Modern.az

Yazıçılar Birliyi Prezidentə üz tutdu: “Mənzil məsələsində bizə də kömək edin”

Yazıçılar Birliyi Prezidentə üz tutdu: “Mənzil məsələsində bizə də kömək edin”

26 İyul 2013, 17:18

Milli Mətbuat günü 156 jurnalistə ev verilməsi digər yaradıcı təşkilatları, o cümlədən Azərbaycan Yazıçılar Birliyini (AYB) hərəkətə gətirib. Modern.az-a açıqlamasında qurumun sözçüsü Ədalət Əsgəroğlu bildirib ki, AYB-yə bir müddət öncə ayrılan 9 mənzil 36 nəfər arasında bölünüb. Amma yazıçı və şairlərin mənzil problemi qalmaqdadır.

“Hər mənzil 4 nəfər arasında bölünüb. Yazıçılar bununla barışmağa məcburdurlar. Amma AYB-dən Prezidentə müraciət olub və müraciətdən sonra Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)  quruma torpaq sahəsi ayırıb. Həmin sahə Yeni Günəşli qəsəbəsində idi. Sadəcə çox geniş olduğu üçün ondan imtina etməli olduq. Çünki ona rüsum pulu ödəməyə – 50 min manata gücümüz çatmadı”.

Ə.Əsgəroğlunun sözlərinə AYB-yə ikinci dəfə torpaq sahəsi ayrılıb. Amma bu hələ rəsmiləşməyib. AYB sözçüsü onlara ikinci dəfə verilən torpaq sahəsi ilə bağlı BŞİH-in AYB sədri Anara ünvanladığı məktubu nəzərə çatdırdı. Məktubda deyilir ki, “BŞİH-in 21 iyul 2009-cu il tarixli 282 saylı sərəncamı ilə Xətai rayonunda (General Şıxlınski küçəsindəki 2942 V saylı məhəllədə) Baş Prokurorluq, Mərkəzi Seçki Komissiyası və Yazıçılar Birliyinə 3 girişli yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair birgə istifadəsi üçün torpaq sahəsi ayrılıb. Layihələndirmə prosesində yaşayış binasının mühəndis qurğularının texniki işləmləri ilə bağlı əlaqədar təşkilatlarla birlikdə rəylər alınmalı və tikinti işləri həyata keçirilməlidir”.

AYB sözçüsü qeyd edib ki, nəzərdə tutulan həmin bina kooperativ tipli olacağından qurumun buna da gücü çatmır.

“Rüsumpulu burda da problemdir. Amma bu torpaqdan imtina etməmişik. Orda 80-100 mənzilli bina tikməkdən ötrü yer var və o yer AYB üçün ayrılıb. Sadəcə olaraq biz o yeri adımıza rəsmiləşdirməkdən ötrü rüsumpulu vermək imkanına malik deyilik. O binanın inşası üçün də müəyyən maliyyə vəsaiti lazımdır. Ona görə də AYB jurnalistlərin köməyilə məsələni qabartmaq istəyir. Yenə də möhtərəm Prezidentə üzümüzü tutur və ondan kömək gözləyirik”.

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir