Modern.az

“Məhəbbət deyil”

“Məhəbbət deyil”

Ədəbi̇yyat

30 İyul 2013, 22:22

Mahir Qabiloğlu

Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdum. 75 nəfərdən 4-ü şair uşağıydı: Musa Yaqubun qızı Yaqut, Söhrab Tahirin qızı Nəsibə, Məstan Günərin qızı Şahanə, bir də mən. Müəllimlərimiz də ədəbiyyat adamı olduqlarından diqqət mərkəzində idik. Bəzən bizə atalarımızın yaradıcılığından sual verirdilər. Bilməyəndə isə pərt edirdilər. Tələbə yoldaşlarımızın yanında biabır olurduq.

Professor Ziynət Əlizadə qonşumuz idi. İndi isə həm də müəllimim olmuşdu. Yaman qorxurdular ondan. Ziynət xanımın kosmetikadan istifadə edən qızlardan zəhləsi gedirdi. Bunu bilən tələbə qızlar onun dərsinə kosmetik cəhətdən “hazırlıqlı” gəlirdilər. Dərs qurtarandan sonra isə qızların solğun  çöhrəsinə pomada, rumyana, pudra qonurdu.

İlk dərsə girən kimi birinci gözü mənə sataşdı.

- Atovun “Məhəbbət deyil” şeirin bilirsən?

- Xeyr.

- Necə yəni “xeyr”. Bizim tələbəlik illərimizdə hamı əzbərdən deyirdi onu. Amma oğlu bilmir.

Və başladı 1961-ci ildə yazılan  şeiri əzbərdən deməyə:

MƏHƏBBƏT  DEYİL 

Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən,
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım... 

- Atovun şeirlərini əzbərlə. İmtahanda “5”ə cavab versən, amma atondan bir şey bilməsən “2” yazacağam sənə. Nə olsun ki, qonşuyuq?!

Üstündən bir müddət keçdi. Zinyət xanımın imtahanından üzüağ çıxdım. Iki “5” aldım.  Birin mən, birin də atam Qabil.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır