Modern.az

Dərdlərimizin rəngli şəkilləri

Dərdlərimizin rəngli şəkilləri

Ədəbi̇yyat

31 İyul 2013, 10:40

M?ti OsmanogluMəti Osmanoğlu

Əzizə Mustafazadənin “Ay dilbər” kompozisiyasını dinləyirəm. Ritmlər oynaşır, “Aman, ey...” sədası yüksəlir. Sərbəst ritmlərin havasına girən səs heç nəyə əhəmiyyət verməyib şıltaq bir uşaq ədası ilə cazdan baş götürüb artıq uşaqlıq xatirələrinə çevrilmiş, onun üçün çox-çox uzaqlarda qalmış muğamın, aşıq havasının içi ilə yeni bir ünvana doğru yol alır. Vokaliz oxumağa keçən səs mahnının, sanki, qəfildən, qırıq-qırıq yada düşən melodiyaları üzərində gəzişdikcə yaranan uşaqlıq xatirələrinin yeni-yeni lövhələri, uşaq yaddaşının zəngin və parlaq rəngləri, caz ritmləri ilə muğam və aşıq melodiyası arasında elastik keçidlər mahnı bitəndən sonra yaddaşda yeni duyğular, xatirələr, tablolar oyadır...

Esmira Məhiqızının şeirlərini oxuyuram. Gözümdə üstü cimcimə çiçəkli don geymiş bir qız uşağnın obrazı canlanır:

İçimdəki bütün şeirlər
o balaca qıza oxşayır –
çiçəkli donunu külək aparan qıza.
Külək donunu  aparanda
o balaca qız da
çiçəkli donunun içindəydi.

Küləyin donu ilə bərabər aparıb indi xatirəyə çevirdiyi o balaca qız uşağı şeirin – Füzulinin, Məhəmməd Hadinin, Səməd Vurğunun, Əli Kərimin, Ramiz Rövşənin, Vaqif Bayatlının bir-birindən fərqli poetik dünyalarının içindən baş  götürüb qaçaraq çiçəklərin arasında kəpənək axtarırmış kimi öz nağıllarını, hekayələrini soraqlayır. Çox-çox uzaqlarda – zaman dediyimiz əlçatmaq qürbətin içində qalmış nağılları, hekayələri şeir dilində səsləyir, çünki öz dünyasındakı nağılları, hekayələri ifadə etmək üçün şeirdən başqa dil bilmir. Şeir dilində söyləmək istədiyi nağıl poetik detallar, sərbəst məna verilmiş ifadələr  vasitəsilə əyani obrazlara – bədii lövhələrə, rəngli tablolara, şeirə çevrilir. 

Hələ bu şeirin bir hekayəsi də var,
bir nağılı, bir romanı,
baxmağa bir güzgüsü də var.
O güzgüyə baxanda görürəm ki,
bu şeirin bir şeiri də var!

Esmira Məhiqızının yaratdığı poetik hekayələrin əyninə çox vaxt ölçü, heca, qafiyə dar gəlir – o, şeirlərinin çoxunu bölgüsüz, qafiyəsiz yazır. Yəni ömrün-günün itik xatirələrini yaddaşında necə bərpa edə bilirsə, eləcə də qələmə alır və qələmə alarkən hər bir xatirənin hərəkətli şəklini, görüntüsünü, heykəlini yaratmağa çalışır və yaradır. “Şəkilsiz dərdlərə”, üstünə yürüyən “rəngsiz günlərə” sözlə yenidən şəkil, rəng verməyə nail olur. Beləcə, onun qələmindən lövhələrin çoxu sərbəst doğulur, yəni müəllif bizim anlayışımızda olan vəznli, qafiyəli, bölgülü şeir deyil, sözlə çəkilmiş mənzərə yaradır. Hamımızın hər gün işlətdiyimiz ayrı-ayrı sözlər isə şeirin mətnində sərbəstləşir, şairin “poeik təyinat verdiyi” mənanı qazanır.

O günəş dedikləri...
heç doğmadı üstümə.
Amma günlər doğdu –
içində günəşi olmayan.

Dünyadan vaxtsız köçmüş unudulmaz insan və bənzərsiz jurnalist Məmməd Nazimoğluya həsr elədiyi şeirdən götürdüyümüz bu parça Esmira xanımın sözü özünə, öz poetik məqsədinə necə ustalıqla ram edə bildiyini aydın nümayiş etdirir. Dilimizdə “gün doğdu” ifadəsi günəşin doğduğunu ifadə edir və müsbət məna daşıyır – “üstünə gün doğsun” dilimizin ən işıqlı alxışlarındandır. Esmira “gün” sözünün günəş və zaman ölçüsü (24 saat) mənalarından şeirin məzmununa uyğun istifadə edir, onun yaratdığı obrazda “günün doğması” – günəşin doğması deyil, zamanın keçdiyi, yeni günün (və günlərin) gəldiyi mənasını daşıyır.  

Bundan sonra şeirin lirik qəhrəmanının kimliyi təqdim edilir: içində günəşi olmayan günlərin qaraltdığı adam. Bu, artıq günəşdən qaralmış, bədənin rəngini qaraltmış adam deyil, bəxti-taleyi  qaralmış adamdır və onu günəş yox, günlər (zaman) qaraldıb. Həmin adam qaralmamışdan qabaq kəpənəktutanla günəş tutmağa getmiş utancaq bir qızın rəsmi olub.

Amma o qız rəsmi günəş tuta bilmədi.
O günəş dedikləri....
buludların arxasında gizləndi.
O qız rəsmi günəşin yerinə
bulud tutub gətirdi.         

Şeirdə Məmməd Nazimoğlu, onun şəxsiyyəti, yaradıcılığı, enerji və zarafat dolu yazıları barədə bir kəlmə belə yoxdur. Məmmədin xatirəsi günəşlə assosiasiya olunur. Onun əbədi gedişi ilə günlərin içinin günəşi də gedir və bundan sonra gələn günlər insanın taleyini qaraldır...

Esmiranın şeirlərində çox az hallarda “vətən”, “yurd”, “xalq”, millət” sözləri işlənir. Daha doğrusu, Esmira vətən haqqında bəlağətli sözlər, hökmlər söyləmir. Kədərli Azərbaycanın kədərinin şəklini göstərməyə çalışır, bu zaman müəllif insanın içində şəkli qalmış vətənin, yurdun obrazını təqdim etməyə üstünlük verir. Məsələn, Xocalı faciəsi deyəndə, yəqin ki,  ilk olaraq hər kəsin gözü önündə Çingiz Mustafayevin lentə aldığı müdhiş mənzərə canlanır. Esmira isə Xocalı ağrısının təsvirini tamam başqa bir tablo ilə canlandırır. Donu zamana ilişib dayanmış – zamanı dayanmış qız uşağı, donun ilişdiyi yerdən cücərən payız kolu, kolun qupquru budaqlarına qonmuş boz sərçələr. Bir də sərçəcik qızlar...  Müəllif Xocalıda qırılan tay-tuşlarının – o vaxt özünün yaşıdı olan, donları çil-çil, yanaqları gül-gül, saçları tel-tel qız uşaqlarının şəkillərini bizə bu fonda təqdim edir. Və özünü də pərən-pərən olmuş, biri də geri dönməyən o sərçəcik qızların sırasında görür:

Qızların gəlməyəcək, Şərqiyyə xala.
Mən də gələ bilməyəcəyəm,
donum payız koluna ilişib...
Bəlkə ürəyim bənövşə aça...

O qızların donları zamana ilişib qalanda – 1992-ci ilin fevralında Xocalının fəslinə az qalırdı... Elə bu duyğuların təsiri altında Esmiranın şeirlərini oxuduqca “burnumuzdan laxta-laxta könlümüzün qırıqları tökülür”, “yer-yurd tikan-tikan ürək açır”...

Bir həqiqəti etiraf etmək istəyirəm ki, Ağdamı, Qarabağı, oranın insanlarını, insanların içindəki ağrıları Esmiranın şeirlərində daha aydın hiss edirəm və yaşayıram. Bu şeirlərdə rəsmi çəkilmiş duyğuları yaşadıqca gözlərim önündə sevinməyi tərgitmiş bir insanın iç dünyasının görüntüləri əyaniləşir. Sevinməyi tərgitmiş bu uşaq üçün bir zamanlar

Sevinmək- təzə don idi,
əmimin Bakıdan kəndə gəlməyi idi,
bir də şirniquş idi... 

Esmira Məhiqızı nəsrlə dilə gətirilməsi mümkün olan həyat mənzərələrini şeirə cəsarətlə gətirir, şeirin “nəsrləşməsindən” qətiyyən ehtiyatlanmır. O, adətən, nəsrdə görməyə alışdığımız təfərrüatları və bədii detalları şeir texnikası ilə çox sərbəst, çətinlik çəkmədən ifadə edə bilir. Bu heç də nəzmin nəsrə çevrilməsi deyil, Azərbaycan şeirinin ifadə imkanlarının genişləndirilməsidir.

Esmira müharibədən, qandan-qırğından danışmır. Ancaq onun bizə göstərdiyi rəngli şəkillərdə gördüyümüz uşağın içindəki müharibə daha qanlı, daha amansızdır. İçi “bir dünya böyüklüyündə”, boyu “bir barmaq yekəliyində olan” uşağın yaddaş aləminin poetik təqdimatını vermək üçün bu, heç şübhəsiz, uğurlu yanaşmadır. Həmin uşaq müharibənin ən ağrılı yerindən gəlsə də, müharibə, qırğın, qaçqınlıq, didərginlik onun üçün bir tabudur, “adıdeyilməzdir”... 

Əzizə Mustafazadənin “Ay dilbər” kompozisiyasını musiqi anlayışlarının pis olmadığını zənn etdiyim bir tanışımla bölüşmək istəyirəm. Yarıya qədər qulaq asa bilir, sonrasına səbri çatmır: “Gül kimi mahnını gör nə günə qoyub?!” – deyə başını bulayıb təəccübünü bildirir (yəqin mənim zövqümə də təəccüblənir)...

 Esmira Məhiqızının vətən haqqında şeirini oxuyub kövrəlirəm (kövrəkliyimi bir az da yaşa bağlayıram). Şeir haqqında təəssüratımı, bu yanıqlı və iç göynədən ağıdan aldığım ağır yükü əslən ağdamlı olan, “oraları” – şeirdəki coğrayfiyanı ovcunun içi kimi yaxşı tanıyan dostumla bölüşmək istəyirəm.

...Biz də şəhidik, Rəsmiyyə!
və çoxdan anlamışıq ki,
buralar oralar deyil.
Oralar daha doğma idi.
Yuva quran bir qaranquşun
oralardan qaranəfəs gətirdiyi,
bir gilə VƏTƏN torpağı kimi.
Daha Vətəni quşlar daşıyır
işğal olunmuş yerlərdən.
Həm də baharda daşıyırlar Vətəni.
Oralardan buralara, 
yalnız
quşlar dimdiyində Vətən gətirir.

Dostum şeiri dinləyib, təəccüblə üzümə baxır: “Bu necə şeirdir, müəllim, heç qafiyəsi yoxdur?!.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi