Modern.az

Gədəbəy seçiciləri: “Meşələrimiz bir neçə ilə tam yox ola bilər”

Gədəbəy seçiciləri: “Meşələrimiz bir neçə ilə tam yox ola bilər”

12 Aprel 2010, 11:00

104 SAYLI GƏDƏBƏY-TOVUZ SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ

«525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı layihəyəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seşki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşuruq. Bu dəfəki reportajımızı Yeni Azərbaycan Partiyasınnın üzvü, millət vəkili Nazim Məmmədovun deputat seçildiyi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən hazırladıq.

st1:*{behavior:url(#ieooui) }

Yolumuz Gədəbəyə idi. Yol demişkən, Şəmkirdən Gədəbəyin mərkəzinə gedən yolda maşınımız tez-tez çala-çuxura düşürdü. Rayonda eşitdik ki, 2006-cı ilin noyabrında ölkə başçısı Gədəbəyə yüksək standartlara cavab verən yolun çəkilməsini tapşırıb. 2008-ci ildə yol çəkilişi həyata keçirilib, amma asfalt örtüyü artıq dağılıb getməkdədir. Açıq-aydın görünür ki, yol çəkilişi keyfiyyətsiz görülüb.

 

Aşıq Mərkəzi hələ də tikilməyib

 

Gədəbəy şəhərinin mərkəzindəki Heydər parkını gəzərkən diqqətimizi parkın yanında tikilməsi nəzərdə tutulan Aşıq Mərkəzinin yeri çəkdi. Aldığımız məlumata görə, 2009-cu ilin may ayında dövlət başçısı Gədəbəydə olarkən Aşıq Mərkəzinin təməl qoyma mərasimində iştirak edib. Amma Prezident buranı necə qoyub gedibsə, indiyədək eləcə də qalıb. Hər halda icra hakimiyyəti bu barədə düşünsə yaxşı olar.

st1:*{behavior:url(#ieooui) }

4 ildir qaz xəttini çəkilir… amma hələ bitmir…

 

Gədəbəyin özündən Nazim Məmmədovun seçildiyi dairəyə daxil olan Saratovka və Ermənistanla sərhəddəki Şınıx bölgəsinə getməyi qərara aldıq. Bu kəndlər yüksəklik ərazidə yerləşdiyi üçün bizə «Niva» və ya «UAZ» markalı maşınla yola çıxmağı məsləhət gördülər.

«UAZ» sürücüsü Nazim Rüstəmov adaşı Nazim Məmmədovun seçiciləri ilə görüşmək üçün bizə bələdçilik etməyə razılıq verdi. Bələdçimiz N.Məmmədovun seçicisi olmasa da, onu yaxşı tanıdığını bildirdi. Dediyinə görə, deputatı Gədəbəydə çox görüb: «Tez-tez televizorda da görürəm. Əsl camaat adamıdır. Kasıb adamlara əl tutur. Bir dəfə mənim maşınımla Şınıx bölgəsindəki kəndlərə xeyli ərzaq göndərmişdi. Apardıq orda kəndlərdə imkansız ailələrə payladıq. Xeyirah insandı, kimin nə problemi varsa, ona kömək eləməyə çalışır».

Yolumuz Novosaratovkaya, oradan da Şınıxadır.

Novosaratovka istiqamətindəki yol kənarında boru xəttinə təəccüblə baxdığımı görən bələdçimiz dedi ki, 2006-cı ildən bəri kəndə qaz çəkilişinə start verilsə də, nədənsə 4 ildir bu işi başa çatdırmayıblar. Bir qədər irəlidə qaz xəttinin çəkilişini həyata keçirən fəhlələri görüb, onlarla söhbətləşməyə qərar verdik. İş icraçısı Mais Abbasov bildirdi ki, işin xeyli hissəsi görülüb: «Təxminən 5 km məsafə qalıb. Mayın 1-nə kimi təhvil verəcəyik».

İş icraçısı çəkilişin bu qədər gecikməsinin ondan asılı olmadığını söylədi. Dedi ki, ötən ay deputat Nazim Məmmədov da bu yoldan keçəndə bizim kimi maşından düşüb işin gedişi ilə maraqlanıb: «Nazim müəllimə də dedim ki, işin bu qədər gecikməsi məndən asılı olan məsələ deyil. Bu hökumətin işidi. Mənə nə vaxt material verilsə, göstəriş verilsə, o zaman da işimi görürəm. Nazim müəllim özü bu işlə bağlı parlamentdə məsələ qaldırıb. Yəni özü də bilir ki, bizlik bir iş yoxdu. Bizə qalanda, texnikamız xarab olanda, dağ yeri olduğuna görə eniş-yoxuşda problem yarananda, hava şəraiti imkan verməyəndə iş bir qədər gecikə bilər».

 

«Yuxumuza da girməzdi ki, Novosaratovkaya qaz çəkiləcək»

Novosaratovkanın girəcəyində bələdçimiz bizə Heydər parkını göstərdi. Burada öyrəndik ki, park N.Məmmədov tərəfindən salınıb. Deputat burada Heydər Əliyevin heykəlini də qoydurub.

Novosaratovkada söhbətləşdiyimiz seçicilərin hər biri deputatı yaxşı tanıdıqlarını dedilər. Məlum oldu ki. millət vəkilinin bu kənddə seçicilərilə görüşmək üçün qərargahı da varmış və deputat tez-tez seçicilərini orada qəbul edirmiş.

Kənddə olduğumuz zaman sakinlər evlərə çəkilən qaz xətlərini göstərib dedilər ki, N.Məmmədovun təşəbbüsü sayəsində nəhayət onlar da evlərində mavi yanacaqdan istifadə edə biləcəklər. Burada eşitdim ki, dövlət başçısı 2006-cı ildə Gədəbəydə olarkən deputat N.Məmmədov Gədəbəyin dağ kəndlərinə qaz çəkilməsi üçün Prezidentə müraciət edib və İlham Əliyev elə həmin il bununla bağlı sərəncam verib.

Novosaratovka kənd kənd icra nümayəndəsi Cəlal Tomuyevin sözlərinə görə, Qaz idarəsinin işçiləri iyun ayına kimi kəndə qaz veriləcəyinə söz veriblər: «Prezident 2006-cı ildə göstəriş verib ki, qazın çəkilişi sərhədyanı kəndələrə kimi davam etsin. Bizdən sonra Şınıx bölgəsinə də qaz çəkilişi davam edəcək. Kəndimizə qaz çəkilişi bizi çox sevindirir. 70 il Sovet imperiyası dövründə yaşadıq, heç yuxumuza da gəlməzdi ki, bizə də qaz çəkiləcək. Amma müstəqil Azərbaycanımızda cənab Perizidentin rəhbərliyi altında nəhayət bizim kənd də qaz görəcək. Ona görə Prezidentə təşəkkür edirik».

İcra nümayəndəsi əhalinin dolanışığının yaxşı olduğunu da bildirdi. Dediyinə görə, novosaratovkalılar kənd təsərrüfatı ilə məşğul olur: «Bu saat əkin-səpinlə məşğul oluruq. Ötən il kartof satışı çox pis idi. Amma bu il camaat elə kəndin özündə 50 qəpikdən satdı. Ona görə də camaatın vəziyyəti çox yaxşıdı».

Hazırda 3 min nəfər əhalisi olan Novosaratovkada vaxtilə çox sayda malakan da yaşayıb. Amma Cəlal Tomuyevdən öyrəndim ki, hazırda kənddə cəmi 70 malakan ailəsi qalır. Buna səbəb isə Ermənistanın Azərbaycana təcavüzü zamanı bir çox mlakanın Rusiyaya köçməsidir: «Ermənilər Novosaratovkanı da atəşə tuturdular. Onunla əlaqədar malakanlar köçüb getdilər. Biz köçüb gedənlərlə əlaqə saxlayırıq, bura üçün onların burnunun ucu göynəyir. Deyirlər çox nahaq köçüblər».

 

Novosaratovkalılar deputatdan razılıq edir

 

İcra nümayəndəsi seçici kimi deputatlarından razılıq etdi: «Kəndə tez-tez gəlir. Verdiyi vədlərə əsasən əməl eləyib. Bizə bir piyada körpüsünün salınmasına söz vermişdi, indi özülləri qoyulub, yaxın günlərdə tamamlanacaq. İndi müəyyən şeylər də var ki, ondan asılı deyil. Onu da bildirim ki, Nazim müəllim bütün bayramlarda kəndimizin kasıb əhalisi üçün bayram sovqatı da gətirir».

Seçici Vera Pavlovna Kasımskaya kəndin malakan sakinlərindən biridir. O, azərbaycalalırla həmişə dostluq, əmin-amanlıq şəraitində yaşadıqlarını deyir. Azərbaycan dilində azərbaycanlılardan da yaxşı danışır. Vera Pavlovna Azərbaycan türklərinin milli bayramı olan Bahar bayramını da çox sevdiyini deyir: «Gözəl bayramdı. Biz hər il Novruzu azərbaycanlılarla bir yerdə keçiririk».

Vera Pavlovna parlament seçkilərində Nazim Məmmədova səs verdiyinə peşiman deyil: «Kəndə gəlib-getdiyini eşidirəm. İşsiz adamam deyə, hər dəfə deputatın adından evimizə bayram sovqatı gətirirlər. Deputatı bir dəfə görmüşəm. Yardım gətirmişdi, özü şəxsən paylayırdı».

41 yaşlı Aybəniz İsmayılovadan da deputatları barədə fikirlərini öyrəndik. «Tanıyıram. Seçkilərdə səs də vermişəm. Deyirlər ki, kəndə qaz çəkilişndə deputatın da rolu var. Kənddə bankomat qoydurub. Pensiya alanlar indi əziyyət çəkib Gədəbəyə getmirlər. Hərdən televizorda çıxışlarına da baxırıq. Yaxşı insandı» - deyən A.İsmayılova deputatın Novruz bayramında kənddə olduğunu və onun ailəsinə də bayram sovqatı verdiyini bildirdi.

 

Bankomatda pul tapmadıq

 

Novosaratovkada olarkən yol kənarında Beynəlxalq Banka məxsus bankomatı bizə göstərib dedilər ki, onu ötən il N.Məmmədovun xahişindən sonra quraşdırıblar. İndi bu bankomatdan hətta qonşu Tovuz rayonunun kəndlərindən də gəlib pul çıxardırlar. Biz bankomatda pul olub-olmamasını yoxlamaq qərarına gəldik. Deputatın qoydurduğu bankomatda pul yox idi, qurtarmışdı...

Novosaratovka kənd icra nümayəndəsinin müavini Validə Hüseynova da deputatın bu kəndə tez-tez baş çəkdiyini dedi. V.Hüseynova deputatın bəzi vədlərinin hələ də yerinə yetmədiyini bildirdi: «Vəd vermişdi ki, Şınıx-Saratovka avtobusunun işləməsinə kömək edəcək, amma, hələ də bu vədə əməl olunmayıb».

 

Şınıxa gedən strateji  körpü uçmaq üzrədi 

İcra nümayəndəsinin müavini kənddə daim işıq olduğunu desə də, elektrik dirəklərinin və naqillərinin köhnə olması nəticəsinə tez-tez qəzaların baş verdiyini də bildirdi. Onun sözlərinə görə, külək əsəndə dirəklər aşır, işıqlar sönür. V.Hüseynova Saratovkadan Şınıxa gedən yolda çayın üzərində olan körpünün qəza vəziyyətində olduğunu diqqətimizə çatdırdı: «İcra hakimiyyəti də körpünün vəziyyətilə maraqlanıb və müvafiq qurumlar qarşısında məsələ qaldırıb. Amma indiyədək məsələ öz həllini tapmayıb. Nazim Məmmədov özü də Milli Məclisdə hökumət qarşısında məsələ qaldırıb ki, təcili olaraq bu körpü düzəlməlidir».

Qeyd olunan körpü doğrudan da uçmaq üzrədi. Strateji əhəmiyyətli bu körpünün uçması Ermənistanla sərhəddə olan Şınıx bölgəsini tamamilə köməksiz qoya bilər. Körpünün qəzalı vəziyyətə düşməsinə gəlincə, bu, müharibə vaxtı ağır hərbi texnikaların keçdiyinə görə baş verib.

 

Nazim Məmmədov əsgərləri yaddan çıxartmır 

Şınıx bölgəsinə gedərkən yolüstü Başkənddəki “N” saylı hərbi hissəyə də baş çəkdik. Hərbi hissənin komandir müavini mayor Elşən Yusifov ön cəbhədə xidmət etmələri ilə fəxr etdikləriini, əsgər və zabitlərimizin daim döyüş əhval-ruhiyyəsində olduqlarını bildirdi. E.Yusifov ön cəbhədə yerləşdikləri üçün daim dövlətin diqqət mərkəzində olduqlarını da söylədi. Dediyinə görə, Gədəbəyin deputatı N.Məmmədov da hərbi hissəyə tez-tez baş çəkir: «Bayramlarda, hərbi hissənin ad günündə, gənc əsgərlərin andiçmə mərasimində bura gəlir, əsgərlərə hədiyyələr gətirir. Çox sağ olsun ki, Milli Məclisin deputatı kimi əsgərlərimizə bu cür diqqət yetirir. Hər dəfə şəxsi heyətin qarşısında çıxış edir, onlara həmişə yüksək əhval-ruhiyyədə olmağı tövsiyyə edir».

Onu da öyrəndik ki, deputat hərbi hissəyə elektrik enerjisinin çəkilməsinə də kömək edib.

Gədəbəyin Şınıx bölgəsinə gedən yol Başkənddən keçir. Bələdçimiz bildirdi ki, 1992-ci ilə qədər ermənilərin məskunlaşdığı bu kənddən Şınıxa gedib-gəlmək çətin imiş. Camaat buradan hərbiçilərin köməkliyi ilə gedib-gəlirmişlər. Həmişə də ermənilər onları atəşə tuturmuşlar. Həmin dövrlərdə hərbiləşdirilmiş təcili tibbi yardımda işlədiyini bildirən bələdçimiz Nazim dedi ki, o zaman güllə yağışı altında bu yerlərdən çox sayda yaralı daşıyıb.

Nəhayət 1992-ci il avqustun 6-da ermənilərin 3 kəndimizi yandırmasından sonra Azərbaycan ordusu əks-hücum təşkil edərək avqustun 8-də Başkəndi ermənilərdən azad edib. Hazırda bu kənddə yaşayış yoxdu. Kəndin torpaqlarını isə ətraf kəndlərdə yaşayan insanlar əkib-becərir, mal-qara saxlayırlar. 

 

 

Andranikin heykəlini topla dağıdıblar

Başkənddə bələdçimiz bizə Andranikin heykəli olan postamenti də göstərdi. Qulağıkəsik Andranikin heykəli hələ ermənilər bu kənddə yaşayarkən qoyulubmuş. Elə o zaman bir neçə şınıxlı gecə ikən heykəli «Kamaz»ın arxasına qoşub aşırıblar. Ermənilər isə heykəli yenidən bərpa edib. 1992-ci ildə Başkənd ermənilərdən azad edildikdə bizim hərbiçilərimiz Andranikin heykəlini top atəşi ilə yenidən dağıdıblar: «Necə partladısa, Andranikin heykəlinin parçaları ələ gəlmədi».

Səfalı məkan olan Başkənddə göl var. Başkənd gölü yayda camaatın istirahət yerinə çevrilir. Buraya balıq tutmağa gələnlər də çoxdu. Biz gölün ətrafında olarkən burada ANAMA tərəfindən yenicə tapılmış partlamamış mərmilərin düzüldüyünü gördük.

Bələdçimizin sözlərinə görə Başkənd Gədəbəyin ən görməli-gəzməli, bərəkətli, qiymətli  yerlərindən biridir. Ermənilər burada maldarlıqla, əkinçiliklə məşğul olurmuşlar. Burada kənd təsərrüfatı məhsullarının emal sənayesi də olub. Sovet vaxtı bu kəndə asfalt yol, qaz da çəkilib.

 

Nazim Məmmədovun müəllimi: «Sinifdə riyaziyyatı ondan yaxşı oxuyan yox idi»

 

Yolumuz Çay Rəsullu kəndinədi. Bu kənd Nazim Məmmədovun doğulub, boya-başa çatdığı kənddi. Burada söhbət etdiyimiz hər kəs deputatı yaxşı tanıdığını, onu vətənpərvər insan hesab etdiklərini bildirdilər. Seçicilərdən öyrəndik ki, deputat ata yurduna tez-tez baş çəkir və bu zaman həmkəndlilərinin problemləri ilə maraqlanır. Kəndçilərinin dediyinə görə, N.Məmmədov bütün bayramlarda kənddə yaşayan şəhid ailələrinə, imkansızlara sovqat göndərir. Kənddə eşitdik ki, deputat oxuduğu orta məktəbin yenindən tikilməsinə də təşəbbüs göstərib. Çay Rəsullu kənd orta məktəbinin direktoru Xəqani Əkbərov bildirdi ki, məktəb Yaponiya səfirliyinin maliyyəsilə tikilib: «Nazim müəllim bu məktəbin məzunu olub. Ona görə də məktəbin tikilməsinə təşəbbüs göstərib. Hamı bilir ki, bu məktəbin tikilməsində Nazim müəllimin böyük rolu var. Hazırda məktəbdə 140 şagird oxuyur, 20 müəllim çalışır».

Onu da öyrəndik ki, 40 ildir məktəbdə müəllim işləyən X.Əkbərov N.Məmmədova da dərs deyib: «Deputatımız bu məktəbin məzunudu. Mənim şagirdim olub. Mən riyaziyyat müəllimiyəm, sinifdə riyaziyyatı ondan yaxşı oxuyan yox idi. Həmişə əla qiymət alırdı. Elə o oxumağın hesabına da ali məktəb qurtarıb, namizədlik müdafiə eləyib. Yəni savadlı məzunumuz olub. Ona görə də Nazim müəllim bu kənd üçün, Şınıx zonası üçün əlindən gələni eləyir».

Məktəb direktorunun bildirdiyinə görə vaxtilə Çay Rəsullu kənd məktəbinə Şınıx bölgəsinin 28 kəndindən, hətta Böyük Qışlaq kəndindən oxumağa gəlirmişlər. Tofiq Köçərli, İzzət Rüstəmov və digər tanınmış şəxslər bu məktəbin məzunu olublar.

Bələdiyyə sədri deputatın kəndçisini torpaqsız qoyub

 

Çay Rəsullu kəndinin 82 yaşlı sakini Kamıl Hüseynovdan da deputatları barədə fikirlərini öyrəndik. «Deputatınızı tanıyırsınızmı» sualına  ağsaqqalın cavabı belə oldu: «Nazim Mamedovumu? Kəndə gəlib-gedir. Buralarda bir az yol-zad düzəltdirib. Keçən il, bildir kasıblara yardım paylayıb. Elinə-obasına sadiq adamdı, Novruzda da gəlmişdi, camaatla görüşdü, yenə də yardım payladı. Özgə nağayırsın ki? Deputatımızdan razıyıq. Özgə nə deyim? Bu günləri erməni yenə müharibəyə başlasa, hamımız «bayavoyuq», erməninin cavabını verəcəyik».

Kənddə kartofçuluq və heyvandarlıqla məşğul olduqlarını deyən 82 yaşlı ağsaqqal bələdiyyə sədri tərəfindən ona yaradılan problemdən də danışdı: «Mən inəklərimə xəzəl yedizdirirəm. Ot yoxdu. Mənə verilən pay torpağını bələdiyyə sədri İlqar Qocayev başqasına satdı. Evə gəlib torpağın pasportunu aldı ki, yer quruluşunu təzədən aparırıq, sənə yaxşı yer verəcəyik. Amma indiyə qədər mənə yer verməyiblər. Prezidentədək ərizə yazmışam, Nazimə də demişəm, hələ bir xəbər yoxdu»-deyən K.Hüseynov aldığı pensiyanın (70 manat) azlığından da gileyləndi. Seçici kənddə işsizlikdən əziyyət çəkənlərin də olduğunu bildirdi.

 

«Verdiyi vədlərin 70-80- faizini yerinə yetirib»

 

Düz Rəsullu kəndində də deputatı «tanımıram» deyən tapılmadı. Seçici Azər Cəfərovun sözlərinə görə, deputat dəfələrlə bu kənddə olub: «Seçki vaxtı vəd vermişdi ki, kəndə qaz çəkilməsinə kömək edəcək. İndi qaz çəkilir. Saratovkaya qədər magistiral xətt çəkilib. Kəndə gələn yollar çox pis idi, bir dəfə də onu təmir elətdirib. Kəndimizdəki məktəbi də Nazim müəllimin təşəbbüsü ilə təmir ediblər. Sonra vəd verib ki, 2013-cü ilə qədər Saratovkadan üzü bəri asfalt yol çəkilməsinə kömək edəcək. Verdiyi vədlərin 70-80 faizini yerinə yetirib».

Seçici deputatlarını Düz Rəsulluda çox gördüyünü bildirdi: «Bu 4 ildə çox işlər görüb. Məzuniyyət dövrü həmişə bura gəlir, camaatla görüşür. Bayramlarda yardıma ehtiyacı olanlara kömək eləyir, ərzaq verir. Builki Novruz bayramında da kənddəki kasıb ailələrə bayram sovqatı göndərmişdi».

Düz rəsullular kənddəki bankomatın N.Məmmədovun təşəbbüsü ilə qoyulduğunu söylədilər. Amma nədənsə deputatın qoydurduğu bu bankomatda da pul yox idi.

Qeyd edək ki, Düz Rəsullu kəndində də kartofçuluq və heyvandarlıqla məşğul olurlar. Kənd sakinlərinin sözlərinə görə, kartofu saxlamaqda və satmaqda çətinlikləri olur. Onlar kartofu satmaq üçün Gəncəyə, Bakıya qədər getməli olurlar. Kəndlilərin fikrincə, Gədəbəydə kartofu saxlamaq üçün mərkəzləşdirilmiş saxlama anbarları olsaydı, camaatın məhsulu çürüyüb zay olmazdı. Düz rəsulluların digər problemi isə kəndə gələn elektrik dirəklərinin çürüməsi ilə bağlıdı. Belə ki, güclü külək zamanı dirəklərin aşması kəndə elektrik enerjisinin verilməsində çətinliklər yaradır.

Doğrudan da Şınıx bölgəsində bütün kəndlərdə elektrik dirəklərinin vəziyyətinin pis vəziyyətdə olmasını müşahidə etdik. Deyilənə görə, bu dirəklər 1964-cü ildə qurulub. Bölgə camaatının içməli su sarıdan problemi isə yoxdu. Dağlar qoynunda yaşayan şınıxlılar təbii bulaqlardan öz evlərinə su çəkiblər.

 

Şınıxlı Güllü nənə nə seçkiyə gedir, nə də deputatı tanıyır

 

Gədəbəyin Şınıx kəndində də N.Məmmədov haqqında müsbət fikirlər eşitdik. Digər kəndlərdə olduğu kimi burada da deputatın kəndə tez-tez gəlişindən, şəhid ailələrinə, imkansızlara əl tutmasından, insanların qarşılaşdıqları problemlərlə maraqlanmasından danışdılar.

66 yaşlı Güllü Qurbanova isə deputatlarını tanımadığını dedi: «Qadan alım, yaxşı tanımıram, adı yadımda deyil. Bu yaxınlarda kəndə gəlibmiş, burda yığıncaq keçirib, yardım da gətiribmiş».

Güllü nənədən seçkilərdə iştirak edib-etməməsini də soruşduq və maraqlı cavab aldıq: «Mənim başım çıxmır elə şeylərdən. Bizdə kişi (həyat yoldaşını nəzərdə tutur - red.) səs verir. Kişi yaxşı tanıyır deputatı. Ondan soruşun, desin». Bu cavabdan sonra G.Qurbanovadan deputatdan bəlkə nəsə istədiyini öyrənməyə çalışdıq. O isə kəndlərində qış vaxtı odun sarıdan əziyyət çəkdiklərini dedi: «Bizə qaz lazımdı. Odunu satın alırıq, çox bahadı. O qədər çətinliklərimiz var ki. Əkdiyimiz kartofdu, onu da gah gün yandırır, gah da yağış yağanda sel aparır. Evdə 7 nəfərik, heç birimiz işləmirik. Sosial yardım düzəltdirə bilmirik. Qızım xəstədi, ona pensiya da vermirlər. Bax, belə dərdlərimiz var».

Sakinlər onu da bildirdilər ki, Şınıx ilə Arabaçı kəndi arasında körpünün düzəldilməsində deputatın köməkliyi olub. İndi orda gediş-gəliş yaxşıdı. 

 

Meşəyə odun dalınca gedən şınıxlılar minaya düşür

 

st1:*{behavior:url(#ieooui) }

Şınıxlılar Ermənistanla sərhəddə yaşadıqlarından həmişə düşmən hücumlarından ehtiyatlandıqlarını da gizlətmədilər. Dedilər ki, milli bayramlarda, çərşənbələrdə ermənilər avtomatlardan, pulemyotlardan Azərbaycan ordusunun postlarını atəşə tuturlar.

Sakinlərin dediyinə görə Ermənistanla 123 km sərhədi olan Şınıx bölgəsində minalanmış ərazilər var. Odur ki, odun üçün meşəyə gedən insanlar bəzən minaya da düşürlər. Deyilənə görə ildə ən azı iki nəfər minaya düşür. Hətta Nazim Məmmədovun minaya düşüb ölənlərin hüzr yerinə gəldiklərini də dedilər. Neft-qaz ölkəsində qazsızlıqdan şikayətlənən şınıxlılar deyir ki, artıq meşələr qırılıb qurtarır. Bir azdan bu bölgədə meşədən əsər-əlamət qalmayacaq. Ona görə də onlara mavi qaz lazımdır.

Ermənistanla sərhəddə olan Qaravəllər kəndi də deputatı çox qarşılayıb. Kənddə ilk rastlaşdığım 53 yaşlı Azad Əliyev deyir ki, deputatı bir neçə dəfə görüb: «Qarda-qışda kəndə gəlib-getmək olmur. Bəlkə də ona görə tez-tez gələ bilmir. Seçkilərdə söz vermişdi ki, kəndin yollarına çınqıl tökdürəcək, ona əməl elədi. İndi bir az yolumuz babatdı. Kənddə ATS də qoydurub. Deputat bizim üçün pis olmayıb».

Qaravəllər kəndində işıq daim yansa da, burada da camaat qaz həsrətindədi. Kənd sakinləri gileylənirdilər ki, necə olur ki, başqa ölkələrə qaz sata bilirik, amma özümüzdə qaz yoxdu. Qaravəllər camaatı deputatın qaz çəkilişi ilə bağlı onlara söz verdiyini də xatırlatdılar. Tovuzun Dondar Quşçu kəndi 

Səfərimizin ikinci günü 104 saylı dairənin ərazisi olan Tovuz rayonunun Dondar Quşçu kəndinə baş çəkdik. Kəndin girəcəyindəki xəstəxana xəstəxananın baş həkimi Zirəddin Tağıyevə gəlişimizin məqsədini deyib, ondan deputat Nazim Məmmədov barəsində soruşduq. «Niyə tanımıram ki? Ona bir millət vəkili kimi böyük hörmətimiz var. Nə vaxt istəsək qəbuluna düşürük, dərdimizi-sərimizi deyirik, imkan daixində nəyə gücü çatırsa, onu bizə kömək eləyir» - deyən baş həkimin sözlərinə görə, deputat Tovuz rayonuna gələndə bu tibb ocağına baş çəkir: «Dondar Quşçuya gələndə birinci xəstəxanaya girir, bizimlə görüşür, soruşur ki, təminat necədir, dövlət tərəfindən qayğı necədir. Deputat seçilməzdən əvvəl bizə vəd vermişdi ki, bir-iki otağınızı təmir etdirəcəm, onu da elətdirdi. Gələndə aztəminatlı ailələrə də gedir. Kənddə Şəmil müəllim var, onun nəvəsini öz hesabına cərrahiyyə əməliyyatı elətdirib. 5-6 nəfər tanıyıram ki, deputata müraciət etdikdən sonra işlə təmin ounublar».

Kənddə rastlaşdığımız 78 yaşlı Əşrəf İmamverdiyevdən də   deputat barədə mənfi fikir eşitmədik: «Gələndə kasıb-kusuba köməklik eləyir, bayramlarda bayram payı göndərir. Yollarımızın da düzədilməsində iştirak edib».

Kənd icra nümayəndəsinin müavini Validə Qasımova dedi ki, deputat dəfələrlə sakinlərin problemlərini yazıb götürüb, lazımı təşkilatlara çatdırıb».

İcra nümayəndəsi Tapdıq Qarayev isə deputatın yeni qurulan bəzi gənc ailələrə maddi köməklik göstərdiyini vurğuladı. T.Qarayev kənddə deputatın təşəbbüsü ilə 550 tutumlu yeni elektron ATS-in tikildiyini bildirdi. Onun sözlərinə görə deputat kənd orta məktəbinin əsaslı təmir edilməsi üçün hökumətdən razılıq da alıb.  

 

Azaflıya qaz çəkilib

 

Yolumuz Aşıq Mikayıl Azaflının kəndinədi. Azaflı kəndinin yolu üstündə Qərib Seyidin məqbərəsi var. Bələdçimiz bildirdi ki, bu tərəflərə gələn insanlar Qərib Seyidin məqbərəsini ziyarət etməmiş, nəzir qoymamış getmirlər. Biz də Qərib Seyidin məqbərəsini ziyarət edib yolumuza davam etdik.

N.Məmmədov Azaflıda da yaxşı tanınır. Rastlaşdığımız seçicilərdən «deputatı tanımıram» deyən tapmadıq. Hamı dedi ki, deputat bu kənddə çox olub və hər gələndə camaatın dərd-səri ilə maraqlanır, kasıblara, şəhid ailələrinə əl tutur. 2009-cu ildə Azaflıda tikilən 450 şagirdlik orta məktəbin də deputatın təşəbbüsü ilə tikildiyini bildirdilər.

Seçici Bəxtiyar Abdiyev dedi ki, deputat seçkidən əvvəl bu kəndə qaz çəkiləcəyinə söz veribmiş. «Nazim müəllimin köməkliyi ilə şükürlər olsun ki, kəndə qaz verilişi bərpa edildi. İki ildi evimizdə qaz yanır. Kəndə su çəklişi də icra başçımız Tofiq Zeynalovun və deputatın köməkliyi ilə layihəyə salınıb. Tezliklə yəqin ki, bu da həllini tapar» - deyən seçicinin sözlərinə görə, deputat kəndə gələndə kənd ağsaqqalları ilə görüşməmiş getmir.

 

 

Əsriklilər bankomat istəyir

 

Tovuzun Əsrik kəndində də olduq. Kənddə qaynaqçı işləyən Adil Məhərrəmov deputatla tanışlığından danışdı: «Bir dəfə yol kənarında çörək sexinin işini görürdüm. Maşını saxlayıb özünü təqdim elədi, vəziyyətimlə maraqlandı. Mən də dedim ki, kənddə iş yoxdu, çətinliklərimiz var. O da çıxarıb mənə pul verdi». Kəndin bələdiyyə sədri Mübariz İbrahimov isə bildirdi ki, deputat bu kəndə çox gəlib: «Təkcə 2010-cu ildə 3 dəfə burda olub. 1992-ci ildə kəndimizə qazın verilişi dayandırılmışdı. Nazim müəllimin köməkliyi ilə artıq Əsrikə qaz verilişi  bərpa edilib». Bələdiyyə sədri onu da bildirdi ki, deputat 2009-cu ildə Əsrik kənd orta məktəbinin istilik sistemini də öz şəxsi vəsaiti hesabına təmir etdirib. Əsrikdə görüşdüyümüz pensiyaçılar kəndə bankomat qoyulmamasından şikayətləndilər. Əsriklilərin sözlərinə görə, Tovuz rayonunun mərkəzindən başqa heç bir kənddə bankomat qoyulmayıb. Rayon mərkəzindən 40-50 km ərtrafda 10 minlərlə əhali yaşayan yerlərdə bir dənə də bankomat yoxdur. Camaat pensiya, maaş almaq vaxtı gələndə Tovuz şəhərinə gedib pul çıxartmaq üçün növbəyə dururlar. Gündə 2 manat rayona, 2 manat da geri qaydanda yolpulu verirlər.

Pensiyaçıların dediyinə görə, rayon mərkəzindəki bankomatların qabağında da bir nəfər polis durub camaatdan 1 manat aldıqdan sonra onlar üçün pul çıxarır. Əsriklilər bizim vasitəmizlə deputatdan xahiş etdilər ki, onların kəndinə bankomat qoyulmasına köməklik göstərsin.

 

Atəş altındakı Koxa Nəbi

Tovuzda olduğumuz sonuncu kənd Ermənistanla 5 km sərhədi olan məşhur Koxa Nəbi kəndi idi. Kəndin bütün evləri ətrafdakı yüksəklikdə yerləşən düşmən postlarından çox aydın görünür. Elə kənddən də erməni postları, orada hərəkət edən düşmən əsgərləri də görünür. Kənd sakinlərindən eşitdik ki, kəndə gəlmək qorxulu olsa da, deputat burada çox olub.

Seçici Lətifə Hüseynova: «Deputat gəlmişdi, camaatla söhbətləşib. Bəzi evlərə yardım da eləyib».

Seçici Mamoy Əhmədov dedi ki, kəndə qazı Nazim Məmmədovun təşəbbüsü ilə çəkiblər. “Təkcə qaz çəkilişi vaxtı deputat bura 3 dəfə gəlib. Allah köməyi olsun, yandırmağa odun tapmırdıq».

104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə səfərimiz yekunlaşdı. Apardığımız müşahidələrdən məlum oldu ki, bu dairənin deputatı işləyir və onu tanımayan yoxdu.

 

 

Bir il il öncə təməlinə bircə bel palçıq tökülən Aşıq Mərkəzi hələ də "aşıq çağırır".

 

Milli Qəhrəman Məzahir Rüstəmovun abidəsi.

 

Gədəbəyin başı qarlı dağları...

 

Novosaratovka kəndinə qaz çəkilir.

 

Qaraməmmədli kəndindəki Çoban heykəli sovet dövründən nişanədi.

 

Deputat Novosaratovkada Heydər Əliyevin büstünü qoydurub.

 

Novosaratovkanın icra nümayəndəsi Cəlal Tomuyev: "Yuxumuza da girmədi ki, nə vaxtsa kəndimizə qaz çəkiləcək".

 

Novosaratovkanın rus milliyətindən olan sakini Vera Pavlovna: "Azərbaycanlılarla qaynayıb-qarışmışıq".

 

Yoxsul gədəbəylilər deputat Nazim Məmmədovun onları tez-tez yada saldığını deyirlər.

 

Novosaratovka icra nümayəındəsinin müavini Validə Hüseynova: "Deputat vəd vermişdi ki, Şınıx-Novosaratovka avtobus marşrutu açdıracaq, hələki gözləyirik".

 

Bələdçimiz Nazim Rüstəmov bütün səfərboyu bizi müşayiət etdi.

 

İş icraçısı deyir ki, qaz xəttini maya kimi təhvil verəcək.

 

Deputatın qoydurduğu bankomatda pul tapmadıq.

 

Başkənd gölü. ANAMA burada da partlamamış sursat tapıb.

 

O görünən təpədə Andranikin heykəli olub. Onu bizimkilər topla dağıdıblar.

 

"N" saylı hərbi hissənin komandir müavini mayor Elşən Yusifov: "Deputat hissəmizə tez-tez baş çəkir".

 

Şınıx bölgəsinə gedən yol...

 

Deputatın təşəbbüsü, Yaponiya səfirliyinin maliyyəsi ilə tikilən Çay Rəsullu məktəbi. Müəllimi Xəqani Əkbərov deyir ki, Nazim Məmmədov sinifdə riyaziyyatı hamıdan yaxşı oxuyub.

 

Bələdiyyə sədri deputatın bu kəndçisini torpaqsız qoyub.

 

Düz Rəsullu kənd sakini millət vəkilinin vədlərinə əməl etdiyi qənaətindədir.

 

Şınıxlı Güllü Qurbanova nə seçkiyə gedir, nə də deputatı tanıyır.

 

Dağlar oğlu kəndlərinə qaz istəyir: "Kaş bizim də odun almaqdan canımız qurtaraydı...".

 

Tovuz qalası...

 

Dondar Quşçu kəndinə gedirik...

 

Kənd həkimi Zirəddin Tağıyev: "Nazim Məmmədovun xeyirxahlığı sayəsində xəstə bir uşaq əməliyyat edildi"

 

"Deputat kasıb-kusubu yaddan çıxarmır bala, kəndimizə su da çəkdirib, ondan şikayətlənməyə haqqım yoxdu".

 

Millət vəkilinin təşəbbüsü ilə kənddə elektron ATS tikilir.

Azaflı kəndində Qərib Seyidin məqbərəsi.

 

Məqbərnin içində Qərib seyidin məzarı var.

 

Seçici Xəqani Abdıyev: "İki ildir evimizdə qaz yanır".

 

Əsrik kəndindəyik...

 

Əsrik kəndindəki 15-ci əsrə aid olan qəbiristanlıq.

 

Qaynaqçılıq edən kənd sakini işsizlikdən şikayətlənir. 

 

Əsrik Cırdaxan kəndinin köhnəlmiş məktəbi...

 

Heydər Əliyev Fondunun tikdirdiyi məktəb.

 

Ermənistanla sərhəddə yerləşən Koxa Nəbi kəndi. Yuxarıdakı təpələrdə erməni postlarıdı. 

 

Koxa Nəbi sakini: "Baax, o taydan ermənilər tez-tez atırlar...".

Aqil Aslan Bakı-Gədəbəy-Tovuz-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?