Modern.az

Xalq artisti Şəfiqə Axundova vəfat etdi

Xalq artisti Şəfiqə Axundova vəfat etdi

Mədəni̇yyət

26 İyul 2013, 12:40


Modern.az xəbər verir ki, Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova bu gün günorta saatlarında müalicə olunduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. Bu barədə saytımıza mərhum bəstəkarın yaxınları məlumat veriblər.

Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkirdi.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır