Modern.az

Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqları qalsın, amma Fond yaradılsın

Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqları qalsın, amma Fond yaradılsın

18 İyul 2013, 18:59

Mahir Qabiloğlu


Sovet dövründə Moskvada mərkəzləşdirilmiş, respublikalarda isə ərazi yaradıçı təşkilatları mövcud idi. Məsələn:

SSRİ Yazıçılar İttifaqı – Azərbaycan Yazıçılar İttifaqı

SSRİ Bəstəkarlar İttifaqı – Azərbaycan Bəstəkarlar İttifaqı

SSRİ Rəssamlar İttifaqı – Azərbaycan Rəssamlar İttifaqı

və sairə, ilaxır.

Hər bir yaradıcı təşkilatın da özünəməxsus orqanı, qəzeti və satışdan gələn gəlirləri. Bu yaradıcı təşkilatların mövcudluğuna baxmayaraq müvafiq fondlar da fəaliyyət göstərirdi:

Ədəbiyyat fondu (Yazıçılar onu “Litfond” adlandırırdı)

“Agitplakat” – Rəssamların təbliğat Fondu

Bunlar əsasən təbliğat xarakterli təşkilatlar sayılsa da, əllərində konkret səlahiyyətlər vardı:

- Maliyyə təminatı və müvafiq qonorarların verilməsi.

- Yaradıcı insanların əyalətlərə (hətta türmələrə də) ezam edilərək, əhaliylə görüşləri.

- Yaradıcılıq evlərinə (Peredelkino), müxtəlif  kurortlara putyovkalar.

-  Rəssamlara, yazıçılara, bəstəkarlara və onların ailə üzvlərinə xidmət edən “Yazıçılar Poliklinikası” (indi də var.  Səhiyyə Nazirliyinin tərkibindədir.)

-  Şüvəlandakı Yaradıcılıq evi (yazıçılar, bəstəkarlar, rəssamlar üçün)

-  Yataqxana sistemli yaşayış mənzilləri və ya ev. (Məsələn yazıçılar, bəstəkarlar, rəssamlar üçün ayrıca 3 bloklu 24 mənzilli ev tikilirdi. Hamısı bir həyətdə yaşasın, yaradıcı mühit yaransın deyə. Uşaqları da eyni mühitdə böyüsün ki, bu əlaqələr pozulmasın. Yataqxana sistemi isə ona deyilirdi ki, mənzillər yaradıcılıq təşkilatlarının balansındaydı. Bir yazıçı, rəssam və ya bəstəkar daha yaxşı, geniş mənzillə təmin olunanda köhnə evi hökmən təhvil verməliydi və yerinə müvafiq olaraq növbədə olan  başqa yaradıcı insan köçməliydi. Əgər uşaqları böyüyübsə, mənzilə ehtiyacı varsa və mənzilin ümumi sahəsi (qeydiyyatda olanların hər birini 5 və ya 9 kv.m-ə vurandan sonra) müvafiq tələblərə cavab verirsə hökumət (havayı) və ya  kooperativ (pullu) ev növbəsinə yazılmağa icazə verilirdi.

- Ayrıca təqaüd olmurdu. Nə cavana, nə qocaya. Sadəcə fəxri ad və mükafatlara layiq görülənlərin, müharibə iştirakçılarının,  Kommunist Partiyasının 25 ildən artıq üzvü olanların təqaüdünə əlavələr olunurdu. Bu da maksimum 150 rublu (personal pensiya) keçmirdi.

- Kitablar çap olunurdu. Və satılırdı da. Tirajına və yazıların ilk dəfə, yaxud da təkrar  çap olunması kriteriyasına görə qonorar təyin olunurdu. Tiraj da yazıçının “xüsusi çəki”sinə görə verilirdi ki, kitab dükanlarda qalmasın, xeyir gətirsin. Yazıçı da elə əsər yazırdı ki, oxunsun. Ədəbiyyat fondunun xəttiylə görüşlərə gedirdi, yaradıcılıq gecələri keçirirdi, mütəmadi televiziyaya, radio, qəzetdə görünürdü ki, tanınsın.

- Yazıçını, rəssamı, bəstəkarı hansısa yaradıcı təşkilatın üzvü olduğuna görə yox, əsərinə görə tanıyırdılar, dövlət  də bu meyarlardan qiymətləndirirdi. Xalqı, milləti, dövləti tərənnüm əsas meyarlardan birincisi  sayılırdı.

- Çalğıçı, müğənni ordusunun fəaliyyətini isə “Azkonsert” kimi qurum tənzimləyirdi. Qastrollar, konsertlər. Maddi tərəfin də onlar müəyyənləşdirirdi.

Bu Sovet dövrünün yadımda qalan  mənzərəsidir. Deyəcəksiniz ki, o Sovet dövrü idi. Hər şey planlaşmaya uyğun gedirdi.

İNDİKİ DÖVR

Baxmayaraq ki, adları yaradıcılıq təşkilatıdır, üzvlük vəsiqələri var, bu birliklərin maliyyəsi üzvlük haqqından yox, yenə də dövlət büdcəsindən formalaşır. Məsələn 2013-cü ildə Yazıçılar Birliyi, Rəssamlar, Bəstəkarlar ittifaqlarına dövlət ümumilikdə 1 milyon 33 min manat pul ayırıb. Bundan başqa, dövlət əlavə tədbirlər kimi mütəmadi olaraq təqaüd və mükafatlar da verir. Məhdud olsa da mənzillər ayırır.

Birliklər qəzet, jurnal, kitab çap etdirib satışa çıxarırlar. Bəzi sahələrini kommersiya təşkilatlarına icarəyə də verirlər.

Yeni rəssamlıq emalatxanaları ayrılırmı? Son dəfə hansı yazıçının hansı teatrda yaradıcılıq gecəsi, televiziyada poeziya axşamı keçirilib? Müasir rəssamlardan kimləri tanıyırıq? Opera, balet demirəm, yeni yazılan  hansı simfoniya, oratoriya səs-küyə səbəb olub?

Dövlət yaradıcı təşkilatlara maliyyə yardımı verir. Amma belə çıxır ki, bu maliyyə birliklərin şəxsi puludur, yazıçı, şair, rəssam, bəstəkarlar isə onların yanında boğaz. Prezidentin fərmanı ilə 2007-ci ildə “Xüsusi təqaüd fondu” yaradılıb və bu sadəcə mühasibatlıq funksiyası kimi Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. Yaradıcılıq fəaliyyətini təmin etmək  üçün 180 yazıçı, bəstəkar və rəssama ildə bütövlükdə  588 min manat təqaüd verilir. Onlar da bunu daha çox yaradıcılıqlarına yox,  həyat şəraitlərinə, sosial problemlərinə xərcləyirlər.

Bütün bunları nəzərə alaraq:

TƏKLİFLƏR:

- Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqı yalnız yaradıcı təşkilatlar kimi öz funksiyalarını həyata keçirməkdə davam etdirsinlər.

- Sovet dövrünün “Ədəbiyyat Fondu” səlahiyyətlərində yeni bir qurum yaradılsın. Deyəcəksiniz ki, var. Amma ovaxtkı kimi səlahiyyəti yoxdur.  Yaxud da 6 avqust 2007-ci ildə Prezident İlham Əliyevin fərmanıyla yaradılan “ Xüsusi Təqaüd fondunun” əsasnaməsinə yenidən baxılaraq  səlahiyyətləri genişləndirilsin (KİVDF – Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu səviyyəsində ):

1. Hazır və tikilməkdə olan üç yaradıcılıq evinin idarə olunması  Xüsusi Təqaüd Fondunun səlahiyyətinə verilsin.

2. Yazıçılar Poliklinikasının adı dəyişdirilərək “Xüsusi Təqaüd Fondunun poliklinikası” adlandırılsın. Fondun tərkibinə verilsin və səhiyyənin daha da inkişaf etdiyi nəzərə alınaraq ərazisi  və xidmətləri genişləndirilsin. Daimi pasiyentlərin siyahısına yenidən baxılsın.

3. Yazıçılara verilən təqaüdlərin müəyyən olunması Xüsusi Təqaüd Fondunun səlahiyyətinə verilsin. (əlbəttə ki, yaradıcı təşkilatlarla razılaşdırmaq şərtiylə.)

4. Fond həm də bunun müqabilində yaradıcı insanlardan hansı işi görüb- görməmələri barədə hesabat tələb etsin. Belə bir arqument ortaya qoyula bilər ki, “nə olsun təqaüd verilir. Mən yaradıcı insanam. Bu il ilhamım gəlməyib yazmamışam”. Mən razı. Yazmır yazmasın, bu pula heç olmasa bir kitabın buraxsın. Hansısa sərgi, konsert təşkil etsin. Axı, fərmanda həyat şəraitindən yox, “yaradıcılıq fəaliyyətininn yaxşılaşdırılmasından” söhbət gedir. Belə çıxır ki, təqaüd verilməsəydi acından öləcəkdi?

5. Təqaüdlər bir il verilir. Sonra isə keçən il adları olanlar siyahıdan çıxarılır. Başqaları əlavə olunur. Bu da təqaüdün “qənimət” anlamına gətirib çıxarır. Prinsip dəyişdirilməlidir. Zaman, say prinsipinə yox, layiq olanlara verilməlidir.

6. Yaradıcı təşkilatlara büdcədən ayrılan vəsaitə yenidən baxılsın.

7. Qənaət olunan vəsait və əlavələr  hesabına Fondun (yəni dövlətin) şəxsi mülkiyyəti kimi – hər cür yaradıcılıq  şəraiti olan, satışı qadağan edilən (miras istisna olmaqla) “texnopark” tipli binalar tikilsin.

8. Milli Məclis “Sponsorluq haqqında” Qanunu nəhayət ki, hazırlayıb qəbul etsin. Və Qanunun icraedici orqanları sırasında Xüsusi Təqaüd Fondu da olsun.

9. Xüsusi Təqaüd Fondunun mətbu orqanı, müxtəlif profilli internet portalları və ən vacibi nəşriyyatı olsun.

10. Daimi görüşlərini keçirmək üçün dövlətin ayırdığı konsert – sərgi salonuna malik olsun.

11. Sosial reklamların meydana gəlməsinə nəzarət,  reklamların 5 faiz gəlirindən fonda köçürülüb yaradıcı insanlara yönəldilməsi (plakatlar, jurnallar, təbliğat və sairə) təmin olunsun

12. Yaradıcı Birliklərin süni say artımına nəzarət gücləndirilsin. Ədəbiyyata, bəstəkarlığa, rəssamlığa dəxli olmayanlar təşkilatlardan xaric edilsin. (Yazıçılar Birliyi deyir ki, 1500 üzvüm var. 1500 adam ümumi işin xatirinə ayda 10 manat üzvlük haqqı versə, nə qədər iş görmək olar? Amma əksinədir. Hər  şey tələb edirlər, heç nə vermək istəmirlər)

13. “AzKonsert” birliyi bərpa edilsin.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi öz yerində. Dövlətimiz ildə yaradıcı təşkilatlara büdcədən pul ayırır, qayğı göstərir və bütün bunlar birlik və ittifaqların ayağına yazılır. Heç bir sosial effekti də olmur. Dövlət yedizdirir-içizdirir, əvəzində tərənnüm, tərif, sosial reklam sıfır səviyyəsindədir. İttifaq daxili qiybət, təhqir, qarşılıqlı ittihamlar isə gündəmdə.  Tanınmış, görkəmli ədəbi-bədii simalar məsxərəyə qoyulur. Bütün bunlara son qoymaq  üçün maliyyə rıçaqları yaradıcı birliklərdən alınmalıdır. Bundan sonra onlar çevik maliyyə əməliyyatları apara biləcək “Xüsusi Təqaüd Fondu” qarşısında məsələlər qaldırmalıdırlar. Dövlətin ayırdığı vəsait yaradıcı insanlar üçün qənimətə yox, yeni əsərlərin dünyaya gəlməsində stimula çevrilməlidir. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi