Modern.az

BMF Yevlaxda görüş təşkil edib

BMF Yevlaxda görüş təşkil edib

8 Aprel 2010, 12:08

 

 

BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu ilə Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Yevlax şəhərində Yevlax Rayon İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev arasında görüş olub.

 

Görüş zamanı E.Selimoviç və U.Rəhimoğlu yaxın gələcəkdə Yevlax şəhərində Minilliyin İnkişaf Məqsədlərinə həsr olunacaq birgə tədbirin keçirilməsi təklifini irəli sürüblər. Müzakirələr nəticəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin, BAMF-ın və Yevlax Rayon İcra hakimiyyətinin birlikdə Minilliyin İnkişaf Məqsədləri ilə bağlı yaxın günlərdə tədbir keçirilməsi haqqında ilkin razılıq əldə edilib. Bu istiqamətdə müzakirələr davam etdiriləcək.

 

Xanım Selimoviç bu ilin sentyabr ayında BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək Minilliyin İnkişaf Məqsədləri sammitinin önəmliliyini vurğulayaraq, Azərbaycanın bu məqsədlərə çatmaq əzmini xüsusi ilə qeyd edib. Qonaq Azərbaycan hökumətinin Minilliyin İnkişaf Məqsədlərinin tərkib hissəsi olan yoxsulluğun səviyyəsinin azaldılması, iş yerlərinin açılması, ümumi ibtidai təhsilin təmin edilməsindəki irəliləyişinin,  həmçinin Yevlax rayonu kimi mütərəqqi rayonların rolunun olduğunu da xüsusilə qeyd edib.

 

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilə qədər ifrat yoxsulluğu yarıbayarı azaltmaqdan, HİV/AİDS’in yayılmasını dayandırmağa və ümumi ibtidai təhsilin təmin edilməsinə kimi hədəfləri əhatə edən səkkiz beynəlxalq məqsəddir və bütün dünya ölkələri, həmçinin dünyanın aparıcı inkişaf təşkilatları arasında razılaşdırılmış fəaliyyət planını təşkil edir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir