Modern.az

Kamal Abdullaya və Əsəd Cahangirə açıq məktub

Kamal Abdullaya və Əsəd Cahangirə açıq məktub

28 İyul 2013, 10:51

Ədəbiyyat barışın, sülhün yanında olub həmişə

Dəyərli qələm yoldaşlarım!

/file/articles/Bu yazı əslində bilavasitə Kamal Abdullayla Əsəd Cahangirə ünvanlansa da, sabah heç birimiz bu əcaib hadisədən sığortalanmadığımız üçün bütün qələm əhlinə üz tuturam.

Faşizmi və təcavüzkar işğalçıları nəzərə almasaq, ədəbiyyat və ədəbiyyatçılar həmişə barışın, sülühün yanında olublar. Elə dədə-babalarımız da qandan, dava-dalaşdan qaçıblar, barışa tərəf meyilli olublar. Bir kənd-kəsəklərimizdəki “Qan bağları”nı yadınıza salın. Bəlkə hardasa olmayıb bilmirəm, amma mənim doğulduğum torpaqda az qala hər kənddə bir Qan bağı vardı. “Filankəs Filankəsi filan ildə ölürəndə ağsaqqal-qarasaqqal yığışıb qan bağladılar, bu bağı da qan ucundan ölənin balalarına verdilər” – izahı təxminən hər yerdə beləydi.

Allaha şükür ki, indi bu arada qan-zad düşməyib. (O başqa söz ki, bir uşaq ağzına qan alıb, təxminən belə bir söz işlədib: Kamal Abdulla öz üzərində işləsə...”... Kamal müəllim də yarızarafat, yarı gerçək onu “ölümlə hədələyib”-?”... Bir körpə qızcığaz da götürüb bu məsələyə bulaşmış Qan Turalıya bu kimi ədəbdən kənar sözlər yazıb: “Çaliş "dəvə yağışıdan"yerə düşəndə meşəyə yox,səhraya düşəsən. Axı özün də bilirsən ki,meşədə çaqqallar,tülkülər var... Hələ sənə yaralanmış Boz ayılardan danışmıram....“

Və təəssüf edirəm ki, bu xanım beş-altı cümləlik yazısında çoxlu sayda orfoqrafik səhvlər buraxıb... (Elə mənim gətirdiyim cümlə də o sıradandır.)

Sonra Kəramət Böyükçölün yazısını oxudum və səngər yerdəyişmələrini görüb bu məsələdən artıq doğrudan-doğruya qan iyi gəldiyini gördüm. (Əslində “qan” qoxusu Əsəd Cahangirin hədəsindən başlamışdı, ya Kamal bəy ağzından süd iyi gələn bir uşağı “ölümlə hədələyəndə olmuşdu bu?” Hər nə isə, mən özüm də bu qarma-qarışıq ədəbi-bədii dartışmanın vəziyyətini deyəsən, bir az da qəlizləşdirdim bu mükalimələrimlə. (Bu sözdən də “qan” qoxusu gəlir, lap 37-nin lüğətindən çıxıb elə bil)

Nəysə... Söz uzandı getdi, az qala mən özüm də istəmədən tərəf olmağa başlamışam?..

Əziz Kamal müəllim!

/file/articles/Əziz Əsəd bəy!

Bir Allah şahiddir ki, heç birinizlə bir loğma tikənin başını ağrıtmamışam. Hər ikiniz istedadlı adamsınız. Və hər ikiniz bu zavallı xalqın indi-indi dirçəlmək üzrə olan ədəbiyyatına xidmət edirsiniz. Bəlkə bu neçə gündəki lazımsız dartışmanız neçə maraqlı əsərin meydana gəlməsinə mane olub. Üstəlik, sizin ikinizin də piara ehtiyacı olmadığı fikrindəyəm.(Bu mənə belə gəlir, yanıla da bilərəm.) Ən əsası isə bu mənasız dartışmada nə qədər əsəb sarsıntısı keçirdiyinizin də fərqindəyəm. Ona görə də üzümü hər ikinizə tuturam. (Lap birinci Kamal müəllimə deyirəm, çünki siz həm məndən, həm də Əsədin özündən yaşca böyüksünüz. Hələ vəzifələrinizi,

beynəlxalq nüfuzunuzu demirəm.) Bir-birinizə əl uzadın, zəng edib üzürxahlıq edin, barış üçün görüş yeri müəyyənləşdirib üz-üzə əyləşin - əgər bu sizə çətindirsə, mən şəxsın bunu öz üzərimə götürə bilərəm. Amma bununçün hər ikinizin razılığınız lazımdır. (Hər iki tərəfdən bu məsələyə bulaşmış qələm adamlarına da xahiş edirəm ki, yazılarını dayandırıb Kamal müəllimlə Əsədin düşünmələrinə imkan versinlər.)

Siz ədəbiyyatımızın inkişafı naminə bu barış, sülh görüşünü yapmalısınız. İnanıram ki, bu görüş olsa, barış da olacaq.

Hər ikinizə dost salam ilə

AZAD QARADƏRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir