Modern.az

Qapını açan qanadlar

Qapını açan qanadlar

13 İyul 2013, 16:42

(konspiroloji esse-2 )

Essedə Jəmu Dəmun metafizik aləmə etdiyi xəyali səyahətindən və Yunus Əmrə ilə dialoqundan bir parçanı insanlara çatdırır.

-O göylərdən o tərəfə  bir qapı var. Qapını aç və növbəti göyə ucal...

-Mən ki, bu göyə çıxa bilmişəm. Buna heç vaxt inanmazdım. İndi o qapıya da qalxa bilərəmmi?

-Təbii övladım,  bir insan başqa insan övladlarını görmək istədiyi yerdədi. O, başqaları haqqında istəyini qəlbinə yerləşdirdiyi an ilahi uçuş başlayır. Bir başa uzaq məna  aləmlərinə...

-Demək mən.... (oğlan təəcüblənir.)

- Bəli , övladım bir niyyətin özü belə bizlərə qanad taxır . Sən heç bildinmi nə qədər uçmusan?  Nə qədər qapılar açmısan? İndi o gördüyümüz qapını və ondan sonrakı saysız qapıları açmağa hazırmısan?

Oğlan tutulurdu. Nur içində addım atdığının indi fərqinə vardı. Onun olduğu yerdən bütün insanlar və külli ərz bir damla suyun içinə cəm olmuşdu. Və o bir damla işıq altında Tanrı hüzuruna tələsirdi...

Jəmu Dəmun kürsüyə çıxıb metafizik aləmdən gətirdiyi sirləri insanlara çatdırmağa başladı. Şeyx Yunusdan feyz almışdı və danışırdı... hər qapını keçəndə bir hikmətə toxunmuşdu dərviş Yunus....

(Jəmu –Dəmun ləqəbi gənc mənalar aləminə etdiyi metafizik uçuşunda Yunus Əmrədən sirlər öyrəndi. Ondan feyzlər aldı. Və kürsüyə çıxaraq insanlara danışmağa başladı. Öz uçuşları və açdığı qapılar barədə...)

I uçuş – və ya I qapı

“Ey, tabutlarım geri dönün”

-Övladım, bəzi insanlar 20 yaşında ölər. Amma onları 70 , 80 bəzən də 90 yaşlarında basdırarlar. Öz içində ölər insan. Hamıdan gizli, hamıdan pünhan bunu kimsə görməz. Çoxları qəbristan kimi gəzər yer üzündə. Hamı elə bilər ki, o yaşayır. Amma yox övladım sadəcə nəfəs alar, yeyər içər, gəlib keçər.  Mən Miskin Yunus yer üzündə insanlarda dirilərəm, insanlarda ölərəm. İnsan qəlbindəki işığa getdiyi yolda azdı. Bu azmanın özü onun mahiyyəti  idi. Ruhun mahiyyəti, insanın ucalığı məhz o işıqda idi. O işıq yox idi insan övladında. Mən işıq axtaranlara bələdçilik edərdim. Onlar o işıqla birlikdə məni də öldürdülər. İndi canlı tabut kimi məni içərilərində gəzdirərlər. Mənim tabutum çoxdu yer üzündə övladım. Nur öldürüb işığını söndürən məni və mənim kimləri içlərində ölü bir can kimi saxlayan çoxdu. Bəzən buralardan qışqırıram- “Ey, tabutlarım geri dönün. Mən həm yaşamaq , həm yaşatmaq istərim. Olmazmı bu ? “ Onlar həp işıqdan qaçar övladım. Allah taalanın nuruna düşmən kəsilərlər.                                

II    uçuş- II qapı

Sonsuzluğa uçan quşlar

-Bizlər gördüyün mənalar aləmində quş dilində danışarız. Niyyətlərimiz, istəklərimiz, eşqlərimiz danışar . Biz susarız. Zatən bizim kimliyimiz də eşqlərimizdə, niyyətlərimizdə cəmləşib . Onlar danışarlarsa dilə nə hacət. Bizlər mənalar kəşf edərik, ruhlar təzələrik, can dirildərik. Sevərik , sevinərik. Həyatda insanlara sevinmək üçün sevməyi yox, sevdiyi üçün sevinməyi ötürəriz. Bizim mənalarımız, sözlərimiz yox, övladım mənalarımız sonsuzluğa uçarlar. Çünki onlar ordan gəlib, bizdən keçib. Mənzilinə varıb  gedərlər övladım. Amma özləri ilə bərabər insanları da o nur sonsuzluğuna aparmaq üçün gəlib gedərlər. Bizdən bizi alıb gedərlər....  

 III  uçuş- III  qapı

 “Neçin, ağlarsın bülbül hey,”

-Mənim bülbüllərim var yer üzündə. Şirin, saf cəh-cəhləri dünyanı təzələyər. Dünya o səslərdən keçib təzələnər. Övladım,  bülbül sənsən yəni “Bil , bil” . Həyatda hər şeyi bil! Biz sufilər onu “bülbül” etdik. Elmi kəlamlarımıza  “cəh-cəh” səsi dedik. Amma fərq etməz “bülbüllərimiz” indi də cəh- cəh vurmaqda. Biz quş dilində danışarıq övladım, quş dilində. Sonsuzluğa, ruhi sakitliyə gedənlər mənalar aləmində birləşərlər. Onları eyni sözlər yaradar,  eyni cəh-cəhlər yetişdirər.

Jəmu Dəmun kürsüdən düşdü. Amma öz daxilində, ruhundakı, göylərdən enə bilmir hələ də. O ruhdakı göylərdə qapılar var. Və dərviş Yunus o qapıları durmadan açar. Hər qapı açıldıqca da o ucalar, işıqlanar və ətrafa işıq saçar. Yunus Əmrə isə durmadan eşqin qapılarını açar.

Quru idik yaş olduq
Ayaq idik baş olduq
Xumarlandıq quş olduq
Uçduq əlhəmdülillah. 

Kaş insan yerimək üçün yox, uçmaq üçün yarandığını bilsəydi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...