Modern.az

Atam Qabilə məktub

Atam Qabilə məktub

20 İyul 2013, 20:28

Əzizim, papa! Salam. Necəsən? Bizdə hər şey yaxşıdır. Həminki sən görən dünyadır. Zayı çıxa-çıxa gedir. Daha dəqiq desəm tarix təkrar olunur. Simalar, paltarlar, quruluşlar, bir sözlə fiziki hər şey dəyişir, inkişaf edir. Məzmun, məna, fikir necə var elədir. 100 il, 5 əsr, 1000 il, 100 əsr bundan əvvəl olduğu kimi. Hamı bir qarına çalışır. Kimi bir qarına çalışıb 10 nəfər dolandırır, kim isə minini. Qarnı yarı ac, yarı tox olanlar da var. Amma şükür... əminamanlıqdır, sakitçilikdir. Qara-qışqırıqlar isə - Səməd Mənsur demişkən -  “Rəngidir”.

Sən tökdüklərini bir- bir yığıram. Demək olar ki, başa çatdırmaq üzrəyəm. Bir azdan özüm başlayacağam tökməyə ki, məndən sonra gələnlər yığmağa başlasınlar. Bircə şeydə tərəddüd eləyirəm.

Yadındadırmı, hər dəfə rayona gedəndə deyirdin: “Gedək, gələk. Küçədə qarşıma çıxan ilk dilənçiyə 1 rubl verəcəyəm”. Edirdin də. Sonra 1 rubl “1 məmməd” oldu, daha sonra “1 şirvan”. Prezident təqaüdü alanda isə hər dəfə mamaya  “5 şirvan” verirdin ki, “apar Təzə Pir məscidinin yanında duran dilənçilərə payla. Nəzərdən, xata-baladan uzaq olaq”. İnamın var idi, inanclı idin, Allaha inanırdın. Hamısı da deyirdi: “Allah qəbul eləsin!”

Günlərin bir günü sənə etiraz etdim. Dedim ki, “Bu nə deməkdir ki, “gedim –gəlim... 1 manat nəzir verəcəyəm”. Kiminlə şərt kəsirsən?”. Ağlına batdı. Artıq bu sözü demirdin. Qarşına çıxan dilənçiyə, ehtiyacı olanlara pul paylayırdın. Kafe, restoranlarda yazıçı, şairlərə qonaqlıq verirdin. Onları taksi ilə evlərinə yola salırdın. Qapına gələni ümidsiz yola salmırdın. Böyük pulun olmasa da, böyük ürəyin vardı. Hamısı da bir ağızdan deyirdi: “Allah qəbul eləsin!”, “Allah əvəzin yetirsin!”

Hər dəfə qurban kəsməyə gedəndə etiraz edirdim. “Gedin! Amma mənsiz”. Pisimə gəlirdi. Qurban kəsmək yox. Mən indi də qurban deyəndə Mirmövsüm ağanın ziyarətgahına deyirəm. Sadəcə qurbanlığı evə gətirmək, onu pay-puş edib qonşular, qohumlar arasında paylamaq pisimə gəlirdi. Günlərin bir günü buna da etiraz etdim. Ağlına batdı. Mən deyənlə razılaşdın. Mirmövsüm ağa ziyarətgahına getdik. Qurbanlığı kəsdirdik. Və bütövlükdə gətirib 3 saylı uşaq evinə pay verdik. Özün də razılaşdın ki, qurbanlıq ətə qonşularımızın, qohumlarımızın yox, kimsəsizlərin ehtiyacı var. Savabı belə qazandıq. Yetim uşaqlar da bir ağızdan dedi: “Allah qəbul eləsin!”

İndi deyəcəksən ki, bu sahədə həyat məktəbi keçmisən. Hər şeyi bilirsən. Bəs nəyə tərəddüd edirsən?

O gün Fəxri Xiyabana getmişdim. Dostumla qəbrini ziyarət edirdim. Məzarının üstünə 5 manat pul qoydum. Qulağım səsdə idi. Həmişə eşitdiyimi – “Allah qəbul eləsin!” sözlərini - eşitmək istəyirdim. Amma olmadı. Əvəzində

-  Mahir, neyləyirsən?

-  Atamın qəbrinin üstünə nəzir qoyuram.

-  Niyə?

-  Necə yəni niyə? Niyyət edirəm. Məni dünyaya bəxş edib. Uşaq bağçasına aparıb gətirib. Xəstələnəndə yatağımın başından çəkilməyib. On il məktəbdə oxudub. Ali məktəbə qəbul elətdirib. İki il əsgərlik dövründə narahat gecələr keçirib. İşə düzəldib. Ev alıb. Maşın alıb. Adı, familiyası məni həmişə hifz edib. Mənə görə həmişə narahat olub. Evləndirib. Ailə başçısı edib. Uşaqlarıma anasının, sonasının adını qoyub. Nəhayət varis edib, miras qoyub. Mən onun ruhuna pənah aparmayacağamsa, bəs nə etməliyəm? Sağlığında qoruyubsa, qoy indi də ruhu kömək olsun, hifz etsin.

-  Axı, pulu qoyacaqsan, kimsə götürə bilər.

- Bəs digər yerlərə nəzir deyəndə, qutuya pul atanda,  götürüb paylamırlar? Qurban deyəndə onu kimsəsizlərə, ehtiyacı olanlara vermirlər? Nəzir də, qurban da ruha deyilir. Nəzir-niyaz, fitrə kasıba verilir. İndi bura qoyduğum pulu kim götürə bilər ki? Əlbəttə ki, kasıb-küsub, ehtiyacı olan. Bir də ki, pirlərə, məscidlərə, müqəddəs yerlərə nəzir  desəydim, qurban kəssəydim, ay dost, nə deyəcəkdin?

- Allah qəbul eləsin!

- Bəs  indi niyə demirsən? İnsan üçün valideynin ruhundan müqəddəs nə var ki?

- Bağışla, bilmədim. Allah qəbul eləsin.

Papa, indi bilmirəm, düz eləmişəm, ya yox? Nəzir demişəm. Özü də sənin məzarının başında.  İstədiklərim də eynən sən istədiklərindir. “Allah hamımızı xata-baladan, bəd nəzərdən uzaq eləsin”.  
Yəqin sözlərim sənə çatdı. Digər ata və analar da sənə qoşuldu. Fani dünyada deməsələr də, haqq dünyasında Siz dediniz: “Allah qəbul eləsin!”

Hörmətlə: Oğlun Mahir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər