Modern.az

Sən öz ad gününə gəlmədin niyə?..

Sən öz ad gününə gəlmədin niyə?..

23 İyul 2013, 14:51



Quliyev Orxan Rzaqulu oğlu. 23 iyul 1974-cü ildə anadan olmuşdu. Öz ömrünə, bu ömrün parlaq sabahına, öz bəxtəvərliyinə düz 29 il idi ki, yol gəlirdi. Bitib-tükənməz arzularla. Bu arzuların nə əvvəli, nə də sonu vardı. Orta məktəbdə – Bakının Nərimanov rayonundakı 200 saylı məktəbdə əla oxumuşdu, hamının istəklisi olmuşdu: müəllimlərinin də, sinif yoldaşlarının da. Ustəlik, orta məktəbdə rəssamlıq və karate ilə də məşğul olmuşdu.
1991-ci ildə orta təhsilini başa vurmuşdu. Sonra çox nüfuzlu iki ali məktəb bitirmişdi: Azərbaycan Dövlət Neft Akademiyasını və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını.
1996-cı ildən 2001-ci ilə qədər Milli Təhlükəsizlik Xidmətinin operativ işçisi olmuşdu. 2001-ci ildən 2004-cü ilə qədər isə Respublika Vergilər Nazirliyinin Bakı şəhər Departamentində baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdı. Hər yerdə yarıtmışdı iş-gücünü, ona olan inamı doğrultmuşdu. Beləcə, illərlə çəkdiyi zəhmətin, aldığı təhsilin bəhrəsini təzə-təzə görməkdəydi, gəncliyinin çiçəklənən çağındaydı, yüksəlişin iki addımlığındaydı...



Sən demə, elə hər şey bura qədərmiş. Burdan beləsi yoxmuş Orxan üçün. Hər şeyin üzü dönükmüş: elə arzuların da, bəxtin, taleyin də.
2004-cü il mayın 1-də qəflətən vəfat etdi...

Ömrün ilk sevinci ilə son akkordu arasında zaman kəsiyi heç tamam-kamal 30-a da çatmadı. Amma bu az ömrün yükü o qədər ağır və ağır olduğu qədər də çəkilməz olub ki: onu sevənlərin hər biri üçün. Ən çox da anası Zərifə xanım üçün. Zərifə xanım o vaxtdan əlinə qələm alıb, “çəkilməz dərdi”ni şeirlərə səpələyib, kitablara danışıb. Bunlar isə tək özünə yox, həm də dərdin əlində naçar qalan bütün analara təsəlli olub...

Zərifə xanım üçün təsəlli olan, həm də Orxanın gözəl yadigarı – oğlu Ayxandır...

Bu gün isə Orxanın ad günüdür. 39 yaşı tamam olur. Amma 9 ildir ki, ad günü onsuz qeyd olunur...



Modern.az Zərifə Orxanın “Ömrün son baharı” kitabından oğluna həsr etdiyi şeirlərini təqdim edir.    

ÇİÇƏKLƏR SOLDU

Çiçək əkdim

sənin üçün...

Yaman vaxtsız soldu.

Bəlkə, çiçəklər solduğu üçün

Arzularım çiçək açmır.

Əlim sənə çatmır...

Ürəklə gördüyüm işlər,

ürəyimi açmır...

 

İllərdir çıxa bilmirəm 

özüm özümdən yuxarı.

Bu gül də açılmır ürəyim kimi...

Çiçəyi bükülür ömrümün,

qönçəsi tökülür gülümün...

Sənə əlim çatmır...

Ürəklə gördüyüm işlər,

ürəyimi açmır...

 

İnandım ömrüm boyu nağıllara,

hey gözlədim düşəcək göydən üç alma.

üçümüzün alması.

Düşmədi...

Gəlmədi ömrümün üç alması,

əlim çatmadı o qismətə...

 

İndi də

əlim sənə çatmır.

Ürəklə gördüyüm işlər,

ürəyimi açmır...

 

* * * *

 

GERİ DÖN...

 

Sənsizlikdə yadırğadım,

            sevincimi, gülüşümü,

                        alışdım həsrətə.

Sənsizliyə alışmaram heç

                                   geri dön...

 

Yoxluğuna necə dözüm,

Necə dinim, necə gülüm?

Qıyma, həsrətdən alışıb

kül olum.

Sənsizliyə alışmaram heç

                                   geri dön...

 

Bil, ömrümün gül bağçası talanmış,

Sənsiz ömür mənasızmış, yalanmış.

Bu dünya da əfsanəymiş, nağılmış

Sənsizliyə alışmaram heç

                                   geri dön...

 

Qəlbim dönüb buza, hisslərim daşa,

Bu ömrü birlikdə vurmadıq başa.

Görənlər söyləyir: barı sən yaşa...

Sənsizliyə alışmaram heç

                                   geri dön...

 

İnamım qalmayıb daha heç nəyə,

Ümidim puç olub, çəkilib göyə.

Günlərim bükülüb bir göy əsgiyə,

Sənsizliyə alışmaram heç

                                   geri dön...

                                   geri dön...

 

* * * *

 

 

YENƏ ÜŞÜYÜRƏM...

 

Payız gözlərimə axar sel gətirdi,

əsdi küləklər,

xəzan oldu yarpaqlar.

Yenə üşüyürəm,

yaman üşüyürəm...

 

Qış saçlarıma dümağ sığal çəkdi,

Üzümə kədərdən toxunmuş pərdə çəkildi.

Ömrümüm vaxtsız qışı gəldi.

            Yenə üşüyürəm,

yaman üşüyürəm...

 

                                   * * * *

АХ! YENƏ O GÜNLƏR OLAYDI, NOLAR...

 

Yuva qurub arzularla yaşadıq,

Sevinci də, qəmi də bir daşıdıq.

Hərdən elə bildim, vallah, yaşıdıq,

Ax! Yenə o günlər olaydı, nolar...

 

Düşmən oldu bizə bu tale, bu bəxt,

Bu, necə yazıymış, bu necə qismət?

Ağlımı başımdan alıbdı həsrət,

Ax! Yenə o günlər olaydı, nolar...

 

Sən gedəli qəlbim ocaq tək yandı,

Çırtıltısı ərşə qalxdı, dayandı.

Öz oduma kürəyim qaysaqlandı,

Ax! Yenə o günlər olaydı, nolar...

 

Ağlamaqdan kor olubdu gözlərim,

Taqətdən düşübdü, vallah, dizlərim.

İndi sənə çatmır, çatmır sözlərim,

Ax! Yenə o günlər olaydı, nolar...

 

İndi harayımda, ünümdəsən sən,

Dərdimin dilbilməz günündəsən sən.

Gözümün önündə, önündəsən sən,

Ax! Yenə o günlər olaydı, nolar....

 

Arzularım qulaq asmır sözümə,

Xəyallar qururam özüm-özümə.

Səndən başqa kimsə gəlməz gözümə,

Ax! Yenə o günlər olaydı, nolar...

 

Bircə şirin kəlmə deməyin yetər!

Gözümün yaşını silməyin yetər!

Sənsizlik mənimçün ölümdən betər!

Ax! Yenə o günlər olaydı, nolar...

 

Göz yaşım sel oldu, qayıt, nə olar,

Gölləndi, göl oldu, qayıt, nə olar.

Günlərim il oldu, qayıt, nə olar,

Ax! Yenə o günlər olaydı, nolar...

 

Görəsən, o günlər olarmı bir də?..

 

                        * * * *

 

YAZIM PAYIZ OLDU...

 

Yazım payız oldu,

            payızımsa qış.

 Axar sular buz bağladı...

 

Çiçəklər soldu,

Qönçələr açılmadan qurudu.

Ürəyim sızıldadı,

            Gözlərim ağladı...

 

Yoxluğun od vurdu,

            yandırıb yaxdı...

Gözlərimdə yaş olub,

Dərdim üzümə axdı...

            Üzümü dağladı...         

 

* * * *

                        AĞZIMIN DADI İDİN, ÇÖRƏYİMİN LƏZZƏTİ...

 

Ağzımın dadı idin, çörəyimin ləzzəti,

Qəlbimin odu idin, biləyimin qüvvəti.

İtib sənli günlərin qoxusu, təravəti,

Bu, nə gediş idi, getdin, bilmədim...

 

Ümidlər qırıq-qırıq, arzular pərən-pərən,

Ömür yolu yarımçıq, həyatımız köndələn.

Mənim tək yaralı varmı heç görən,

Bu, nə gediş idi, getdin, bilmədim...

 

Hara getdik, cüt getdik, cüt göründük hər yerdə,

Səninlə yollar keçdik, yenə döndük bir yerdə.

Tuş gəldik ayrılığa, hərəmiz bir tərəfdə,

Bu, nə gediş idi, getdin, bilmədim...

 

Bax, ananın gül bağçası talanmış,

Sənsiz ömür mənasızmış, yalanmış.

Bu dünya da əfsanəymiş, nağılmış...

Bu, nə gediş idi, getdin, bilmədim...

 

                        * * * *

YENƏ SƏNİ GÖZLƏYİRƏM....

 

Yenə səni gözləyirəm,

gəlməsən də...

Yenə səni səsləyirəm,

 dinməsən də,

                        səsimə səs verməsən də...

 

Yenə üzünü görmək istəyirəm,

gül üzünü,

Bunu məndən əsirgəsən də...

Təbəssümünü görmək istəyirəm,

şirin təbəssümünü...

Gözlərini gözlərimdən gizlətsən də...

 

Gülüşünü eşitmək istəyirəm,

yalnız sənə məxsus olan gülüşünü...

Yerişinə baxmaq istəyirəm,

yalnız sənə məxsus olan yerişinə...

 

Yenə dönməyini istəyirəm,

evimizə-eşiyimizə dönməyini...

Məni sevindirməyini istəyirəm,

                        Ananı sevindirməyini...

           

Yenə... Yenə... Eh, bu xəyalar nə əbəs... 

Bir tənha limandır ömrüm sənsiz və səssiz,

                        nə gələni, nə gedəni...

 

Elə bil and içmisən dönməyəcəyinə,

gəlməyəcəyinə,

məni sevindirməyəcəyinə...

 

Elə isə.... bəlkə, mən gəlim....

səni sevindirim, 

Öz əlimdə olsaydı,

                        nə vardı ki...

Amma gözləyirəm...

                        gözləyirəm...

Həsrətlə gözləyirəm

                        Sənə gələcəyim günü....

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır