Modern.az

Canəli Əkbərov: “Camaatı saunada tuturlar, heç nə demirlər...” - MÜSAHİBƏ

Canəli Əkbərov: “Camaatı saunada tuturlar, heç nə demirlər...” - MÜSAHİBƏ

Mədəni̇yyət

12 İyul 2013, 12:23

Xalq artisti Canəli Əkbərov Modern.az saytının suallarını cavablandırıb.

  – Elə bil son vaxtlar efirə az-az çıxırsınız. Heç müsahibələriniz də o qədər gözə dəymir.

– İndi çörəyimi yeyib İlham Mirzəyevin Space-dəki “Etiraf” verilişinə gedəcəyəm. Bir neçə gün əvvəl “Ovqat” verilişinə çəkilmişəm. Doğrusu, bundan sonra müsahibə vermək istəmirəm. Çünki qəzetlərin heç bir funksiyası yox imiş. Qəzetin yazdıqlarının təsiri yoxdur, ancaq söz yığınıdır.

– Bəlkə hansısa fikrinizi təhrif ediblər?

– Yazılanların heç bir təsiri yoxdur. Sovet dönəmində birini tərifləmək, yaxud tənqid eləmək üçün qəzetdə bir yazının getməsi kifayət idi. Dərhal çağırıb soruşurdular ki, niyə nöqsana yol vermisən? İndi elə şeylər yoxdur. Məndə dörd çamadan qəzet var. Əlli il ərzində haqqımda yazılanların bir qismidir.

– Amma mənə elə gəldi ki, mətbuatdan incikliyinizin başqa səbəbi var.

– Yox, orda yaxşı oğlanlar da var. Mən gözütox adamam, amma imtina etməyimə səbəb var.

– Yadınızdadırsa, bir müddət əvvəl bəzi saytlar sizin gənc xanımlarla olan videonuzu yaymışdılar.

– Oğul, alçaq adam alçaq iş görər. O görüntülər dörd-beş il əvvəl çəkilib. Kimisə qıcıqlandırmaq üçündür. Bu videoları yayan qüvvələr var idi. Camaatı saunada tuturlar, heç nə demirlər. Hamımızın evdə balası var. Ayağın ağrıyanda xahiş edirsən ki, ovxalasın. Kürək ovxalamaq nə qədər tərbiyəsiz işdir ki?

– O videonu yaydıran adamlar sənət aləmindən idi?

– Əlbəttə. Onların … (söyür – İ.V.). Mənim 51 yaşında oğlum var. Əgər həmin adamın arxasında qüvvə olmasaydı, o kadrları efirə verməzdilər. O görüntüləri kiminsə diktəsi ilə tələbə çəkib. Hansı tələbəmin çəkdiyini bilmədim. Çünki tələbələrimin sayı-hesabı yoxdur. Heç o vaxt da bu barədə danışmaq istəməmişdim. Telekanallar mənim 50 illik yaradıcılığımı bir kənara qoyub, yapışdılar belə şeydən. Niyə ATV mənim 50 illik yaradıcılığıma münasibət bildirmədi, məhz bundan yapışdı? Deməli, hansısa qüvvənin diktəsi olub.

  – Sənətdə nə yeniliklər var?

– Yaradıcılığımda yeniliklər çoxdur. Zamanı gələndə biləcəksiniz.

– Disk buraxmamısınız?

– Pulum yoxdur.

– Yeni ev tikdirmişdiniz. Köçdünüz ora?

– Həmin ev Lənkəranda tikilib. O evi nəvələrim, balalarım üçün tikmişəm. Qoy gələcəkdə desinlər ki, bu evi bizim babamız tikib. İki-üç günə gedəcəyəm rayona. Sadəcə mebel qoymalıyıq.

– Xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova və Brilliant Dadaşova arasında baş verənlərə münasibətiniz necədir?

– İlhamə xanımın ana-atası ilə işləmişəm. Hələ özündən danışmıram. Tükəzban xanımla uzun illər çalışmışıq. Nəmli-rütubətli mehmanxanalarda qalmışıq. Amma mən onların daxili işinə qarışmaq istəmirəm. O dövrün sənətkarların arasında bərkimişəm. Aramızda olan narazılıqlar da pərdə arxasında məhv olub gedib. Onu gündəmə gətirməyiblər. İndi bir pıçıltı olan kimi şar kimi üfürüb şişirdirlər. Telekanallar çoxdur, hər birinin də öz missiyası var.

– Oruc tutursunuz?

– Bəli. 

İntiqam Valehoğlu  
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı