Modern.az

“Məşhurların vəsiyyəti” - Mövlanə Cəlaləddin Rumi: Toy-düyün gecəsinə çevrilən ölüm

“Məşhurların vəsiyyəti” - Mövlanə Cəlaləddin Rumi: Toy-düyün gecəsinə çevrilən ölüm

24 İyul 2013, 10:01

O, bəşəriyyətin düşüncə tərzini dəyişən insanlar sırasında beşinci yerdədir. Zaman keçir, əsrlər bir-birini əvəz edir amma o,  get-gedə müasirləşir. İnsan mənəviyyatı hər dəfə təzələnərkən o da, yəni,  Mövlanə Cəlaləddin Rumi də təzələşir. Təsadüfü deyil ki, Rumi bu gün dünya miqyasında kitablarının satış sayına görə Şekspiri belə qabaqlayır. XXI əsrin insanı özünü XIII əsrin filosofunda  tapır.

Modern.az saytı “Məşhurların vəsiyyəti” rubrikasından növbəti yazını təqdim edir. Orta əsr İslam Şərq filosofu, mövlavilik cərəyanının banisi Mövlanə Cəlaləddin Ruminin digər kəlamları kimi ölüm ərəfəsində vəsiyyət şəklində dostu Siracəddinə və oğlu Sultan Vələdə  dediyi sözlər də ibrətamizdir.   

Mövlanə öz ölüm gününü “Şəb-i Arus” elan etmişdi. Hərfi tərcüməsi toy gecəsi deməkdir. Çünki, həmin gün Mövlanə öz sevgilisinə-Rəbbinə qovuşacaqdı. Doğum gününü “Allah qatından ayrılma” olaraq görən Mövlanə üçün əslində doğuluş bir ölüm idi. Və 1273-cü ildə Mövlanə öz Rəbbinə qovuşdu.

Əvvəlcə onun ölürkən  dostuna dediyi sözlər:

"Mən sizə, gizli və açıq  Allahdan qorxmanızı, az yemək  az yatmaq  az danışmağı vəsiyyət edirəm. Günahlardan çəkinmənizi, oruc tutmağa və namaz qılmağa davam etmənizi,

daim şəhvətdən qaçmağınızı,   xalqın əziyyət və cəfasına dayanmanızı avam və səfehlərlə deyil , kərəm sahibi olan saleh kəslərlə birlikdə olmanızı vəsiyyət edirəm.

İnsan üçün ən xeyirli iş  onun başqa birilərinə faydasının  toxunmasıdır.

İnsan üçün ən xeyirli söz isə  az deyilən  və öz həmin adamın öz ruhundan gələn sözdür.

Həmd, tək  olan Allaha məxsusdur.

Tövhid əhlinə salam olsun".

Daha sonra isə özündən sonrakı varisi dövrün filosofu olan sultan Vələdə üzünü çevirir:

"Ey oğlum! Sənə vəsiyyət edirəm ki:

 Elm, ədəb və təqvaya  tapın.

 Hər zaman keçmiş din böyüklərinin əsərlərini araşdır.

 Əhli-sünnə və  camaat yolundan ayrılmamaq vəzifə olsun.

 Fiqh (İslam hüququ) və Hədis-i şərifi öyrən,

 cahil sufilərdən olma.

 Namazı hər zaman camaatla qıl, lakin imam və müəzzin olma.

 Şöhrət istəmə, çünki şöhrət  insana zülm edər.  Yüksək mövqeyə bağlı olma.

 Yazdığın şeylərdə adını yazma.

 Məhkəmədə hakim hüzuruna çıxma.

 Kimsəyə zamin olma.

 Xalqın işlədiyi işlərə qarışma.

 Dövlət böyüklərinin uşaqlarıyla yoldaşlıq etmə.

 Təcrid olunmuş çəkilmə, tək qalma.

Çox  danışma, çox dinlə. Çünki  çox söz eşitmək ürəyə nifaq verər.

 Sözü inkar etmə. Onu söyləyənlər  və ona  sahib çıxanlar  çoxdur.

Xalqın pislik və əyrilərindən aslandan qaçar kimi qaç.

Qadınlardan və dinində yanlış olanlardan  çəkin.

Hər kəslə, əsasən də  zənginlərlə söhbət etmə (oturub qalxma).Halal ye və şübhəlilərdən kənar ol.

Dünya malına qapılma. Dünya arzusu dinin hədər olmasına səbəb olar.

Çox gülmə və qəhqəhə çəkmə. Çünki çox gülmək ürəyin ölümüdür.

Hər kəsə  şəfqətlə bax. Xainliklə baxmaq cahillərin işidir.

Xaricini bəzəmə. Çünki zahirin  bəzəyi  ürəyin, ruhun xarab olduğunu göstərir.

Başqalarıyla mübarizə etmə və heç kimdən bir şey istəmə.

Alimlərə, övliyalara bütün varlığınla  xidmət et.

Din böyüklərinin hallarını yüksəldiyi məqamları inkar  etmə. Çünki inkar edənlər rahat və qurtuluş üzünü görə bilməzlər".

Yenə ölməsinə yaxın dostu Siracəddinə həm yaxşı, həm də çətinlikli zamanlarında oxuması üçün bu duanı oxumasını tövsiyə edib:

Böyük övliya vəsiyyətini tamam edərkən üzünü Allaha tutub:

"Ya Rəbbi! Sənə vəsilə olan sağlamlığı, səni bol-bol təsbeh etmək üçün istəyirəm. Ya Rəbbi! Mənə, nə Sənin zikrini unutduracaq, Sənə olan şövqümü söndürəcək, Səni təsbeh edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəliyə uğratma.  Məni Səndən azdıracaq,  şər və zərərimi artıracaq bir səhhət bəxş etmə. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!”.

 

Bu onun son sözləri olsa da Mövlanə Cəlaləddin Rumi 8 əsrdir ki, insanlarla danışır.

 

Elmin Nuri      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı