Modern.az

Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm?

Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm?

29 İyul 2013, 10:04

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan türklərinin tanınmış ideoloqlarından olan Ömər Faiq Nemanzadə 20-ci əsrin əvvəllərində «Molla Nəsrəddin», «Açıq söz», «Tərəqqi», «İrşad», «Həyat» kimi jurnal və qəzetlərdə çıxış edərək türk-müsəlman aləminin geriqalma səbəblərini araşdırmış, Türklüyün həqiqi mahiyyətini soydaşlarına anlatmağa çalışmışdır. Ömər Faiqin türklük, yaxud da türkçülüklə bağlı baxışları ondan ibarət idi ki, digər millətlər kimi türklər də artıq oyanmalı, özünün əvvəlki tarixi əzəmətini dərk edərək dünyanın inkişaf etmiş millətləri ilə bir sırada dayanmalıdırlar.

«Millətpərəstlik zamanıdır» (1906) məqaləsində o, göstərirdi ki, Türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları tək vücud, tək rəy, tək cəhət-yol altında birləşməli, yəni türklüyünü dərindən dərk edib millətə təmənnasız yardım etməli, irəli aparmalıdırlar. Bu baxımdan, Qafqaz  müsəlmanlarının etnik kimliyinin və milli dilinin türk olduğunu bəyan edən Nemanzadə yazırdı ki, min illərdən bəri təqlid etdiyimiz ərəb və fars imlasından da imtina edib, türk sözlərimizi və türk adlarımızı bərpa etməliyik.

Fikrimizcə, türkçülüklə bağlı Nemanzədənin ən dəyərli yazılarından biri 1917-ci ildə «Qardaş köməyi» məcmuəsində qələmə aldığı «Mən kiməm?!» məqaləsidir. Həmin məqaləsində Ömər Faiq günümüz üçün də aktual olan bir çox maraqlı məsələlərə toxunmuşdur. Məsələn, o yazırdı ki, hər kəs öz millətini tanıyıb onun uğrunda mübarizə apardığı bir zamanda «biz öz millətimizi sevmək belə deyil, onun quru adını da bilməyib ortada şaşıb qalmışıq. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib dururuz. Bu hal kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik.  İtirməsək də, bilə bilinməyən və bilinmədiyi  üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?

Kim olursa olsun, insan bir nəfər, bir millət və ya fikri-əməl uğrundao vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz».

Qeyd edək ki, Ömər Faiqdən öncə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və başqa aydınlarımız bu məsələyə toxunaraq türklərin milli  kimliklərini dini kimliklə eyniləşdirdiklərini, bunun yanlış olduğunu dəfələrlə yazmışdılar. Ancaq çar Rusiyasının Azərbaycanı işğal altında tutduğu bir əsrə yaxın müddətdə apardığı antitürk siyasətinin nəticəsi olmalı idi ki, millətin özünüdərki prosesi kifayət qədər ağrılı keçirdi. Milli şüuru çar Rusiyasının ideoloqları tərəfindən zədələnən Azərbaycan türkləri özlərini ən yaxşı halda «müsəlman» olaraq qəbul edirdilər. Ancaq bununla kifayətlənməyib milli kimliklərini «persiyan», «sünni», «şiə», «tatar» kimi göstərənlər də tapılırdı.

Ö.Faiq doğru yazırdı ki, halbuki Təbrizin şiəsi, Osmanlının sünnisi, Qafqazın müsəlmanı hamısı türk oğlu türkdürlər. Ancaq Qafqaz türkü İran türkünə «ac tat», Tiflis türkü isə «persiyan» gözü ilə baxır. Nəticədə də İran türkləri uşaqlarını fars məktəbində oxudub özlərinə «şiə-fars» rəngi verirlər.

Mütəfəkkirə görə, türklər islam qeyrətini o qədər çəkmişlər ki, artıq bu qeyrətlə öz varlığını və adını da itirmişlər: «Hə, ey türk! İstər darıx, istər qarıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı - yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox?  Niyə sənə «Kimsən?» dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra türk qalacaqsan».

 Çünki türklük nə dinlə, nə də dinsizliklə bağlı deyildir. Bu, bir milli kimlik, öz soyunu və kökünü tanımaqdır. Türklər isə, hələ islamdan öncə həm milli kimlkilərini - türklüklərini, həm də dini kimliklərini - Tanrıçılığı yaxşı anlamışlar. Bu mənada, türklər dünyanın köklü və inanclı millətlərindən biridir. Ancaq ötən min illiklər ərzində başqa millətlərə yurdumuzda və ürəyimizdə yer verərək türklüyümüzdən uzaqlaşdığımız zamanlar da az olmamışdır. Nemanzadənin  təbrincə desək: «Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstər bilib, indi sənə «köhnə barbar» gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına görə incimə».

100 il bundan əvvəl digər Azərbaycan mütəfəkkirləri kimi, Nemanzadə də türkləri ayılmağa, tərpənməyə və milli qüruru uğrunda mübarizəyə səsləyirdi: «Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmişlərdən ibrət al, hələ vücudun   sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla. Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor».

Onun fikrincə, indinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Bu mənada, Nemanzadə açıq şəkildə yazırdı ki, insanda dini əqidədən sonra ikinci yeri millətəpərvərlik tutur. Çünki millətpərvərlik ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.

Ö.F.Nemanzadə türkçü bir ideoloq kimi 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin varlığını birmənalı şəkildə müdafiə etmişdir. Bu dövrdə qələmə aldığı «Milliləşmək» və digər məqalələrində Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə sahib çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki, ilk növbədə milli dilin-türk dilinin qorunub-saxlanması lazımdır: «Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz».

 Nemanzadə hesab edirdi ki, Qərbdə fransız dili hansı əhəmiyyətə malikdirsə, türk dili də Yaxın Şərqdə bir o qədər böyük əhəmiyyət daşıyır: «Türk dilinin Yaxın  Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?».

Eyni zamanda, o, milli dövlətçilik məsələsinə xüsusi önəm verir və milli hökumətin işini pozmağa çalışan qara qüvvələri tənqid edirdi. Nemanzadə hesab edirdi ki, buna səbəb ümum mənafeyə xidmət etməyə, haqq və camaat rizası üçün çalışmağa alışmamağımızdır: «Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır (boş sözdür). Bütün hərəkətimiz, ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir «spekulyasiya»dır, bir xəyanətdir gediyor».

 Onun fikrincə, bütün bunlara qarşı çıxıb Cümhuriyyəti qorumaq lazımdır: «Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur». Bütün bunlar isə o deməkdir ki, Ö.Faiq birmənalı şəkildə ruhən milli-demokratlara, xüsusilə də türkçülük ideolojisinə yaxın olmuşdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI