Modern.az

Dərsliklərə salınmayan yazıçılar: bunun səbəbi nədir? - Araşdırma

Dərsliklərə salınmayan yazıçılar: bunun səbəbi nədir? - Araşdırma

16 İyul 2013, 12:38

Modern Azərbaycan ədəbiyyatında elə yazarlar var ki, onlar həqiqətən də öz orijinal dəst-xətlərinə görə həmkarlarından seçilib. Hər yaranan orijinal üslub ədəbiyyatda yeni cığırlar açıb. İstər poeziyada, istər nəsrdə, istərsə də dramaturgiyada yaranan bu cığırlar Azərbaycan ədəbiyyatını öləziməyə qoymayıb. Amma bu gün həmin orijinal tərzdə yazan yazarlar ədəbiyyat dərsliklərinə salınırmı?

Orta məktəblərin ədəbi dərsliklərinə bayaqdan barələrində danışdığımız bir qisim yazarın (daha doğrusu böyük əksəriyyətinin) adları daxil edilməyib. Doğrudur, bəzilərinin adları olsa da əsərləri yoxdur. Amma bəziləri də var ki, onların heç ümumiyyətlə adları ədəbi dərsliklərə salınmayıb. Azərbaycan nəsrində böyük inqilab olan İsa Muğanna, Sabir Əhmədli, Çingiz Hüseynzadə, Yusif Səmədoğlu, şairlərdən Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi və digər müəlliflər dərsliklərdən tamamilə kənardadırlar.

Modern.az saytı öz növbəsində ədəbi aləmdə dəyərə malik olub dərsliklərə düşə bilməyən yazarlar barədə müzakirələrə start verib. Müzakirəyə ilk olaraq Milli Məclisin Mədəniyyət komissiyasının sədri, akademik Nizami Cəfərov qoşulur.  

– Dərsliklər proqram əsasında yazılır. Proqramın da bəzi məhdudiyyəti var. Birinci məsələ ondan ibarətdir ki, hər dövrün xarakterinə uyğun yazarlar seçilir və onlar dərsliklərə təqdim olunur. İkincisi, yazıçının orta məktəb səviyyəsi üçün nə dərəcədə anlayışlı olması əsas götürülür. Eləsi var ki, çox nəhəng yazıçıdır. Ancaq o, şagirdin düşüncə səviyyəsinə uyğun olmadığı üçün dərsliklərə salınmır. Sonrakı meyar isə yazıçının xalq arasında daha yaxşı tanınmasıdır. Məsələn, ola bilməz ki, orta məktəb dərsliklərində Nizami, Füzuli, Vaqif, Səməd Vurğun olmasın. Çünki bunlar millətin ümumilikdə tanıdığı şairlərdir.
Mən çox gözəl bilirəm ki, Nizamini. Füzulini orta məktəbdə şagirdlərə başa salmaq asan məsələ deyil. Amma bununla yanaşı, nə qədər başa düşülə bilinərsə, o qədər də tədris olunmalıdır. Daha sonra başqa bir prinsip də var. Məsələn, götürək müasir dövr Azərbaycan ədəbiyyatında müəyyənləşir ki, istər poeziyada, istər nəsrdə, istərsə də dramaturgiyada bir nəfər seçilir və onlar icmaldan kənar ayrıca dərsliklərə salınır.
Məsələn, çağdaş Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlını, ondan sonra gələn Səməd Vurğun və İlyas Əfəndiyevi dərsliklərə daxil edirik. Amma başqa dramaturqlarımız da var. Biz digər dramaturqlarımızı icmalda veririk. Şagirdlər, tələbələr janrları da öyrənirlər. Ədəbiyyat tək şəxsiyyət deyil. Ədəbiyyat həm də janrlardı. Bir də əlbəttə ki,  proqram məhdudiyyəti var. Burda əsas məqsəd ondan ibarətdir ki, orta məktəbi bitirən şagird Azərbaycan ədəbiyyatı barədə ümumi təsəvvürə malik olsun.  

Elmin Nuri
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?