxın zamanlarda Zülfümarın kitabını kitab dükanlarında görəndə alacağına və insanlıq üçün çox şey öyrənəcəyinə əminəm. əziz oxucu...

Və mən, Zülfümarın “Duyğuların dili”ni bitirdiyi “son sözü” yazaraq bitirirəm bu kiçik duyğu yazımı:
- Yeni sabaha açmışam gözlərimi... Çox gözəl bir gün, çox vacib işlər gözləyir məni. Həyatın heç bir çətinliyinə baxmayaraq, uğurlu gün olacaq. Hər günüm kimi... Ümumiyyətlə bəzən anlamasaq da, hamımız çox şanslıyıq. Hiss etməsək də, əslində, hər günümüz uğura açılır. Mən də həyatımız hər gününə şükr edirəm və əminəm ki, sabahkı günüm bu gündən daha uğurlu olacaq.”

Zülfümarın bu sözlərinə daha nəsə əlavə etmək gəlmədi əlimdən...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir