Modern.az

Daha bir neçə xalq artistindən ETİRAZ: “O müğənnilər gərək efirə buraxılmasın”

Daha bir neçə xalq artistindən ETİRAZ: “O müğənnilər gərək efirə buraxılmasın”

12 İyul 2013, 17:16

“Gərək İlhamə Quliyeva o cür ifadə işlətməyəydi”


Bəzi şou-biznes nümayəndələrinin, xüsusilə də, xalq artisti İlhamə Quliyevanın efirdən qeyri-etik açıqlamalar səsləndirməsi sənətkarların hiddətinə səbəb olub. Xalq artistləri Rasim Balayev, Alim Qasımov və digər sənətkarlar artıq öz narahatlıqlarını ifadə ediblər və İ.Quliyevanın canlı efirdən xalq artisti Nazpəri Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” deməsinin heç bir mənəvi dəyərə sığmadığını bəyan ediblər. Amma müğənni bu günlərdə ANS telekanalan birinə verdiyi açıqlamada adları çəkilən şəxslərin guya onu müdafiə etdiklərini bildirib. İ.Quliyevanın bu hərəkətlərinə qarşı daha bir neçə nüfuzlu mədəniyyət xadimi etirazını dilə gətirib.

Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev
hesab edir ki, özünü sənətkar adlandıran şəxs efirdə tərbiyəsiz ifadələr səsləndirməməlidir: «Nəinki xalq artisti, hətta adi adamın belə kobud ifadələr işlətməyə ixtiyarı yoxdur. Deyirlər ki, xalq artisti İlhamə Quliyeva televiziyada nəsə deyib. Mən ona qulaq asmamışam. Əgər o, «mən yemirəm, yedizdirirəm» sözünü deyibsə, təəssüflənirəm. Özünə hörmət edən insan belə ifadələr işlətməməlidir».

Digər xalq artisti Teymur Mustafayev
düşünür ki, «mən yemirəm, yedizdirirəm» sözünü işlədən adamda tərbiyə problemi var: «Günah onu efirə çıxaranlardadır. Mən indi yaşlanmışam. Onlara gücüm çatmır. Cavan olsaydım efirdə çaşan müğənnilərin ağzından vurardım. Amma neyləyim…Gərək tərbiyəli olsunlar. İstər xalq artisiti olsun, istər əməkdar artist, istərsə də adi müğənni, pis söz danışmamalıdır».

Xalq artisti Mənsum İbrahimov
bəzi müğənnilərin, xalq artistlərinin efirdə özünü həqiqətən də apara bilmədiyini bildirdi: «Mən bəzən onların yerinə utanıram. Cəmiyyətin bir nümayəndəsi olaraq bəzi xalq artistlərinə danışıqlarına, özlərini aparma qabiliyyətlərinə görə qiymət verirəm. Sənətkar öz sənətilə tanınmalı və özünü cəmiyyətə sevdirməlidir. İlhamə xanımın həmin ifadəsinə görə çox təəssüf edirəm. İlhamə xanım tanınmış sənətkardı. Gərək elə ifadə işlətməyəydi. Ümumiyyətlə, mən sənət aləmindəki xırda məsələlərə qarışmıram və münasibət bildirmirəm. Estrada müğənniləri və digər sənətkarlar efir mədəniyyəti məsələsində muğam ifaçılarından bir çox şeyləri öyrənməlidilər».

Xalq artisti Nəzakət Teymurova
da bəzi müğənnilərin efir danışıqlarında problem olduğunu dilə gətirdi: «Təəssüf edirəm ki, efir mədəniyyəti kasad olan insanlar arasında bəzi xalq artistlərinə də rast gəlinir. Televiziyalar gərək qeyri-etik ifadələri efirə verməsinlər. Bununla həm özlərinin, həm də müğənnilərin nüfuzlarını zədələyirlər. Əziyyət çəkən isə cəmiyyət olur. Axı xalq artisti cəmiyyət, gənclər üçün örnək olmalıdır. Qeyd olunan qeyri-etik ifadəni mən İlhamə Quliyevaya yaraşdırmıram. Gərək xalq artisti danışında sözləri yüz ölçüb bir biçsin ki, sonda ictimai narazılıq olmasın».

İntiqam Valehoğlu    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?