Modern.az

Sənətçilərin biznesi: kimlər təkcə toydan qazanılan pulla dolanmır... - ARAŞDIRMA

Sənətçilərin biznesi: kimlər təkcə toydan qazanılan pulla dolanmır...  - ARAŞDIRMA

24 İyul 2013, 11:25

Sənət elə bir şeydir ki, gənclik, təravət, enerji tələb edir. Məsələn, yaşı 60-ı  keçmiş hansısa aktyor, yaxud müğənni ya heç kimə lazım olmur, ya da ki əvvəlki gücünü sərgiləyə bilmədiyindən meydandan çəkilməyə məcbur qalır. Elə bu üzdən də bir çox sənətkarlar kiməsə möhtacdırlar. Amma elə sənət adamları da var ki, gələcəyini indidən düşünüb.

Modern.az saytı sənət adamlarının biznes fəaliyyəti ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik.

Müğənni İlahə Fəda böyük təsərrüfata sahibdir. Əldə etdiyimiz məlumata görə, bu təsərrüfata 1000-dən artıq iri və xırdabuynuzlu heyvan saxlanılır. Hətta sənətçi bu barədə qonağı olduğu verilişlərin birində dolayı etiraf da etmişdi.

Keçmiş müğənni Ruhiyyə Əliyeva (Ruhi) isə zinət əşyalarının satışını qurub. İllərdir ki, bu işlə məşğul olan Əliyevanın dövriyyəsindəki pul milyonlarla ölçülür. Əldə etdiyimiz məlumata görə, onun bu biznesinin formalaşmasında keçmiş həyat yoldaşı, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimovun da maddi dəstəyi olub.

Müğənni Elçin Hüseynov isə bir neçə restorana sahibdir. Amma onlardan yalnız birinin adı ictimaiyyətə məlumdur. Belə ki, “Niel” adlanan saray uzun müddətdir ki, sənətçinin varidatı siyahısındadır. E.Hüseynov özü də burda keçirilən məclislərdə müğənni qismində iştirak edir.

Xalq artisti Ağadadaş Ağayev bir zamanlar Bakıda məşhur olan “Büsat” şadlıq sarayının sahibidir. Yadınızdadırsa, illər öncə bir qrup fəhlə sənətkarın obyektində işlədiyini, lakin pullarını ala bilmədiklərini bildirmişdilər. Hətta o vaxt məsələ mətbuatda geniş müzakirəyə səbəb olmuşdu. Təqdirəlayiq haldır ki, sənətçi zaman-zaman “Büsat”da xeyriyyə işlərinə də qol qoyur.

Müğənni Nüşabə Ələsgərli bir neçə gözəllik salonunun sahibəsidir. Salonların adı barədə geniş bilgi əldə edə bilməsək də, N. Ələsgərlinin əsas qazanc mənbəyinin məhz bu obyektlər olduğunu dəqiqləşdirə bildik.

Əməkdar artist, aktrisa Vəfa Zeynalova da gözəllik salonu işlədən sənətçilər sırasındadır. “LS” adlanan salon V. Zeynalovanın qızlarının adlarıyla bağlıdır.

Xalq artisti Zaur Rzayev bu yaxınlarda Modern.az-a verdiyi müsahibədə ara-sıra bizneslə məşğul olduğunu bildirmişdi. Amma sənətçi hansı bizneslə məşğul olduğunu açıqlamamışdı.

Şoumen Murad Dadaşov isə həm bir prodakşn (M Group production), həm də şirniyyat dükanına sahibdir. “Cote D Azur”adlanan dükan M. Dadaşovun prodakşnının istehsalı olan “Bu da bu” yumoristik verilişinin sponsorlarından biridir.

“Davay, do svidaniya” meyxanası ilə dünyaya səs salan İntiqam və Ehtiram Rüstəmov qardaşları isə “Dayay, do svidaniya” adlı restoran açacaqlarını bildirmişdilər. Sumqayıtda açılması planlaşdırılan obyekt hələ ki, fəaliyyətə başlamayıb.

Prodüser Müşfiq Abbasovun rəhbərlik etdiyi “Bu şəhərdə” üçlüyü isə eyniadlı restorana sahibdir.

Rəqqasə Fatimə də bizneslə məşğul olan sənət adamları sırasında yer alır. Onun bir neçə mağazalarının olduğu məlumdur.  

İntiqam VALEHOĞLU  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı