Modern.az

Qızın ataya sevgisi... Sonu faciə

Qızın ataya sevgisi... Sonu faciə

Ədəbi̇yyat

16 İyul 2013, 19:17

Mahir Qabiloğlu


Dənizkənarı park. Bulvardakı saat qülləsi. Qələbəlik. Attraksionlar. Kafe, restoranlar. Qağayılar. Gəmilər, Yaxt klub, Kristal zal. Yox bunları Sizə tanıtmaq fikrim yoxdur. Sadəcə hər dəfə Bulvara gedəndə sanki bu şeyləri görmürəm. Ürəyim açılmır. Bulvar mənim yaddaşıma başqa cür həkk olunub.

Bulvardakı saat qülləsi əvvəllər attraksion kimi fəaliyyət göstərib. Paraşütlə atdanırmışlar kəlləsindən. Günlərin bir günü bədbəxt hadisə baş verib və attraksionu yığışdırıblar. Tablo quraşdırıb adını “Saat qülləsi” qoyublar. Yanına rütubət, hava, külək haqda məlumatlar da yerləşdiriblər. İndi deyəcəksiniz ki, bütün bunları sadalayıb nə zəhləmizi tökürsən?  Bunları bilmirik ki...  Səbrli olun. Başlayıram. Ata - qız məhəbbəti və bunun faciəvi sonluğu.

Oğlan qızı sevir. Atası isə onu başqasına verir. Oğlan özünü asır. Ya da əksinə.  Bunu çox eşitmişik.  Yaxud da balası ölür. Ata-ana dərdə dözə bilmir. Ürəyi partlayır. Bunu da görmüşük. Amma danışdığım bu faciəyə 33 ildir ki, rast gəlməmişəm. Ondan əvvəl də olmayıb. Olsaydı danışardılar, yazardılar. Heç kimə də arzulamıram. 

HÜSÜ HACIYEV 19 - KÜRÇAYLILAR AİLƏSİ

Əliağa Kürçaylı qonşumuz idi. Beşinci mərtəbədə yaşayırdı. Bəxtiyar Vahabzadə ilə qapıbir qonşu idi. Balkonları bizim balkona baxırdı.  Yay vaxtları balkondan balkona yaradıcılıq söhbətləri eləmək, salamlaşmaq, hal-əhval tutmaq qonşularımızda adət idi. Hətta bu səs-küyə Hüsü Hacıyev küçəsindən keçənlər də şahidlik edirdi.

- Salam, İlyas müəllim. (İlyas Əfəndiyev)

- Salam, Qabil.

- Romanınızı oxudum.

- Öhö-öhö. Bəs niyə demirsən əladır.


Və yaxud da. “Salam, Mirmehdi müəllim. (Mirmehdi Seyidzadə)” – “Salam, Zeynal müəllim. (Zeynal Xəlil)”.  Hər salamlaşmanın axırı da hansısa yaradıcılıq söhbətləri. Polemikalara İsmayıl Şıxlı, Əmir Mustafayev, Məsud Əlioğlu da qoşulurdu. Bəzən qismən cavan yazıçılardan biri  “yox, belə alınmır. Gəlin yığışaq bizə” deyirdi Balkonlararası yaradıcılıq söhbətləri, süfrə arxasında xoş ünsiyyətə çevrilirdi. Bilmirəm nədəndir... amma yemək-içməyə daha çox şairlər təşəbbüs göstərirdilər. Nasirlər isə romanlarının həcmi qədər ağır idilər. Atam demişkən: “Ədəbiyyatımızın ağır artilleriyası, tankı nasirlərdir”.

Bir haşiyə çıxım. Günlərin bir günü Bayram Bayramov atamı tərifləyir:

- Qabil, sənin şerlərin ləl-cəvahirata bənzəyir. Misralar isə qızıl telə düzülmüş brilyant, yaqut, firuzə.

- Çox sağ ol, Bayram. Sənin də cild-cild romanların, qalın kitabların ədəbiyyatımızın tankıdır, topudur, uzaqvuran artilleriyasıdır.

- Sağ ol, Qabil. Mən sənə qızıl, brilyant deyirəm, sən isə mənə metallom.

SOVETLƏR TƏKCƏ YARADICILIĞI YOX, MÜHİTİ DƏ FORMALAŞDIRIRDI

Soveti bəyənmirik. Yazıçılara, şairlərə bir binada mənzil verməklə necə də gözəl yaradıcı mühit yaratmışdı. Mən də həmişə fəxrlə qeyd edirəm ki, bu yaradıcı mühitin yetirməsiyəm. Hərəsindən bir şey götürmüşəm. İstər yaradıcılıq, istər insaniyyətlik, istərsə də ailəyə münasibət prizmasından. Bunu təhsil almaqla, cild-cild kitablar oxumaqla, hansısa tanınmış yazıçının ədəbi cərəyanı davam etdirməklə, Yazıçılar Birliyinin üzvü, ya da istedadlı olmaqla əldə etmək mümkün deyil. Qonşu həyətlərin isə “Bəstəkarlar evi”, “Alimlər evi”  olmasını bura əlavə etsəm mən və mənim kimi yazıçı övladları hansı zəngin mühitdə yaşamağımızla fəxr edə bilərik. İndi isə vəziyyət başqa cürədir. “Biri Aranda yaşayır, biri Turanda”.

ƏLİAĞA ƏMİ

Evimizdən dəniz görsənməsə də bulvardakı saat qülləsi aydın sezilirdi. Bəzən saatı öyrənmək üçün ora baxırdıq. Amma hərarət, külək göstəriciləri xırda olduğundan oxumaq olmurdu.

Əliağa Kürçaylının iki övladı vardı. Oğlu Ülfət, qızı Ülkər. Ülkər atasına çox oxşayırdı. Əksi idi Əliağa əminin. Atası da çox istəyirdi onu. O da atasını. Deyəcəksiniz ki, burda qeyri-adi nə var ki? Düzdür,  yoxdur. Amma zaman göstərdi ki, var. Ülfətlə Ülkər yaşca məndən böyük olsalar da,  Əliağa əmi, Şəhla xala atam-anamla həmyaşıd idilər. Qeyd edim ki, Şəhla xala (Allah uzun ömür versin) böyük  xanəndəmiz Cabbar Qaryağdıoğlunun qızıdır. Əliağa əmi məni adımla çağırmırdı. Qəşəng ad qoymuşdu. Sadəcə deməyəcəyəm. Utanıram.

 Əliağa Kürçaylı, Salam Qədirzadə və atam üçlüyü bir-birinin daimi qonaqları idi. Ona görə də qaynayıb-qarışmışdıq.  
Atamın 50 yaşı tamam olmuşdu. Şöhrətinin pik yoluna qədəm basmışdı desəm, yanılmaram. Salam Qədirzadə də “Kirpi” jurnalının baş redaktoru idi. Cild-cild povest-romanları əllərdə gəzirdi. Əliağa Kürçaylı da 50 yaşına çatırdı. Artıq tanınırdı. Yeni yaranan “Yazıçı” nəşriyyatına baş redaktor təyin etmişdilər onu. Növbədə Dövlət Mükafatı Laureatlığına namizədliyi gözlənilirdi.

50 YAŞDA ÖLÜMƏ HAZIRLIQ


Bir gün atam evə dilxor gəldi. Mənim 13 yaşım vardı. Birinci bizə xəbərdarlıq etdi ki, “nəbadə çaşıb ağzınızdan qaçırasınız, özü bilmir. Ülkər də bilmir. Əliağa “rak”dır. Moskvaya gedir”.

O vaxt belə şeyləri gizlədirdilər. İndi isə hər şey dəyişib. Həkim xəstənin üzünə deyir hər şeyi. O da çemodanını yığışdırıb başlayır Əzrayılı gözləməyə.

Əliağa əmi Moskvaya getdi. Bir müddətdən sonra qayıtdı. İlk olaraq biz getdik dəyməyə. Yaxşı idi. Təəssüratlarını həvəslə bölüşürdü. Əgər buna təəssürat demək mümkündürsə.

- Məni akademik, Sosialist Əməyi Qəhrəmanı Nikolay Bloxin müayinə etdi. Dedi “heç nə yoxdur. Böyrəyində bəzi çatışmazlıqlar var. Sən yaşda kişilərdə belə şeylər olur. Şəxsən özüm əməliyyat edəcəyəm, keçib gedəcək”. Sağ olsun. Əli yüngüldü. Hər şey də qaydasındadır.

- Şükür, Əliağa. Şükür. Cavan adamsan. Özü də sən mən deyilsən ki... iradəlisən. Keçib gedəcək. Düzələcəksən.

Sadə, ürəyində heç nə saxlamayan atam artistlik edirdi. 13 yaşlı mən də tamaşa edirdim. Atam artıq bilirdi ki, Əliağa əməliyyat olunub. Şiş çıxarılaraq əkilib. Cavab da bədxassəli gəlib. Yəni Əliağanın ömrünün axırına aylar qalır.

Üstündən bir müddət keçdi. Özünün dediyi olmadı. Yaxşılaşmaq əvəzinə ağrıları artırdı. Artıq morfi vurulmağa başlanmışdı.

İkinci dəfə Moskvaya uçdu. Qayıtdı. Yenə də təəssüratlar.

-  Bloxin yenidən əməliyyat elədi. Dedi ki, “hər şey yaxşı olacaq. Böyrəklərin qaydasına düşəcək”.

Diqqətim atamda idi. Özünü saxlayırdı. Bilirdi ki, Əliağanın xətrinə dəyməsin deyə, Bloxin onu əməliyyat yox, sadəcə bədəndə kəsik edib təzədən tikib. Loru dildə desək  açıb, bağlayıb. Ümidin qırmasın deyə. Axı bu xəstəliyin müalicəsi yoxdur.

Ağrılar isə artırdı. Yay ayları idi. Demə ağrılar o qədər şiddətli olurmuş ki, Əliağa əmi gecələr də yata bilmirmiş:

- Qabil, ağrıdan səhərəcən yata bilmirəm. İynə də təsir etmir.

- Bəs neyləyirsən?

- Yaxşı ki, bulvardakı o saat qülləsi var. Səhərəcən oturub ona baxıram ki, görəsən səhərin açılmasına nə qədər qalıb? Həmdəmim o saat qülləsidir.

Günlərin bir günü atam evə yenə dilxor gəldi.

- Mən külbaş əvvəlcədən bilsəydim Mirini xəbərdar edərdim də.

- Ay Qabil, nə olub ki? – Anab soruşdu.

- Nəşriyyatda Əliağanın yanındaydım. Dedi ki, “ay Qabil, mən bu Moskvadakıları çox tərifləyirəm. Sağalmaqdan da əksinə geri gedirəm. Bu boyda dünya şöhrətli uroloq Cavadzadə qulağımızın dibində, amma mən bir dəfə də ona müraciət etməmişəm. Nə deyirsən?”. Mən də nə deyim. Getdik professorun yanına o da analizlərin cavabına baxıb dedi ki, “səndə uroloqluq bir  iş yoxdur”.

- Qabil, lap yaxşı da. Burda pis nə var ki?

- Heç nə... Əliağa başa düşdü.

- Nəyi?

- Başa düşdü ki, “rak”dır. Bloxin onu aldadıbmış. Demə əlacsızmış. Bütün yolu bir kəlmə də danışmadı. Yazıçıların Poliklinikasına girib iynəsin vurdurub qalxdı evə.

Üstündən bir ay keçdi. “Rak” azmış kimi küçəni keçəndə maşın vurdu Əliağa əmini. Ayağı sındı. Gipsə saldılar. Üstündən 2-3 gün keçməmiş gipsi çıxarıb atdı. Bir də gipsə saldılar. Atam gileyləndi.

-  Əliağa, uşaq deyilsən ki, belə eləmə. Qoy tez bitişsin də... Yadındadır məni də maşın vurmuşdu.

- Qabil, mənim daxilimdə elə ağrılar var ki, sınığın ağrısı bunun yanında heç nədir.

Qızı Ülkər onda Nizami adına Ədəbiyyat muzeyində işləyirdi. İşə getmirdi. Evdəkilər, qonşular bir gün təkid edirlər ki, “işə get. Bir az eynin açılsın. Biz atovun yanındayıq. Narahat olma”.

Beləcə yola gətirdilər. Getdi. Qayıdanda isə...

Otağa girir. Üzü mələfə ilə örtülmüş atasına sonuncu dəfə baxır. Heç nə demir. Evdəkilərinin gözündən oğurlanır və  piyada Bulvara üz tutur. Uşaqlıqdan özündən getməsi olurdu. Amma yol boyu bu baş vermir. Fevral ayının soyuğunda Bulvara çatır. Özünü Xəzərə atır. Beləcə atasına qovuşur. Bununla da atasına sonsuz məhəbbətini, qeyri-adi sevgisini, onsuz yaşaya bilməyəcəyini sözlə, ağılarla,  məzarının başında ağlamaqla, saçını yolub küləyə verməklə deyil, həyatı bahasına  sübut edir. “Torpaq soyudur, dərdləri unutdurur” deyirlər. Amma onun  dərdini atasının tapşırılacağı torpaq yox, Xəzərin soyuq, buzlu ləpələri soyudur.

Atasının son dəfə çap olunan vida  kitabıının adına  çevrilir - Qara rəngli cilddə “Ülkər”adına.

EPİLOQ


Artıq altı ildir ki, binamızın qabağında 12 mərtəbəli bina ucaldıblar. Saat qülləsinin də qabağı kəsilib. Əliağa Kürçaylının həmdəmi, ümid yeri, yuxusuz gecələrinin sirdaşı olan saat qülləsi. Adı da digər  unudulan şairlərimizin, yazıçılarımızın adları sırasındadır. Hərdən  mahnıları səslənir. “Harda olsam gələrəm, təki sən səslə məni”.

Bulvarda gəzirəm. Qağayılar uçuşur. Bulvarın hər yerindən iki şey aydın görünür. Biri saat qülləsidir, biri də Xəzər. Qülləyə baxanda Əliağa əmini görürəm, Xəzərdə isə onun Ülkərini – sularda əksi qalan  Ülkər ulduzunu...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır