Modern.az

+18

+18

29 İyul 2013, 10:59

Başqa mövzulara keçməzdən əvvəl sizə bir xəbərim var. Türk sənətçi Rafet El Roman Yeni ili Azərbaycanda qarşılayacaq. Zarafat eləmirəm, ciddi sözümdür. Saytlar belə yazıb, mənim də borcumdur ki, sizə çatdırım. İşimizin adı budur da. Sadəcə o qədər gəlib-gedib ki, indi elanı altı ay əvvəldən verirlər ki, bəlkə gələn oldu. Amma yaşım böyük-böyük danışmağa imkan verməsə də, deyim ki, biz rafetkimilərə pul xərcləməyi bacaran xalqıq. Uşağımızın boğazından kəsməklə də olsa gedəcəyik o konsertə. O gün bir tanışgildəydim. Arvadı deyir ki, Yeni ili Rafetin konsertində qarşılamasaq, boşanırıq. Kişi də çəkdiyi 1 manatlıq siqaretin əvəzinə 50 qəpikliyini çəkir ki, 6 aya heç olmasa biletpulunun yarısını yığa bilsin.

“Maral Nadir” var ha, Qafarzadəni deyirəm də, o da deyib ki, axırıncı mahnımdan sonra toy qiymətimi qaldırıb. Yəni indi bu ustad sənətkarı kim öz məclisində görmək istəyirsə, təxminən 8-10 min manatından keçməlidir. Müqayisə üçün deyim ki, bu yaxınlarda Alim Qasımovdan aldığım müsahibədə demişdi ki, xaricdə verdiyi konsertlərdən ortalama 2-3 min manat qazancı olur. Burda getdiyi toylara da konkret məbləğ demir. Əslində Alim Qasımova haqq vermək olar bu məsələdə. Çünki “Maral Nadir” toya 10 minə gedirsə...

Axı biz güllü şortikdə iftar süfrəsi açana 10 min manat verməyi bacaran camaatıq. Niyə də yox?! Zarafat bir yana. Amma adamda abır-həya yaxşı şeydir canım üçün. O boyda telekanaldan evinə çəkilişə gəliblər, güllü tumanla çıxıb 9 milyonun qabağına. Çalıb oxuyanların iftar süfrəsi açmaq adıyla reklam olunmaq istəkləri nə qədər iyrəncdirsə, telekanalların onlara bunun üçün şərait yaratması ondan daha pisdir. Nazpəri bağ evində iftar süfrəsi açacaq, Brilyant jurnalistlərə qonaqlıq verəcək, ay nə bilim nə. Deyəsən şoudan yazanların bəziləri özlərini elə günə qoyublar ki, onların bir qarın yeməyə də hara istəsən dəvət eləmək olar. Tutaq ki, iftar süfrəsi açırsan. Bəs bunun bu qədər zırıltılı, gurultulu işıqlandırılmaısna nə ehtiyac var. Məsələn, mənim nəyimə lazımdır ki, Yusif Mustafayev adlı müğənni 5 toyuğa 25 manat verdi, yoxsa 35 manat? Soruşa bilərsiniz ki, xoşun gəlmirdisə, niyə baxmısan? Bu dediklərimi yazmaq üçün.

Bəlkə də elə belə də lazımdır, mən səhv başa düşürəm. Amma bu qədər də yox da bə.

Biz burda şoudan zaddan danışıb camaatın başını qatırıq, odey ermənilər o gün də atəşkəsi pozublar. Bir qoca kişi televizorda danışırdı. Müxbir soruşdu ki, “dayı, hadisəni ətraflı danış. Ermənilər hansı radələrdə atəş açmağa başladılar?” Dayı da cavab verdi ki... Dayı da cavab verdi ki... Dayı da...

- Saatı bilmədim, amma axşamıydı a bala. Toyuxların ağzını qayırerdim, bir də gördüm atellər.

Bu arada dayının dediklərini qısaca izah edim. O demək istəyib ki, toyuqları hinə yığıb ağzını bağlamaq istəyəndə ermənilər atəşkəsi pozublar. Belə mövzularla maraqlanın e, yoxsa mənim kimi?
Ay Nadir belə gəldi, Yusif ordan getdi...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır