Modern.az

“Drujba narodov” jurnalı yenidən Azərbaycan oxucusunu heyrətləndirdi

“Drujba narodov” jurnalı yenidən Azərbaycan oxucusunu heyrətləndirdi

24 İyul 2013, 14:00
Rusiyada nəşr edilən “Drujba narodov” jurnalının 7-ci sayında Rəhman Bədəlovun “Zərdablı adam” əsəri nəşr edilib. Azərbaycan yazıçıları arasında sonuncu dəfə bu jurnalda Əkrəm Əylisli çıxış edib. Onun “Daş yuxular” xatirə-romanı (“Drujba narodov”, №12, 2012) böyük rezonans doğurmuşdu. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr edilmiş “Zərdablı adam” (“Çelovek iz Zardoba”) bədii sənədli əsər elə rusca yazılıb. Müəllifin özünün dediyi kimi, “ən böyük azərbaycanlı”ya həsr olunmuş, “kino üçün sənədli fantaziya” janrında yazılan “Zərdablı adam” Azərbaycanın ilk maarifçisinin yaşam və fəaliyyət tarixçəsinə kino təbiri ilə, iri planda baxışdır. 

Kitab bu il Azərbaycanda, “Qanun” nəşriyyatında nəşr edilib. Ön söz müəllifi Moskvada yaşayan yazıçı Çingiz Hüseyndir.

Xatırladaq ki, 1937-ci ildə Bakıda anadan olmuş R.Bədəlov fəlsəfə elmləri doktoru, professordur. O, mədəniyyətə və sosial problemlərə dair bir neçə kitabın və 400-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Hazırda Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun idrak nəzəriyyəsi şöbəsinin baş elmi işçi vəzifəsində çalışır. 




Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır