Modern.az

Cəfər Cabbarlının cinayət işində tapılan naməlum şeiri – İLK DƏFƏ

Cəfər Cabbarlının cinayət işində tapılan naməlum şeiri – İLK DƏFƏ

19 İyul 2013, 17:55


Modern.az
saytı Cəfər Cabbarlının nadir bir şeirini oxuculara təqdim edir. “Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə “F.K. 19” yazılıb. Çox ehtimal ki, bu, Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” - red.) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. “Açan-solan çiçəklər”i mübaliğəsiz sovet dövrünün həbsxana poeziyasınının ilk dəyərli nümunələrindən biri hesab etmək olar. Çiçək qədər tər-təzə, təravətli arzuların saralıb-solduğu, puç olduğu kamerada insanı bezdirmək, “Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!” qənaətinə gətirib çatdırmaq sovet rejiminin təzyiq və idarə üsulunun tərkib hissəsi idi.

Modern.az saytı indiyədək  Cəfər Cabbarlının heç yerdə işıq üzü görməyən həmin şeirini təqdim edir. İstintaq materiallarının arasından tapılan bu şeir Cəfər Cabbarlının artıq həyata, heç nəyə inamı qalmadığını əks etdirir. Şeiri saytımıza C.Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli təqdim edib.

Bən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər,
İştə budur təbiətin sarsılmıyan dövranı...  

Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım,
Çox çalışdım, istəgimlə gülər həyat sürmədim,
Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim,
İştə, varlıq Tanrısının ədalətsiz divanı...  

İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum,
Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum,
Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!
Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı...  

Bən istərdim bülbül kimi dolaşaydım çəməndə,
Bir gül kimi şənlənəydim səbah yeli əsəndə,
Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə,
Qara məhbəs oldu azad bir bülbülün məskanı...  

Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür hər aşiqin olur beş gün dövranı...  

Bakı, F.K. 19. 17 iyul 1923         

Şeirlə bağlı C.Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmli ilə söhbət sabah Modern.az-da olacaq.

Elmin Nuri
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir