Modern.az

Müğənnilərin həm ziyarət, həm ticarət taktikası - Təranə Qumral Musa Musayevlə Qubada ev alıb

Müğənnilərin həm ziyarət, həm ticarət taktikası - Təranə Qumral Musa Musayevlə Qubada ev alıb

18 İyul 2013, 12:29
Modern.az bir qrup sənətçiyə istirahət planları ilə bağlı sual verib.



Müğənni Xuraman Şuşalı bildirib ki, istirahətdən dünən qayıdıblar. Amma bu qayıdışı daha çox məcburi adlandırmaq olar: “Əslində istirahətə getmişdik. Uşaqlar o qədər nadinclik elədilər ki, qayıdıb gəldik. Daha doğrusu, çox balaca olduqlarından onlarla istirahət eləmək olmur. Bir ay istirahət eləməyi düşünürdük”. Amma sənətçi xanım istirahət şansını bir daha sınayacaq. Bu dəfə isə həyat yoldaşı ilə: “Bu dəfə üç gündən sonra məcburən qayıdası olduq. İnşallah Ramazan ayından sonra həyat yoldaşımla istirahətə gedəcəyik. Yəqin ki, anam uşaqlara baxar”.

Müğənni Rüfət Axundovun telefonuna isə köməkçisi Nemət cavab verdi. O bildirdi ki, sənətçi elə bu gün istirahətə yollanıb. Ancaq o müğənninin hansı ölkədə istirahət edəcəyini demədi: “Bircə onu bilirəm ki. Azərbaycandan kənardadır”.

Əməkdar artist Gülüstan Əliyeva da qışın yorğunluğunu ölkə xaricində çıxardanlardandır. Sənətçi telefon zəngimizə Macarıstandan cavab verdi: “Hazırda Macarıstanda istirahətdəyəm. Amma bu barədə mətbuatda geniş yazılmağının tərəfdarı deyiləm. Ayın axırına kimi qayıdacağam”.

Əməkdar artist Zöhrə Abdullayeva isə istirahətinin növbəti hissəsini Londonda keçirəcək. Belə ki, Çexiyadan qayıdan əməkdar artist avqustun 1-də “Dumanlı Albion”a yola düşəcək.

Müğənni Təranə Qumral isə hazırda Qubadadır. “Ailəvi istirahətə gəlmişik” deyən sənətçinin sözlərinə görə Musa Musayev də onlarladır: “Hazırda ailəvi Qubada istirahətdəyik. Artıq dörd gündür ki, gəlmişik. Ən azı daha bir həftə burda olacağıq”. Bu arada sənətçidən daha bir maraqlı məlumat öyrənirik. T. Qumralın sözlərinə inansaq, hazırda qaldıqları evi satın alıblar: “Qubada evimiz var. Musayla mənim işimiz olanda gedib-gəlirik, uşaqlar burda qalırlar. Burdan sonra isə Antalyaya istirahətə gedəcəyik”.

Müğənni Arzu Mələyin istirahətini isə “həm ziyarət, həm ticarət” adlandırmaq olar. Sənətçinin ailəsindən aldığımız məlumata görə müğənni Ramazan ayındakı işsizliyi kompensasiya etmək üçün Rusiyaya üz tutub: “Arzu hazırda Moskvada istirahətdədir. Həm də orda müəyyən konsertlər verməklə bir aylıq boşluğu doldurur”.

Xalq artisti Mənsum İbrahimov isə yayın yorğunluğunu bir həftəlik tətillə çıxarmaq niyyətindədir: “İnşallah sabah Türkiyəyə yola düşürük. İstədim ki, uşaqları da götürüb aparım istirahətə. Quş adası bölgəsini seçmişik. İnşallah bir həftədən sonra Bakıdayam. Çünki iyulun 31-də Qəbələdə konsertdə iştirak etməliyəm”.  


İntiqam VALEHOĞLU
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir