Modern.az

Hələ basdırmamışıq, get özündən soruş!

Hələ basdırmamışıq, get özündən soruş!

19 İyul 2013, 18:18

BIR QAŞIQ DA BƏS EDİR 

İstər “Ədəbiyyat və incəsənət” qəzetində, istərsə də “Azərbaycan” jurnalında işləyəndə şair Qabil redaksiyaya təqdim olunan şeirlərə qarşı xüsusilə tələbkar idi. “Xüsusilə” yox -  qəddarcasına tələbkar idi. Fikrini də o saat deyirdi, “get sabah gəl”, “yaxşı olar” demirdi, heç bir ümid yeri qoymurdu.

Günlərin bir günü də gənc şairlərdən biri daxil olur atamın otağına və şeirlərini bir-bir təqdim edir. Atam birinci şeirə ötəri baxan kimi deyir “bu heç”, ikincini 2 misra oxuyur deyir “bezdarnı”. Bu minvalla bütün şeirləri “brak” eləyir. Pərt olan gənc şair deyir ki, “Qabil müəllim bildim e pisdir. Amma Siz şeirləri axıracan oxumadınız axı, bir-iki misra oxudunuz. Vəssalam. Axıracan  oxusaydınız bu sözləriniz  məni yandırmazdı”.

-   A bala, yeməyin dadına baxanda, onun dadlı-dadsız olmasını bilmək üçün xörəyi axıracan yeyirsən?
-  yox ?!
- Bircə qaşıq bəs edir də... 

40 VƏ CÜMƏAXŞAMI... GƏLİN, İKİSİNİ DƏ  BİRLƏŞDİRDİK 

Mən və yoldaşım Sevinc 40 yaşına çatmışdıq. Atam da yubileylərə hazırlaşırdı. Qonaqları da çağırmışdı. Sevinc hey etiraz edirdi ki, 40 yaşı qeyd eləmirlər. Atam da belə  deyimlərə-zada inanmadığı üçün “əla ziyafət təşkil elə, vəssalam” deyə əmr verib durmuşdu. Nəhayət yoldaşımın 40 yaşını qeyd elədik. Qonaqlar, gəldi getdi.

-  Hə gəlin, gördün nə yaxşı keçdi? Sən isə deyiridin ki, 40-ı keçirmək olmaz. Heç nə olmadı ki... Özü də ki, nə qədər qabağa düşdük.
- Necə yəni qabağa düşdük?
- 40-la cüməaxşamını birləşdirdik də. Ona görə.

Ağlımıza da gəlməzdi ki, atam bu incə məqamı tuta bilər. 14 sentyabr 2006-cı il, yoldaşımın 40 yaşı tamam olan gün həm də həftənin dörcüncü gününə - cüməaxşamına düşübmüş.

HƏLƏ BASDIRMAMIŞIQ, GET ÖZÜNDƏN SORUŞ! 

Bir qohumu var idi. Yeyib-içən kişi idi. Vəsiyyət eləmişdi ki, mən öləndən sonra basdırın, amma qəbir üstündən çadıra qayıtmayın, gedin ruhumu şad eləyin, yəni “vurun”. Günlərin bir günü Feyzulla kişi rəhmətə gedir. Saat 4 radələrində tabutu yerdən götürməliymişlər. Atamın və  xalası oğlu Əsədin yadına düşür ki, bəs kişi vəsiyyət eləyib, yaxşı deyil onun bu son arzusunu yerinə yetirməmək. Tədarükümüzü inididən eləməliyik.

Çünki Sovet vaxtı da dükanlar saat 18.00-da bağlanırmış. Bundan sonra arağı yalnız restoranlardan baha qiymətə tapmaq olarmış. Əsəd xalaoğlu da şoferinə (sürücünün milliyyəti rus imiş) pul verir ki, get 2 dənə araq al.

Xülasə hamı həyətdə dayanıb gözləyir ki, tabutu 5-ci mərtəbədən düşürsünlər. Bu an şofer hər əlində bir araq camaatın içində yaxınlaşır atamla Əsəd xalaoğluna və bərkdən:

-  Asad Aleskeroviç, vodku kuda polojit!

Sürücü rus olduğundan elə bilib ki,  burda da adət-ənənə onlarda olduğu  kimidir. Mərhumu xristiansayağı xatırlayacaqlar. Ona görə də heç bir məxfiliyə varmayıb. Əsəd xalaoğlu da “Tvoyu mat, poloji maşinu” deyib sürücünü həyətdən uzaqlaşdırır. Lakin artıq gec imiş. Qohum-əqraba hamı  bu səhnəni görübmüş. Mərhumun qardaşı isə dözməyib yaxınlaşır bunlara:

- Ay Qabil, ay Əsəd, day ağ eləməyin də. Bilirəm e, onsuz da gedib vuracaqsınız. Rəhmətlik də Sizdən geri qalmırdı belə işlərdə. Amma qoy heç olmasa basdıraq, sonra da.
- Ay kişi, bilirsən nə var? Öz başına eləmirik ki... Feyzulla vəsiyyət eləyib ki, məni basdıran kimi vurun. Biz də yerinə yetiririk, bildin?
- İndi mən nə bilim ki,  Siz düz deyirsiniz, ya yox?

Bu zaman tabutu blokdan çıxarırılar. Əsəd xalaoğlu və Qabil:

- Hələ gec deyil. İnanmırsan? Get özündən soruş.

DÖRD ARAQ 

Şair dostlarından biri atama deyir ki, gedək səni bağa qonaq aparıram. Girirlər dükanlardan birinə. Dostu tuşonka, konserva balıq, qara şörək, kolbasa və 1 dənə də yarım litr alır. Görür ki, atam nəsə narazıdır.

-   Nə olub, Qabil? İki nəfərik də, yarım litr bəs eləməz?
-   Yox! 4 dənə araq al.
- Niyə?
- Bax, bağacan 40 kilometr yoldur, hə? Yolda biri sına bilər. Düzdü?
- Hə.
- Qonşu gəlib evə çıxa bilər? Bu da bir qabırğa, düzdür?
- Hə!
- Təsadüfən də qonağın gələ bilər. Düzdür?
- Hə!
- İndi sən mənə de, axşam-axşam, bağ yerində sən hardan araq tapacaqsan? Ona görə də ehtiyatı indidən gör ki, sonra peşmançılıq olmasın.

Dostu da Qabilin bu sözünə baxıb dörd dənə araq alır. Bağa çatırlar. Amma nə yolda araq sınır, nə qonşu gəlir, nə də qonaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?