Modern.az

Xalq şairi 22... Çadır şairi tək...

Xalq şairi 22... Çadır şairi tək...

25 İyul 2013, 23:43
Mahir Qabiloğlu


Mətləb Misir. Bu ad mənə çoxdan tanışdır. Amma onu təkcə şair kimi tanımamışam. Dövrünün, zəmanəsinin böyük şairləri onun şəxsiyyətini şairliyi ilə tən, bəzən də yüksək tutublar.

AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Dedilər ki, “Yazıçılar Birliyinin  “Natəvan klubu”nda yubiley tədbiri var, Anar məktub göndərib. Bu redaksiyada şair çörəyi yeyən təkcə sənsən, sən də gedib çəkməlisən”.

 Məktubu oxudum. “Mətləb Misir – 60” yazılmışdı. Birliyə çatdım. 3-cü mərtəbəyə qalxdım. Atam – xalq şairi Qabil qabağıma çıxdı.

 “Sən gəlmisən çəkməyə? Bax a, bu yubilyar çox gözəl insandır. Gözəl şairdir. Tanıyırsan?”. Çiyinlərimi çəkdim. Hirsini biruzə verərək  “Neftçalalı İmamverdi Əbilovu, Lənkərandan Mirhaşım Talışlını tanıyırsan da. Bizim Mətləb Misir də öz zonasının, rayonunun, kəndinin, mahalının ziyalısıdır – gözəl ziyalısı”.

Heç nə demirdim. Nə deyə bilərdim ki. İstedadları xiridar gözü ilə seçən, hər adam haqqında bu cür sözlər deməyən Qabil Mətləb Misiri tərifləyirsə, deməli gözəl şair, gözəl insandır. Süjetim də bu insana layiq  süjet olmalıdır. Bir də gördüm ki, bizə çəlimsiz, arıq, gözlərindən qəm oxunan bir adam yanaşdı. Atam “Tanış ol, Mətləb Misir budur. Mətləb, televiziyadan gəliblər səni çəkməyə”. Amma demədi ki, oğlumdur. Özü də macal vermədi. Xəcalət təri basdı. Əvvəlcə başa düşmədim ki, niyə qızardı? Sanki əsirdi. Demə rayona hər hansı bir qonaq gələrdisə şair, insan Mətləb Misirin evində qonaq olmasaydı, çörəyin yeməsəydi ondan inciyərmiş. Televiziya işçilərinə də xüsusi ehtiramı varmış.

Çox pis vəziyyətdə qoymuşdum onu. Sanki özünü doğma el-obasında -  Füzuli rayonunun Gecəgözlü kəndində sayırdı. Əlini ətrafında o yana, bu yana yellədərək sanki deyirdi: “Ana, Bakıdan - televiziyadan qonaqlarımız var  e, oğlunun 60 illiyini təbrik etməyə gəliblər. Ay uşaq, samavarı qoy. Ay qonşu, toğlunu kəs, mən qonaqları tək qoya bilmərəm. Manqalı qalayın. Təndir salın. Ay ana, plov dəmlə. Gətirin düzün stolun üstünə. Nə yaxşı gəliblər məni təbrik etməyə? İndi bütün el-oba danışacaq. Zarafat deyil e, məni Az.TV-1-də göztərəcəklər. Bütün Azərbaycan görəcək”. Bir anlıq duruxdu. Dayandı. Xəyallardan ayıldı.  Kəndlərində yox, Yazıçılar Birliyində idi. Üzünü bizə tutdu:

- Yox e, belə deyildi axı. Belə olmamalıydı axı. Niyə belə oldu axı. Mən Sizi belə qarşılayardım ki... Siz məni tanımırsız e? Qabil müəllim, Fikrət Qoca, Zəlimxan, burda hamı məni yaxşı tanıyır...

Sözünün xəbərini də, mübtədasını da itirmişdi. Çünki Vətənini itirmişdi.  Dalın gətirmirdi. Xəcalət çəkirdi deməyə ki, qaçqındır, çadır şairidir. ”Ağlamaqdan” qorxurdu, ağlamaqdan qorxurdu. Bu dərddən, nisgildən partlayıb “Çadır şeirləri” yazmağına hələ vardı. Amma atam onu qabaqlamışdı. Hər şeyi mənə demişdi. Mən artıq Mətləb Misiri tanıyırdım. Onu başa düşürdüm. Söhbətə atam qarışdı:

- Mətləb, özgəsi deyil, Mahirdir, oğlumdur. Nə lazımdırsa demişəm eləyəcək. Yubiley tədbirini də özüm aparacağam. Televiziyaya  müsahibə də verəcəyəm.

Uçmağa bircə qanadı yox idi. Atam müsahibə verdikcə, onun haqqında xoş sözlər dedikcə uçurdu. Yubiley tədbiri də gözəl keçdi. Bütün qaçqın rayonların icra başçıları,  ictimaiyyət nümayəndələri ordaydı. Prezidiumda bir özüydü, bir atam, bir də Füzuli rayon İcra Hakimiyyətinin başçısı. Özünü yubilyar kimi aparmırdı. Büzüşüb oturmuşdu.

Yubiley sözünün mənasını biliridi: “Yu, bilək”. Burdan çıxacaqdılar. 10-15-20 seçilmiş adam gedib qaçqın rayonlardan birinin adını daşıyan restoranların birində oturacaqdılar. Sağlığına badələr qaldıracaqdılar. Bu da ona böyük bir hörmətin nümunəsi idi. Amma o belə istəmirdi. 10-15-20 adam istəmirdi. İstəyirdi ki, desin, qışqırsın ki, ay camaat, ay bu zalda oturanlar Sizin hamınızı kəndimizə dəvət edirəm. Avtobuslar sabah 9-da Yazıçılar Birliyinin qabağında Sizi gözləyəcək. Amma deyə bilmirdi. Çünki özünün gedəcəyi mənzil çadır idi – qaçqın çadırı

Kəmər yola törpüdür,
Ümidinə körpüdür,
Bura yalan görküdür.
Gözü yolda qalanlar,
Qəmə meyl salanlar –
Nə qədər qoca, qarı...
Ömrün dözüm cıdırı –
Cadır, cadırım

Həmin  axşam efirə gedən süjeti bütün Azərbaycan gördü. Amma nə kəndi, gördü, nə də eli-obası. O el-obanı özü də görmədi. Qismət olmadı. Gözəl şair və insan  kimi həyatdan köçdü. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?