Modern.az

Keçəçioğlu Məhəmmədi tanımayan müğənnilərdən biabrçı CAVABLAR

Keçəçioğlu Məhəmmədi tanımayan müğənnilərdən biabrçı CAVABLAR

Mədəni̇yyət

19 İyul 2013, 11:30

S?kil:Kec?ci oglu M?h?mm?d.jpgSənət adamlarının intellekt səviyyəsinin aşağı olması, hətta bir çox hallarda öz sənətləri ilə bağlı da yetərincə bilgili olmadıqları haqda dəfələrlə yazılıb. Hətta xatırlayırsınızsa, xalq artisti Səməd Səmədov himnimizin müəllifinin kim olduğunu bilməmişdi. Buna görə də fəxri titulu olan müğənni xeyli qınanmışdı.

Modern.az saytı oxşar eksperimenti apararaq sənətçilərə belə bir sualla müraciət edib: “Keçəçioğlu Məhəmməd kimdir?”

Bəri başdan qeyd edək ki, yetərincə gülməli cavablar almışıq.

Müğənni Valeh İsrafilovun cavabı belə olub: “Qarabağlı xanəndədir. Xan Şuşinski ilə eyni dövrdə yaşayıblar. Bu qədərdir məlumatım”.

Müğənni Elnur Məmmədov: “Olarmı başqa vaxt zəng edəsiniz?”. Maraqlıdır ki, sənətçi bir sözdən ibarət cavabın əvəzinə bir cümləlik nitq söyləyib və vaxtının olmadığını bəhanə gətirib.

Xuraman Şuşalı isə Keçəçioğlu Məhəmmədin kim olduğunu belə izah edib: “Keçəçioğlu Məhəmməd xanəndə. Deyəsən qarabağlıdır. Özü də şuşalı olmalıdır. O vaxt imtahan verəndə öyrənmişdim bunları. Deyəsən, 41-45-ci ilərdə yaşayıb. Səhv demədim ki?”.

Əməkdar artist Gülüstan Əliyevanın fikrincə Keçəçioğlu Məhəmməd 19-cu əsrdə yaşayıb: “Yaxşı xanəndə olub. Onu tanımamaq olar? Bildiyimə görə tarçalanı Saşa erməni olub. Deyəsən, kamançaçısı da erməni imiş”.

Son vaxtlar “Mənə bir az ondan danış” şeiri ilə gündəmə gələn şair Vüqar Rahi: “O kimdir ki, belə gündəmə gətiririsiniz onu? Siz onun kimliyini araşdırırsınız? Şəxsən mənə onun kimliyi və kim olmağı maraqlı deyil”.

Müğənni Təranə Qumralın əməkdaşımıza verdiyi cavab isə yəqin ki, bir müddət müzakirə mövzusu olacaq. Onun dediklərin olduğu kimi diqqətinizə çatdırırıq: “Keçəçioğlu Məhəmməd kimdir? Deyəsən, Zeynalabdinin oğlu olub e o. Odur yoxsa? (gülür) İmkan verim bir az fikirləşim... Hə də Zeynalabdinin oğlu olub. Ya da Musa Nağıyevlə Murtuza Muxtarovun oğludur”.

İcazənizlə bu yerdə qısa bir şərh verək. Tutaq ki, Zeynalabdinin oğlu olub. Amma bu adamın eyni vaxtda Muxtarovla Nağıyevin oğlu olması mümkün deyil axı. Heç müasir tibb də iki kişinin eyni vaxtda eyni uşağın valideyni olması təcrübəsini tanımır. İstənilən halda musiqimiz qarşında Xan Şuşinskidən, Cabbar Qaryağdıoğlundan az xidməti olmayan bu şəxsi bir müğənninin tanımaması biabırçılıqdır.

İndi isə haqqında söhbət açdığımız şəxsi tanıyaq. İndi çoxlarının, hətta zamanında onun qoyduğu yolun davamçıları sayılan şəxslər tanımasa belə, xanəndə Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864 cü ildə Şuşa şəhərində anadan olub. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynayıb. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənib. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirib, Azərbaycan muğamının şöhrətini hər yana yayıb.

Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapazonlu, güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. Oxuduğu “Zəminxarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı.

Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını orijinal bir şəkildə, özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınıb. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanıb. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Onun qastrol səfərləri də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr edib. 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirib.

İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!