Modern.az

Bayrağının qarşısında əyil, sən!

Bayrağının qarşısında əyil, sən!

27 İyul 2013, 16:05

Afaq Şıxlı

DGTYB-nin 15 illik yubileyi və qurultayı ilə bağlı ürək sözlərim...

Son zamanlar tez-tez eşidirik: “Nə mutlu Türküm deyənə!”

Bəlkə də tez-tez eşitdiyimizdəndir ki, bu sözlərin nə məna kəsb etdiyini bəzən bütün varlığımızla duymuruq, tüklərimiz ürpərmir, köksümüz qürurla qabarmır, ürəyimiz sinəmizdən çıxacaq kimi döyünmür. Amma əslində, bu kəlmələr, hansı soya-kökə, necə möhtəşəm bir boya məxsus olduğumuzu bizə xatırladır. Xatirladır ki, qədimdən-qədim tarixi, əsrarəngiz gözəlliyə malik, ucu-bucağı görünməyən torpaqları, sayı-hesabı bilinməyən igidləri olan bir xalqın balalarıyıq. Və elə məqamlar olur ki, vüqarla “Mən də Türkəm!” - deyə bildiyin üçün Allaha min şükürlər edirsən!

Bakı. 30 iyun.

Qərəlində isti, mehli-mehrablı yay günü. Bu gün Azərbaycanımın paytaxtına, Türk dünyasının müxtəlif mənəvi və çoğrafi bölgələrindən, DGTYB-nin növbəti qurultayında, həm də 15 illik yubileyində iştirak etmək üçün gəlmiş qonaqlar, gənc qələm sahibləri toplanmışdı. Bu gəlişin ilk günündə hörmətli millət vəkili Qənirə xanım Paşayeva bizi öz evində qarşılamaq, Azərbaycan xalqına məxsus səmimiyyətlə ziyafət vermək istəmişdi.

Abşeron rayonu, Masazır qəsəbəsi.

Gözəl bir evin həyətinə daxil olduq. Qənirə xanımın anası hörmətli Tehran xanım, bir neçə başqa xanımlar və millət vəkilimizin özü bizi böyük sevinc və məhəbbətlə qarşıladılar. Həyətdəcə, gül-çiçəyin arasında açılan, naz-nemət dolu bir süfrənin başında əyləşdik. Qənirə xanım məni öz yanında əyləşdirdi. DGTYB-nin başqanı Əkbər bəy Qoşalı qonaqları bir-bir təqdim etməyə başladı: Marina Karyagina – Çuvaşıstan, Sevinc Narkobilova – Özbəkistan, Tanagöz İlyasova – Kazaxıstan, Gülnarə Halfitdinova – Başqırdıstan, Şahnaz Kamal – Sankt-Peterburq, Murat Aydınlı – Türkiyə, Alla Büük – Qaqauz yeri, Şəfəq Sahibli və Narıngül Babayeva,– Azərbaycan, Afaq Şıxlı – RF, Moskva, Seyran Süleyman – UR, Krım, Mustafa Kazım – Kerkük, Altınbek İsmayıl – Qırgızıstan.

Qənirə xanım qonaqpərvər bir ev sahibi məsuliyyətiylə hər birimizə diqqət yetirir, söhbətlərimizə qulaq asır, bəzən hətta özü bizə qulluq edirdi. Onu da deyim ki, Qənirə xanımın hərtərəfli biliyə malik olması, ədəbiyyatı ədəbiyyatçıdan, təbabəti həkimdən bəlkə də daha gözəl bilməsi hamımızı heyran etmişdi.

Şeirlər deyildi, ürək sözləri söyləndi, Qənirə xanımın nəsihətləri, maraqlı şeirləri dinlənildi. O, belə görüşlərin önəmli olmasını və Əkbər bəyin bu yolda çox məsuliyyətlə çalışdığını qeyd etdi. Sonra evin üst qatındakı kitabxanada xatirə şəkilləri çəkildi. Qonaqlar Qənirə xanıma şəxsi və gəldikləri yerlərin məşhur yazarlarından bəzilərinin kitablarını hədiyyə etdilər. Hörmətli millət vəkilimiz isə əvəzində, son çıxarmış olduğu “Türk dünyası” kitabını ərmağan etdi.

Günün necə keçməsindən xəbərimiz olmadı...

Bu gecədə bizi birləşdirən iki mühüm amil – səmimiyyət və mükəmməl, şirin, əvəzsiz Türk dili idi. Bu dilin möhtəşəmliyi və eyni zamanda zərifliyi tərifdən yüksəkdə dayanır.

1 iyul.


Bu gün biz Fəxri xiyabanı, Şəhidlər Xiyabanını, Bakı Türk şəhidliyini və “Güllələnmiş heykəllər”i ziyarət etməyə hazırlaşırdıq.

İlk öncə Fəxri xiyabana gəldik. Burada Azərbaycanın milli lideri Heydər Əliyevin, onun həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarları ziyarət edildi, dualar oxundu.

Bundan sonra Azərbaycanın bir çox görkəmli şəxslərinin, yazarların, bəstəkarların və s... məzarları ziyarət edildi və qonaqlara onların həyat və yaradıcılıqları haqda qısa məlumatlar verildi.

Şəhidlər xiyabanına gəldik. Böyük hüzn və ürək ağrısı ilə, Azərbaycanın müstəqilliyi və azadlığı yolunda canını qurban vermişlərin məzarlar ürəzinə al qərənfillər qoyuldu.

1914-cü ildə Nuri Paşanın Qafqaz İslam ordusunun Azərbaycan uğrunda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış memorialı, sonra isə erməni vəhşiləri tərəfindən Güllələnmiş Heykəllərimizi – Üzeir Hacıbəyovun, Bülbülün və Xurşidbanu Natəvanın büstləri qarşısında baş əyildi və çiçəklər qoyuldu.

Sonra heyətimiz “Modern.az” saytının qonağı oldu.

Redaksiyada bizi hörmətli Əfqan bəy Qafarlı və Xaqani Səfəroğlu qarşıladılar. Xaqani bəy qonaqların bütün suallarına ətraflı cavab verərək, Azərbaycanın ictimai və siyası fəallığından, gənc yazarlarımızın müvəffəqiyyətlərindən, yeni çıxan kitablardan və s... danışdı. Qonaqların bəzilərini təəccübləndirən ümdə məqamlardan biri isə, Azərbaycanda leqal müxalifət qəzetlərinin olması faktı oldu. Bunun demoktratiyanın inkişafı üçün vacibliyini qeyd etdilər. (Düzü, Moskvada yaşadığım üçün bu fakt mənə çox adi gəlsə də, yəqin ki, bir çox ölkələrdə bunun bir xəyal olmasını da inkar etmək olmaz).

Modern.az-ın qonaqpərvər nahar süfrəsindən sonra və bir qədər istirahətdən sonra, hamılıqla DGTYB-nin 15-ci ildönümü münasibətilə, Rəşid Behbutov adına DÖvlət Mahnı teatrında təşkil olunmuş təntənəli konsertə getdik.

Konsertimizin aparıcıları - DGTYB baş katibi şairə Rəsmiyyə Sabir və DGTYB sədr müavini, Beynəlxalq Baş koordinatoru şair Şəmsəttin Kuzəçi idi. Mərasim DGTYB sədri Əkbər Qoşalının çıxışı ilə başladı.

Yubileyə gələn qonaqlar arasında Azərbaycan Respublikasının millət vəkilləri Dr. Nizami Cəfərov, Dr. Ganire Paşayeva, Azərbaycan Gənçlər Fondu sədri Faiq Qürbatov, “Azerbaycan Bayrağı” Nişanlı milli qəhrəman İbad Hüseynov, KKTC Azərbaycanda səfiri Sadettin Topçu, Azərbaycan Gənçlər Təşkilatları Milli Şurası sədri Şahin Seyidzadə, Azərbaycan Gənçliğə Yardım Fondunun sədr müavini Salman Əlıyev kimi şəxslər, eləcə də şairlər, yazıçılar, bir çox səntçilər və media təmsilciləri vardı.

Bir çox ünlü sənətkarlar : Aybəniz Haşimova, Nuriyə Hüseyinli, Firuzə İbadova, Şəmistan Alizamanlı, Yaqup Zurufçu, Novruz Novruzlu, Zeka Vilayətoğlu, İlham Askəroğlu, aşıqlardan Nemət Qasımlı, Elmeddin Məmmədli, Nasir Lâçinli, Ramin Qasımlı, Ziyad Cəfərli gecəyə rəng qatdılar.

Bundan əlavə yubileyə gələn Türk dünyası yazarları öz şeirlərini oxudular və ürək sözlərini söylədilər.

Təntənəli mərasimdən sonra Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovun iştirak etdiyi Türk dünyası şairlərini şərəfinə ziyafət təşkil olundu. Ziyafətdə DGTYB tərəfindən İdab hüseynova Yüksək xidmət nişanı verildi və nişanı qəhrəmanın döşünə Şəmsəttin bəy taxdı. Qonaqlara Gülşən Behbudun redaktoru olduğu “Atilla” dərgisi payılandı. Eləcə də, dostumuz və qardaşımız Şəmsəttin bəyin doğum günü pastası kəsildi və hər kəs onu ürəkdən təbrik etdi.



2 iyul.

Səhər erkəndən Türk dünyası yazarları Azərbaycan televiziyasının iİCtimai kanalının “Yeni gün” proqramının qonağı oldular.

Mən onları şəhərin mərkəzində Sabir bağında gözləyirdim. Dostlarımızin əhval-ruhiyyəsi çox gözəl idi. Bakının azacıq mehli və gözəl Günəşli havası ruhumuzu oxşayırdı.

Pilləkanlarla yuxarı qalxdıq. Müxtəlif suvenirlər: Bakının rəsmləri həkk olunmuş boşqablar, maqnitlər, Qız qalasının heykəlləri və s... satılan dükanlara baxa-baxa Qızqalasına doğru gedirdik. Arabir dayanıb şəkillər çəkdirir, məzəli əhvalarlar danışıb gülürdük. Dostlarımız Bakının gözəlliyinə heyran olmuşdular və ən çox da elə şəhərimizin şəkillərini çəkirdilər.

Qalanı da doyunca seyr etdikdən sonra Azərbaycan Gəncliyə Yardım Fondu idarəçiliyinə üz tutduq. Fondun sədri Salman Əmirxanoğlu bizi qəbul etdi. Fondun fəaliyyəti, gördüyü işlər

barədə geniş məlumat verdi. Sonra isə heyətin şərəfinə nahar yeməyi süfrəsi açıldı və yemək əsnasında, ev sahiblərinin fəaliyyətlərini anladan bir film izlədik. Xatirə fotoqrafları çəkildi. Biz isə sağollaşıb Azərbaycan Gənclər Təşkilatının milli şurası salonuna, DGTYB-nin Bakı toplantısına –qurultaya getdik.

Toplantıda birliyin son illərdəki fəaliyyəti, görülən işlər və eləcə də bəzi problemlər haqda danışıldı. Gələn qonaqların hər birinə söz verildi. Biz təmsil etdiyimiz ölkəsi haqda, onların çatışmayan cəhətləri, problemlərimiz, bizi narahat edən məsələlər və.s haqda danışdıq.

Qərara alındı: DGTYB-yinin üzvlərinin yaşı 30-dan aşağı olmalıdır. Yaşı 30-a çatan üzvlər artıq öz fəaliyyətlərini Məsləhət Şurasında davam etdirəcəklər. Eyni zamanda Təmsilşilər heyəti də fəaliyyət göstərəcək.

Müşavirə bitdikdən sonra heyətimiz hamılıqla Sumqayıta doğru hərəkət etdi.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət üzrə müşaviri Seyit Ahmet Arslan bizimlə TURAN restoranında axşam yeməyində görüşdü. O, Türk hökumətinin Türk dünyası ilə hər zaman ən sız şəkildə maraqlandığını, hər çür yardım etməyə hazır olduğunu xüsusilə vurğuladı. Sərin yay gecəsinin gözəlliyinə gənc aşıq Elməddin Məmmədli öz sazı ilə ayrı bir rəng qatdı. O sevimli şairlərimiz İbrahim İlyaslının, Elman Tovuzun qoşmalarını məharətlə ifa edib sürəkli alqışlar qazandı.

3 iyul.

Bu gün tezdən azacıq yağış çiləmiş, sonra isə mehri ilə ürəyimizi isidən, gözlərimizi işıqlandıran zərif Günəş doğmuşdu.

Şəhərimizin seyrinə çıxmışıq.

Bakı – mənim əzizim, səni tərifləyəcək nə söz tapa bilərəm axı?! Sən dünyanın ən gözəl şəhərisən mənimçün. Səndən uzaq qaldığım və sənin həsrətini çəkdiyim günlərdə, gözlərimi yumub, bax elə bu anlardakı kimi, Xəzərimin səsini eşitmək, havasını çiyərlərimə çəkmək, gözlərimi qağayıların qanad açdığı mavi səmana zillləyib dalmaq istəyirəm... Sənsizliyin məni sıxdığı vaxtlarda belə küçələrini addım-addım dolaşıram xəyalımda...

İndi isə sənin qoynundayam; Türkü dünyaya tanıtdırmaq istəyilə uzun məsafələr qət etmiş dostlarımla, qardaş-bacılarımla birgə.

...Bayraq meydanında 3 rəngli bayrağımızın, sonra sahil parkında dənizimizin, güllü-çiçəkli meydanda Azərbaycan dram teatrının önündə sevimli dostlarımla səmimi və ömürlük xatirəyə çevriləcək şəkillər çəkdirdik.

Toplantımızın bu son günündə bir neçə görüş təşkil olunmuşdu bizim üçün.

Azərbaycan Dil Qurumu ilk olaraq gedəcəyimiz idi. Qurumun sədri - Azərbaycanın keçmiş mətbuat naziri, xalq şairi və millət vəkili Sabir Rüstəmxanlı – bizi qəbul etdi. Qurum haqqında heyətimizə məlumat verən Sabir bəy, Türk dünyası üçün belə görüşlərin vacibliyini bildirdi. Xeyli söhbət etdi, öz kitablarından bəzilərini imzalayaraq bizə hədiyyə verdi. Sonra millət vəkili heyətimizi nahar yeməyinə dəvət etdi, yemək əsnasında şairin gözəl şeirlərindən birini dinlədik. Yeməyə professor Qəzənfər Paşayev də qatıldı. Biz, yadigar olaraq, Sabir bəyə və Qəzənfər müəllimə öz kitablarımızı və dostlarımızın kitablarını verdik və xatirə şəkilləri çəkdirdik.

Sonrakı görüş Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimlə idi. Yazıçılar Birliyinin

Natavan salonunda Azərbaycan xalq yazıçısı Anar bəy bizi çox səmimi və isti qarşıladı. Dostlarımız bir-bir çıxış edərək öz ürək sözlərini bildirdilər. Qaqavuz yerindən gəlmiş olan Alla Büük belə dedi: hörmətli Anar bəy! Məndən buraya gələrkən sizin hansı kitabınızı, hansı əsərinizi oxuduğumu soruşdular. Mən böyük təəssüf hissiylə heç birini oxumadığımı söylədim. Bizdə Azərbaycan dilində kitablar yoxdur. Amma bu biz ziyalıların böyük arzusudur. Və sizdən rica edirəm ki, bizim kitabxanamızda Azərbaycan kitabları bölməsinin açılmasına yardım edəsiniz”. Anar bəy isə bu fikrin gözəl bir fikir olduğunu söyləyərək, əlindən gələcək yardımı əsirgəməyəcəyini vəd etdi.

Söhbətlərin sonunda Anar bəy Türk dünyasına etdiyi xidmətlərinə görə Azərbaycan Yazarlar Birliyinin Fəxri üzvü olan Dr. Şemsettin Küzecini birliyin “Üstün Hizmet Nişanı” ilə mükafatlandırdı.

***

Çox heyif ki, Moskvaya geri uçmalı olduğumdan, mən bu görüşdən sonra dostlarımdan ayrılmalı oldum. Öpüşüb-görüşüb vidalaşdıq. Gözlərimiz doldu. Bu bir neçə gün ərzində bir-birimizə o qədər alışmışdıq ki, sanki illərlə tanışmışıq kimi.

Bundan sonra mənim yoldaşlarım hələ bir neçə görüşə daha getməli idilər. Lakin mənim Bakı səfərim burada bitirdi... Və mən doğma şəhərimi bir daha yenə tərk edib gedirdim, ürəyim isə hər zamankı kimi onda qalırdı.

Moskva.

27 iyul.

İndi, xeyli zaman sonra, bu sətirləri yazarkən, mən yenə də o günlərin təsiri altına düşürəm və bu şansı qürbətdəki qələm dostuna verdiyi üçün Əkbər qardaşıma bir daha təşəkkür edirəm.

Belə görüşlərdir ki, düşüncələrimizə bir daha və bir daha “NƏ MUTLU TÜRKƏM DEYƏNƏ!” kəlmələrini həkk edir!

P.S.

Türkiyədə yeni çıxan “Dostlarım bana da bahar gönderin” adlı şeirlər kitabımı hörmətli müşavir Seyit Ahmet bəyə hədiyyə edərkən, o kitabı diqqətlə vərəqləyərək bir neçə şeir oxudu və bir şeir onun nəzərini cəlb etdi. Gülümsədi, əlimi sıxaraq“Sizi təbrik edirəm və qürur duyuram, Afaq xanım!” - dedi. Həmin şeiri sizlərlə də paylaşmaq istəyirəm, əziz dostlarım...

GARİP TÜRK’ÜM...

Garip Türk’üm! Boş ömürden ne fayda?
Duyan olmaz, bin kez çeksen haray da.
Anlamsızdır gurbetteki saray da,
O mukaddes toprağa sür yüzünü.
Kısmet uzak, uçurum var arada,
Gönlün beyaz arar hala karada.
Ümit yoksa sağalmazmış yara da,
Ümit eyle, aç kalbinin gözünü!
Öz yurdunu, vatanını zay etme!
Kuvvetli ol, inme, ah u vay etme!
Toprağından zerre olsa pay etme,
Her karışa kurban eyle özünü!
Afak Şıhlı, dostlara yâd değilsin,
Bin göz ağlar garipliğe yenilsen!
Bayrağının huzurunda eğil sen,
Gurur ile yere indir dizini!
Sevgi və hörmətlərimlə:

Moskva
27.07.13.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi