Modern.az

Kamal Abdulla ilə müsahibə, yaxud bir yazının tarixçəsi

Kamal Abdulla ilə müsahibə, yaxud bir yazının tarixçəsi

24 İyul 2013, 16:01

Yazı zəif olanda ölmür, yazı kütlə marağından kənarda olanda ölür. Həmin yazıda istəyir qızıl xırdalasınlar, xeyri yoxdu, kütlə marağının divarından o tərəfdə dayanır. Evin içinə daxil ola bilmir ki, bilmir. Modern.az saytında 12.07.13 tarixində Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla ilə müsahibə işıqlandı. Müsahibənin ədəbi caməedə səs-soraq yaradacağına inanırdıq. Ən azı ona görə ki, orda ədəbiyyat mövzuları, modern ədəbi proseslər,  yaradıcılıq məsələlərindən söhbət açılmışdı. Müsahibədən ən azı 5 istiqamətdə mövzu çıxarıb sərbəst işləmək olardı.

1. Azərbaycan Yazıçılar Birliyindəki durğunluq və onun çağdaş Azərbaycan ədəbiyyatına mənfi təsiri;

2. AYB-in rəsmi mətbuu orqanları  – “Ədəbiyyat qəzeti”, “Azərbaycan” və “Ulduz” jurnallarının passiv fəaliyyəti və bunun çağdaş Azərbaycan ədəbiyyatına mənfi təsiri;

3. Ədəbi nəsillərarası münasibətlərdə lazımsız gərginlik, “Atalar – oğullar” arası qarşılıqlı ünsiyyət mexanizmindəki çatışmazlıq,  bunun da ədəbi prosesin inkişafına ağır zərbəsi; 

4. Modern Azərbaycan ədəbiyyatında ədəbi tənqid və ədəbi tənqidçilərin inkişaf eləcə də durğunluq kontekstində dəyərləndirilməsi;

5. Ədəbiyyat naminə təbliğ olunmayan ədəbiyyat və bunun mənfi nəticələri (Azadlıq radiosunun oxu zalı timsalında).

Düşünürəm ki, 5 aktual mövzunun adını çəkmək kifayətdir. (Amma mən qeyd dəftərçəmdə beş yox, səkkiz mövzu qeyd etmişdim). Ancaq darıxmayın, bir müsahibədən çıxan və geniş simpoziumların mövzu dairəsinə belə çevrilə biləcək bu “beşliyimiz”lə sizi yormayacağıq. Bunlar onsuz da nə qədər aktual, nə qədər elmi səciyyə daşısa belə, əvvəldə dediyimiz “maraq divarının” kənarında qaldı. Kütlə, xüsusən də ədəbi cameə bunlara heç əhəmiyət də vermədi. Saytlar və ədəbi dərgilər bu mövzulardan çıxış edib məqalələr yazdımı? Yox! Yenə Modern.az   adı çəkilən məsələlərə toxundu. Digərlərini isə mahiyyətində ədəbiyyat olmayan sırf iki şəxsin fərdi münasibətlərinə söykənən maraqlar cəlb etdi. Konfliktologiya bir elmi nəzəriyyə kimi müəyyən mexanizmlərə tabedir. Onlardan biri də konflikt yaşanan şəxslər arasında müzakirə olunan predmetin mahiyyəti və ondan alınan müsbət nəticələrdi. Tərəflər arasında yaşanan konflikt öz mahiyyətindən kənara çıxırsa, o zaman nəticə yarımçıq hesab olunur. Kamal Abdulla və digərləri arasında yaşananları ədəbiyyat müstəvisindən çıxarıb digər rakurslardan işıqlandıran media və sosial şəbəkələrdə buna təkan verən bəzi gənclər həqiqətən də problematik  müsahibənin bütün dəyərlərini məhv etdilər.

“Beşlik“ tam olaraq kənarda qaldı. Yenə konfliktologiyaya nəzər salaq. Bəzən müzakirə olunan mövzu kütlə tərəfindən hansı rakursdan qəbul olunursa, tərəflər də sırf o istiqamətdə müzakirəni davam etməyə məcburdur. Bu gün kütlə,  ədəbi cameə Kamal Abdulla,  Əsəd Cahangir və digərləri arasındakı konflikti   yaradıcılıq istiqamətində qəbul etmədi. Sosial şəbəkələrdə yazılanları arqument kimi götürərək tərəfləri bir-birinə qarşı qoydular.

Müshibədə boşluqlar gizli mesajlarla dolurdu. Məsələn, orda Kamal Abdulla “Yarımçıq Əlyazma”, “Sehirbazlar dərəsi” romanlarının xaricdə kütləvi nəşrini vurğulamaqla özünü diqqət mərkəzinə çəkməyi deyil, Azərbaycan ədəbi nümunəsinin xaricdə işıqlanmasını və bunun da öz növbəsində sözümüzün kənarda da tanınmasına bir mesajı idi. O, həm də bu faktları deməklə yazar həmkarları arasında inamın artırılması və “Biləcəri sindromu”ndan  o tərəfə çıxmasına işarə edirdi. Amma bəziləri bunu təkəbbür kimi qarşıladı. Bax budur,  bizim “düşüncə torumuzun”  tutduqları. Faydalı gizli mesajları tutmaq əvəzinə həmən təkəbbür elementi axtarırıq.  Kamal Abdulla ədəbi tənqidçilər arasında müqayisə aparıb, onları dəyərləndirərkən kimləri isə şəxsi münasibətlər fonunda qiymətləndirmirdi.

Sadəcə tənqidçilər arasında sağlam ədəbi-estetik rəqabətin inkişafına rəvac yaratmaq idi. Nə isə çox uzatmıram. Çünki düşüncə torunuz mənim bu müddəalarımı da yanlış anlayacaq. (Amma onu da bilin ki, mən nə jurnalist kimi BSU-nu , nə də gənc yazar kimi onun Yaradıcılıq fakültəsini bitirmişəm!).  Ədəbi problemlər tam olaraq kənarda qaldı. Sosial şəbəkələrdə Kamal Abdulladan narazı olan kəsim heç olmasa bircə dəfə də olsun onun “ Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, Salam və Etimadla olan fundamental diskussiyasını, orijinal üslubda yazılmış hekayələrini müzakirə obyektinə çevirmədi. Əsəd Cahangirdən narazı olan kəslər bircə dəfə də olsun onun “Söz” essesi və  “Namaz”  poemalarını konfliktə  cəlb etmədilər. Beləliklə, müsahibə kütlənin maraq evinin hündür (hələ ki çox hündür) divarlarından keçə bilmədi... Bu da sizə bir yazının tarixçəsi...
Yazı bu cür başlayırdı: “Əsas olan mətndir, yerdə qalan təfərrüatdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir