Modern.az

Məti və Tükəzbanın sevgisi

Məti və Tükəzbanın sevgisi

Ədəbi̇yyat

23 İyul 2013, 20:28

- Məti.

- Can, Məti.

- Necəsən?

- Ay can? Yaxşıyam.

- Sən necəsən?

- Nə qədər ki, sən yanımdasan...  yaxşıyam

İlk tanışlıqlarları 1950-ci ildə, toylarının gecəsində belə başlamışdı. O gün ilk dəfə görmüşdülər bir-birilərini. Bəyənmişdilər. İlk dəfədən necə can demişdilərsə, ömürlərinin axırınacan beləcə davam etmişdi. İndi ikisi də dünyada yoxdur. Məzarları da yanaşıdır. Üstünə şəkilləri həkk olunub. Məti  gülümsəyir. Tükəzban isə qıyğaçı baxıb sanki naz edir. Qəbirlərinin üstünə gələn də yoxdur. Ancaq Novruz bayramında yada düşürlər. Sinələri üstünə səmənilər, xonçalar düzülür. Rəngbərəng şamlar yandırılır. “Ata-ana” səsləri eşidilir. Bir-iki damcı da göz yaşı. İldə-ayda bir dəfə “baba-nənə” sözləri də olur. Yox onlara demirlər. Qızları, oğlanları artıq qocalıblar. Onları belə çağırırlar. Öz nəvələri isə başqa aləmdədirlər. Şəhərdədirlər. İrəli gedirlər. İrəli getdikcə də köklərindən uzaqlaşırlar. Kənd qəbiristanlığındakı Məti-Tükəzban köklərindən.

Hələlik isə 1950-ci ildir. Arzular yenicə doğulur.

- Ay Tükəzban, inşallah çoxlu uşaqlarımız olsun.

- Olsun...

- İlk övladlarımıza atamızın-anamızın adların qoyarıq. Bizi böyüdüblər, ailə yiyəsi ediblər.

- Düz deyirsən.  Nə qədər sağdırlar, qoy baxıb fərəhlənsinlər. Övladlarımız da görsün ki, nəsli bu cür də yaşatmaq lazımdır. Ad nəsildir, sülalədir, şəcərədir.

- Əvvəllər yaxşıydı... babanın adı familiya olurdu. İndi bu adət pozulub. Amma gözəl səslənirdi ya – “babamın adı mənim soy adımdır”. Nə gülürsən?

- Amma çox qəribə səslənir e... Nəvəmizin adı Tükəzban Mətiyeva.

- Nəyi gülməlidir ki...

İllər keçdi. Ailənin bir qızı oldu. Sonra ikinci qız, üçüncüsü, dördüncüsü, beşincisi. Hamısına gözəl adlar verirdilər. Kənddə hamı qıza pis baxırdı. Dördüncü olan kimi “Yetər”, “Qızbəs”, “Qızqayıt” kimi adlar işə düşürdü.  Mətiylə Tükəzbanın isə sevincinin həddi-hüdudu yox idi. Allah payıdır deyirdilər. Çox da istəyirdilər. Qızlarına yaxşı baxırdılar. Sonra iki oğul payı gəldi. Dalıyca yenə qızlar. Eyni gözlə baxırdılar hamısına.

Zaman ötdü, il dolandı. Qızların köçmə vaxtı çatdı. Cehizlərin bol elədilər ki, qızları qaynananın, baldızın tənəsinə tuş gəlməsinlər. Həm də el var, oba var.

Günlərin bir günü balaca qız muştuluğa gəldi. Məti kişi özünü eşitməzliyə vurdu. Ayıbdır axı. Nə deyərlər. Amma ürəyində gülürdü. Uçmağa qanadı yox idi. Baba olacaqdı. Fikirləşirdi ki, oğlan olsa onun, qız olsa Tükəzbanın adın qoyarlar. Bu arzunu ər-arvad 9 ay ürəklərində gəzdirdilər. Nəhayət o sevincli gün. Amma pərt olmuşdular. Yadlarından çıxartmışdılar ki, bu onların qız nəvəsidir. Əmr-fərman oğlan evindədir. Adı da onlar qoydular. Heç Mətinin fikrini də soruşmadılar.

İkinci qızda da belə oldu, üçüncüdə də, dördüncüdə də, beşincisi də. Nəvələr, adlar yan-yana düzüldü. Oğlanlı-qızlı. Amma aralarında nə Məti vardı, nə də Tükəzban.

Nəhayət oğlanlardan böyüyünün evlənmək vaxtı çatdı. İnstitutu, əsgərliyi bitirib kəndə qayıtdı. Toy çaldırdılar. Ailə sahibi oldu. Uşaqları dünyaya gəldi. Məti bir-iki dəfə söz saldı ki, “bəs nəvəmə öz adımı verəcəyəm”... pərt oldu. Gəlin-qızlar, nəvələr pıqqıllaşdılar. Üzünə deməsələr də, qulağına çatırdı. “Məti də ad olar. Ya da ki Tükəzban. Day denən uşaqların bağçada məktəbdə günü olmayacaq da. Birinə Məticik deyəcəklər, birinə də Tükəzban nənə. Nə çox şair, yazıçı adları. Kino, bədii əsər qəhrəmanları. Afrodita, Kleopatra, Şəhrizad, lap Qətibə də olar. Amma nəbadə Tükəzban , yaxud da Məti”.

Məti də, Tükəzban da pərt olmuşdular. Övlad böyüt, boya-başa çatdır. Sonra da məsxərə obyekti ol. Axı bu adlar onların babasının-nənəsinin adlarıdır. Nəyi pisdir ki... Yenə də ümidlərini itirmirdilər. Hərdən nəvələrindən birinə “Sən mənim Mətimsən”, “Sən mənim Tükəzbanımsan” deyə müraciət edirdilər. Oğul-gəlin dinmirdi. Bilirdilər ki, nə desələr də doğum şəhadətnaməsindəki adlar tam başqadır. Ceyrandır, Qumraldır, Maraldır, Sonadır, Turacdır, Süsəndir, Sünbüldür, Lalədir, Qərənfildir, Qızılgüldür, Aslandır, Bəbirdir. Bir sözlə hamısı heyvan, bitki adları... bircə - iraq-iraq Məti və Tükəzban deyil.

İkinci oğul da evləndi. İlk uşağı oldu. Qanacaqlı idi. Şəhərdə yaşamasına baxmayaraq kəndə gəldi. Uşağa qoyacağı adı atasıyla  məsləhətləşməyə görə...

- Ata bilirsən də, Türkiyəylə artıq sərhədlər açılır. Artıq soy kökümüzə qayıdırıq. Bir-birimizə “yoldaş” yox, “bəy” deyə müraciət edirik. Sovet dağılır, müstəqilliyimizi əldə edirik. Həyatımızda yeni səhifə açılır. Ona görə də məsləhət belədir ki, adın...

Qocanın qulaqlarında “Məti” adı cingildədi, əks-səda verdi. Axı, oğlu soy-kökündən danışırdı. Amma sevinci uzun çəkmədi

- ...adını Məhəmmədəmin qoyaq. Məhəmmədəmin Rəsulzadənin şərəfinə.

Məti dinmədi. Sükutu Tükəzban pozdu. “Yekə oğlan olsun, adıyla böyüsün. Məhəmmədinin toyunu görək”.
Kişi də özünü sındırmadı, qırışığı açıldı, arvadına qoşuldu. Amma ürəyindəki arzusunu öldürmədi.  Ən çox sevinən isə gəlinləri idi.

Vaxt keçdi. İkinci oğlan da dünyaya gəldi. Buna da Atatürk adı qoydular. Qız dünyaya gəldi. Bu dəfə Məti dözmədi. Amiranə “uşağın adını Tükəzban” qoyacağam dedi. Bunu eşidən gəlin fors edib otaqdan çıxdı. Oğlu da onun dalıyca. Amma qonşu otaqdan səsləri aydın gəlirdi. “Mən gül kimi şəhər uşağına Tükəzbandır, Xoruz banıdır, nədir qoya bilmərəm. “Ayyıldız”dır mənim qızım. Vəssalam”.

Qocalar dinmədi. Eşitdiklərini də biruzə vermədilər. Adlarını “Məti”, “Tükəzban” çağırdıqları nəvələri yanlarındaydı. Babalarının, nənələrinin ayaqlarını qucaqlayıb oturmuşdular.

- Baba, bax, mənim uşaqlarım olanda Sizin adınızı qoyacağam. Nənəmin, bir də sənin.

Məti gülümsəyirdi. O günü görəcəkdimi? Bilmirdi. Amma yenə sevinirdi ki, adı yaşayacaq. Adları yaşayacaq.  

Üstündən illər keçdi.  Artıq nəticələri dünyaya gəlməyə başlamışdı. Azərbaycan da artıq müstəqil dövlət idi. Adlar da müasirləşmişdi. Nəhayət sevimli nəvəsinin oğul payı dünyaya gəldi. Zəng elədi ki, doğum evindən çıxan kimi gəlin birbaşa kəndə. Xeyir-dua verəcəyəm. Gəldilər.

- Baba, xeyir-dua ver. Gəlin hamilə olanda yuxu görmüşdü. Görmüşdü ki, müqəddəslərdən biri deyir ki, “sənin bir oğlun olacaq. Ona öz adımı qoyuram – Yusif”.

Məti çətin vəziyyətə düşmüşdü. İnanclı, etiqadlı adam idi. Bu həqiqət idi, yoxsa gəlinin quraması ... bilmirdi. Amma şəkk gətirə bilməzdi.

- Nə deyirəm ki, a bala, müqəddəs addır. Adıyla böyüsün.

İkinci uşaq da oğlan oldu. Bu dəfə adın Polad qoydular. Demə gəlinin atası “Qurdlar vadisi” serialının pərəstişkarıymış. Ona görə də başkəsən Polad Ələmdarın şərəfinə nəvəsinin adını Polad qoyub. “Qoy vurub-yıxan olsun. İndiki dövrdə nəslə belələri lazımdır”.

Nəhayət üçüncü oğlan.

- Baba, bu uşağın da adını qoymaq istəyirik Mə...

Məti “Mə” başlanğıcını eşitcək kövrəldi. Axır ki, arzusu həyata keçirdi.

- Uşağın adını qoymaq istəyirik Mə...

- Məti, - deyə baba artıq  dözmədi.

- Yox, baba, Məti yox.

- Bəs nə?

- Mətə.

- Mətə nədir, a bala.

- Mətə də... “Öylə bir keçər zaman ki...” serialında Əli Kapitanla, Cəmilənin oğlu – gitara çalan.

- Niyə axı “Mətə”? Ancaq  “Məti” yox. Axı mən sənin babanam, uşağının ulu babasıyam. Balaca olanda da deyirdin ki, “baba, bax, sənin adını oğluma qoyacağam” Bəs indi nə oldu? Mətə sizin nəyinizdir? Cəmilə kimdir, Əli Kapitan kim?

- Baba, bu müasir adlardır. Arvad da, qaynanam da bütün həftəni oturub bu serialı gözləyirlər. Mətəyə bir çırtma dəyəndə ağlayırlar, o güləndə sevinirlər.  Mətə özü də gözəl oğlandır. Təki uşaq da ona oxşasın. Bütün qızlar öləcək oğlumçun.

Məti kişi heç nə demədi. Bu qoca yaşında artıq təsdiqini tapmışdı. “Adı zibil, özü kifir”. Day kimə lazım idi ki... bircə Tükəzbandan başqa.

Beləcə illər keçdi. Mətinin 10 uşağı, 50 nəvəsi, 60 nəticəsi, 10 kötükcəsi dünyaya gəldi. Heç birinə də adın verə bilmədi. Öldü. Tükəzban da öldü. Yanaşı basdırdılar. Uşaqları qara qranitdən başdaşı qoydular. Şəkillərin üstünə həkk etdilər. Övladları axır ki, onların ilk və yeganə arzularını həyata keçirdilər. Ölümlərindən sonra olsa da adlarını əbədiləşdirdilər. Qara baş daşlarından birinə Məti, birinə isə Tükəzban adı verdilər.

Artıq qəbir üstünə gəlib-gedən də yoxdur. Beləcə bir-birlərinə sığınıb yatırlar qocalar. Sanki  hərdən-bir səsləri gəlir. Şəkilləri danışır. İlk dəfə bir-birlərini gördükləri toy gecəsindəki  kimi.

- Məti.

- Can, Məti.

- Necəsən?

- Ay can? Yaxşıyam.

- Sən necəsən?

- Nə qədər ki, sən yanımdasan...  yaxşıyam.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı