Modern.az

“Bakıdakı gizli təşkilat üzvü xanımına demişdi: “Mən səni də, övladlarımı da sevirəm, amma vətəni və millətimi sizdən də çox sevirəm”" - MÜSAHİBƏ

“Bakıdakı gizli təşkilat üzvü xanımına demişdi: “Mən səni də, övladlarımı da sevirəm, amma vətəni və millətimi sizdən də çox sevirəm”" - MÜSAHİBƏ

20 İyul 2013, 12:21

Asif Rüstəmov: “Gizli fəaliyətdə olan müsavatçılar Rəsulzadənin ailəsinə yardım edirdilər”

Modern.az saytı elm xadimləri ilə silsilə müsahibələri təqdim edir. Bu söhbətlərdə elmiliklə yanaşı, sosial, milli-mənəvi problemlərə də toxunmaq əsas prioritetdir. AMEA-nın Ədəbiyyat İnsitutunun professoru, filologiya elmləri doktoru, C.Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmovdan aldığımız müsahibədə də belə məqamlara toxunulub. Söhbətimizdə bolşeviklərin hakimiyyətə gəldiyi ilk dönəmdə istiqlal mücahidlərinin gizli fəaliyyətindən bəhs olunur.

- Həmin dövrdə gizli fəaliyyət hansı zərurətdən yarandı?

- Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut  etdikdən sonra yəni, 1920-ci il aprelin 27-dən sonra bir qrup gənclər nə etmək, necə fəaliyyət göstərməklə bağlı müzakirələr üçün bir yerə yığışdılar. Onlarla bağlı istintaq materiallarından görünür ki, ilk yığıncaq aprelin 27-də İçərişəhərdə Mirzəbala Məmmədzadənin evində olub. Bu, 25 nəfərə qədər gəncin toplaşdığı bir yığıncaq idi. Ancaq Abdulvahab Yurdsevərin xatirələrində, xüsusən də Türkiyədə çap olunmuş xatirələrində qeyd olunur ki, AXC süqut etdikdən sonra onlar ilk dəfə şəhər kənarında Cəfər Cabbarlının evinə yığışıblar, orada hansı yol tutacaqlarını müəyyənləşdirib və bölgü aparıblar.

- Gənclər nə etmələri barədə hansı qərara gəldilər?

- Biz öncə buna xüsusi diqqət yetirməliyik. İlk planları bu olub ki, yeni quruluşla əlaqə yaradıb ona dəstək versinlər və müstəqil Azərbaycana xidmət etsinlər. Beləliklə, 30 apreldə o zamanı Bakı Dövlət Dumasında, indiki şəhər İcra Hakimiyyətinin yerləşdiyi binada 300 nəfərə qədər adam  toplaşaraq, hökumətə bəyanat yazıblar. Onlardan 15 nəfəri bu bəyanatı hazırlayıb. İçərilərində Mirzəbala Məmmədzadə də var, Cəfər Cabbarlı da, Yurdsevər də. İstintaq materiallarına əsasən isə bəyanatı Cəfər Cabbarlı hazırlayıb. Məqsəd bundan ibarət olub ki, sol müsavatçılar yeni yaranmış dövlətlə iş birliyində olsunlar, müstəqil Azərbaycanın inkişafına kömək etsinlər. Bu niyyət Həmid Sultanov vasitəsilə hökumətə çatdırılır, lakin bəyanata heç bir cavab verilmir. Üç aydan sonra, iyul ayında yenidən yığışırlar. Bu zaman bildirirlər ki, hökumət bunlara heç bir dəstək verməyəcək, bunları heç cür qəbul etməyəcək. Beləliklə, məsələnin heç bir perspektivi olmadığını anladılar. Məhz bundan sonra istiqlal mücahidlərinin gizli fəaliyyəti başladı.

- Hər şey də o gündən başladı?

- Bəli, bu elə bir dönəm idi ki, artıq bir çox yerdə üsyanlar başlamışdı. Gəncə və digər yerlərdə etirazlar var  idi. Onlar da iyul ayında yaşanan bu gərginlikdə gizli fəaliyyətə başladılar. Gizli fəaliyyətə başlananda bir neçə sahə diqqət mərkəzində idi. O sahələr - ictimai fəallığın artırılması, partiyanın qarşısında məqsəd qoyuldu ki, mütləq hakimiyyətə gəlməlidir. Yaratdıqları Solçu Müsavat Partiyasının başında Mirzəbala Məmmədzadə dayanırdı. Müavinləri isə Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Qasım Qasımzadə Zərgərli, Rəhim bəy Vəkilov idi. Onların gizli fəaliyyətlərinin əsas məqsədi hakimiyyətə sahib olmaq, insanları buna hazırlamaq idi. Bu işdə onlara kömək edən sahənin biri də mətbuat və nəşriyyat işi idi. Bu sahədəki fəaliyyət Əbdülvahab Yurdsevərə tapşırıldı. Uzun müddət bu sahə axsadı.

 - Hansı səbəblərdən təşkilatın bu fəaliyyət sahəsi axsadı?

- Burada bir neçə amil var idi. O, özünü müdafiə üçün mətbəə işini uzadırdı. İyul ayında başlanan  iş  1921 –ci ilin aprelində həllini tapdı. Təxminən bir il müddətdən sonra. Burda maliyyə məsələsi də əsas səbəblərdən idi. Daha sonra sovetin yarandığı ilk illərdə “ÇK”, milis çox aktiv fəaliyyət göstərirdi. Kütləvi həbslər baş alıb gedirdi. Həddindən artıq ehtiyatlı olmaq lazım gəlirdi. Bu da təbii ki, onların sürətli işinə mane olurdu. Başqa bir səbəb də var ki, onlar mətbəə işində çalışacaq şəxsləri ora cəlb etməliydilər və bu da asan məsələ deyildi. Şriftlərin haradən gəlməsi, haradan çap maşınını almaq, bunları harada yerləşdirmək hamısı müşkül məsələlər idi.

- İstiqlal mücahidləri İsmayıl bəy Qaspralının məşhur “fikirdə, dildə, işdə birlik” düsturuna əməl edə  bildilərmi?

- Qrupun əsas rəyasət heyətinin tərkibi 15 nəfərdən çox idi. Amma gizli istiqlal mücahidlərinin heyəti 15 nəfər deyildi, təbii ki, onlar çox qısa bir dönəmdə ətraf ərazilərdə Salyanda, Tiflisdə,  Dərbənddə, Aşqabadda gizli təşkilatı yarada bildilər. Gizli fəaliyyətə əməl etmək məqsədilə bir nəfərin təşkilatda ancaq üç nəfəri tanımasına icazə verilirdi. Bundan artıq təşkilatda heç bir əlaqə qurulmurdu. Təşkilatın bütün iclasları tam məxfi şəkildə, ayrı-ayrı evlərdə keçirilirdi və heç bir protokol hazırlanmırdı ki, həbs olunan məqamda ələ keçməsinlər. Həbs olunan məqama qədər fikirdə, dildə işdə birlik meyarını onlar gözlədilər.

 - Daha sonra gözləyə bilmədilər?

- İlk həbslər ki, oldu, bəzi parçalanmalar, fikir pərakəndəliyi yarandı və bir qrup insanlar gizli təşkilatdan ayrıldı. Çünki həmin insanlar ilk dəfə 1923-cü ilin iyulun 14-dən 15-nə keçən gecə təşkilatın 14 üzvi həbs olundu. Bunlar iyulun 14-dən avqustun 12-nə qədər həbsxanada qaldılar. Ordan  çıxanda bəyanat verdilər ki, “biz bu gündən özümüzü partiyadan, gizli təşkilatdan çıxmış hesab edirik. Bundan sonra ömrümüzü Azərbaycanın inkişafı üçün həsr edəcəyik”. Ancaq bu o demək deyildi ki təşkilat dağıldı. Xeyr! Təşkilatın rəhbəri Mirzəbala Məmmədzadə həbs oluna bilmədi.

- Axı necə oldu təşkilat ifşa olundu, onlar barədə gizli informasiyanı kimlər verdi ?

- Təşkilat təkcə Azərbaycanda deyildi, onun sərhədlərini də aşmışdı. Mirzəbala Məmmədzadə bir vaxt Mikayıl Müşfiqin oxuduğu 18 nömrəli məktəbdə dərs deyirdi. Eyni zamanda  təşkilatın gördüyü işləri hesabat formasında Türkiyədəki silahdaşlara göndərirdi. Bu göndərişlər dövlət poçtu vasitəsilə deyil, özünün şəxsi etibarlı adamları vasitəsilə həyata keçirilirdi. Onu da deyim ki, Mirzəbala Məmmədzadə maarif və ictimai işlərdə özünü fəal mücahid kimi göstərə bilmişdi. Tiflisdə “Yeni fikir” qəzeti nəşr olunurdu və o da ora özünün inandığı iki adamı korrektor və mühərrir kimi göndərmişdi. Onlardan biri Firudin Hacızadə, digəri isə Əli Əfsər Nəcəfov  idi.  O Bakıda görülən məxfi işləri Firudin Hacızadəyə göndərirdi. O da Batumiyə Ədib adında bir nəfər etibarlı şəxsə göndərirdi. Ədib parlamentdə stenoqrafçı işləmişdi və Mirzəbala Məmmədzadəni çox yaxşı tanıyırdı. O da həmin məktubları gizli şəkildə Batumidən Türkiyəyə lazımı ünvanlara yollayırdı. Məktublardan biri Tiflisə Firudin Hacızadəyə göndərilir. O da öz növbəsində Ədibə göndərərkən Ədib Batumidə olmur. Məktub Rəşad adlı bir nəfərə verilir və bununla da Məmmədzadənin gizli məktubu ələ keçir. Zaqafqaziya “ÇK”nın Fövqəladə Komissiyasının sədrini Pankratov əzəv  edirdi. Ona məlumat verirlər ki, gizli Solçu Müsavat Partiyası fəaliyyət göstərir və məktub da Firudin Hacızadə tərəfindən yollanılır. Məsələnin əsas kökü də təbii ki, məktubun müəllifi Məmmədzadəyə gəlib çıxırdı. Zaqafqaziya “ÇK”sı Ədibin adından ona məktub yazır. İki nəfər Bakıya 18 nömrəli məktəbə gəlib məktubu Mirzəbala Məmmədzadəyə çatdırır və deyir ki, Ədib sizdən təcili cavab gözləyir. Təbii ki, “ÇK”nı o dövrdə milli müqavimət hərəkatının gizli üzvləri, bəzi yerlərdəki menşeviklər maraqlandırırdı. Bütün addımları da bu məqsədlə atırdılar. Mirzəbala da məktuba baxır. Ədibin xətti olmadığınl bilib şübhələnir, buna baxmayaraq cavab da yazır. Məktubu poçtalyona verir. Mirzəbala həmin məktubu tənəffüsdə yazır, lakin pəncərədən baxanda görür ki, poçtalyon gedəndə Azərbaycan “ÇK”sının bir işçisi ilə birgə gedir. Bu hadisə 1922-ci ilin noyabrında olub. Mirzəbala o vaxtdan anlayır ki, artıq müşahidə altındadır, gec-tez tutulacaq. Həmin gündən evə getmir. Müxtəlif yerlərdə gizlənir. Qaldığı yerlərdən biri də sonradan mətbəəyə çevrilən Hacıbaba Cəbiyevin evi olub. Ağarəhim Vəkilovun, Yudsevərin evində qalıb. Hər evdə çox yox, cəmi iki-üç gün qalıb. Beləliklə, özünü qoruya bilir. Məlumatlara görə, o, hətta bu aralar Tiflisə də gedib çıxır. Firudin Hacızadə ilə gizli şəkildə görüşür, ona məsləhət və tapşırıqlarını verərək Bakıya qayıdır.

İlk həbs olunan istiqlalçı Firudin Hacızadə olur. Həbsxanada 10 gün qalır. Müstəntiqə deyir ki, “siz məni buraxsanız, mən bir ay müddətində sizə bütün müsavatçların və çekist menşeviklərin siyahısını verə bilərəm”. Müstəntiq də bununla razılaşır. Onu buraxır və nəzarəti itirir. Hacızadə də nə evinə gedir, nə də Tiflisə qayıdır. Onun sonrakı taleyi isə naməlum və qaranlıq qalır. 25 gündən sonra isə yəni, 1922-ci il may ayının 9-da  həyat yoldaşı Şövkət xanım Hacızadə “Yeni fikir” qəzetinin baş redaktoru Böyükağa Talıbzadəyə ərizə yazır. Firudin Hacızadə də orda çalışırdı. Talıbzadə də həmin məktubu Pankratova göndərir. Ona da xəbər verirlər ki, Firudin Hacızadə Zaqafqaziya “ÇK”sı tərəfindən axtarılır. Bax bu informasiyalar onu göstərir ki, Hacızadə özünü xilas etmək üçün “ÇK”nı aldadıb qaça bilir. Bunun özü bir siqnal idi və Bakıda olan təşkilat üzvlərinə məlum idi. Bu siqnal onları ehtiyatlı olmağa çağırırdı.

- AXC devrilmişdi, Sovet bütün gücüylə milli heysiyyatı əsarətdə saxlayırdı. Belə bir dönəmdə gizli istiqlal mücahidləri ruhən boğulmaqda olan cəmiyyətdə mənəvi dirilik yarada bildilərmi?

- Gizli təşkilatın fəaliyyətində xofu rəd etmək, dediyiniz boğulmaların qarşısını almaq üçün Mirzəbala Məmmədzadə belə bir təşəbbüslə çıxış edir: Təşkilatın tərkibində fond yaransın və orda toplanılan pul həbs olunanların ailələrinə paylanılsın.
İstintaq materiallarında belə bir maraqlı  fakt var ki, həmin dövrdə fonda hər ay 220-270 manata qədər pul toplanırmış. Yardım alanların içərisində ən çox kömək olunan adam Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım olub. Ona hər ay 20 manatdan 70 manata qədər pul verirmişlər ki, dolana bilsin. Başqa bütün həbs olunanların ailələrinə gecə ikən yardımlar edilirdi. Mənə elə gəlir ki, həmin dövrdə istiqlal mücahidlərinin ailələrinə yardım güclü idi. Həmin dövrdə çap olunan “İstiqlal” qəzeti isə satışda olmurdu. Ancaq xüsusi ailələrə, təşkilat rəhbərlərinə verilirdi. Həm ailələrə yardım, həm belə bir çətin şəraitdə qəzetin çapı mənəvi diriliyin özü idi.


- Qəzetdə hansı mövzular öz əksini tapırdı?

- Bu çox vacib məsələdir. Qəzetin heç bir nüsxəsi əlimizdə qalmayıb. Bunula belə, istintaq materiallarında qəzetin bütün nömrələri var. Qəzet ən çox Azərbaycanın 27 aprel işğal günündən bəhs edir, burda rus imperializmi qınanır. Bununla bağlı qəzetdə bəyannamə dərc olunur.  Bəyannamənin sonunda isə “Yaşasın müstəqil Azərbaycan!” sözləri əks olunur. Daha sonra 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı həmin qəzetdə kəskin etirazla dolu yazılar dərc olunur. Sonradan da cinayət işlərində biz görürük ki, Dağlıq Qarabağ Muxtar Vilayətinə etiraz edən yazılarla bağlı istiqlal mücahidlərinin bir çoxu dindirilib. Ümumi nəticə bundan ibarətdir ki, həmin məqalələr Mirzəbala Məmmədzadə , Əbdülvahab Yurdsevər, Ağasəlim Rəhimov, Salman Rəhimov tərəfindən yazılıb və imzasız verilibmiş. Qəzetdə bütün yazılar imzasız verilirdi. Yazıların mövzusu AXC-in yaranması, onun bayramları barədə olub. Təbii ki, orda təzyiq altına düşən, işgəncə verilən istiqlal mücahidlərinin ailələrinə yardım barədə də yazılar var idi.

- Bəs bu mənəvi dirilik öz növbəsində milli birliyə çevrilə bildimi ?

- Mənə elə gəlir ki, milli istiqlalçıların gördüyü iş tarixə çevrildi, unudulmadı. Onlar Azərbaycan müstəqilliyi ilə Azərbaycan istilası arasındakı fərqi xalqa, ziyalılara göstərə bildi.
Mən bir fakt  demək istərdim. Əbdürrəhman Dai o vaxt 5 kitabın müəllifi idi. Həmçinin komsomol orqanı olan “Gənc işçi”də çalışırdı. Sonradan “Ədiblər və mühərrirlər” cəmiyyətinin ilk katibi oldu. Əslən Bülbülədən olan evin yeganə övladı Dai həbs olunandan sonra ailəsi Mircəfər Bağırova, Stalinə, Ağamalıoğluna dəfələrlə məktub yazdı. Hətta sənədlərdən birində 100 nəfər bülbüləlinin imzası ilə Stalinə ərizə şəklində müraciət olunub. Yüz nəfər bülbüləlinin o vaxtı Dai üçün imza atması özü böyük bir iş sayılırdı. Baxmayaraq ki, imza atmağın özü belə,  təhlükəli idi. Bu faktın özü göstərir ki, sovet qılıncının hər iki tərəfinin kəsdiyi bir dövrdə kiçik bir qəsəbədən 100 nəfər həbs olunmuş Dai üçün qol çəkirsə, bunun özü milli birliyin nişanəsidir. Bu onu göstəriri ki, camaatımız pisi yaxşıdan, ağı-qaradan seçə bilib və milli istiqlalçılarımızı qorumaq üçün əllərindən gələni etməyə hazır olublar.

- Ancaq insanları buna hazırlamağın özü çətin bir proseduradan keçmişdi...

- Tamamilə doğrudu. Mən başqa bir faktı da diqqətinizə çatdırım. Gizli istiqlal mətbəəsinin yaranmasında əsas rol  oynayanlardan biri Ağasəlim Rəhimov olub. Mən onun qardaşı qızı Əzizə xanımla görüşmüşəm. Əzizə xanım onun özü və ailəsi barədə maraqlı məqamlardan danışdı. Dedi ki, Ağasəlim Rəhimov axşamlar mətbəəyə gedirdi. Həyat yoldaşı Səfurə xanım bir gün yatmır, onu güdür qapıdan çıxan zaman onun qarşısını kəsir. Çünki bilirdi ki, o öz şəxsi mənafeyi naminə deyil, millət üçün hansısa təhlükəli bir işlin dalınca gedir. Yoldaşı ona deyir:

- Ağasəlim mən özüm yetim böyümüşəm, onun əzablarını bilirəm, istəmirəm ki. sənin uşaqların da yetim qalsın.
Cavab verir:

- Mən səni də sevirəm , övladlarımı da amma vətəni, millətimi sizdən də çox sevirəm. Millətimin azad olması üçün indi getməliyəm. Gedir və çox uzun çəkmir. 1923-cü ilin oktyabrın 5-də həbs olunanlardan biri də o olur. Buzlu adalara 3 il sürgün olunsa da, bu 3 illər dəfələrələ artırılır. Bu insanlar 5-10 manata görə o işə qoşulmamışdılar, onlar bilirdilər ki, hansı işin dalınca gedirlər. Onlar bu işlərindən şərəf duyurdular. Çünki bilirdilər ki, gələcək nəsillərin azad yaşaması üçün onların cəfa çəkməyi labüddür. Mənə elə gəlir ki, onlar səhv etmədilər.

- Məşhur üçlüyün Mirzəbala Məmmədzadənin, Cəfər Cabbarlı və Əbdülvahab Yurdsevərin adı bizlərə məlumdu.  O dövrdə başqa hansı  bilmədiyimiz istiqlal mücahidləri var?

- O dönəmin əsas 20 gizli azadlıq mücahidləri bunlardı: Əbdülvahab Zeynalabdin oğlu Məmmədzadə, Cəfər Qafar oğlu Cabbarlı,  Rəhim Əliağa oğlu Vəkilov, Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov,  Əsədulla Hacı Ağa Mirzə oğlu Məmmədov,  Ağa Məmməd İbrahimov,  Novruz Ağa oğlu Ağayev, Qurban İsa oğlu Musazadə, Ağasəlim Əbdüləli oğlu Rəhimov, Əliş Abbas oğlu Əliyev, Əlihəsən Babayev,  Məmmədkərim Heybət oğlu Kəri­mov,  Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov,  Yusif Nəsib Məşədi Əliş oğlu İsmayılov,  Nəsrulla Yusif oğlu İsrafilov,  Məşədi Haşım oğlu İslamov, Salman Məmmədrza oğlu Rəhimov, Hacıbaba Kərbəlayi Hüseyn oğlu Cəbiyev, Ağakərim Əbdülməmməd oğlu Əliyev  Mürsəlqulu Məmmədbağır oğlu İmanov.

Qeyd etdiyimiz kimi, Cəfər Cabbarlı da öncülərdən biri olub. 90 il əvvəl 17 iyul tarixində həbs olunub. O, həmin ağır vaxtlarda məhbəs şeirləri yazıb. Əski əlifbada olan şeiri istintaq materialları arasından tapmışam.

(Modern.az saytı şeiri dünən oxuculara təqdim edib-red)

C.Cabbarlının öz xəttilə “Açan-solan çiçəklər”in sonunda ərəb qrafikası ilə “F.K. 19” yazması çox ehtimal ki, Fövqəladə Komissiya ( rus dilində Çerezvıçaynaya Komissiya) adının baş hərflərinə, “19” isə həmin idarənin məhbus saxlanılan 19 saylı kamerasına işarədir. “Açan-solan çiçəklər”i mübaliğəsiz sovet döv­rünün həbsxana poeziyasınının ilk dəyərli nümunələrindən biri hesab etmək olar.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər