Modern.az

Məti Osmanoğlu qazaxlı yazıçılara hökm oxuyanlara irad tutdu

Məti Osmanoğlu qazaxlı yazıçılara hökm oxuyanlara irad tutdu

25 İyul 2013, 16:57



Dünyasını dəyişmiş yazıçıların şəxsi həyatının və ədəbi irsinin təftişi artıq dəb halını alıb. Bunu həqiqətlərin üzə çıxarılması kimi təqdim edib, təqdir edənlər də, çirkli yorğanın baxışa çıxarılması tək tənqid edənlər yarı-yarıyadır. AYB üzvü, Bakı Dövlət Universitetinin dosenti, filoloq-alim Məti Osmanoğlu bir çox mərhum yazıçılar arasında Mehdi Hüseynə yanaşmadan xüsusilə narazıdır. Modern.az onun qeydlərini oxucuların diqqətinə çatdırırıq

Azərbaycanın ictimai və estetik fikir tarixində xidmətləri və yeri olan şəxsiyyətlərin ömür-gün yolunun, ayrı-ayrı tarixi hadisələrin araşdırılması, təhlil olunması mütəxəssislər qarşısında duran zəruri vəzifədir və bu sahədə atılan addımları yalnız alqışlamaq olar. Ancaq son vaxtlarda təqdim olunan bir sıra qəzet və sayt “araşdırmaları” acı təəssüf doğurur: tariximizin yaddaşında qalan şəxsiyyətlər ittiham, daşqalaq olunur, bəzən də şərə-böhtana məruz qoyulur. Məqsəd qaranlıq qalır: biz keçmişimizdən nə istəyirik? Adam özünü yenidən repressiya dövrünə qayıtmış kimi hiss edir – o vaxt günahı sübut olunmadan insanları “üçlüyün” qərarı ilə məhkəməsiz – haqsız-divansız qətlə məhkum etdikləri kimi, indi də gözəgörünməz bir qüvvənin hökmü ilə ictimai qınağa məruz qoyurlar. Hazırlıqsız kütlə psixologiyası isə haya düşüb qarşısına gələni amansızcasına və ləyaqətsizcəsinə ayaqlayır, buna cəsarət və hünər kimi baxır. Yaxın keçmişimizdə baş verənlərin mahiyyətindən xəbəri olan yaşlı və orta nəslin nümayəndələrinin müasir texnologiyalardan az istifadə etdiyi, “informasiya cəmiyyətindən” kənarda olduğu üçün bu tendensiya getdikcə daha təhlükəli xarakter alır, tarix gənclərin beyninə təhrif olunmuş şəkildə yeridilir. Ən pisi də budur ki, ictimai rəy yaratmağa həvəs göstərənlərin çoxu öz hədəflərini yaxından tanımır: sadəcə, gözlərini yumub, kölgə qılınclayır.

Biri Əli Kərimdən yazır, görürsən Əli Kərimin nə yaradıcılığı, nə ömür-gün yolu, nə şəxsiyyəti, nə də mühiti barədə düz-əməlli təsəvvürü yoxdur. Mikayıl Müşfiqin “təəssübünü çəkənlərin” əksəriyyətinin Müşfiq yaradıcılığı barədə ən elementar anlayışı çatışmır... Axır vaxtlar postmodern repressiyanın (bunu postmodernizmin tənqidi kimi qəbul etməsinlər) qurbanına çevrilən şəxsiyyətlərdən biri də Mehdi Hüseyndir.

Anadolu türkcəsində “önyarğı” deyilən bir anlayış var: bir şeyi öyrənməmiş əvvəlcədən hökm vermək. Bu cür önyarğıya əsaslanan “araşdırma” ədəbiyyatımızın yaxın keçmişindən az-çox xəbəri olan hər kəsdə ancaq təəssüf doğura bilər. Çünki qoyulan məsələnin şərti kökündən yanlışdır. Şərt yanlış olanda heç bir hesablama işə yaramaz, düzgün nəticə alına bilməz. Yazı müəllifi “araşdırmasının” şərtlərini sağlığında ədəbi mühitdə yazıçı kimi heç də ciddi imic sahibi olmayan Cəlal Bərgüşadın bu qeydləri əsasında qurub: “İttifaqın birinci katibi məşhur tənqidçi və ədəbiyyatşünas Mehdi Hüseyn idi. O, çox prinsipial şəxs idi. Lakin həm qaraqabaq və həm də diliacı olduğundan çoxlarının ondan xoşu gəlmirdi. Onu da deyim ki, Mehdi müəllim həmişə ədəbiyyatımızın keşiyində möhkəm dayanırdı. Ağa qara, qaraya ağ demək onun təbiətinə yad idi. Di gəl ki, Mehdi müəllimin də özünün çox böyük nöqsanı vardı. Qazaxlı səsi eşidəndə elə bil nəzən-billah Allahın səsini eşidirdi. Qazax-Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa qəbul etmək istəyirdi. Məqsəd də o idi ki, seçki zamanı səsvermədə üstünlük əldə etsin”.

Təbii ki, Mehdi Hüseynə qarşı qruplaşmanın içində olan Cəlal Bərgüşadın əvvəli ilə axırı bir-birini tutmayan cümlələrinə müəllif cavabdeh deyil. Ancaq həqiqəti üzə çıxarmaq iddiasında olan müəllif məhz, həmin məqamın aydınlaşdırılması naminə ötəri bir araşdırma apara bilərdi: kim idi Mehdi Hüseynin Yazıçılar İttifaqına qəbul etdiyi, yaxud Mehdi Hüseyn katib olanda Yazıçılar İttifaqının üzvü olan qazaxlılar? Məncə, bunu aydınlaşdırmaq o qədər də çətin olmazdı, çünki o vaxt Yazıçılar İttifaqının üzvlərinin sayı indiki kimi 1500-dən artıq deyildi: təxminən yüz nəfər olardı...

Burada Cəlal Bərgüşadın nəzərdə tutduğu qazaxlılar həmin illərdə artıq Azərbaycan ədəbiyyatının klassik nümunələrini yaratmış böyük ədiblərimiz – İsmayıl Şıxlı, İsa Hüseynov (Muğanna), Hüseyn Hüseynzadə (Arif), Nəriman Həsənzadə və Vidadi Babanlı idi. Hamısı sonradan “xalq yazıçısı” adına layiq görülmüş bu adamların heç qələmlərinin kölgəsini də Cəlal Bərgüşadın bütün yaradıcılığı ilə müqayisə etmək olmaz. Ancaq o vaxt istedadı ilə seçilən bu yazıçılar hələ cavan idilər və qaragüruhun təzyiqi altında “qazaxlı olmağın” cəzasını çəkirdilər. Pis ağızları yummaq naminə İsa Hüseynova mərhum şair Qabillə birlikdə kommunal mənzil vermişdilər, bir mənzildə iki ailə yaşayırdı. Nəriman Həsənzadənin adı isə ev alanların siyahısına salınmamışdı. Rəhmətlik Mir Cəlal müəllim ibrətamiz bir insani addım ataraq öz adına ayrılmış mənzilin Nəriman Həsənzadəyə verilməsi üçün ailəliklə Mehdi Hüseynin üstünə minnətə getmişdi (Bu barədə mətbuatda kifayət qədər yazı var)... İndi bu fakt bəlkə də çoxları üçün inanılmaz görünə bilər: gücü çatanın da, çatmayanın da daşa tutduğu o illərdə ağsaqqal yazıçı öz evini cavan həmkarına vermək üçün xahişə-minnətə getmişdi...

Mehdi Hüseynin 1930-cu illərdə, lap gənc yaşlarında yazdığı məqalələrindən biri “Ədəbi döyüşlər” adlanırdı. Mehdi Hüseyni yazıçı kimi sevmək də olar, sevməmək də: ancaq o, ədəbi döyüşlər yazıçısı idi. Bir həqiqət var ki, onun bədxahları ilə apardığı ölüm-dirim döyüşü də vəzifə, şan-şöhrət davası deyildi – çünki qarşısındakı güruh savadına və intellektinə, yaradıcılıq  istedadına, eləcə də şan-şöhrətinə görə onunla rəqabət aparmağa çox gücsüz və cılız idi. İmam Mustafayevin vaxtilə “Gənclik” (“Molodost”) jurnalında nəşr olunmuş müsahibəsində maraqlı bir məqam var. Mehdi Hüseyn Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinə – İmam Mustafayevə ölkənin problemləri ilə bağlı ciddi iradlarını bildirir. İmam müəllim də zarafatla deyir ki, Mehdi, mən indiyə qədər Mərkəzi Komitənin Yazıçılar İttifaqına tabe təşkilat olduğunu bilmirdim. İndi bildim, tapşırıqlarınızı yerinə yetirərik... Bu səviyyəli şəxsiyyət kiminlə vəzifə davası aparası idi ki?! Bu dava insanlıq var olandan bəri onun xislətinə hakim kəsilmiş xeyirlə şərin; istedad ilə istedadsızlığın mübarizəsi idi. Mehdi Hüseyn istedadları dəyişən zəmanədə özünün gücsüzlüyünü daha aydın dərk edib aqressivləşən qaragürühdan qoruyurdu. Onun qoruduğu istedadlar arasında göyçaylı Əli Kərim, naxçıvanlı Əkrəm Əylisli, füzulili Elçin kimi qazaxlı İsmayıl Şıxlı, İsa Hüseynov, Vidadi Babanlı da var idi. Bu mənada Mehdi Hüseyn ədəbi döyüşlərdə şəhid oldu və bu nümunəni göstərdiyinə görə onun ruhuna dua oxumalıyıq.

Nəhayət, oxucularınızın nəzərinə Yusif Səmədoğlunun (tərslikdən o da qazaxlıdır) “Qətl günü” romanından bir parçanı çatdırmaq istəyirəm:

“…Qala artıq hökmdarın əlində idi. Bu, hökmdarın fikrincə, Allahın möcüzəsi idi, xudavəndi-aləmin ona göstərdiyi mərhəmətin nişanəsi idi. Tanrı hökmdarın tərəfində idi... Xacə Ənvər əllərini arxasında cütləyib, ayaqlarında yun corablar, xalıların, mütəkkələrin üstündə gəzişən və çox nadir hallarda müşahidə etdiyi bir şeyi - hökmdarın gülümsədiyini görüb, ürəyində bu gün neçənci dəfə idi ki, "şükür, şükür" deyirdi. Yalnız vəzirin son sözlərini eşidəndə hökmdar dayandı, qaşlarını düyünləyib təəccüblə, ağır-ağır başını buladı.
- Necə? - deyə çox yavaşdan soruşdu. Səsindəki zəhmdən xacə Ənvər yerində yırğalandı. Vəzir baş əyib dedi:
- Bəli, adil hökmdar. - Vəzirin çənəsi titrədi. - Bəxşişlərdən imtina etdilər şairlər.
- Səbəbi?
Vəzir bir addım qabağa atdı, indi lap ikiqat oldu.
- Qalada məşhur şair var, onun başını istəyirlər səndən, ulu hökmdar. Hökmdar xacə Ənvərə yanaşdı, quru, dəmir parçası kimi ağır və soyuq əlini onun çiyninə qoydu.
- Deməli, məğrib ulduzu boyda daş-qaşlardan imtina etdilər, hind firuzəsini istəmədilər... Əvəzində məndən qaladakı şairin başını istəyirlər. - Bu sözləri deyib susdu, sonra dodaqlarını aralayıb gülməyə başladı. Hamı, çadırda kim vardısa, o cümlədən xacə Ənvər də hökmdara qoşulub gülüşdülər... Bir azdan hökmdar əlini yuxan qaldırdı, gülüş səsləri xırp kəsildi.
- Belə məmləkətin bir qalasını yox, cəmi qalalarını almaq olar. Belə məmləkəti yerləyeksan eləmək olar.

Hökmdar çadırın ortasına yönəldi, enli taxta əyləşib başını sinəsinə əydi.
- Şairlərə deyin ki, hökmdar razıdır. - Sonra başını qaldırıb, qırışmış boğazının hülqumunu oynada-oynada, həmişəki qaydasında üzündən zəhrimar yağa-yağa, yorğun və narazı təbəssümlə sözünə davam elədi:
- Mən çox məmləkətlər görmüşəm, amma şairi şairinin başını istəyən məmləkət görməmişdim... Şükür verən gününə, ulu Tanrı, bunu da gördük…”

 

P.S. Mən də qazaxlıyam.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi