Modern.az

“Limonadsatan” Vaqif Səmədoğlu və Qabil

“Limonadsatan” Vaqif Səmədoğlu və Qabil

Ədəbi̇yyat

28 İyul 2013, 10:47

O gün yuxu görürəm. Görürəm ki, yayın cırhacır günlərindən biridir.  Axşam saat 5-də atam “Volqa”nı qarajdan çıxarır. Oturub maşına üz tuturuq Pirşağı çimərliklərinə. Yolboyu ətraf bomboşdur. Soruşuram ki,  “papa, bəs görəsən buraları niyə satmayıblar?”. Deyir ki, ”bala, hələ müstəqillik dövrü təzə başlanıb. Bələdiyyələrin yaranmasına çox var?”

Gedirik. Çatırıq Pirşağının mərkəzinə. Adəti üzrə atam qarpız, yemiş, ağ şanı almaq üçün yaxınlaşır piştaxtalara. Mən isə susadığımdan barmağımla limonad satanı göstərirəm.

-  Yaxşı, gəl.  Zırıldama. Uşağa bir dənə soyuq “Dyuşes” aç.

-  Baş üstə, Qabil.

- Bah, Vaqif, sənsən?

- Hə, Qabil.

- Bu nədir? Limonad niyə satırsan?

- Məcburam, Qabil.

- Nəyə məcbursan? Pulun yoxdur? O boyda kişinin  oğlu, xalq şairi Vaqif Səmədoğlunun pulu yoxdur? Yoxsa məni yoxlamaq istəyirsən?

- Nə yoxlamaq, Qabil?

- Ba, guya ki, sən bilmirsən ki, mənim “Səhv düşəndə yerimiz” şerim necə yaranıb? Bir yekəpər limonadsatana həsr etmişdim də onu. İlk variantda da

“Bir qeyrətsiz yekəpər, Limonad satar”  gedirdi. Sonra dəyişib elədim  “Bir qeyrətsiz yekəpər, Qızılgül satar”. İndi sən  məni elə əsəbləşdirəcəksən ki, gedib birinci variantı bərpa edəcəyəm.

- Qabil, nə edirsən elə. Məcburam.

- Nəyə məcbursan axı? Xalq şairi deyilsən? Bax bu 50 manat. Prezident təqaüdü almırsan? Bu da min manat. Deputat olmamısan? Bu da min manat qocalıq pensiya pulu. İndi sənə iki min manat  pul bəs etmir ki, Pirşağıda, yolun üstündə, toz-torpağın içində limonad satırsan? Ayıb deyil? Hələ mən Səməd Vurğundan qalan danqa-danqa  brilyantları demirəm. Halal xoşun.

Bu dəm bizə kepkalı, üzü gündən yanan biri yaxınlaşır. Mənim əlimdən limonadı alıb piştaxtaya qoyur. Qışqıra-qışqıra:

- Ay uşaq bu içmək üçün deyil e... rekvizitdir. Vaqif müəllim, hər yoldan ötənə limonad versən, day büdcəmiz məhv oldu da. Ay Qabil müəllim, Siz də  xahiş eləyirəm, mane olmayın da. Qoyun işimizi görək. Pulumuzu qazanaq.

- Vaqif, bu kimdir?

- Ramiz Əzizbəylidir. Aktyor, rejissor. “Bəxt üzüyü” əsərimi ekranlaşdırır. Limonad satan da gəlmədiyindən, məni məcbur eləyib çıxartdı bura.

- Bah.... gül kimi istedadsız  şair Moşu Göyəzənli rolu var. O rolu oyna da. O da  şair, sən də  şair. Day, bu limonad satmaq nədir?

- Qabil, axı mən özüm özümü necə oynayım?

Yuxudan oyanıram. Evdəyəm. Demə yuxu görürmüşəm. Heç nə səhv düşməyib. Hər şey yerindədir. Atam haqq dünyasında, Vaqif Səmədoğlu isə fani dünyada. Bəs yuxu? Yuxu da qaldı   atamla mənim ortaq dünyamda. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir