Onun haqqında şayiə yaymaq tamamilə yersizdir
İsmayıl Ömərov İctimai Televiziyanın qurucusudur. Bu, bir tarixdir. Tarixi dəyişmək olmaz və s. Bununla bağlı şayə xarakterli yazılar məni də bu məsələyə açıq şəkildə münasibət bildirməyə vadar etdi.
İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl müəllim Ömərov (İsmayıl Ömərovun adı ilə soyadı arasında müəllim sözü işlətməyim təsadüfi deyil) məhz müəllim xarakterli, saf ürəkli, vətənpərvər şəxsiyyət kimi tanınıb və işgüzar rəhbər işçi olub. İsmayıl müəllim İctimai Televiziyanın həyət-bacasından, gözəlliyindən tutmuş, daxilinin səliqə-səhmanına, işçilərinin vəzifələrinə münasib seçilməsinə və fəaliyyət göstərməsinə qədər bütün məsələləri peşəkar səviyyədə həll etməsi ilə İctimai kanalın diapazonunun dünya miqyasında genişlənməsinə nail olub. Belə kadrların itirilməsilə cəmiyyətdə uçurum yaranır və bu uçurumun bərpası üçün uzun müddət kadr axtarışları aparmaq lazım gəlir. Buna görə də rəhbər işçinin fəaliyyətinə son dərəcə həssas münasibət olmalıdır. Ulu öndərimizin şəxsən seçdiyi yetirmələrinə xüsusilə diqqətli yanaşmaq lazımdır.
Həqiqəti danmaq olmaz. İsmayıl Ömərovun göz yaşları və alqışlarla yola salınması əbəs deyildi. O, Azərbaycanda İctimai Televiziyanın əsl mənada qurucusudur. Buna hər adamın hünəri çatmazdı. İctimai Televiziyada bütün elədikləri bir yana, təkcə “Azərbaycan” və “Təbrizim” şeirlərinin efirdə müntəzəm səslənməsinə görə İsmayıl müəllim böyük hörmətə layiqdir. Ona görə də belə hesab edirəm ki, İsmayıl Ömərovun haqqında şayiə yaymaq tamamilə yersizdir.
Xalq yazıçısı İSA MUĞANNA