Modern.az

Mələkxanım Əyyubova: “Dizdən yuxarı ətəklə muğam oxumağı ona yaraşdırmıram” - MÜSAHİBƏ

Mələkxanım Əyyubova: “Dizdən yuxarı ətəklə muğam oxumağı ona yaraşdırmıram” - MÜSAHİBƏ

Mədəni̇yyət

30 İyul 2013, 11:43

“Bacımın və qardaşımın müğənni uşaqlarından narazıyam”


O, çox nadir hallarda müsahibə verir. Hətta bəzən aylarla həmkarlarımız bu xanımı danışdıra bilmirlər. Əslində mətbuatdan o qədər də qaçan adam deyil. Amma... Beləliklə, Modern.az-ın suallarını tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova cavablandırır.

– Yay fəsli ilə əlaqədar istirahətə daha çox vaxt ayırıram. Avqust ayından yenidən yaradıcılığa başlayacağam.

– Harda istirahət etdiniz?

Ölkədən kənarda idim. Amma hansı ölkə olduğumu demək istəmirəm.

– Avqustda hansı planlarınız var?

Konsertə hazırlaşıram. Ötən il Heydər Əliyev Sarayında, ondan bir il əvvəl isə Muğam Mərkəzində konsertim oldu. Bu il yenidən Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış edəcəyəm.

– Konsert ideyasını hansısa təşkilatçı irəli sürüb, yoxsa özünüz?

Öz fikrimdir. Digər konsertlərimi öz fikrimlə eləmişdim. Muğam Mərkəzindən mənə təklif gəldi ki, ustad-tələbə konserti verim. Yenidən tələbələrimlə konsert vermək istəyirəm.

– Konsert salonlarının icarə haqları yetərincə bahadır. Öncəki konsertlərdən ziyana düşmədiniz ki?

– Muğam Mərkəzindəki konsertə bilet satmamışdım.
– Bəs Heydər Əliyev Sarayında olan konsert?

Bəs niyə gec-gec konsert veririk? Çünki bütün təşkilati xərclər bahadır. Mən Sarayda yubileyimlə bağlı konsert verdim, sponsor axtarmadım da. Ad çəkmək istəmirəm, amma bəzi telekanallar reklam baxımından dəstək oldular. Ümumən əsas yük öz üzərimə düşdü.

– Sarayda konsert vermək üçün nə qədər vəsait lazımdır? Təxminən 20-25 min manat?

20-25 min olsa, hər kəs konsert verə bilər. Əslində bu məbləğə də konsert vermək olar. Amma mən bu işi yüksək səviyyədə görmək istədim. Konsertimə çəkdiyim xərci açıqlamaq istəmirəm. Baxanlar ordakı abı-havadan, ansambl üzvlərinin kimliyindən bilirlər ki, bura nə qədər xərc çəkilib. Muğam Mərkəzindəki konsertim dəvətnaməyləydi. İstədim ki, əsl sənətə dəyər verən insanlar o zövqü alsınlar.

– Amma yazıçı Çingiz Abdullayev deyir ki, heç kimə kitabını hədiyyə etmir, oxumaq istəyən pulunu verib alır.

Çingiz Abdullayev böyük yazıçıdır. Mən də onun kitablarını oxuyuram. Məşhur filmdə deyildiyi kimi, “mən bir dəfə arvadımla bazara çıxa bilmərəm?!”. İlk dəfə idi ki, Muğam Mərkəzində konsert verirdim. Ona görə də istədim ki, orda sənətdən anlayan insanlar olsunlar.

– Sənətkarların köhnə ifalarının yeni tərzdə ifa etmələri tendensiya halını alıb...

Bu işi ilk dəfə görənlərdən biri mənəm. 90-95-ci illərdə bir neçə mahnını yeni formada ifa eləmişəm. “Süsən sünbül” , “Ləbu-ləb”, “Qadan alım”, “Axı mən neyləmişəm” kimi mahnıları İradə İbrahimovadan tutmuş Röyaya qədər hamı o cür ifa edir. Doğrusu, o dövrdə bəstəkar və xalq mahnılarımıza maraq itmişdi, qəbul etmək istəmirdilər. Ona görə bu mahnıları xələl gətirməmək şərtilə yeni aranjimanda oxudum. Xalq mahnısına da, bəstəkar mahnısını da aranjiman eləmək olar. Xələl gətirməmək şərtilə.

– Bildiyimə görə, döyüş bölgəsində ən çox konsert verən sənətkarlardansınız.

– Gəlin belə danışaq da. 1988-93-cü illər çox çətin oldu. O günlər getsin, bir də gəlməsin. O vaxt günümüz səngərlərdə, konsertlərdə keçirdi. Heç vaxt da bunu çəkməyə qoymamışam. Çünki bu mənim vətəndaşlıq borcumdur.

– Muğam tarixinə nəzər salanda görürük ki, hər bir muğamımızın bir “möhür vuran” ifaçısı olub. Məsələn, İslam Rzayev “Segah”ı, Yaqub Məmmədov “Mənsuriyyə” muğamı ilə tanınıb. Sizin “möhür vurduğunuz” muğam hansıdır?

1995-96-cı illərdən bu yana muğamlarımızı, dəstgahlarımızı çox yazmırlar. Bəs biz “xalq artisti” fəxri adını niyə almışıq? Niyə dəstgahları oxuyub yazdırmırsınız? Gedin fondu araşdırın, baxın. Yeddi əsas muğamımız var, hələ digərləri bir yana.

– Siz həmin muğamları ifa etmisiniz?

Etmişəm. Bəs bunları nə vaxt ifa edəcəksiniz? Yaşınız da keçir. Yetmiş yaşınızda oxuyacaqsınız? Məsələn, “Rahab” muğamını Möhübbət Məmmədova oxumuşdu. Amma “möhür vurmaq” sözümdən xoşum gəlmir. 1997-ci ildə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə bu muğamları lentə yazdırdım. Bu muğamları Canəli Əkbərovun, Nəriman Əliyevin köməyi ilə yazdırmışam. Vacib deyil ki, bu gün çox şey oxuyum. Əsas odur ki, sabah tədris üçün əyani vəsait olsun. Sənətkarlarımız da deyir ki, “oxuduqlarıma möhür vurmuşam”. Bu yaxınlarda “Rast” muğamını oxudum. Bu muğamda 11 şöbə var. Səkkiz şöbəni oxuyub deyirlər ki, “Rast” muğamını ifa elədim. Çünki qalan 3-4 şöbəyə zil səs lazımdır. Ya oxuma, ya da de ki, filan yerə qədər ifa edə bildim. Amma döşünə döymək lazım deyil. “Bayatı şiraz” dəstgahını, “Mirzə Hüseyn” dəstgahını, “Şahnaz”, “Mahur hindi” muğamını, tədrisə lazımlı formada oxumuşam. “Çahargah”, “Zabul segah” və “Şur” muğamları isə hazırdır, lentə yazdırmaq qalır. Yeddi əsas muğamdan “Şüştər” və “Humayun”u yazdırmamışam. Onlar da o qədər xarakterik muğamlardı ki... Bu muğamları da oxuyuram. Amma gərək yazdıranda ən yüksək formada olsun. Özümə söz vermişəm ki, gələn ilə qədər yeddi əsas muğamı tamamilə bitirəcəyəm. Ondan sonra 20-25 il əvvəl ifa etdiyim zərb muğamları yenidən lentə aldıracağam.

– Azərbaycanda muğam məktəbini 3 istiqamətə bölürlər: Qarabağ, Bakı, Şirvan. Sizcə doğru bölgüdürmü?

İllərdir demişəm və yenə də deyirəm ki, bir məktəb var, o da Azərbaycan məktəbidir. Baxın, Canəli Əkbərov Cənub zonasındandır.

– Amma məncə Cənubda o qədər də güclü muğam ifaçıları yoxdur.

– Nə danışırsınız? O tərəflər muğamata böyük qiymət verirlər.

– Alim Qasımovla həm həmyerlisiniz, həm də tay-tuşsunuz. O da sənətkardır. Nə əcəb bir duet ifa etmirsiniz?

25 il əvvəl mən universiteti bitirəndə Alim Qasımov təzə qəbul olunmuşdu. Amma tanınırdı, sevilirdi. O vaxt dedim ki, “Alim gəl, dövlət orkestrinin müşayiəti ilə duet ifa edək”. Hətta Nəriman Əliyevə dedim ki, “Arazbarı”nı, “Heyratı”nı Alim Qasımovla duet şəklində oxumaq istəyirəm. O vaxt Alimlə oxuduğumuz duetdən çox gənclər bəhrələndilər. Ondan sonra Alimin öz qızı yetişdi. Fərqanə həqiqətən istedadlı qızdır. Biz indi də ailəvi dostuq.

– Bilirəm ki, peşəkar səviyyədə qarmon ifa edirsiniz. Amma ifalarınızda əksər hallarda trio olur. Nə vaxtsa lent yazılarınızda özünüzün qarmon ifanız olub?

Biz uşaq olanda hər uşaq bir musiqi alətini öyrənirdi. Məni də anam qarmon sinfinə qoydu. İllər keçəndən sonra gördüm ki, xanəndə kimi yetişməyimdə musiqiçi olmağımın nə qədər böyük rolu var. Qarmonu yalnız evdə özümə lazım olanda ifa edirəm.

– Bacınız və qardaşınız uşaqları olan Ramal İsrafilovla, Mirkamil Kamilovla, Valehlə aranız necədir? Bir ara mətbuat yazırdı ki, onlardan narazısınız.

Onlardan narazıyam, çünki tənbəldirlər. Onların bu yerə gəlib çatmağında mənim böyük əməyim var. Hər birinin təhsil almağında, müsabiqələrdə iştirak etməyində övladım qədər zəhmət qoymuşam. Çünki valideynləri rayonda olublar. 33 ildir səhnədəyəm, bu gün də çalışıram ki, nəsə edim. 

– Öz övladlarınızdan musiqi sahəsində olanı var?

Qızım Mədəniyyət və İncəsənət Universitetinin modelyer-dizayner fakültəsində oxuyur. Oğlum xaricdə təhsil alıb, biznes sahəsiylə məşğuldur.

– Çox nadir hallarda müsahibə verirsiniz. Elə bil mətbuatdan qaçırsınız.

Dediyim sözü dəyişdirib elə bir formada yazırlar ki, mətbuatdan qorxuram. İllərdir sənətdəyəm, suyu da üfürə-üfürə içmişəm ki, haqqımda pis fikirlər olmasın. Hər sözümə geyimimə fikir vermişəm. Xalq məni sevirsə, başqa cür etməyə də ixtiyarım yoxdur. Bəzən dediyin fikrə elə başlıq verirlər ki, adam peşman olur. Bizim fikrimizi sizə deyirik, siz cəmiyyətə çatdırırsınız. Axı mənim də ailəm var, evim var. Evdə soruşurlar ki, niyə belə demisən..? Deyirəm ki, “vallah mən belə deməmişəm”.

– Nə əcəb bizə müsahibə verməyə razılaşdınız?

İnandım.

– Muğam ifaçısı olan qadınların bəlli geyim tərzi var-uzun ətək və qapalı geyim. Amma son vaxtlar muğam ifaçılarının geyim tərzində də dəyişiklik var. Elə bil ətəklər bir az qısalıb...

Bəlkə kimsə dediyimlə razılaşmır. Muğam ifaçısı gəzməyə gedəndə, məclisə gedəndə nə cür istəyirsə, geyinsin. Amma muğam ifaçısının dizdən yuxarı ətək geyinib muğam oxumağını ona yaraşdırmıram. Səhnədən kənarda istədiyini geyinə bilər. Mən köhnə fikirli adam deyiləm. Bütün geyimlərim rənginə qədər yeni modeldədir. Amma muğam oxuyuramsa, dizimdən ətək geyinib oxuya bilmərəm. Şalvar da geyinirəm, ətək də. Amma səhnədən kənarda. İfaçı var ki şalvar geyinib muğam oxuyur.

– Kim?

Bir deyil, iki deyil. Şalvar geyinib muğam oxuyanı necə dinləmək olar ki?!

 

İntiqam Valehoğlu 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır