Modern.az

İlham Əliyev Pakistanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Pakistanın yeni prezidentini təbrik etdi

Dünya

30 İyul 2013, 22:47

İyulun 30-da Pakistanda prezident seçkiləri keçirilib. Ölkə konstitusiyasına əsasən, dövlət başçısı parlamentin hər iki palatasının – Milli Məclisin və Senatın deputatlarının, habelə ölkədəki dörd əyalətin hər birinin (Belucistan, Pəncab, Sind və Xayber-Paxtunxva) qanunverici məclislərinin nümayəndələrinin daxil olduğu seçkiçilər kollegiyası tərəfindən seçilib.
Pakistanın siyasi sistemində prezident müəyyən mənada nominal simadır. Bu onunla bağlıdır ki, 2010-cu ildə konstitusiyaya 18-ci düzəliş qəbul ediləndən sonra ölkədə bütün hakimiyyət Baş nazirin əlində cəmləşib. Baş nazir vəzifəsinə parlament seçkilərində qalib gəlmiş partiyanın nümayəndəsi təyin edilir.

Budəfəki seçkilərdə qələbəyə əsas iddiaçı hakim Pakistan Müsəlman Liqası Partiyasından (Nəvaz Şərifin fraksiyasından) namizəd Məmnun Hüseyn idi. O, tanınmış biznesmen və Sind əyalətinin keçmiş qubernatorudur. Bu ilin mart ayında parlament seçkilərində qalib gəlmiş Nəvaz Şərifin partiyası federal və əyalət parlamentlərində səslərin əksəriyyətini qazandığını nəzərə alsaq, Pakistanın növbəti prezidentinin də hakim partiyanın namizədi Məmnun Hüseyn olacaqdı.

Elə gözlənilən də baş verib. Məmnun Hüseyn Pakistanın yeni prezidenti seçilib.

Azərbaycan prezidenti İlham Əliyev də iyulun 30-da Pakistan İslam Respublikasının yeni seçilmiş prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik".

İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı