Modern.az

Deputatlar və jurnalistlər "Qarabağ və media" mövzusunu müzakirə etdilər

Deputatlar və jurnalistlər "Qarabağ və media" mövzusunu müzakirə etdilər

Media

12 Aprel 2010, 17:06

Bu gün Atatürk mərkəzində Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə “Qarabağ və media” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova, Nazim Məmmədov, Zahid Oruc, Elman Məmmədov, Fazil Mustafa, Vahid Əhmədov, Aydın Mirzəzadə, Fuad Muradov, Fərrux Hüseynov, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı  və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Qarabağ probleminin Kütləvi İnformasiya Vasitələrində əhatəli işıqlandırılması vacibdir: “Təşkilatımız Qarabağ problemi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. Bu günkü tədbirimizi də Qarabağ probleminin mətbuatda işıqlandırılmasına həsr etmişik. Biz burada səslənəcək fikirləri ümumləşdirərək mediamızın gücü ilə Qarabağ məsələsini beynəlxalq media müstəvisinə çıxarmaq istəyirik ”.

 

Qarabağla bağlı tərcümə mərkəzi yaradılmalıdır

PJB-nin sədr müavini Xətayi Əzizov bu istiqamətdə qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, PJB Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün beş dildə bukletlər çap etdirərək Türkiyədə xarici turistlərə paylayıb. “Bundan başqa, Quba məzarlığı ilə bağlı yeganə olan humanity.az saytının yaradılmasında da bizim xidmətlərimiz var. Yaxın zamanlarda Ukrayna, Pribaltika ölkələrində də jurnalist həmkarlarımızın köməyi ilə silsilə tədbirlər keçirəcəyik”.

X.Əzizov Qarabağ məsələlərinin tərcüməsinin asanlaşdırılması üçün PJB nəzdində bir tərcümə mərkəzinin yaradılmasını da təklif edib. 

“Çalışmalıyıq ki, informasiya müharibəsində öz qələbəmizi əldə edək” 

Tədbiridə çıxış edən millət vəkili Qənirə Paşayeva da bu mövzunun aktual olduğunu vurğulayıb.O bildirib ki, mətbuat bu sahədə proqramlarını genişləndirməlidir: “Bu gün dünya mətbuatının gücünü burada müzakirə etməyə ehtiyac yoxdur. Biz öz mediamızdan danışmalıyıq. Azərbaycan əhalisinin xeyli hissəsi mediaya baxır, televiziyaları izləyir. Mən hesab edirəm ki, Qarabağ mövzusu cəmiyyətimiz üçün ən önəmli prioritet mövzudur. Ona görə də mətbuat bu sahədə verilişlərin, proqramların sayını artırmalıdır. Azərbaycanın bu günkü gəncləri bizdən fərqli olaraq Qarabağ müharibəsini, ermənilərin etdiyi vəhşilikləri görmədikləri üçün biz onlara bölgələrimizi sevdirməliyik. Əlbəttə ki, bunu ancaq televiziyalar və mətbuat edə bilər. Televiziyalarda filmlərin və proqramların sayı çoxaldılmalıdır”. Q.Paşayeva onu da qeyd edib ki, mətbuatın ən vacib funksiyası təbliğat aparmaqdır:  “Azərbaycanlıların əksəriyyəti ölkədən kənarda yaşayır. Onlar Azərbaycan haqqında məlumatları peyk və internet vasitəsilə alırlar. Buna görə də dünya mətbuatında Qarabağla bağlı yazılar çıxaldılmalıdır. Son dövrlər ermənilər Naxçıvan və Sumqayıtla bağlı çox ciddi kampaniyalara başlayıblar. Onlar yalan məlumat verməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Bu istiqamətdə bizim jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür. Jurnalistlərimiz mütləq onlara cavab verməlidirlər. Bu gün dünyada Azərbaycan gəncləri çoxlu sayda müxtəlif şəbəkələr yaradıb, fəaliyyət göstərirlər. Biz onların köməyindən istifadə etməliyik. Çalışmalıyıq ki, informasiya müharibəsində öz qələbəmizi əldə edək”.

 

 

Azərbaycan jurnalistləri cəmiyyəti Qarabağla bağlı son həddə hazırlamalıdır

 

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Azərbaycan jurnalistləri cəmiyyəti Qarabağla bağlı son həddə hazırlamalıdır: “Qarabağ probleminin axırı müharibədir. 50 ildir ki, böyük dövlətlər heç bir iş görə bilməyib. Əgər İsrail-Fələstin müharibəsi sülh yolu ilə həll edilmədisə, demək Qarabağ müharibəsi də həll edilə bilməz. Bu gün Ermənistan diasporu bizimkilərdən daha çox iş görür. Onların küllü miqdarda vəsaitləri var. 1994-cü ildən bəri biz torpaqlarımızı azad edə bilməmişik. Bu, danılmaz faktdır. Mətbuat güclü də olsa, torpaqlarımız sözlə geri qaytarılmayacaq. Ona görə də biz mübarizə aparmalıyıq. Xarici mətbuata çıxmaq üçün səylər göstərməliyik”.

V. Əhmədov televizya kanallarından çox narazı olduğunu da qeyd edib: “Bu gün televiziya kanalları daha çox reklamlara yer verir. Ordu quruculuğu, hərbi vətənpərvərliklə bağlı verilişlər yoxdur”.

 

Media Milli Məclisə kömək etməlidir

 

Millət Vəkili Fazil Mustafa medianın Milli Məclisdən daha çox iş gördüyünü vurğulayıb: “Biz indiyə kimi Milli Məclisdə Qarabağ məsələsinin qapalı keçirilməsinə nail ola bilməmişik. Milli Məclis Qarabağ mövzusunun içərisinə girə bilmir. Bu istiqamətdə media Milli Məclisə kömək etməlidir. Dünyada olan tərəfli hüquqi şəxslərin fikirlərini Azərbaycan cəmiyyətinə mətbuat çatdırmalıdır. Onu da deməliyik bu gün media bizdən daha fəaldır”. F.Mustafa İctimai Televiziyada yayımlanan video çarxın daha emosianal səsləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. 

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük bir portalın yaradılmasına ehtiyac var

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bu emosionallığın əhəmiyyətsiz olduğunu bildirib: “Bunun heç bir xeyri yoxdur. Çünki televiziyalarda ingilis dilində gedən xəbərlərin səviyyəsi çox aşağıdır”. E.Şıxlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük bir portalın yaradılmasının vacib olduğunu bildirib: “Bu portalda Azərbaycan tarixi, Azərbaycanda gedən proseslər işıqlandırılmalı və bu, gündəlik yenilənməlidir”.

 

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təqdim olunan layihələr içərisində prioritet mövzuların Qarabağla bağlı olduğunu bildirib. O, həmçinin qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası əhəmiyyətli layihələri maliyyələşdirdiyi üçün parlament bu quruma vəsaiti çox ayırmalıdır. 

O qeyd edib ki, 3 il ərzində Şura bu istiqmətdə 44 layihə dəstəkləyib və ümumilikdə bu layihələrə 459 min manat ayrılıb.

 

Qarabağ məsələsi ilə bağlı televiziyalarda təbliğat yox dərəcəsindədir

 

Millət vəkili Fərrux Hüseynov çıxışında bildirib ki, Qarabağ məsələsi ilə bağlı televiziyalarda təbliğat yox dərəcəsindədir: “Mən 20 ildir ki, Qarabağ mövzusunu həllini kompleks formada görmədim. Kim nəyi, necə istəyirsə, elə də deyir. Ermənilər isə bundan istifadə edir. Onların gücü bizim zəifliyimizdədir. Mediaya imkan yaradılmalıdır ki, xaricə çıxsın”.

 

Döyüşkən ordumuz barədə təbliğata çox az yer verilir

 

Millət vəkili Həvva Məmmədova mediaya iradı olmadığını bildirib: “Ancaq ermənilərlə bağlı bizim mediada az təbliğat aparılır. Həmçinin döyüşkən ordumuz barədə təbliğata çox az yer verilir”.

 

Günay MUSAYEVA

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir